Menu
Xəbər Lenti
COP-29
20-11-2024, 16:08

COP-29

Annalena Berbok Bakıya gəlir
20-11-2024, 08:59

Annalena Berbok Bakıya gəlir

COP-29
19-11-2024, 08:04

COP-29

26 Ağu 12:20Manşet / Gündəm

Xalqın maraqlarının müdafiəçisi

 

Xalq sözün əsl mənasında Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanı sevir! İnsanlar dara düşəndə, çətinliklə üzləşəndə ilk olaraq Heydər Əliyev Fonduna, Birinci vitse-prezidentə müraciət edirlər.  

Mövzuyla bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edirik.

Azərbaycan dövlətinin və xalqının maraqlarını hər şeydən üstün tutan, ölkəmizə layiqincə xidmət edən Mehriban Əliyevanın hərtərəfli fəaliyyətindən geniş söhbət açmaq olar. O, birinci xanım, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini kimi ölkə həyatının bütün sahələrində irəli sürdüyü uğurlu təşəbbüslərlə, gördüyü işlərlə cəmiyyətdə, insanların qəlbində özünəməxsus yer tutub. Xalq sözün əsl mənasında Mehriban xanım Əliyevanı sevir! Dara düşəndə, çətinliklə üzləşəndə insanlarımızın üz tutduğu ilk istiqamət Heydər Əliyev Fondu, Birinci vitse-prezident olur. Mehriban Əliyeva Prezident İlham Əliyevin və xalqımızın etimadını layiqincə doğruldub. Uzun illərdir Azərbaycanın ictimai-siyasi, mədəni həyatında mühüm və fəal rol oynayan Mehriban Əliyeva fəaliyyəti boyunca şəhid ailələrinin, müharibə əlillərinin, qaçqın və məcburi köçkünlərin qayğılarına xüsusi həssaslıqla yanaşıb. 

Qaçqın və məcburi köçkünlərə göstərilən qayğı 

Hələ torpaqlarımız Ermənistan işğalı altında olduğu illərdə Prezident İlham Əliyevlə birlikdə, həm də fərdi qaydada qaçqın və məcburi köçkünlərlə görüşən, onların problemlərini dinləyən Mehriban Əliyeva 2017-ci ildə Birinci vitse-prezident təyin olunandan sonra da dövlət xadimi kimi ilk fəaliyyətini bu istiqamətdə gerçəkləşdirib. Aidiyyəti dövlət qurumlarının rəhbərləri ilə iclas keçirən Birinci vitse-prezident qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində göstərişlər verib.

Bu tapşırıqların vaxtında və dəqiqliklə icrası zamanı öz dədə-baba yurdundan zorla qovulan vətəndaşlarımız yeni mənzillərlə təmin edilib, bir çox sosial qayğılardan azad olunublar. Məcburi köçkünlərlə yeni mənzillərində görüşən Mehriban Əliyeva onları əmin edib ki, gün gələcək, Qarabağ sakinləri qonaqları öz ata-baba yurdlarındakı mənzillərində qarşılayacaqlar. 2020-ci ilin 44 günlük Vətən müharibəsində Ordumuzun işğal altındakı torpaqlarımızı yağı düşməndən təmizləməsi Qarabağ və ətraf rayonların genişmiqyaslı tikinti-quruculuq meydanına çevrilməsi, şəhər, kənd və qəsəbələrin sürətli bərpası ilə nəticələnib. Keçmiş məcburi köçkünlərlə bu dəfə onların öz evlərində görüşən Mehriban Əliyeva verdiyi vədlərə sadiqliyini, dövlətimizin daim vətəndaşlarımızın yanında olduğunu bir daha nümayiş etdirib.

Şəhid ailələrinin, qazilərin əsas himayəçisi 

Mehriban xanım Əliyeva şəhid analarının, canını Vətən yolunda fəda edənlərin ailə üzvlərinin də ən yaxın himayəçisi, dəstəkçisidir. 2016-cı ilin Aprel döyüşlərindən sonra şəhid olan və yaralanan hərbçilərin ailə üzvləri, həmçinin yaxınları ilə Heydər məscidində görüşən Mehriban xanım bildirib ki, qəhrəman döyüşçülərimiz Vətən qarşısında müqəddəs borclarını şərəflə yerinə yetiriblər. O, şəhid anaları qarşısında baş əydiyini dilə gətirərək, Azərbaycan xalqı və dövləti üçün hər bir vətəndaşın, o cümlədən əsgərlərimizin dəyərli olduğunu vurğulayıb:

“Biz istəyirik ki, torpaqlarımız azad edilsin. Biz istəyirik ki, insanlarımız öz doğma yurdlarına qayıtsınlar. Biz işğalçı deyilik. Biz işğalçı ilə mübarizə aparan millətik. Bizim heç bir başqa millətin, başqa xalqın torpağında gözümüz yoxdur. Biz, sadəcə, öz torpaqlarımızı işğaldan azad etmək istəyirik. Bu həqiqəti bütün dünya bilir və artıq qəbul etməlidir. Ədalətsiz, işğalçı siyasətin qarşısını almaq üçün bizim qəhrəman ordumuz, qəhrəman övladlarımız var. Azərbaycan xalqı üçün hər bir əsgərimiz dəyərlidir və əzizdir. Dünyanın ən böyük sərvəti olan ömrünü Vətən naminə qurban verən hər bir övladımız Azərbaycanın tarixində qəhrəman kimi yaşayacaq”. 

Aprel döyüşlərində iştirak etmiş bir qrup zabit və əsgərlə görüşündə isə Mehriban xanım Əliyeva bildirib ki, ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə yaralanmış, xəsarət almış əsgərlərimizin sağlamlığının bərpasına Azərbaycan dövləti xüsusi diqqətlə yanaşır. O, Vətən uğrunda vuruşan, yaralanan, xəsarət alan, sağlamlığını itirən hər bir hərbçinin tezliklə normal həyata qayıtması üçün Azərbaycan dövlətinin bütün lazımi addımları atmağa hazır olduğunu bəyan edib. Mehriban xanım Əliyeva Heydər Əliyev Fondu tərəfindən yüksək texnologiyalı protezlərlə təmin olunan hərbçilərlə keçirdiyi görüşdə də Azərbaycan uğrunda həyatını qurban verməyə hazır olan oğullarla fəxr etdiyini, onları özünə qardaş bildiyini dilə gətirib:

“Belə əsgərlərlə, zabitlərlə, belə qardaşlarla biz Qarabağı mütləq qaytaracağıq. Qarabağın hər bir kəndində, hər bir şəhərində Azərbaycan bayrağı dalğalanacaq”.

İşlədilən hər bir sözə məsuliyyətlə yanaşma

Vətən müharibəsindən sonra Mehriban xanım Əliyevanın işğaldan azad olunmuş ərazilərə davamlı səfərləri, müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevlə birlikdə hərbçilər, müharibə veteranları, şəhid ailələri ilə görüşləri, Böyük Qayıdışın reallaşması çərçivəsində həyata keçirilən tədbirlər Azərbaycan dövlətinin gücünü, qüdrətini göstərməklə yanaşı, Birinci vitse-prezidentin ictimaiyyət qarşısında işlətdiyi hər bir sözə məsuliyyətlə yanaşdığını, xalqına sədaqətlə xidmətini ortaya qoyub. Onun vaxtilə şəhid anaları qarşısında səsləndirdiyi fikirlər indi yaşadığımız gerçəklikdir. Bu gün üçrəngli, ay-ulduzlu bayrağımız azad Qarabağın hər bir kəndində, şəhərində qürurla dalğalanır. İşğalda olduğu 30 ilə yaxın müddətdə xarabalığa çevrilən yurd yerlərimizə həyat yenidən qayıdır. Keçmiş məcburi köçkünlər mərhələ-mərhələ öz doğma el-obasına, ocağına dönərək xoşbəxt günlər yaşayırlar. 

Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalanların qisası alınmaqla yanaşı, onların xatirəsi daim hörmətlə anılır, uca tutulur, ailə üzvlərinin sosial qayğıları qarşılanır. Bütün bunlar gerçəklikdir və bu gerçəkliyin yaşanmasında Prezident İlham Əliyevin ən yaxın silahdaşına çevrilən, xalqın hakimiyyətə inamının möhkəmlənməsinə, ölkə rəhbərinin siyasi nüfuzunun daha da yüksəlməsinə əməli töhfələr verən Mehriban xanım Əliyevanın böyük payı var.

Bizimlə əlaqə saxlayın