Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları "Azərenerji" və "Azərişığ"a ötürüləcək
DÖVLƏTİMİZ ƏDLİYYƏYƏ XÜSUSİ DİQQƏT VƏ QAYĞI GÖSTƏRİR - 22 NOYABR ƏDLİYYƏ İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMIDIR.
“AzerGold” QSC “Daşkəsən rayonunda bitən nadir bitkilərin reintroduksiyası” layihəsini uğurla icra edib
COP29 çərçivəsində 300-500 milyard dollar yeni maliyyə hədəfi ətrafında danışıqlar gedir
Consonun 500 milyardlıq təklifi: Ukraynaya fantastik məbləğdə kredit verilə bilərmi?
Azərbaycan ədliyyəsi də yeni tarixi mərhələyə qədəm qoyur. Ədliyyə orqanlarının yaradılmasından 106 il ötür
“Böyük Qayıdış” Gənclər Təşkilatı Zəfər Günü və Dövlət Bayrağı Günü ilə bağlı bir sıra tədbirlər həyata keçirib
Qərbi Azərbaycan İcması Dərələyəz Şöbəsi - Bərdədə
“Qərbi Azərbaycan İcmasının bundan sonra daha mütəşəkkil formada fəaliyyət göstərməsi hamımız üçün çox önəmlidir - həm Qərbi Azərbaycandan olan insanlar üçün, həm də bütün Azərbaycan xalqı üçün. Hesab edirəm ki, biz bu işi bundan sonra daha məqsədyönlü şəkildə aparmalıyıq. Yəni, təşkilat qurulub, icma qurulub, dövlət orqanları öz dəstəyini göstərir və göstərəcək. Əlavə göstərişlər mənim tərəfimdən veriləcəkdir. Ona görə hesab edirəm ki, icma bir neçə istiqamət üzrə öz işini davam etdirməlidir. Əlbəttə ki, ölkə daxilində bu icmanın fəaliyyəti daha da gözəgörünən olmalıdır. Hər halda Azərbaycan çərçivəsində bu icmanın fəallığı çox önəmli ola bilər”.
Bərdənin İmirli//Əmirli kəndində məskunlaşmış Qərbi azərbaycanlılarla görüş
10 noyabr 2023-cü il tarixində professor Mahirə Nağıqızının rəhbərliyi ilə Pedaqoji universitetin əməkdaşlarından, ziyalılardan ibarət qrup Qərbi azərbaycanlıların daha bir tədbirində iştirak etmək üçün qədim Bərdə şəhərinə yola düşdü.
Əsas məqsəd Qərbi Azərbaycanın Dərələyəz mahalından deportasiya edilərək Bərdənin Əmirli//İmirli kəndində məskunlaşmış yurddaşlarımızın xatirələrini dinləmək, vətən üçün döyünən ürəklərinə bir az da olsa, su səpmək, ağsaqqal və ağbirçəklərin həsrətli gözlərindəki: “Görəsən, biz bir də həmin torpaqları görə biləcəyikmi? Son dəfə o bulaqların suyundan içə biləcəyikmi!?...”- suallarına cavab vermək, onları sevindirmək, yaşamağa ruhlandırmaq idi.
Məlumdur ki, dünyanı silkələyən, “biz hələ varıq, biz yaşayırıq”-deyən Azərbaycan dövləti, Azərbaycanın Ali Ali Baş Komandanı, Azərbaycan ordusu və Azərbaycan xalqının 44 günlük Zəfər savaşından, dünya hərb tarixinə qeyri-adi döyüş kimi düşən Şuşa döyüşlərindən sonra Qərbi azərbaycanlıların gözlərində, ürəklərində yaranan, yenidən alovlanan dogma yerlərə qayıdış qığılcımı, o torpaqları son nəfəsdə də olsa, görmək arzusu günü-gündən artır. Ali Baş Komandanın söylədiyi: “Biz o torpaqlara qayıdacağıq”- sözləri, dediyi hər bir sözü addım-addım həyata keçirməsi insanları daha da səfərbər edir, daha da həvəsləndirir.
Zəfərimizin üç illiyini qeyd etdiyimiz bu bayram günlərində yenə müdrik ziyalımız, professor Mahirə Nağıqızının təçkilatçılığı ilə Bərdədə Dərələyəz ağsaqqalları və gənclərlə belə bir görüşün keçirilməsi əsl vətəndaşlıq nümunəsi idi.
Ali Baş Komandanın yürütdüyü uzaqgörən, gələcəyə ünvanlanmış siyasətinin həyata keçirilməsi istiqamətində atılmış bir addım idi.
Bərdə rayonu Mədəniyyət Mərkəzində keçirilən tədbir Azərbaycanın himninin səsləndirilməsi və ŞƏHİDLƏRİMİZİN xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Bərdədə keçirilən görüşdə Qərbi Azərbaycan Dərələyəz İcmasının üzvlərindən Prof. M.Nağıqızı, Faiq Xudayev, Möhübbət Məmmədov, Ənvər Quliyev və başqaları da iştirak edirdilər.
Tədbir Bərdədə Dərələyəz İcmasının üzvü Səməd Vəkilovun “Qərbi Azərbaycandan deportasiya. İmirlidə məskunlaşma” (Bakı-2023) adlı kitabının təqdimat mərasimi ilə başladı. Sonra müəllifə söz verildi və kitab haqqında əsas məlumatlar, kitabın yazılma səbəbləri, informatorlar, maraqlı hadisələr tədbir iştirakçılarının diqqətinə çatdırıldı. “Qərbi Azərbaycandan deportasiya. İmirlidə məskunlaşma” ( Bakı-2023) kitabında ermənilərin Qərbi Azərbaycan ərazilərində məskunlaşdırılmasının mərhələləri, azərbaycanlıların mərhələli şəkildə deportasiyası tarixi materiallar əsasında təqdim edilmişdir.
“Qərbi Azərbaycandan deportasiya. İmirlidə məskunlaşma” (hüquq və tarix kontekstində. Bakı-2023) kitabında Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı Müvəkkil Hüquq layihəsi çərçivəsində Dərələyəz mahalının Çivə, Sallı, Qozulca, Göyçə mahalının Mollalı, Vedibasar mahalının Hortun kəndinin əhalisinin öz dogma yurdlarından Stalinin qərarı ilə deportasiya edilərək Bərdə rayonunun İmirli kəndində məskunlaşmasının baş verdiyi tarixi şərait, deportasiyanın hüquqi cəhətləri araşdırılmış, deportasiyaya məruz qalmış insanların şəxsi hekayələri toplanmışdır.
Səməd Vəkilov kitab haqqında müfəssəl məlumat verdikdən sonra prof. Mahirə Nağıqızına söz verildi. Mahirə xanım dogma Dərələyəz eli ilə bağlı xatirələrindən, ermənilər tərəfindən valideynlərinin, qohumlarının və bütün azərbaycanlı əhalinin başına gətirilən, insanlığa sığmayan müsibətlərdən danışdı. Nazlı ananın xatirələrində, bayatılarında yaşayan Dərələyəz dərdini iştirakçılara çatdırdı. Professor Həsən Mirzəyevin Dərələyəz həsrəti ilə yazdığı şeirlərdən, yurd həsrətindən bəhs etdi:
Ey ana torpağım, ey can diyarım,
Hanı o səndəki el, Dərələyəz?!
Ey cənnət məkanım, ey dağ vüqarım,
Pərən-pərən olub el, Dərələyəz!
Yaram göz-göz olub bil, Dərələyəz!
Professor Mahirə xanım Ali Baş Komandan İlham Əliyevin sözlərini rəhbər tutaraq, zalda əyləşən ahılların gözlərindəki həsrətə cavab olaraq: “Biz dogma yerlərə qayıdacağıq”-dedi. Yazılan hər bir kitab, görülən işlər vasitəsilə Qərbi Azərbaycanda ermənilər tərəfindən törədilmiş cinayətlər, qətllər, dağıntılar mütləq dünya ictimaiyyətinə çatdırılmalıdır. Əminəm ki, Qərbi Azərbaycan İcması Azərbaycan dövlətinin dəstəyi ilə bunu edəcək. Kitabın ərsəyə gətirilməsini müsbət addım kimi qiymətləndirdi. Eyni zamanda çatışmayan cəhətlərini, bəzi toponimlərin (Qozulca və s.) izahında dəqiqləşmələr aparmağın vacibliyini vurğuladı. Bütün Qərbi azərbaycanlıların ata-baba yerlərinə qayıda biləcəyi günü səbrlə gözləmələrini arzuladı.
Daha sonra İcma üzvlərindən Ənvər Quliyevə və Möhübbət Məmmədova söz verildi.
Folklorist-alim Seyfəddin Rzasoy folklore nümunələrində yaşayan tariximizdən bəhs edərək, xalq ədəbiyyatının tədqiqinin vacibliyini vurğuladı. Alim xalqın tarixinin folklorda əbədiləşdiyini diqqətə çatdıraraq söylədi ki, Qərbi Azərbaycanın, Dərələyəzin və digər bölgələrin, mahalların tarixi elə folklorda yaşayır. Folklorun tədqiqi həmin ərazilərin sözdə, zehinlərdə daşlaşmış nümunələrin tədqiqidir, eyni zamanda folklor nümunələrində əbədi yaşayan yer-yurd adlarının, şəxs adlarının tədqiqi vacibdir. Bu, eyni zamanda xalqın tarixidir.
Kitabın rəyçisi tarix üzrə fəlsəfə doktoru Leyla Calalova ürək sözlərini söylədi, Ali Baş Komandanın: “O torpaqlar bizimdir və azərbaycanlılar öz ata-baba torpaqlarına gedəcəklər”-sözlərini xatırladaraq əhalinin həsrətini bir daha diqqətə çatdırdı.
Qərbi Azərbaycanın, Dərələyəz xanımlarının milli geyimlərini geymiş məktəblilər böyük həyəcanla H.Mirzəyevin “Dərələyəz” şeirini və M. Nağıqızının “Gəlibdir” şeirini söylədilər.
Tədbirdə Qərbi azərbaycanlı şəhidlərin valideynləri, Şəhid Xudayar Yusifzadənin anası Radə xanım da iştirak edirdilər.
Tədbirin sonunda Ənvər Quliyevə, Möhübbət Məmmədova Müvəkkil Hüquq Mərkəzinin fəxri mükafatı təqdim edildi. Bərdə Mədəniyyət Mərkəzində təşkil edilmiş rəsmi hissə bitdikdən sonra tədbir iştirakçıları İmirli//Əmirli kəndində təşkil edilmiş sərgiyə dəvət edildilər. Sərgi açıq havada təşkil edilmişdi. Sərginin ab-havasından bu insanların dogma ellərindən gətirə bildikləri əşyaları, mis qazanları, nehrələri, kilimləri, beşikləri… necə qoruyub saxladıqları hiss olunurdu. Onlar bu əşyaları dəbi keçmiş əşyalar kimi atmamış, çətinliyə düşəndə satmamış, Vətənin bir parçası bilib, göz bəbəyi kimi qoruyub saxlamışla
Ağbirçək analar çeşidləri bol, dadı gözəl və özəl olan Qərbi Azərbaycan, Dərələyəz mətbəxini küləkli hava şəraitində, açıq havada olsa da, sevə-sevə hazırlayıb gələn qonaqlara təqdim etdilər. Qərbi azərbaycanlıların və bütün xalqımızın süfrəsinin bəzəyi olan İrəvan kətəsi (şirniyyat), sacda bişirilən göy kətəsi, buğda qovurması, xəşil və digər nemətlər olduqca gözəl idi. Çünki onlara vətən, torpaq, yurd sevgisi hopmuşdu.
Bundan başqa, Qərbi azərbaycanlıların özəl rəqs nümunələri, xüsusi yallılarının milli geyimdə, bir neçə formada təqdim edilməsi tədbirin yaddaqalan cəhətlərindən oldu. Hiss edilirdi ki, bu insanlar ürəklərindəki torpaq həsrətini qarşılamaq məqsədilə Bərdənin İmirli kəndində özlərinə kiçik Qərbi Azərbaycan-
-Dərələyəz, Qozulca (Qozluca), Çivə, Sallı, Mollalı yaratmış, bir an da doğma yerləri unutmamışlar.
Tədbirin sonunda belə bir yekun qərara gəlindi ki, insanların qoruyub saxladığı əşyaların və zehinlərində yaşatdıqları Vətənə həsr edilmiş bədii nümunələrin-folklorun toplanması vacibdir və bir muzeydə həmin tarixi əşyalar qorunub mühafizə edilməlidir.
Tədbirin sonunda xatirə şəkli çəkildi, tədbir iştirakçılarına S.Vəkilovun “Qərbi Azərbaycandan deportasiya. İmirlidə məskunlaşma” (hüquq və tarix kontekstində. Bakı-2023) kitabı hədiyyə edildi.
Azərbaycanın bütün guşələrində məskunlaşmış Qərbi azərbaycanlılar, Güney azərbaycanlılar Ali Baş Komandanın uğurlu siyasətini dəstəkləyir, bütün nitqlərini diqqətlə dinləyirlər ki, Prezidentimizin qədim yurd yerlərimizlə bağlı yeni sevindirici xəbərlərini, Bütöv Azərbaycanın yaranması xəbərini eşitsinlər.
Cənab Ali Baş Komandan isə öz sözünü deyib və həll edəcəyinə də inanır. Çünki hər şeyin öz vaxtı var və onu ancaq Komandan özü bilir. Qərbi Azərbaycan ziyalıları ilə görüşündə İlham Əliyev demişdir: “Əminəm ki, gün gələcək Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək və mən əminəm ki, Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz dogma torpaqlarına qayıdıb orada yaşayacaqlar”.
Xalqımıza yalnız səbr etmək qalır, Ali Baş Komandanın ətrafında sıx birləşməklə ölkəmizin iqtisadi, siyasi, elmi, mədəni gücünü artırmaq, hərəmiz öz sahəmizdə Vətən naminə çalışmaq və gələcək gözəl günləri yaxınlaşdırmalıyıq.
Yaşasın Azərbaycan! Yaşasın Ali Baş Komandan! Qarabağ Azərbaycandır! İrəvan Azərbaycandır! Təbriz Azərbaycandır!
prof. Həcər Hüseynova
ADPU, Filologiya fakültəsi
10.11.2023
Bərdə.