Menu
Xəbər Lenti
ÖMRÜN BARLI ÇAĞLARI
29-11-2022, 14:43

ÖMRÜN BARLI ÇAĞLARI

21 noy 14:36Gündəm / Siyasət / Sosial

Yeni Azərbaycan Partiyası Xalqın Partiyasıdır


«Bu gün Azərbaycanda bizim partiyamıza rəqib ola biləcək hər hansı bir siyasi qüvvə mövcud deyil. Yeni Azərbaycan Partiyası, sözün əsl mənasında, ümumxalq partiyasına çevrilibdir. Cəmiyyətimizin bütün təbəqələri partiyamızda birləşib. Buna baxmayaraq, biz həmişə qabağa baxmalıyıq və əldə edilmiş uğurlarla kifayətlənməməliyik. Uğurlarımızın səbəblərindən biri də məhz ondan ibarətdir ki, əldə edilmiş uğurlar bizə əlavə stimul verir.» Dövlətimizin başçısı İlham Əliyevin bu fikirləri ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu, bu gün ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolu barədə aydın təsəvvür yaradır.

Ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətinin mühüm bir hissəsi Yeni Azərbaycan Partiyası ilə bağlıdır.  Müstəqilliyimizin ilk illərində ölkəmizdə yaşanan durum ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışını zərurətə çevirmişdi. YAP-ın yaranması isə bu zərurətin əslində təşkilatlanma forması idi. Ulu öndər Heydər Əliyev 19 noyabr 1994-cü ildə Yeni Azərbaycan Partiyasının yaradılmasının ikinci ildönümü münasibətilə keçirilən ümumrespublika müşavirəsində bir daha partiyanın yaranmasını zəruri edən səbəbləri açıqlayaraq bildirmişdir: «Şübhəsiz ki, Yeni Azərbaycan Partiyasının yaranması mənim adım ilə bağlıdır və bu, mənim iştirakımla olmuşdur. Lakin mən həmişə həqiqəti sevmişəm və həyatım da həqiqət üzərində qurulmuşdur. Buna görə də, bildirmək istəyirəm ki, Yeni Azərbaycan Partiyasının yaranması mənim təşəbbüsümlə olmayıbdır.  Bu partiyanın yaranması Azərbaycanın demək olar əksər bölgələrində, şəhərlərində, rayonlarında, əmək kollektivlərində  yaranan əhval-ruhiyyədən irəli gəlmiş bir hadisədir.» Həmin müşavirədə partiyanın keçdiyi yolu, üzləşdiyi çətinlikləri bir daha diqqətə çatdıran ulu öndər Heydər Əliyev bildirmişdir: «Mən bunları nə üçün xatırlayıram? Çünki o günlər mənim üçün əziz günlərdir. Ona görə yox ki, Yeni Azərbaycan Partiyası yaranıbdır.  Bu, şübhəsiz, mənim üçün əziz bir hadisədir.  Ona görə ki, bu bizim Azərbaycan vətəndaşlarının, bu partiyaya həvəs göstərən, bu partiyaya üzv olmaq istəyən, bu partiyanı qurmaq istəyən, bu partiyanı yaratmaq istəyən adamların nə qədər cəsarətli, fədakar, cəfakeş olduqlarını göstərir.  Bu partiya, bax, belə bir şəraitdə yarandı...»

Təsis konfransını 1992-ci il noyabrın   21-də Naxçıvan şəhərində Azərbaycanın müxtəlif regionlarından təşəbbüs qruplarının 550-dən artıq nümayəndəsinin iştirakı ilə keçirən Yeni Azərbaycan Partiyasının sıralarında bu gün 760 mindən artıq üzvün birləşməsi Heydər Əliyev ideyalarına sədaqətin bariz nümunəsidir. Partiyanın hər bir üzvü Heydər Əliyev irsinin təbliğatçısıdır.

Yeni Azərbaycan Partiyasının adı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Partiya Heydər Əliyevin ətrafında yaradılmışdır. Onun siyasi təcrübəsi, bilikləri, xalq qarşısında göstərdiyi xidmətlər, Naxçıvanda çalışdığı dövrdə göstərdiyi əsl vətənpərvərlik və öz xalqına olan sadiqlik Azərbaycanın mütərəqqi insanlarını Heydər Əliyevin  ətrafında birləşdirdi. Əlbəttə ki, onun 1970-1980-ci illərin əvvəllərində gördüyü işlər önəmli rol oynayırdı. Çünki ulu öndər  Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbərlik etməyə başlayanda Azərbaycan Respublikası Sovet İttifaqının müttəfiq respublikaları arasında bütün göstəricilərə görə axırıncı yerlərdə idi. Onun  fəaliyyətinin nəticəsində Azərbaycan  1982-ci ildə  qabaqcıl yerlərdə dayandı. Əgər iki respublika donor respublika idisə, onlardan biri də Azərbaycan idi. O vaxt onun gördüyü işlər nəticəsində  həm sənaye, həm kənd təsərrüfatı, həm yüngül sənaye sahələri böyük dərəcədə inkişaf etdi, canlandı. Heydər Əliyevin qətiyyəti, cəsarəti, müdrikliyi, xalqla daim təmasda olması, korrupsiyaya və rüşvətxorluğa qarşı amansız mübarizəsi haqlı olaraq xalq tərəfindən ona böyük rəğbət qazandırmışdır.

Yeni Azərbaycan Partiyasının yaradılması ilə bağlı ümummilli lider Heydər Əliyevə müraciəti şərtləndirən digər önəmli amil onun Naxçıvan dövrü ilə bağlıdır. Çünki o vaxt Naxçıvan həm Ermənistanın, eyni zamanda, o vaxtkı Azərbaycan rəhbərliyinin əsassız hücumlarına, təqiblərinə məruz qalırdı. Faktiki olaraq blokada şəraitindəki muxtar respublika işıqsız, qazsız, susuz, heç bir maddi imkanı olmadan yaşayırdı və Heydər Əliyev amili burada əsas rol oynayırdı. Ermənilər nə qədər cəhd etsələr də, Naxçıvanda öz istəklərinə nail ola bilmədilər. Hansı ki, Qarabağdan sonra onların növbəti hücum hədəfi Naxçıvan idi. Ulu öndər Heydər Əliyev və onun ətrafında birləşmiş insanlar Naxçıvanı qoruya bildilər. Düşmən yerinə oturduldu və sərhəddə gedən şiddətli döyüşlərdə qalib gəldilər. Bütün bu amillər Heydər Əliyevin xalq qarşısında olan hörmətini daha da artırdı.

Yeni Azərbaycan Partiyasının yaradılması dövrün, zamanın tələbi, xalqın istəyi idi. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, o vaxt cəsarətli, qorxmaz insanlar açıq-aydın görürdülər ki, təzə-təzə müstəqilliyə qovuşmuş gənc ölkəmiz böyük fəlakətlə üz-üzədir və artıq ölkədə gedən proseslər idarəolunmaz xarakter almışdır. Hərbi məğlubiyyət, eyni zamanda, daxili böhranla tamamlanır. Ölkə daxilində gedən xoşagəlməz proseslər, siyasi çəkişmələr, hakimiyyət uğrunda mübarizə ölkəmizin müstəqil yaşamasını sual altına qoymuşdu: «O günləri, o ayları təsəvvür etmək üçün, bu gün Ermənistanda baş verən hadisələrə nəzər yetirmək kifayətdir. Faktiki olaraq onun əksidir, ümidsizlik, cəmiyyətdə hökm sürən total apatiya, depressiya, heç bir siyasi qüvvəyə inamın olmaması, iqtidara inamın olmaması, müxalifətə inamın olmaması, bax, bu idi o vaxt gənc müstəqil Azərbaycanın mənzərəsi. Belə olan vəziyyətdə ölkə necə inkişaf edə bilərdi?! Bizim torpaqlarımız əldən gedirdi, ərazi bütövlüyümüz pozulmuşdu, Ermənistandan 300 mindən çox azərbaycanlı qovulmuşdu, Dağlıq Qarabağdan bütün azərbaycanlılar qovulmuşdu, Şuşa və Laçın işğal altına düşmüşdü, Dağlıq Qarabağla Ermənistan arasında coğrafi bağlantı yaranmışdı, qaçqınlar, köçkünlər yaranmışdı və gələcək üçün, bu vəziyyəti dəyişdirmək üçün heç bir əsas yox idi.» O dövrün reallıqlarının təhlili fonunda ortaya çıxan «Azərbaycan xalqı buna dözə bilərdimi» sualının cavabı da çox sadə idi- Əlbəttə ki, yox. Məhz Yeni Azərbaycan Partiyasının yaranmasının tarixi zərurəti məhz bunlar idi.

Cənab İlham Əliyev çıxışlarında hər zaman «91-lər»in də fəaliyyətini yüksək dəyərləndirir. «O vaxt cəsarət və milli düşüncə göstərmiş, baxmayaraq ki, repressiyalara məruz qalmış vətənpərvər insanlar – məşhur “91-lər” Ulu Öndərə müraciət ediblər. Bu, böyük cəsarət tələb edirdi. Çünki o vaxt qanun yox idi. Kim nə istəyirdi, onu edirdi. Hüquq-mühafizə orqanları insanları əsassız həbs edirdilər, döyürdülər, canlı efirdə döyürdülər, söyürdülər. Tamamilə anarxiya, xaos, özbaşınalıq hökm sürürdü. Kimi istəyirdilər öldürürdülər, şikəst edirdilər, həbs edirdilər. Bax, bu idi o vaxt mövcud olan mənzərə» söyləyən dövlətimizin başçısı İlham Əliyev qeyd edir ki, nə üçün bəs Yeni Azərbaycan Partiyasının təsis qurultayı Naxçıvanda keçirildi? Çünki Heydər Əliyev fenomenindən o qədər qorxur, öz cılız mahiyyətlərini özləri o qədər dərk edirdilər bilirdilər ki, əgər bu qurultay Bakıda keçirilsə, bunların hakimiyyətinə son qoyulacaq. Çünki onlara xalq tərəfindən olan nifrət son həddə çatmışdı.

Reallıq budur ki, 1992-ci ilin noyabr ayı gənc ölkəmizin həyatında yeni bir mərhələyə yol açdı.  Yeni Azərbaycan Partiyasının yaradılmasından 7 ay sonra ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi nəticəsində hakimiyyətə qayıdışı ilə həm ölkəmizin, həm də partiyanın həyatında yeni bir mərhələ başladı. Cənab İlham Əliyev baim bu çağırışı edir: «Biz bu tarixi yaxşı bilməliyik. O tarixi yaşamayanlar isə bunu öyrənməlidirlər. Mən demişəm, bizim dərsliklərdə bu tarixlə bağlı geniş məlumat verilməlidir. O tarixin canlı şahidləri öz xatirələrini bölüşməlidirlər ki, bu tarix əbədi yaşasın. Bu müstəqillik tariximiz məhz ondan başladı, 1991-ci ilin oktyabrından yox. Halbuki 1991-ci ilin 18 oktyabrını biz Müstəqillik Günü kimi qeyd edirik. Ancaq hər kəs bilməlidir ki, o, bizdən asılı olan proseslər deyildi… Bizim əsl müstəqillik tariximiz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. 

Yeni Azərbaycan Partiyasının qət etdiyi  30 illik yola nəzər saldıqda şərəfli yol keçdiyini, daim tutduğu mövqeyə sadiqlik nümayiş etdirdiyini böyük qürur hissi ilə qeyd edirik.  YAP yaranandan cəmi 7 ay sonra partiyanın yaradıcısı, xalqımızın ümummilli lideri Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdı və xalqımızın Ulu Öndərə, onun yaratdığı partiyaya bağladığı ümidlər ardıcıl olaraq həyata keçirilməyə başladı. Yeni Azərbaycan Partiyası iqtidar partiyasına çevrilərək ölkənin siyasi həyatında tutduğu mövqeyini möhkəmləndirmiş, kütləvi siyasi qüvvəyə çevrilərək ictimai həyatın bütün sahələrində tərəqqiyə nail olmaq məqsədilə yüksək fəallıq nümayiş etdirmişdir.     

Ulu öndər Heydər Əliyev Yeni Azərbaycan Partiyasının fəaliyyətini daim diqqətdə saxlayırdı.  «YAP sınaqlardan çıxmış, böyük və şərəfli yol keçmiş, indi artıq Azərbaycan cəmiyyətində özünəməxsus yer tutmuş bir partiyadır.» Ulu öndər Heydər Əliyevin bu fikri ölkəmizin ictimai-siyasi həyatında mühüm rol oynayan, illər keçdikcə sıraları kəmiyyət və keyfiyyət baxımından daha da möhkəmlənən, ən başlıcası milyonların partiyasına çevrilən Yeni Azərbaycan Partiyasının dünəninə, bu gününə və gələcəyinə bələdçilik edir. Yeni Azərbaycan Partiyası aparıcı siyasi qüvvə kimi fəaliyyət göstərdiyi 30 ilə yaxın   dövr ərzində bütün qüvvə və bacarığını xalqa xidmətə yönəldərək, mühüm uğurlara imza atıb. Gələcəyə doğrü inamla irəliləyən Yeni Azərbaycan Partiyası cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin daha da qüdrətlənməsi istiqamətində ciddi səylər göstərir.  Prezident İlham Əliyev partiyanın hansı zərurətdən yarandığını belə səciyyələndirir: «Yeni Azərbaycan Partiyası müxalifət partiyası kimi yaradılmışdı. Ancaq indiki müxalifətdən fərqli olaraq, biz dövlətə, dövlətçiliyə yox, o vaxtkı antimilli iqtidara müxalifətdə idik. Deyə bilərəm ki, Yeni Azərbaycan Partiyası Azərbaycanda siyasi davranış, siyasi mədəniyyət nümunəsini göstərmişdir. Biz müxalifətdə əlimizdə daş-kəsəklə yox, əlimizdə qələmlə çalışırdıq. İdeyalarımızı, fikirlərimizi öz çıxışlarımızda, məqalələrdə, ictimai tədbirlərdə irəli sürürdük. Bugünkü müxalifətdən fərqli olaraq, biz maksimum dərəcədə siyasi mədəniyyət göstərmişdik. Siyasi opponentləri təhqir etməmişdik, onlara fiziki xəsarət yetirməmişdik. Biz, sadəcə, xalqın iradəsinə arxalanaraq, Azərbaycanın uğurlu gələcəyinə çalışırdıq.»

Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı, Yeni Azərbaycan Partiyasının iqtidar partiyası kimi fəaliyyəti Azərbaycanın bugünkü uğurlarını təmin edən ən başlıca şərt olmuşdur.  1993-2003-cü illər Azərbaycan tarixinə dirçəliş illəri kimi daxil olub.   İqtisadi sahədə yaşanan tənəzzül aradan qaldırıldı, siyasi proseslər müsbət məcrada inkişaf etməyə başladı. Ölkəmizdə siyasi plüralizm, demokratiya, söz azadlığı bərqərar oldu. Çoxpartiyalı sistemin yaradılmasında Yeni Azərbaycan Partiyasının   rolu inkaredilməzdir. Bir sözlə, Yeni Azərbaycan Partiyası öz mövqeyini başqa partiyaları zəiflətməklə yox, öz fəaliyyəti ilə təmin etdi.

Azərbaycan bu gün elə  bir inkişaf mərhələsinə  gəlib çatıb ki, ölkəmizin keçdiyi yol, əldə etdiyi uğurlar digər dövlətlərə nümunə göstərilir. Vaxtilə Yeni Azərbaycan Partiyası «Yeni, müstəqil Azərbaycan uğrunda” şüarı ilə çıxış edirdisə,   bu gün  «Yeni hədəflərə doğru İlhamla irəli» deyir.  Yeni-yeni hədəflərə yol açan isə qeyd etdiyimiz kimi, uğurlarımız və gələcəyə hesablanmış strategiyadır. Azərbaycanın müstəqillik tarixində keçdiyi yola, əldə etdiyi təcrübəyə və uğurlara söykənərək qarşıdakı illər üçün müəyyənləşdirilən əsas hədəfimiz ölkəmizi inkişaf etmiş dövlətlər sırasında görmək, eyni zamanda, yüksək gəlirli dövlətə çevirməkdir.  Partiyanın hər bir üzvü bu hədəflərin reallığa çevrilməsinə öz töhfəsini vermək üçün ciddi səylər göstərir. Dövlətimizin başçısı İlham Əliyev daim bu reallığı da diqqətə çatdırır:  «Bizim əldə edilmiş bütün uğurlarımızda Yeni Azərbaycan Partiyasının, onun üzvlərinin böyük əməyi, zəhməti, rolu var. Bu gün partiyamız ölkəmizin aparıcı siyasi qüvvəsi kimi bu böyük məsuliyyəti hiss edir, onu öz üzərinə götürür. Partiyamızın üzvləri müxtəlif sahələrdə ölkəmizin ümumi inkişafına çox böyük töhfələr verirlər. Bu gün Yeni Azərbaycan Partiyası dünya miqyasında çox böyük və güclü partiyadır. Bizim beynəlxalq əlaqələrimiz də genişlənir. Beləliklə, məndə partiyamızın gələcək inkişafı ilə bağlı çox nikbin fikirlər var.»

Azərbaycanın son 18 ildə keçdiyi inkişaf yolu hər kəsə məlumdur. Dövlətimizin başçısı İlham Əliyev Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam etdirərək möhkəm təməl üzərində təkmil islahatları ilə Azərbaycana möhtəşəm uğurlar qazandırdı. Zəfərimiz bu uğurların zirvəsində dayanır.  Bu Qələbəmiz Azərbaycanın ərazi bütövlüyünü təmin etməklə yanaşı, illərdir ermənilərin, ermənipərəst qüvvələrin apardıqları təbliğatların nə qədər yanlış, saxta olduğunu da bir daha bilərəkdən susan dünyaya çatdırdı. Bugünümüzün əsas çağırışı ölkəmizə qarşı əsassız kampaniyalara yol verməmək, onların qarşısını qətiyyətlə almaq, ən əsası gənc nəslin tərbiyəsini gündəlik fəaliyyətimizin önündə saxlamaqdır. Ölkəmiz inkişafın yeni mərhələsindədir. Artıq bu il, eyni zamanda, dövlət müstəqilliyimizin 30 illiyini qeyd edəcəyik.  Bu tarixi hadisəni Zəfərimizlə qeyd etməyimiz hər bir azərbaycanlı üçün qürurvericidir.  «Müstəqilliyimizin möhkəmləndirilməsi işində bundan sonra da fəaliyyət göstəriləcəkdir» söyləyən cənab İlham Əliyev qeyd edir ki, bu, əbədi prosesdir: «Son illərin tarixi göstərdi ki, bütün cəhdlərə baxmayaraq, heç kim Azərbaycanı öz müstəqil yolundan döndərə bilmədi… Biz müstəqil siyasət apararaq bütün bu cəhdləri alt-üst edirik. Buna görə müstəqilliyin bundan sonra da möhkəmləndirilməsi işində partiyamız və bütün cəmiyyətimiz fəal olmalıdır.»   


Vəzir Həsənov

DGK-nın Aksiz Mallar üzrə Baş Gömrük idarəsinin rəisi