Menu
Xəbər Lenti
08 Ock 14:02Manşet / Gündəm / Siyasət

Prezident İlham Əliyev və möhtəşəm 20 il və Zəfər salnaməsi

 

Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin ölkəmizə siyasi rəhbərliyi dövrü böyük bir epoxa təşkil edir. Heydər Əliyev epoxası sosializm cəmiyyəti şəraitində xalqımızı dövlət müstəqilliyinə hazırlamaqdan ölkəmizdə müstəqil dövlətçiliyin xilasına və yenidən bərpa edilməsinə, gələcək inkişafın möhkəm təməllərinin yaradılmasına qədərki ümummilli xarakterli kompleks məsələləri özündə birləşdirir. Bu tarixi epoxanın yaradıcısı və aparıcı tarixi siması olan görkəmli dövlət xadimi Heydər Əliyevin adı Azərbaycanın çoxəsrlik tarixinə əbədi həkk olunmuşdur. Heydər Əliyev epoxasının ictimai-siyasi hadisələri və tarixi nailiyyətləri xalqımızın mənəvi təkamülündə Azərbaycan cəmiyyətinin hərtərəfli inkişafında xüsusi mərhələ kimi şərəfli tarixə çevrilmişdir.

Müstəqil dövlətçilik dövrünün inkişafında yeni tarixi mərhələ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasi hakimiyyətə gəlməsi ilə başlanmışdır. Dövlət rəhbəri kimi İlham Əliyevin məqsədyönlü və uğurlu dövlətçilik fəaliyyəti siyasi varisliklə yeni tarixi epoxanın reallıqları, müasirlik və modernləşdirmə üzərində qurulmuşdur. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müstəqil dövlətçilik təlimi yeni tarixi dövrün lideri olan İlham Əliyev tərəfindən yaradıcı şəkildə inkişaf etdirilərək, dünyada və ölkədə gedən proseslərlə əlaqəli şəkildə düşünülmüş addımlarla zənginləşdirilərək müasir dövrün daha yüksək mərhələsinə qaldırılmışdır. Prezident İlham Əliyev üçün ənənə və siyasi varislik möhkəm təməl, çoxvektorlu inkişaf, müasirləşdirmə və modernləşdirmə isə ali məqsəddir. Qətiyyətli siyasi iradə, dünyanın ictimai-siyasi gedişatını dərindən təhlil edərək vaxtında ölkə üçün taleyüklü qərarları qəbul etmək, müəyyən edilmiş strategiyanı  dönmədən həyata keçirmək istedadı milli dövlətçilik tarixində İlham Əliyevin özünəməxsus obrazının yaranmasına xidmət edir. Bütün bunlar ölkəmizin tarixində yeni bir tarixi inkişaf mərhələsi olan İlham Əliyev erasını meydana çıxarmışdır. Cəmiyyət həyatında ardıcıl və çoxşaxəli inkişafın, bütün sahələrdə nailiyyətlərin qazanılması, dövlət müstəqilliyinin möhkəmləndirilməsi, milli dövlət anlayışlarının müqəddəs amala çevrilməsi İlham Əliyev erasının ana xətlərini təşkil edir. Müstəqil Azərbaycan dövlətinin beynəlxalq nüfuzunun, hərbi qüdrətinin inkişaf etdirilməsi də İlham Əliyev erasının mühüm hadisələridir. Bütün bunların arxasında isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin parlaq liderlik siması dayanır. Liderlik üçün çox səciyyəvi olan müqəddəs ali dəyərlər Azərbaycan Respublikasının Müzəffər Ali Baş Komandanı İlham Əliyevi dünyada qəbul edilən görkəmli dövlət xadimi miqyasına qaldırmışdır. Atdığı düşünülmüş və qətiyyətli addımlar nəinki ölkə həyatının bütün sahələrində, eyni zamanda beynəlxalq miqyasda Prezident İlham Əliyevə əsl liderlik nüfuzu  qazandırmışdır. Böyük qürur hissi ilə deyə bilərik ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev planetimizdəki ən görkəmli dövlət liderləri sırasında dayanır. Prezident İlham Əliyevin liderlik obrazında rəhbərlik etdiyi ölkənin ərazi bütövlüyü xalqı və dövləti qarşısındakı taleyüklü böyük xidmətləri və beynəlxalq aləmdə sülhə, ədalətə və təhlükəsizliyə verdiyi mühüm töhfələrlə müəyyən olunur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilk növbədə doğma xalqının və son nəticədə dünyanın qüdrətli liderlərindən biridir. Böyük qürur hissi ilə deyə bilərik ki, Azərbaycan xalqının bütün təbəqələrinin cəsarətli və ədalətli lider kimi sonsuz məhəbbət və ehtiram bəslədiyi İlham Əliyev beynəlxalq aləmdə də dünyanın tanınmış liderlərindən biri kimi qəbul edilir. Dünya liderlərinin ön sıralarında təmsil olunmaq üçün  Prezidentin siyasi iradəsi və xarizması ilə bərabər, mütləq onun həyata keçirdiyi islahatların, əldə etdiyi mühüm nəticələrin miqyası və əhəmiyyəti də zəruri prinsiplərdir. Fikrimcə, real və uzaqgörən ideyaları konkret böyük əməllərə çevirmək baxımından həyata keçirilmiş tədbirlərin ümummilli miqyasına, əhatə dairəsinə, hərbi-siyasi əhəmiyyətinə, iqtisadi cəhətdən faydalılıq əmsalına görə Prezident İlham Əliyevlə müqayisə edilə biləcək  liderlər göstərmək asan deyildir. Təsadüfi deyildir ki, Azərbaycan xalqının Lideri üçün "Sözümüz imzamızdır, biz nəyə söz veririksə, onu da edirik, bunu bütün dünya bilir"  prinsipi ölkə rəhbərinin həyatının və fəaliyyətinin əsas devizi kimi bəyan olunur. Məhz ona görə də Prezident İlham Əliyevin Azərbaycan Respublikasına rəhbərlik etdiyi 2003-2023-cü illər ölkəmizin çoxəsrlik tarixinə möhtəşəm 20 il kimi daxil olmuşdur. Bu tarixi dövr haqlı olaraq Azərbaycan tarixində İlham Əliyev erası adlandırılır.

İlham Əliyev erasının böyük tarixə çevrilmiş ən mühüm hadisələrindən biri və ya cəmi bir neçəsi yetər ki, hər hansı dövlət rəhbəri öz xalqının qüdrətli lideri kimi qəbul olunsun. Əhəmiyyətinə və mahiyyətinə görə Prezident İlham Əliyevin Azərbaycan Respublikasına rəhbərlik etdiyi 20 ilin isə hər ili möhtəşəmdir. Dövlət başçımızın qəbul etdiyi dövlət proqramlarının əsasında regionların inkişaf etdirilməsinin ardıcıl surətdə həyata keçirilməsi ilə Azərbaycan kəndi özünün çoxəsrlik tarixində görünməmiş yüksəliş səviyyəsinə qalxmışdır. Dünyanın heç bir ölkəsində regionlar Azərbaycandakı qədər ardıcıl və yüksək inkişaf templərinə malik deyildir. Bu, regionların inkişaf etdirilməsinin İlham Əliyev modelidir. Bu, Azərbaycan kəndini ölkəmizin əsas məşğulluq mərkəzlərinə çevirmək vəzifələrinin həyata keçirilməsinin mükəmməl həlli hadisəsidir. Məhz regionların hərtərəfli və məqsədyönlü şəkildə inkişaf etdirilməsinin əməli nəticəsidir ki, artıq Azərbaycan Respublikasının dövlət büdcəsinin formalaşmasında neft gəlirlərindən asılılıq əsasən aradan qaldırılmış, aqrar sektorun rolu nəzərəçarpacaq səviyyədə artmışdır.

Beynəlxalq əlaqələrin inkişaf etdirilməsi, uğurlu xarici siyasət kursu və sabit  diplomatik münasibətlər İlham Əliyev erasının mühüm göstəricilərindəndir. Dünya ölkələri və region dövlətləri ilə qarşılıqlı etimada əsaslanan sağlam münasibətlərin qurulması və inkişaf etdirilməsi İlham Əliyevin xarici siyasət kursunun reallığı və böyük uğurudur. Azərbaycan Respublikasının Prezidentinin təşəbbüsü ilə Birləşmiş Millətlər Təşkilatının xüsusi iclasının çağırılması və dövlət başçımızın irəli sürdüyü problemlərin beynəlxalq müstəvidə müzakirəyə çıxarılması xarici siyasət sahəsində nadir tarixi hadisədir. Azərbaycan Respublikasının BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi də müstəqil dövlətimizin böyük uğurudur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dünyanın ikinci beynəlxalq təşkilatı olan Qoşulmama Hərəkatına uğurla sədrlik etməsi dövlət başçımızın dünya liderlərindən biri olduğunu sübut edir. İslam Əməkdaşlıq Təşkilatında və İqtisadi Əməkdaşlıq Təşkilatında Azərbaycanın söz sahibi olması respublikamızın beynəlxalq nüfuzunun müasir reallıqlarıdır.

Əlbəttə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət başçısı kimi iyirmi illik fəaliyyətinin ən böyük zirvəsi 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərdir. Müzəffər Ali Baş Komandanın işğalçı Ermənistan üzərində qazandığı bu tarixi Zəfər XXI əsrdə dünyada qələbə ilə başa çatmış ən ədalətli müharibə nümunəsidir. Azərbaycanın Qarabağ savaşı beynəlxalq aləmdə yeni müharibə texnologiyasının tətbiqi ilə aparılmış müharibə kimi də təkrarsızdır. Bu, dünya hərb tarixində ən qısa müddətdə qələbə ilə başa çatmış müharibə olaraq da əhəmiyyətlidir. Qalib Ali Baş Komandanın "dəmir yumruğ"u ilə 20 sentyabr 2023-cü il tarixdə cəmi bir gün ərzində Qarabağda keçirilmiş antiterror tədbirləri ilə də qüdrətli dövlət rəhbəri olan İlham Əliyev daha bir mühüm tarixi zəfərə imza atmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 30 illik işğaldan sonra ölkəsinin tarixi torpaqlarını düşmən əsarətindən azad edən, rəhbərlik etdiyi dövlətin tam ərazi bütövlüyünə nail olmağı bacaran liderdir. Azərbaycan Respublikasının mütləq suverenliyinin təmin edilməsi Prezident İlham Əliyevin möhtəşəm tarixi Zəfəridir.

Azərbaycan Respublikasının  Prezidenti, Müzəffər Ali Baş komandanımız, məğlubiyyətlə üz-üzə qalan xalqımızı qalib xalq zirvəsinə yüksəldən, onun milli ləyaqətini, şərəfini ucaldan və qürur gətirən cənab İlham Əliyevi, dövlət başçımıza uzun ömür, can sağlığı və ölkəmizin infişafı, rifahı istiqamətində həyata keçirdiyi davamlı fəaliyyətində   yeni-yeni nailiyyətlər, uğurlar  arzu edirəm. 

Yaşasın cənab prezident! 

Rasim Nəbiyev

Bakıxanov Çörək Zavodu baş direktoru 

 

Hazırladı: Vüqar Əsədov