Menu
Xəbər Lenti
Neftimiz bahalaşdı
30-11-2024, 10:21

Neftimiz bahalaşdı

Xalq rəssamı vəfat etdi
29-11-2024, 05:53

Xalq rəssamı vəfat etdi

27 Ağu 16:57Manşet / Gündəm

Qərbi Azərbaycana qayıdış uğrunda - MÜSAHİBƏ

 

(Yazıçının gündəliyindən, I yazı)

Demokratiya insanların şüurunda dəyişiklik deməkdir. Bu dəyişiklik inqilabla olmur, təkamül yolu ilə, tədricən gedir.
Heydər Əliyev

Akif Şahbazov: “Gənclərimiz Qarabağ müharibəsində öz sözlərini dedilər. İndi alimlərimizin, yüksək təfəkkürlü ziyalılarımızın borcudur ki, elm sahəsində, beynəlxalq qurumlarda Qərbi Azərbaycanla bağlı öz sözlərini layiqincə desinlər. Onlar bu gün ermənilərlə informasiya müharibəsi aparmalıdırlar”

Bu gün Qərbi Azərbaycandan olan həmvətənlərimizin doğma yurdlarına qayıdışı üçün böyük oyanış və mübarizə başlayıb. Bu, çox sevindirici haldır. Bütövlükdə xalqımız onların yanındadır. Ölkə başçımız cənab İlham Əliyev də bu müqəddəs işdə onlara lazım olan dəstəyi göstərir. Qərbi Azərbaycanlıların İcmasının yaradılması bunun bariz nümünəsidir. Biz də belə qərara gəldik ki, bu müqəddəs işdən kənarda qalmayaq və bu məsələyə bacardığımız kimi informasiya dəstəyi olaq. Və bu yazıları dünya səviyyəsinə çıxaraq. Qoy dünya xalqları da oxusun və bizə dəstək olsunlar. Beləliklə, müsahibim Akif Səfər oğlu Şahbazov oldu. Akif müəllimi çoxminli oxucularımzıla daha yaxından tanış edirəm.

Qısa arayış: Akif Səfər oğlu Şahbazov 1969-cu ilin may ayının 5-də Qərbi Azərbaycanın gözəl axarlı-baxarlı bölgəsində, Dərələyəz mahalının Qabaxlı kəndində anadan olub. 1976-cı ildə həmin kəndin birinci sinfinə daxil olub və 1986-cı ildə orta məktəbi əla qiymətlərlə bitirsə də, Ermənistanda keçirilən olimpiadaların qalibi olsa da mənfur, nankor qonşularımız olan ermənilərin türklərə olan nifrətinə görə ona qızıl medal verməyiblər. Akif Şahbasov 1987-ci ildə ordu sıralarına çağırılıb və Moskva vilayətinin Serpuxov şəhərində hərbi xidmətdə olub. Elə həmin ildən də ermənilərin azərbaycanlılara qarşı törətdiyi ixtişaşlar başlayıb. 1988-ci ildən Akif Şahbazovun valideynləri də Qərbi Azərbaycanda yaşayan həmvətənlərimiz kimi Ermənistandan deportasiya olunublar və Sumqayıt şəhərində məskunlaşıblar. Akif hərbi xidmətini bitirəndən sonra Sumqayıt şəhərinə gəlib. Ailə vəziyyətlərinin ağır olmasına görə o, ilk əmək fəaliyyətinə Sumqayıt Boru Brokat zavodunda çilingər kimi başlayıb. Ailə vəziyyətlərinin çətinliyinə görə Akif Şahbazov belə qərara gəlib ki, gündüz işləsin və ali təhsilini axşam şöbəsində alsın. Məhz buna görə də 1990-cı ildə Sankt-Peterburq şəhərinin Voznesenski adına İqtisadiyyat Universitetinin Bakıda yerləşən filialının sənayenin iqtisadiyyatı fakültəsinin axşam şöbəsinə qəbul olub. Oxuduğu 10-48, 10-50 qruplarının dərs əlaçısı, tələbə yoldaşları tərəfindən həmişə sevilən, hörmət bəslənilən bir tələbə olub. Təhsil aldığı bu altı ildə iş yerində də Akif Şahbazovun inkişafı olub. Belə ki, az bir vaxtda Kimya Sənayesi Birliyinə Boru Brokat zavodundan köçürmə yolu ilə gəlib. Burada olan Metal-Qablar zavodunda ilk işi kadrların hazırlanması və qəbulu üzrə təlimatçı olub. Bacarığı, savadı sayəsində az bir vaxtda vəzifə pillələrinə qalxaraq kadrlar şöbəsinin rəisi, material üzrə mühasib, baş mühasib işləyib.

“Azərikimya” Dövlət Şirkəti nəzdində Təmir-Tikinti idarələri fəaliyyətə başlayanda Akif Şahbazov 9 və 1 nömrəli Təmir-Tikinti idarələrinin baş mühasibi vəzifəsində çalışıb. Bu artıq həmin dövr idi ki, Mixail Qorbaçovun “yenidənqurma” siyasəti nəticəsində SRRİ dağılmağa doğru gedirdi. Artıq iş yerlərinin bağlanması, müəssisələrin çökməsi, parçalanması başladı. Çox yaxşı intuisiyaya, uzaqgörən iqtisadi siyasətə malik Akif Şahbazov artıq başa düşdü ki, zaman itkisinə yol vermədən dövrün reallaığına uyğun sahibkarlıqla məşğul olmaq lazımdır. Ona görə də çevik hərəkətlə 1992-ci ildən sahibkarlıq fəaliyyətinə başladı. Sumqayıt Mərkəzi Univermağında yerlər götürüb, həmin yerlərdə satıcılar qoyub, ticarətdə özünü sınadı. Əsas işi məktəblilər və dəftərxana üçün lazım olan ləvazimatlar satdırmaq oldu. Həmin vaxt belə mallar ölkəmizdə qıt idi. Az bir vaxtda bu sahədə işləri uğurlu gətirdiyinə görəvə məktəbli malları, ofis məmulatları olan xüsusi mağaza olmadığına görə bu boşluğu doldurmaq məqsədi ilə Akif Şahbazov geniş çeşidli etmək üçün Mərkəzi Univermağın yaxınlığında olan “Sputnik” adlı sənaye malları univermağında icarəyə ayrıca yer götürdü. Burada dəftərxana ləvazimatlarının geniş tərkibdə “Məktəbli”mağazasını yaratdı. Mağaza Azərbaycanda bu sahə üzrə yaradılan ilk satış obyekti oldu.

Həmçinin məhz elmlə, biliklə bağlı olduğuna görə Akif Şahbazov bu sahəni özünə müqəddəs hesab edir. Bütün bunlar Akif Şahbazovun böyük ziyalılığından irəli gəlir. O, istəyir ki, balalarımız savadlı olsun və bədii ədəbiyyata maraqları çox artsın.Dahi Aristotelin “Oxuyub yazanla oxumayıb yazmayan arasındakı fərq, ölülərlə dirilər arasındakı fərq qədərdir” fikri onun ali devizidir.
Sahibkarlıqda uğurlu fəaliyyətini və inistitut illərində 91-lərin yanında olmasını, ictimai tədbirlərdə iştirakını, gənclərin bu müqəddəs işə cəlb olunmasında böyük təşkilati rolunu, Milli Məclisin Daimi İqtisadiyyat Komissiyasının üzvlərinin yanında maraqlı iqtisadi baxışlarını və fikirlərini görüb onu dövlət işinə də cəlb eləyiblər. Vergilər Nazirliyinin Yasamal şöbəsində böyük vergi müfəttişi vəzifəsində, sonra Nərimanov rayon Vergilər idarəsində və Sumqayıt Ərazi Vergilər idarəsində işləyib. Öz xahişilə işdən azad olunub və bir neçə il Əmlak Məsəslələri üzrə Dövlət Komitəsində çalışıb. Və sonra yenə də öz xahişilə işdən azad edilib. Xoşbəxtliyini sahibkarlıqda görərək kitab və məktəbli ləvazimatları satışı üzrə fəaliyyətini bu günədək böyük həvəslə davam etdirir. Ona ilk sualım belə oldu:

-Necə oldu ki, Qərbi Azərbaycanda 1986-87-ci illərdə ixtişaşlar başladı. Bunun kökündə nə dayanırdı?
- Bu suala cavab verməmişdən öncə xatırladım ki, Qərbi Azərbaycan İcmasının yaradılması ilə bağlı Prezidentin Sərəncamına əsasən 17 iyul 2023-cü il tarixində Sumqayıtda çox böyük bir tədbir keçirildi və həmingün İcmanın Sumqayıt şöbəsi yaradıldı. Bu şöbənin sədri Ramiz İsmayılov ictimaiyyətə təqdim olundu. Həmin tədbirdə Qərbi Azərbaycan İcmasının sədri, Millət vəkili Əziz Ələkbərli, sədrin müavini, Millət vəkili Hikmət Babaoğlu, gənclər birliyinin sədri, Millət vəkili Emin Hacıyev, Sumqayıt şəhər İcra Hakimyyətinin rəhbər işçiləri və ziyalılar iştirak etdilər. Tədbirə mən də dəvət olunmuşdum. Tədbirdə həmçinin Qarakilsədən, yəni bu gün ermənilərin Sisyan kimi təqdim etdiyi mahalın ağsaqqalı, şair Əvəz Mahmud Lələdağa, Dərəliyəz mahalının ziyalısı, filologiya üzrə fəlsəfə dokoru, folklor üzrə araşdırıcı Alı Alıyevə, uzun müddət Sumqayıt şəhər Qaçqınlar cəmiyyətinin sədri işləmiş ziyalı Sevindik Hüseynova da çıxış üçün söz verildi. Onlar çox maraqlı danışdılar. Dərələyəz mahalının gözəl guşələrindən olan cermuxlu Alı müəllim vurğuladı ki, orada olan kənd, qəsəbə, el-oba və türk toponimlərini unutmaq olmaz. Onları hökmən yazmaq və kitab halına salmaq lazımdır. Doğrusu gözləyirdim ki, Alı müəllim orada təpədən dırnağa qədər böyük vətənpərvər olan alim Həsən Mirzəyevin adını çəkəcək. Amma çəkmədi. Yəqin yadından çıxdı. Ya da reqlamentə uyğun danışdı. Nəzərinizə çatdırım ki, həmin toponimlərin adını Qərbi Azərbaycanla bağlı cilid-cilid kitablarda rəhmətlik Həsən Mirzəyev hamısını lazım olan səviyyədə qeyd eləyib. Hətta bütün şeirlərinin çoxlu misralarında həmin yerlərin türk adlarını çəkib və yazıb. Və mübaliğəsiz deyə bilərəm ki, sözün əsl mənasında Dərələyəz deyəndə Həsən Mirzəyev yada düşür. Onların hər ikisinin adı eyni çəkilir. Çünki Dərələyəzi dünyaya tanıtdıran bizim elimizin, obamızın ağsaqqalı Həsən Mirzəyev olub. Öz kitablarında, yazılarında bütün bunları gələcək nəsillər üçün ərmağan qoyub gedib. Yadımdadır ki, hətta o kitabları yazanda, rəhmətlik yaşlı adamların bir-bir qapılarını gəzib, onlardan məlumatlar toplayırdı. Ona nail olmayanda bilirdi ki, biz orta məktəbdə yaxşı oxumuşuq, zəng eləyib məni və başqa gəncləri dəfələrlə Vorovskidə olan evlərinə dəvət eləyirdi və hətta bizdən də məlumatlar toplayırdı. Görün, Həsən Mirzəyev hansı qəlbə sahib insan, əsl ziyalı idi. Onun ürəyi Dərələyəzlə döyünürdü. Məhz buna görə də bütün toponimlərimizdə Qərbi Azərbaycandakı qədim türk yerlərini, oba, mahal adlarını qeyd eləyirdi. Bütün bunların hamısı indi onları geniş oxucu kütləsinə çatdırmaq üçün dövlət səviyyəsində böyük tirajla çap olunub. Bəzi kitabları var ki, onlar da çap edilməlidir. Onu da vurğulayım ki, həmin vaxt Həsən Mirzəyev Parisdən, Moskvadan, Sankt-Peterburqdan tutarlı məlumatlar, sənədlər xəritələr, şəkillər gətizdirib və onları da kitablarında çap etdirib. İnanıram ki, bu, çox böyük maraqla qarşılanacaq və ermənilərə tutarlı cavab olacaq. Gələcəkdə ermənilərlə informasiya müharibəsində qələbə çalmaq üçün bu kitablar çox lazımlı məlumatlar olacaq. Və yeri gəlmişkən deyim ki, elə 1988-ci ildən yaradılan Qaçqınlar Cəmiyyətinin bazası əsasında qurum Qərbi Azərbaycan İcmasına çevrildi. Deməli, artıq bu təşkilatın otuz beş yaşı var. Amma sözsüz ki, əsas işlər bundan sonra başalayacaq. Həmin tədbirdə çox dəyəli çıxışlar oldu. Bilirsiniz ki, keçən il cənab Prezident İlham Əliyev öz ad günündə Qərbi Azərbaycan İcmasının binasının açılışında iştirak elədi və öz ad gününü doğmaları arsında qeyd etdiyini xüsusi vurğuladı. Və tez bir zamanda Qərbi Azərbaycana qayıdışla bağlı maraqlı fikirlər dedi. Və onu da vurğuladı ki, “qayıdışla bağlı konsepsiyanın hazırlanması, ortaya qoyulması və beynəlxalq tribunalarda, təşkilatlarda hüquq müstəvilərində bu məsələni qaldırmaq və tez bir zamanda qaçqınların öz doğma obalarına, evlərinə qayıtmasının təmin olunmasını sürətləndirməyi hamıya tövsiyə edirəm”. Və orada cənab Prezident qeyd etdi ki, “biz nəyə görə bu işi gecikdirdik? Məhz nəyə görə indi başladıq. Çünki ermənilərin yaratdığı Qarabağ adlı böyük bir problemimiz, bəlamız oldu. Biz də bu problemi həll eləyə bilməyincə bu məsələyə qayıda bilmirdik”. Yəni ən böyük ağrılı, acılı problemimiz Qarabağ idi və şükürlər olsun ki, bu məsələ qələbəmizlə həll olundu. 44 günlük Vətən müharibəsində igidlərimizin, güclü ordumuzun, Ali Baş Komandanımızın sayəsində qalib gəldik. Və bundan sonra növbəti mərhələ Qərbi Azərbaycanlıların öz doğma yurdlarına qayıdışı ortaya çıxdı.
İndi artıq sizin suala qayıtmaq istəyirəm. Tarix boyu və tarixə nəzər salsaq, ermənilər həmişə azərbaycanlıların öz doğma yurdlarından qovulması, etnik toponimlərin, türk yer adlarının dəyişdirilməsi və bu kimi soy qırım aparmaqla, Qərbi Azərbaycanlıları doğma yurdlarından qovmaqla, öz dövlətlərini qurmaq istəmiş və həmişə dənizdən-dənizə böyük Ermənistan xülyasında olublar. Və türksüz bir Ermənistan ideyasını Daşnaqsütun partiyası öz qarşısına məqsəd qoyub. Mən çox keçmişə qayıtmaq istəmirəm. Elə Gülüstan və Türkmənçay müqaviləsindən başlayan bu problemlər, ondan sonrakı axırıncı yüz illiyi qeyd etmək istəyirəm. Suriyadan, Hindistandan, İrandan, başqa Ərəb ölkələrindən ermənilərin rusların himayəsilə Qarabağda və Qərbi Azərbaycanda yerləşdirilməsi həmin müqavilələrdən sonra başladı. Və ən əsası, axırıncı yüz ildə demək olar ki, bu məkirli oyun və qaçqınlığın qoyulması üç mərhələdə aparıldı.

- Həmin mərhələlər hansılar idi?
-Birinci mərhələ 1905-1920- ci illər. İkinci mərhələ 1937-1948- 1953-cü illər. Sonuncu üçüncü mərhələ isə 1988-1990-cı illər hesab olunur. Bu mərhələlərə kimi ermənilər bizim torpaqda formalaşmış Daşnaqsütun partiyası tərəfindən planlı şəkildə konsepsiyası, proqramı, böyük maliyyə imkanları, mükəmməl təkmilləşmə, xarisi ölklərdə diaspor quruculuğu, birliklər, dərnəklər yaratmaqla məşğul olmaqla öz məqsədlərinə çatıblar. Və ən əsası da bu üç mərhələyə nəzər salanda görürük ki, bu gavurlar həmişə tarixi şəraitin yetişməsini gözləyiblər. Buna görə təkmilləşib, silahlanıb və bir kiçik tarixi məqamı gözələyiblər. Gəlin, nəzər salaq 1905-1907-ci illərə. Həmin vaxt burjua inqilabı oldu. Bolşeviklər çarı devirmək istədilər. Beləliklə, vəziyyət qarışdı və ermənilər də bu tarixi şəraitdən ustalıqla istifadə elədilər. Ermənistanda və Qarabağda azərbaycanlılara qarşı etnik təmizləməyə başladılar. Artıq həmin vaxt da onların institutları qurulmuşdu və gizli formada kilsələrdən idarə olunurdu. Vəsaitlər də kilslər tərəfindən yığılırdı. İşləri də mərhələ-mərhələ aparırdılar. İlk dəfə çaxnaşmanı da elə rusların rəhbərləri Moskvadan, Sankt-Peterburqdan uzaqlaşdırmaq üçün bizim qədim torpağımız olan İrəvanda saldılar. Sonra oradan bu, Qarabağa doğru davam elədi və beləliklə də, gavurlar, rusların köməkliyilə çoxlu azərbaycanlını həm İrəvandan, həm başqa bölgələrdən və həm də Qarabağdan köçürməyə nail oldular. Bu bic siyasəti ermənilər 1918-ci ildə də çox ustalıqla Azərbaycan xalqının düşməni Stepan Şaumyanın əlilə davam etdirdilər. Birinci Dünya Müharibəsi vaxtı ermənilər Rus ordusunda idilər. Oradan çoxlu silah götürüb, bolşeviklərin tərəfinə keçdilər və bu ixtişaşları böyük Ermənistan xülyası ilə əsasən Bakıda, Şirvan bölgəsində, Quba-Qusarda, Gəncədə, Qarabağda və Cənub bölgəsində başladılar. Onların planı belə idi ki, Bakını tam ələ keçirib, böyük Ermənistanın paytaxtı eləsinlər. Bununla da 1918-ci il 31 mart soyqırımını və ondan sonrakı günlərdə Azərbaycanın çox yerini alova bürüdülər. Bu planları ilə gavurlar Qərbi Azərbaycanda da istəklərinə nail oldular. Bu müharibə 1920-ci ilə qədər davam elədi. Bolşeviklərin Azərbaycanı istila eləməsinə qədər. Ermənilər qırmızı imperiyanın əlilə yenə də çoxlu torpağımızı ələ keçirdilər.
İkinci mərhələdən də onlar yenə də ustalıqla istifadə elədilər. Belə ki, 1937-38-ci illərdə Qərbi Azərbaycanda yaşayan həmvətənlərimizin çoxunu Sovet ölkəsinin düşməni kimi həbs etdirdilər. Ümumiyyətlə, həmin vaxt Ermənistandan həbs olunanların 90 faizi azərbaycanlılar olub. Çünki orada söz sahibi olan, yüksək savadlı, zəngin azərbaycanlılar çox idi. Onların hamısının siyahısını yazıb Moskvaya göndərdilər və Stalinin əlilə repressiyanın qurbanı elədilər. Qalanlarını da Böyük Vətən Müharibəsi dövründə, hətta yaşı həddi-buluğa çatmayan həmvətənlərimizi də müharibəyə göndərdilər. Həmin vaxt kəndlərdə, şəhərlərdə başıpapaqlı bir azərbaycanlı kişisi qoymadılar. Müharibədən sonra da bu məkirli planlarını davam etdirdilər. İosif Stalinə məktub yazıb, SSRİ Nazirlər Şurasının qərarı ilə Ermənistandan çoxlu soydaşımızın Azərbaycanın muğan bölgələrinə, Kür-Araz ovalığına köçürülməsinə nail oldular. Adını da qoydular ki, guya ora sürüşmə zonasıdır. Təbii fəlakətlər olan yerlərdir. Sənəd üzrə guya əlli min azərbaycanlı köçürmüşdülər. Əslində isə yüz minə yaxın azərbaycanlı köçürdülər. Həmin azərbaycanlıların yerinə Türkiyədən, Suriyadan və başqa yerlərdən erməniləri gətirdilər. Qərbi Azərbaycandan gələn azərbaycanlılar əsasən dağlıq, çox səfalı yerlərdə yaşayırdılar. Onlar Muğan və Kür-Azraz ovalıqlarındakı istiyə, pis şəraitə dözə bilməyib, bir hissəsi haqq dünyalarına qovuşdular. Böyük hissəsi də məcbur olub, sonra Bərdəyə, Qarabağa köçdülər.
Üçüncü mərhələ isə 1988-1990-cı illərdə oldu. Həmin vaxt da bütün türkləri Ermənistandan köçürdülər. Bir nəfər belə orada qalmadı. Erməni gavurları üç yüz mindən çox azərbaycanlını oradan qovdular, sürgün elədilər. Köçmək istəməyənləri isə vəhşicəsinə öldürdülər. Əli yalın insanları qorxutdular. Onlar didərgin, qaçqın həyatı yaşamağa başladılar.

-Mən rusların 1905-ci ildə çap etdirdiyi bir tarix kitabından oxumuşam ki, Ermənistanda yaşayan əhalinin cəmi 20 faizi ermənilər olub. Səksən faizi isə Azərbaycan türkləri olub.
-Həmin məsələyə qayıdacam. Yenə də vurğulayım ki, ermənilər həmişə tarixi vəziyyətdən çox ustalıqla istifadə eləyiblər. Elə bil bununla bağlı onların böyük bir institutu işləyib, amma biz bunu bilməmişik. Onlar sanki bir maraqlı metod seçiblər. İlk əvvəl bıçaqla sənin əlini yaralayırlar. Sən bu yaranı bağlamaqla, bunun sağalması ilə məşğul olduğun vaxt, daha yuxarıdan balta ilə vururlar. Artıq sənin əlində olan bıçaq yarası yadından çıxır, unudulur və məcbur olursan ki, baltanın yarası ilə məşğul olasan. Bax, bu gavurlar Qarabağda da elə elədilər. Ermənistandan azərbaycanlıları çıxartdılar. Biz başladıq ki, bununla məşğul olaq və həmvətənlərimizi geri qaytaraq, bu vaxt ermənilər Qarabağda müharibəyə başladılar. Biz çalışdıq ki, Qarabağı qoruyaq, amma onlar Ermənistanda olduğu kimi, burada da ruslardan istifadə etməyə başladılar. Ümumiyyətlə, onlar həmişə bu müharibələrdə, etnik təmizləmələrdə ruslardan istifadə ediblər. Şərəfsizlər Azərbaycan xalqının düşməni I Pyotrun vəsiyyətinə əməl etməklə, bütün işlərini ruslarla görüblər. Həmin vaxt da biz balta yarası ilə məşğul olmağa başladıq. Qərbi Azərbaycandan köçürülən üç yüz min soydaşımızın qaçqın, didərgin olmasını və qayğısını unutduq. Və bu gün, şükürlər olsun ki, 44 günlük Vətən müharibəsində biz bu məsələni həll eləyib, Qarabağ torpaqlarımızı geri qaytardıq. Bu mərhələ ulu öndərimiz Heydər Əliyevlə başlamışdı. Yəni həmin vaxt Bakıda Hərbi məktəb açılmış və ordu quruculuğu formalamışdı. Bu işi cənab İlham Əliyev böyük ustalıqla davam etdirdi və sonra qələbəmizlə hər şeyə nöqtə qoyuldu.

-1948-53-cü illər haqqında demk olar ki, biz çox şeyləri bilmirik. Xahiş edirəm, bu haqda oxucularımıza geniş məlumat verəsiniz. Bu, elə həmin bıçaq yarası idi.
-O vaxt məsələni belə qoymuşdular ki, azərbaycanlıları Ermənistandan könüllü köçürsünlər. Guya o vaxt Sovetlər İttifaqı müharibədə qələbə çalmışdı və guya xarici ölklərdə yaşayan çoxlu erməni Ermənistana yaşamağa gəlmək istəyir. Əsasən də Türkiyədən. Stalinə də elə bu lazım idi. Azərbaycanlılar xoşluqla köçmək istəməyəndə həmin yerlərin adını sürüşmə zonası, təbii fəlakət yeri qoydular. Bununla da onları oradan məcburən köçürdülər. Həmin azərbaycanlıların köçürüldüyü yerlərə xaricdən gələn erməniləri yerləşdirdilər. Daha ora sürüşmə və təbbi fəlakət zonası olmadı. Həmin vaxt bu şərəfsiz ermənilər azərbaycanlılara belə bir damğa da vurmuşdular ki, guya onlar Böyük Vətən Müharibəsinə getməkdən yayınıblar. Bu müharibədən qaçıblar. Əslində isə o vaxt müharibəyə gedən Ermənistan əhalisisnin 70-80 faizi elə azərbaycanlılar olmuşdu. Məlumatı Sovet rəhbərliyinə çox ustalıqla inandırırdılar. Bu damğanı qəbul etmək istəməyən azərbaycanlılar doğma yurdlarından köçməyə məcbur olurdular. 1988-90-cı illərdə də bu üsuldan istifadə elədilər və həmvətənlərimizi doğma yurdlarından köçürdülər. Bu işdə də onlara-gavurlara Mixail Qorbaçov və arvadı Raisa Maksimovna böyük pul, var-dövlət hesabına çox yaxşı köməklik elədi. Əlbəttə, rus qoşunları da artıq onların yanında idi. Bu dəhşətli hadislər otuz iki il davam elədi.
Artıq dünya dəyişdi. Böyük informasiya şəbəkələri yarandı. Biz onların bu məkirli siyasətini dünya xalqlarına çatdırdıq. Ermənilərin yalanı və bic siyasəti artıq dünyada ayaq tutub yerimir. Onların kim olduğu, bizim torpaqları necə işğal elədiyi, həmvətənlərimizi necə qətlə yetirdikləri dünya xalqlarına tam məlumdur.

-Deməli, bundan sonra Qərbi Azərbaycanlıların öz doğma yurdlarına qayıdışı reallaşa bilər?
-Əlbəttə, tam reallaşa bilər. Bunu labüd eləyən, reallaşdıran əsaslar var. Bu əsasların ən başlanğıcı bizim 44 günlük Vətən müharibəsində qalib gəlməyimizdir. İkinci əsas, cənab İlham Əliyev kimi qətiyyətli prezidentimizin olmasıdır. Çünki artıq Ermənistanın informasiya şəbəkələrində yazırlar ki, “İlham Əliyev nə deyirsə, onun da üstündə durub, reallaşdırır”. Deməli, cənab İlham Əliyev deyirsə ki, Qərbi Azərbaycana qayıdacağıq, deməli, qayıdacağıq. Bu, tam realdır. Bu işlərin ən əsası da odur ki, artıq Azərbaycanda təkmilləşmə, təşkilatlanma, birlik var. Bu birliyi yaradan nədir? Biz 1988-89-cu illərdə Qərbi Azərbaycandan qaçqın düşəndə və deyəndə ki, “ermənilər faşistdir”. Buradakı azərbaycanlılar bu fikirlərə çox da inanmırdılar. Hətta elələri vardı ki, erməiləri müdafiə eləyirdilər. Bizə gülənlər də olurdu ki, “torpaqlarınızı qoyub qaçıbsınız”. Amma birinci Qarabağ müharibəsində gördülər ki, ermənilər oradakı doğma torpaqlarımızı rusların əlilə işğal elədilər və bundan sonra ermənilərin necə faşist olduğuna inanmağa başladılar. 44 günlük Vətən müharibəsində və birinici Qarabağ müharibəsində verdiyimiz şəhidlər bütün ailələri və tayfaları əhatə elədi. Elə bir ailə və tayfa yoxdur ki, orada şəhid, qazi olmasın. Beləliklə, ermənilərin kim olduğu tam bəlli oldu. Bununla da biz təşkilatlandıq və birləşdik. Bütün şəhidlərimizi və qazilərimizi gördükcə biz milliləşdik və milli birlik yaratdıq. Lazım olan kimi formalşdıq. Bundan sonra ermənilər daha bizi təkləyə bilməyəcəklər. Bizim birliyimizi poza bilməyəcəklər. Tarix boyu bütün millətlər bilir ki, ermənilər həmişə köçəri bir həyat yaşayıblar. Onların heç vaxt vətənləri olmayıb. Onlara hara yaxşı, rahat olub, oranı da vətən hesab ediblər. Bilirsiniz ki, Ermənistanın iqtisadi durumu ilə bağlı əhali başqa ölkələrə köç etməyə başlayıblar. Bu gün onların qorxusu ondadır ki, biz tezliklə Xankəndinə yerləşəcəyik. Onlar özlərini bizdən yaxşı tanıyırlar. Bilirlər ki, biz yaxşı pul versək, Xankəndində olan ermənilər öz evlərini azərbaycanlılara satıb, oradan çıxıb gedəcəklər. Eləcə də başqa rayonlarımıza da yerləşəcəyik. Bu qorxu xofu onları daha çox narahat eləyir. Bu gün əsas budur ki, biz Xankəndinə və Qarabağın Xocavənd, Xocalı və Ağdərə rayonlarına davasız-şavasız yerləşək. Bu da tezliklə reallaşacaq. İnanın. Sonra onlar İrəvanda və başqa yerlərimizdə öz evlərini dəyər-dəyməzə bizə satıb, bütövlükdə Ermənistanı tərk eləyəcəklər. Bu da gec-tez tam reallaşacaq. Axı nə Qarabağ, nə də Ermənistandakı torpaqlar onların ata-baba yurdu deyil. Bizim doğma yurdlarımızdı. Vətənimizdi. Ermənilər pul hərisliyindən oraları satacaqlar.

-Deməli, ermənilərin pisliyi, torpaqlarımızı işğal eləməsi, bizim xeyrimizə işlədi. Elədirmi?
-Əlbəttə ki, elədi.Onlar nə pislik elədilərsə, birinci özlərinə elədilər. Və 1988-ci ildə uduzdular. Çünki Qərbi Azərbaycandan gələnlər Bakıda, Sumqayıtda və başqa şəhərlərdə ermənilər yaşayan evlərdə məskunlaşdılar. Özünüz də bilirsiniz ki, Abşeron yarımadasında və rayonlarımızda ən gözəl yerlərdə ermənilər yaşayırdı. Onların ikinci məğlubiyyətini deyim. Əgər bu məsələ qalxmasaydı indi Azərbaycanda iş adamlarının hamısı ermənilər olardı. Çünki bütün rıçaqlar, səlahiyyətlər onların əlində idi. Əgər onlar burada qalsaydı, özəlləşmə prosesində iştirak eləyib, iqtisadi sahələr onların əlində olacaqdı. Onlar elə burdan da uduzdular ki, Qarabağdan və Qərbi Azərbaycandan azərbaycanlıları qovdular. Həmin qaçqın düşən insanlar ermənilərlə mübarizə apardığına görə həyatın ən çətin məqamlarına hazır idilər. Təsəvvür eləyin ki, bir vaxtlar Ermənistanda çəkmə geyib, qoyun otarmağa gedən, çox çətin həyat sürən adamlar bura gəlib, iş adamları kimi formalaşdılar. Və ermənilərin görəcəyi işləri görməyə başladılar. Deməli, uduzan kimlər oldu? Əlbəttə, ermənilər.

- Eşitmişəm ki, siz Qərbi Azərbaycan işğal olunandan sonra oradan, Dərəliyəz mahalından ilk dəfə çoxlu şəkillər və videolar çəkdirib gətiribsiniz. Professor Həsən Mirzəyev və qohumlarınızla həmin videoya baxıbsınız. Bu, necə olub? Bunu necə əldə eləyə bildiniz? Bu işləri kimlər görüb?
-Mənim Gürcüstanla, gürcü iş adamları ilə əlaqələrim olduğuna görə, günlərin bir günü, 2005-ci ilin may ayında onlarla söhbət zamanı xahiş elədim ki, necə eləmək olar, Dərələyəz mahalını video kassetə çəkdirib mənə verəsiniz? Onlar da mənə söz verdilər ki, Dərəliyəz mahalını çəkdirib sizə verəcəyik. Mən də qohumum, professor Həsən Mirzəyevə, qohum toylarının birində dedim ki, belə bir şansımız var. Məhz tayfamızın, elimizin ağsaqqalı Həsən müəllimin məsləhəti əsasında mən bu video kasseti çəkdirib gətirtdim. Əvvəl biz özümüz birlikdə baxdıq və sonra da bu video kassetdən yüzlərlə çıxartdırıb, Dərələyəz camaatına payladıq. Yəni hər bir evdə bu video kassetlər oldu. Yadımdadır ki, həmin çəkilişdən bir müddət sonra ANS Televiziya kanalının xəbərlər proqramından mənə zəng elədilər. Dedilər ki, “ermənilər dünya və Rusiya kanallarına videolar çəkib göndəriblər ki, guya Naxçıvanda azərbaycanlılar erməni qəbirlərini dağıdıblar. Azərbaycanlılar vandaldı. Eşitmişik ki, sizdə də video kasset var və orada göstərilir ki, ermənilər Dərələyəz mahalında azərbaycanlı qəbirlərini necə dağıdıb, viranə qoyublar”. Dedim ki, bəli belə bir video kasset var. Mən həmin çəkilişi ANS Televiziya kanalına göndərdim və onlar da həmin çəkilişi televiziya vasitəsilə geniş formada göstərdilər. Bu, video kasset ermənilərə çox tutarlı bir sübut və cavab oldu. Bununla ermənilər tam biabır oldular. Bax, ondan sonra faşist gavurlar susdular.

- Sosial şəbəkələrdə Qərbi Azərbaycandan olan əksər elm adamları, yazıçılar, şairlər, tibb və başqa sahələr üzrə alimlərin, ziyalıların say etibarı ilə çox olduğunu yazırlar və dilə gətirilər. Yəni belə demək olar ki, Qərbi azərbaycanlılar elmə çox böyük həvəs göstərən insanlardır. Bu haqda siz nə deyə bilərsiniz?
-Bəli, bu belədir. Bu suala da indi tam cavab verməmişdən əvvəl deyim və aydınlıq gətirim ki, həmin iclasda 1988-90-cı illərdə təxminən Azərbaycana üç yüz mindən çox həmvətənlərimiz gəldiyi qeyd olundu. Onlardan üç min, üç min beş yüz ailə isə Sumqayıtda məskunlaşıb. Mənə elə gəlir bu statistika düzgün deyil. Daha doğrusu, gəlin, buna aydınlıq gətirək. Yadımza salaq. 1905-1920-ci illərdə Qərbi Azərbaycanda statistikaya görə, azərbaycanlıların sayı bir milyon yüz min olub. Onlardan təxminən iki yüz mini həmin vaxt soyqırıma məruz qalıb. İki yüz mini Ermənistanda, yəni Qərbi Azərbaycanda qalıb və qalanları qaçqın düşüblər. Deməli, yeddi yüz mini Azərbaycana pənah gətirib. Böyük hissəsi isə Naxçıvan mahalında məskunlaşıb. Bir hissəsi də dünyanın ayrı-ayrı öklələrinə səpələnib. Statistikaya nəzər salsaq, Cümhuriyyət dövründə Azərbaycanın iki milyon səkkiz yüz altmış min əhalisi olub. Bura yeddi yüz mini də əlavə eləsək, belə götürəndə indi Azərbaycanda təxminən on bir milyona yaxın insanın dörd nəfərindən biri Qərbi Azərbaycanlıdı. Orada həmin dövrdə qalan üç yüz min əhali çox çətinliklə yaşayırdı və kənd təsərrüfatı ilə məşğul olurdu. Ona görə də hamı istəyirdi ki, övladı oxuyub, ali təhsil alsın. Həmin cavanlar gəlib Azərbaycanda təhsil alırdılar və elə çoxu Azərbaycanda qalırdı. Onlar da könüllü yox, erməni zülmündən qurtarmaq üçün oxuyurdular və Ermənistana qayıtmırdılar. Bunun elə özü də bir repressiya idi. Sonra 1948-1953-cü illərdə baş verən repressiya və Qərbi Azərbaycandan gələn yüz mindən çox həmvətənimiz, eləcə də 1988-90-cı illərdə sonuncu repressiyaya məruz qalanlar. Deməli, belə götürəndə Azərbaycan əhalisinin təxminən dörd milyonu Qərbi Azərbaycanlılardır. Belə ki, onlarla evlənənlər, ailə quranlar və bir-birilə qohumluq əlaqələri yaradanları da bunun üstünə gələndə, dörd nəfərə qarşı yox, hətta üç nəfərdən biri Qərbi Azərbaycanlı kökənlidir. Bu statistikanı hər bir azərbaycanlı bilməlidi.

Deməli, həmin mahaladan çıxan dövlət xadimərimiz, akademiklərimiz, professorlarımız, generallarımız həddindən artıq çoxdur. Amma mən çox istərdim ki, həmin ziyalılarımz Dərələyəz mahalından olan Həsən Mirzəyevin yazdığı kimi kitablar yazıb ortaya qoysunlar. Elə hər biri öz bölgəsi haqqında kitab yazsa, görün nə qədər kitablar yazılar. Bu da millətin xeyrinə olar.

Gələcəyimiz üçün belə vəsaitlər çox vacibdir. Bu kitablarla biz erməniləri tutarlı fakt qarşısında qoya bilərik. Gənclərimiz Qarabağ müharibəsində öz sözlərini dedilər. İndi alimlərimizin, ziyalılarımızın borcudur ki, elm sahəsində, beynəlxalq qurumlarda Qərbi Azərbaycanla bağlı öz sözlərini desinlər. Onlar bu gün ermənilərlə informasiya müharibəsi aparmalıdırlar. Qərbi Azərbaycana qayıtmağı qarşımıza ali məqsəd qoymalı və buna da nail olmalıyıq.

Elə götürək, 1995-ci ilin mart ayında ölkədə çevrilişə hazırlıq gedəndə, ulu öndər Heydər Əliyevin bir çağırışı və müraciətilə ora toplaşanların təxminən 70 faizi Qərbi Azərbaycandan olanlar oldu və ölkədə çevrilişin qarşısını aldı. O vaxt dahi rəhbər Heydər Əliyevin ətrafında olan adamların təxminən yetmiş faizi Qərbi Azərbaycanlı kökənli idi. Çünki biz həmin əziyyətləri Ermənistanda görmüşdük. Dövlət, dövlətçilik nədir bilirdik. Ona görə də dövlətin, dövlətçiliyin parçalanmasına imkan vermədik.
İndi hamımızın birinci vəzifəsi odur ki, cənab prezidentimiz İlham Əliyevin ətrafında sıx biləşək, Qərbi Azərbaycan İcmasının işini genişləndirək və sonra da Qərbi Azərbaycana qayıdaq. Həmin günlər heç də uzaqda deyil. Dahi rəhbər, müasir Azərbaycanın memarı və yaradıcısı Heydər Əliyev deyib ki, “Dövlətçilik hər bir şəxsin qəlbində olmalıdır”.

Qərbi Azərbaycanlıların da qəlbində böyük dövlətçilik sevgisi var. Məşhur siyasətçi Alija İzzetbeqoviçin belə bir kəlamı var: “Dövlətsiz bir millət boşluğa düşər, küləkdə sovrulub gedər”. Biz də millət olaraq, Qərbi Azərbaycanda öz dövlətimizi quracağıq. Onun küləklərdə sovrulmasına heç vaxt imkan verməyəcəyik.

Ağalar İDRİSOĞLU,
Əməkdar incəsənət xadimi,
yazıçı, rejissor, dramaturq

Sumqayıt şəhəri, 27 iyul- 07 avqust- 2023-cü il

P.S. Gün o gün olsun ki, Hacı Akif Şahbazov sizin dedikləriniz tezliklə reallaşsın. İnanıram ki, belə də olacaq. Çünki millətimizin milli birliyi olduqca hər şey eləmək olar. Axı dünyada çox şeyi milli birlik həll eləyir. O ölkədə ki, milli birlik varsa, həmin ölkə istədiklərinə çata bilir. Yadıma gəlir mən 1976-cı ildə Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında aktyor kimi fəaliyyətə başlayanda biz, hər il yayda Qərbi Azərbaycanın bölgələrində olurduq. Orada yaşayan insanların birliyini, qonaqpərvərliyini, Vətən sevgisini görürdük. Bu Vətən sevgisi bu gün də onlarda var. İndi daha dərindir. Daha mübarizdir. Daha möhkəmdir. Deməli, onlar tezliklə öz doğma yurdlarına qayıdacaqlar. Çünki özlərinə inamları çox böyükdür. İnam isə isə insanın ən böyük sərvəti və onu irəliyə aparan böyük mübarizə yoludur. Anatol Frans belə deyib: “Bəşəri məhəbbətdən kənarda Vətən sevgisi yoxdur”. Bu maraqlı fikiri bütün Qərbi Azərbaycanlılara tam şamil etmək olar.

Qərbi Azərbaycana qayıdış uğrunda - MÜSAHİBƏ
Qərbi Azərbaycana qayıdış uğrunda - MÜSAHİBƏ
Qərbi Azərbaycana qayıdış uğrunda - MÜSAHİBƏ
Qərbi Azərbaycana qayıdış uğrunda - MÜSAHİBƏ
Qərbi Azərbaycana qayıdış uğrunda - MÜSAHİBƏ
Qərbi Azərbaycana qayıdış uğrunda - MÜSAHİBƏ
Qərbi Azərbaycana qayıdış uğrunda - MÜSAHİBƏ
Qərbi Azərbaycana qayıdış uğrunda - MÜSAHİBƏ
Qərbi Azərbaycana qayıdış uğrunda - MÜSAHİBƏ
Qərbi Azərbaycana qayıdış uğrunda - MÜSAHİBƏ
Qərbi Azərbaycana qayıdış uğrunda - MÜSAHİBƏ
Qərbi Azərbaycana qayıdış uğrunda - MÜSAHİBƏ
Qərbi Azərbaycana qayıdış uğrunda - MÜSAHİBƏ
Qərbi Azərbaycana qayıdış uğrunda - MÜSAHİBƏ
Qərbi Azərbaycana qayıdış uğrunda - MÜSAHİBƏ
Qərbi Azərbaycana qayıdış uğrunda - MÜSAHİBƏ