Menu
Xəbər Lenti
Bakıda vaqon yanıb
Bugün, 10:23

Bakıda vaqon yanıb

Məşhur aktyor vəfat etdi
21-01-2022, 07:33

Məşhur aktyor vəfat etdi

27 noy 18:13Gündəm / Sosial

“FATEH” zəfər dastanı işıq üzü gördü...

(Kitabın ilk buraxılışı 500 nüsxədir, Zəfər Günü  təmənnasız olaraq bütünlüklə  paytaxtımızdakı  nümayişçilərə paylanmışdır.)

44 Günlük II Qarabağ Vətən müharibəsində  böyük zəfərimizin ilk  ildönümü ərəfəsində  yazıçı-publisist, tənqidçi və şair Namiq  Atabəylinin   “Fateh” (zəfər dastanı) kitabının birinci nəşri işıq üzü görmüşdür. Kitabın naşiri (“Avropa” nəşriyyat evi) Şöhrət Səlimbəylidir. Filologiya üzrə fəlsəfə doktoru tanınmış jurnalist-naşir Şöhrət Səlimbəyli bu günlərdə Covid-19 pandemiyasından dünyasını dəyişmişdir.  

 Kitaba müəllifin Zəfər Gününə həsr edilmiş “Fateh” poeması və əsasən son illərdə, o cümlədən 44 Günlük II Qarabağ  Vətən savaşı ərzində İnternet Mediada dərc edilmiş e-məqalələri, habelə görkəmli akademik, millət vəkili və ziyalılarımızın onun haqqında yazdıqları məqalə və rəylər toplanmışdır.

“Azad şeir və onun poetikası” elmi-nəzəri kitabın müəllifi kimi tanınmış Namiq Atabəyli Ali Baş komandan Prezident İlham Əliyevin baş qəhrəman kimi tərənnüm olunduğu bu  son əsərində, beşinci poemasında Azərbaycan şeir metrikasının bütün vəznlərindən məharətlə istifadə etmişdir:


  1. Əruz vəzni.

-İrəli, xalqım, əziz can ola Bayrağa fəda!

Mavi-Al rəngli-Yaşıl tarixi övrağa fəda!


Şühəda əhlinə min rəhmət oxur şanlı vətən,

Onlar etmiş canını çünki bu torpağa fəda!..


  1. Heca vəzni.

- Nə qraf Bayronam, nə də ki Cami:

              VƏTƏNdir qəlbimin əsl İLHAMı!..  

              Nə Çayl Haroldun səyahətləri,

              Nə də ki Züleyxa-Yusif kədəri


              Bu gün  Qələmimin   deyil mövzusu.

              Canım Qarabağdır qəlbin arzusu!

              Sevinclə doludur şeiriyyət camım:

             Qələbə  bizimdir!- deyir  İLHAMım!


  1. Azad şeir (sərbəst)  vəzni.

Beşinci  poemamı bitirərkən mən

               Üzümü əbədiyyətə tuturam:

               -Ey bizdən sonra gələn nəsillər.

               Bunu da yadında saxlayın  əzbər:

               Nə dəryalar, dənizlər,

               Sevdiyiniz əzizlər,

             Nə uzaqdan boylanan o əlçatmaz üfüqlər,

             Nə  paytaxt gecələri  başlar üstə yellənən 

             Çıraqlar, çilçıraqlar...

             Nə də  güvəndiyimiz o  müqəddəs, o ülvi, 

             O başı qarlı  dağlar...

             Göy üzündə hər axşam yanıb sönən ulduzlar,

             Sevdiyimiz kitablar...

             Nə də sevgilimizdən aldığımız cavablar, 

             Nə uca kürsülərdən səslənən gur xitablar,

             Nə ruhu  bu Zəfərlə   coşduran təntənələr,

             Nə bu Azad günlərdə

             Qələbə sevincləri

             Mövcud ola bilərdi

             Sizi qorumasaydı,

             Bizi  qorumasaydı 

             O qəhrəman, o igid, o yenilməz şəhidlər!

             Onlarındır Azadlıq, onlarındır bu səhər!

             Ən ülvi məhəbbətə layiqdir məhz onların

             Uğrunda öz canından keçdikləri bu Zəfər!..

Son parçadan göründüyü kimi, Atabəylinin “Fateh” əsəri onun beşinci poemasıdır. Bunlardan birincisi “Eol arfası”  adı ilə müəllifin ADU-da tələbəlik çağı ötən əsrin 70-ci illərində “Varlıq” jurnalında Təbriz şəhərində dərc edilmişdir. İkinci poema “Ana ürəyi”dir, 2013-cü ildə işıq üzü görüb. Poema respublikamızın “məscidlər məscidi” – Təzə Pirin inşasının 100 illiyi münasibətilə yazılmışdır. Poemanın baş qəhrəmanı  bakılı neft maqnatı Nabat xanım Aşurbəylidir.  “Şahid”  adlanan üçüncü poemanın baş qəhrəmanı  Azərbaycan Bayrağı ordenli Qarabağ qazisi, Vətənin  Qarabağ savaşında ilk tank alayının komandiri, Qala antik müzeyinin təsisçisi Şahid Həbibullayevdir. “Müəllim”  (2018) adlı dördüncü poema Azərbaycanda ilk anadilli müasir məktəbin təsis edilməsinin 150 illiyinə həsr olunmuşdur. Əsərin baş qəhrəmanı Şamaxıda öz şəxsi mənzilində həmin məktəbi yaratmış dahi şair-pedaqoqumuz Seyid Əzim Şirvani və bu ənənənin yeni çağımızdakı canlı örnəyi sayılan Ağsu rayonunun Çiyni kəndindən   qocaman  pedaqoq İsmayıl İsmayılovdur.

  Yeri gəlmişkən, müəllif Ali Baş Komandan Prezident İlham Əliyevə həsr edilmiş “Fateh” poemasını da məhz İsmayıl müəllimin oğlu tanınmış maliyəçi Mikayıl İsmayılovun sifarişi ilə yazmışdır.

    Onun xahişidir yazdığım əsər,

    Mən də öz vədimi yetirdim başa!

    Yazdığım hər misra daim söyləyər:

    MİKAYIL müəllim, səni min yaşa!..


    SOKAR şirkətinin eks vitse-prezidenti 

Mikayıl İsmayıl oğlu İsmayılov


 Bəli, çox çalışdım  “Fateh” dastanım

  Zəfər bayramına qədər yazılsın.              

 Bu son poemamda  hər  bir misramın

 Pikində   İLHAMLI bayraq  asılsın!..

“Fateh” zəfər poemasınadək  N.Atabəyli jurnalistik fəaliyyətindən əlavə, dörd  poema, beş tarixi roman, üç klassik şeir divanı, bir nəzəri poetika və iki publisistik kitabını nəşr etdirmişdir.  Bu nəzəri və təcrübi hazırlıq son  poemada müəllifin 44 Günlük müharibənin döyüş səhnələrini təsvirlərində aydın nəzərə çarpır:

  Dumanlı bir  səhər Azər əsgəri

   Düşmən üzərinə hücuma keçdi.

  “Bayrakdar” və   “Harop” tapıb hədəfi,

   İşğalçı haylara kəfənlər biçdi...


   Cəbrayıl, Qubadlı, Ağdam, Füzuli,

  Qaldırdı Koroğlu nərəsin göyə!..

  Bu Vətən bölünməz, Xalq bölünməzdir-

  Zəfər  bölünməzdir: VAHİDDİR!-deyə.


 Ölməz Mübarizim,  ruhun şad olsun:

   Bu Zəfər sənindir! Şəhidlərindir!

 Zülmət bir gecədə can versən də sən,

   Bu Zəfər açılan ilk səhərindir!..    

Tehran Mənsimovla Hikmət Mirzəyev

 Şuşa tarixini təkrar yazdılar.

 “Yaşasın Azadlıq!” “Qarabağ!”- deyə,

   Zəfər bayrağımı pikdən asdılar!..


Şəhadət -  ruhudur azad Vətənin:

Oğullar ölməzsə, doğulmaz Zəfər!

Qəhraman  bir şəhid nurudur, bilin, 

 Hər doğan ilk Günəş, açılan səhər!


Səslən, Üzeyirin “Üvertura”sı,

  Qarabağ “Koroğlu” dastanımızdır.

 İlham Əliyevin qaldırdığı bu

 Yumruq   Azərbaycan  QALXANımızdır!..

     “Fateh” kitabı xalqımıza 426 səhifəlik sanballı Zəfər töhfəsidir. Poemanın Qələbə pafosunu nəzərə alaraq, müəllif əsərin  janrını “zəfər dastanı” kimi təqdim etmişdir. Kitabda poemadan savayı, müəllifin 44 Günlük müharibə dövründə İnternet Mediada işıq üzü görmüş “Erməni faşizminin sonu...” məqalələr silsiləsi də yer almışdır. 

  Hesab edirik ki, oxucular Zəfərə layiq  yeni bir “zəfər dastanımızla” qarşılaşdıqlarını dərhal hiss edəcəklər.   N.Atabəyli   “Fateh” poemasında Qarabağ zəfərini   daha çox Ulu Öndərimizin adı ilə bağlamışdır.  Heydər Əliyev Azərbaycan istiqlalının, yeni Azərbaycan dövlətçiliyinin, azad Azərbaycan sabahının, əbədi Azərbaycan səadətinin yaradıcısı kimi tərənnüm edilmişdir. 10 il Heydər Əliyevin rəhbərlik etdiyi ali dövlət hakimiyyəti strukturunda Mətbuat Xidmətində çalışmış Namiq Atabəylinin dahi rəhbərimiz  haqqında  poemada   son  poetik rəyi belədir:


    Sənə gün demirəm--gün batır, çıxır...

    Heç zaman qaralmaz gündüzün sənin.

    Haqqa, Həqiqətə, Vətənə baxır

    Günəşdən işıqlı hər  üzün sənin.


     Azadlıq!   İstiqlal!  Zəfər!- dedin sən.

     Yurdumdan əksilməz hünər!--dedin sən.

Bu uca bayrağa   qədər!--dedin sən:

      Silinməz tarixdən haqq sözün sənin.


        Yurdda at oynatdı hər azğın gədə...

        Soyub yağmaladı xalqı min çetə.

        Düşməni  dərdinə   gülən ölkədə

        Ağladı Vətənə hər gözün sənin.


       İzzət-- pul-parada, küfr--imanda?!.

       Qurban   həbsdəydi, cani – amanda...

      Bu xəstə dünyada, xəstə zamanda

      Dərdin dərmanıydın tək özün sənin.


      Daim dəyişəcək  bu aylar, illər...

     Qovacaq bir-birin fərqli fəsillər...

      Gələcək, gedəcək neçə nəsillər-                      

      Bir də olmayacaq əvəzin sənin.



Fərid Faiqoğlu. 

AJB-nin üzvü, Xezertv.info-nun rəhbəri.