Menu
Xəbər Lenti
15 Kas 07:07Manşet / Siyasət

ABŞ Ermənistanı misli görünməmiş təhlükəsizlik yastığı ilə təmin edəcək

 

ABŞ və Ermənistan arasında iki ölkənin bir sıra müvafiq departamentlərinin yüksəkvəzifəli şəxsləri səviyyəsində intensiv hökumətlərarası məsləhətləşmələr baş tutub.

Bu barədə məlumat “Caliber”ə etibarlı mənbələrdən daxil olub. 

Sayt qeyd edib ki, məlumatın etibarlılığı şübhə doğurmur, Fransanın “Bastion” çoxməqsədli zirehli texnikasının Ermənistana verilməsindən xəbər tutduğumuz kimi, aşağıda təqdim edəcəyimiz informasiyaya görə də cavabdehik.

Həmin məlumata görə, İrəvanla Vaşinqton arasında əldə edilən razılaşmaya əsasən, Rusiya Ermənistana təzyiq göstərsə və ya embarqo tətbiq edərsə, ABŞ Ermənistana aşağıdakı sahələrdə güclü dəstək verəcək:

1. Ermənistanın dizel yanacağı və lazımi enerjidaşıyıcılarla təmin edilməsi.

2. “Metsamor” Atom Elektrik Stansiyasının Rusiyadan alternativ nüvə yanacağı ilə təmin edilməsi (hazırda bu təminata “Rosatom” cavabdehdir). Birləşmiş Ştatlar, həmçinin, AES-in idarə edilməsi və istismarının təmin edilməsi üçün Ermənistana bütün lazımi texniki dəstəyi göstərməyə hazırdır.

3. Rusiya Federasiyasından buğda və buğda unu idxal edən Ermənistanın müvafiq alternativ təchizatla təmin edilməsi. Azərbaycan öz ərazilərini işğaldan azad etməsindən sonra Ermənistan üçün ərzaq təhlükəsizliyi problemi xüsusilə kəskinləşib. Belə ki, separatçı rejim Azərbaycan ərazilərində qeyri-qanuni şəkildə taxıl yetişdirilməsi ilə məşğul olub.

4. Ehtiyac yaranacağı təqdirdə, Ermənistanın internet provayderləri ABŞ-nin peyk interneti ilə təmin olunacaqlar.

5. Rusiyanın mümkün kəskin sanksiyaları nəticəsində xarici valyuta kəsiri yaranarsa, Birləşmiş Ştatlar Ermənistanda valyutanın mümkün defisitini qarşılamağa hazırdır.

6. Ermənistan ordusu lazımi hərbi texnika, uniforma və silahlarla təmin olunacaq, Ermənistanın təhlükəsizlik orqanları, o cümlədən polis lazımi texniki dəstək alacaq. Birləşmiş Ştatlar tərəfi zəmanət verir ki, bütün yuxarıda göstərilmiş bəndlər üzrə, hətta artıqlaması ilə İrəvan rəsmi Vaşinqtondan dəstək alacaq.

“Anladığımız kimi, amerikalılar heç vaxt Rusiya bloklarının - Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT), Avrasiya İqtisadi İttifaqı (Aİİ) - üzvü olan bir ölkəyə boşuna bu qədər təhlükəsizlik yastıqları təqdim etməz.

Əgər Vaşinqton regionumuzun mürəkkəb coğrafiyasında bütün qeyd olunan məsələlərə zəmanət verirsə, o zaman Ermənistanın bunun müqabilində hansı addımları atacağını təxmin etmək olar: Rusiya qoşunlarının tamamilə ölkədən çıxarılması, KTMT və Aİİ-ni tərk etmək, yaxud sadalananların hamısını bir paketdə icra etmək.

Digər sual isə Rusiyanın necə, nə vaxt və hansı addımlar atacağıdır.

Hələ ki, Moskva Paşinyana qarşı fərdi şifahi hücumlar və “Birinci Kanal”da yayımlanan verilişlərdən başqa heç bir tədbir görməyib. Halbuki, lazımi rıçaqlar mövcuddur; Paşinyan komandasının fəxr etdiyi bütün iqtisadi artım Rusiyadan gələn maliyyə axını və güzəştli Rusiya xammalı üzərində qurulub.

Kremlin Ermənistanın açıq-aşkar xəyanətinə, onun şıltaqlıqlarına nə qədər dözəcəyini gözləyək. Bu və ya digər şəkildə biz regionumuzun bütün geosiyasətinin heyrətamiz şəkildə yenidən formatlaşdırılmasının şahidi oluruq”, - “Caliber” qeyd edir.