Menu
Xəbər Lenti
COP-29
20-11-2024, 16:08

COP-29

Annalena Berbok Bakıya gəlir
20-11-2024, 08:59

Annalena Berbok Bakıya gəlir

COP-29
19-11-2024, 08:04

COP-29

24 Ara 03:00Siyasət

Latviyada “Şuşa – Azərbaycanın incisi” kitabının təqdimatı olub

Latviya Milli Kitabxanasında Azərbaycanın Latviyadakı səfirliyinin təşkilatçılığı, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının dəstəyi ilə Riqa şəhərində latış dilində nəşr olunan “Şuşa – Azərbaycanın incisi” kitabının təqdimat mərasimi keçirilib.

Səfirlikdən AZƏRTAC-a bildirilib ki, bu kitab Azərbaycan Respublikasının Prezidenti tərəfindən elan olunan “Şuşa İli” çərçivəsində nəşr olunub. Professor Kaspars Klavinş, professor Elçin Əhmədov və siyasi elmlər üzrə fəlsəfə doktoru Nigar Sultanovanın həmmüəllifi olduğu kitab səfirliyin təşəbbüsü ilə latış dilində işıq üzü görən ilk nəşrdir. Riqa şəhərində, “Domas Speks” nəşriyyat evi tərəfindən nəfis tərtibatda çap edilmiş kitabda Şuşa şəhərinin tarixi, mədəni irsi və görkəmli şəxsiyyətləri haqqında ətraflı məlumat verilir.

Kitabın təqdimat mərasimində Latviyanın tanınmış ictimai-siyasi xadimləri, o cümlədən Latviyanın sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Valdis Zatlers, Türkiyənin Latviyadakı səfiri Şule Öztunç, Latviya Seyminin deputatları Armands Krauze, Raymonds Berqmanis, Aleksandrs Kirşteyns, eləcə də Latviyanın tanınmış mədəniyyət, incəsənət və elm xadimləri, kitabsevərlər iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov nəşrin Azərbaycan və Latviya tədqiqatçılarının birgə əməyi sayəsində ərsəyə gəldiyini və müəlliflərin tədqiqat prosesində Şuşaya səfər etdiklərini vurğulayıb.

Diplomat diqqətə çatdırıb ki, Şuşa ümumbəşəri əhəmiyyət kəsb edən mədəni irs nümunələri ilə zəngindir və kitabda UNESCO siyahılarında yer alan elementlər öz əksini tapıb. Nəşrdə Azərbaycan və Latviyanı bir-birinə bağlayan mədəni körpülərdən də bəhs olunur.

Qeyd olunanlarla yanaşı, səfir Elnur Sultanov Şuşanın Ermənistan tərəfindən işğalı dövründə dağdılmasından, mədəni irs nümunələrimizin talan edilməsindən də danışıb. Vurğulayıb ki, Şuşa 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad edilib və hazırda bu tarixi şəhər və burada yer alan abidələr Azərbaycan tərəfindən bərpa edilməkdə və dünyaya tanıdılmaqdadır.

Kitabın həmmüəllifi Kaspars Klavinş çıxışında Şuşanı Azərbaycanın gizli xəzinəsi adlandırıb və şəhərin mədəniyyət mərkəzi kimi bütün bölgənin inkişafına təsir göstərdiyini vurğulayıb. Bildirib ki, Şuşanın inkişaf edən incəsənəti və musiqisinin təsiri hətta Koreya və Çinə qədər çatıb. Azərbaycanda tarixən müxtəlif dinlərin nümayəndələri sülh içində birgə yaşayıblar. Bu mənada, zərdüştilik, yəhudilik, xristianlıq və İslamın təzahürləri burada bir-birinə qovuşur və harmoniya təşkil edir.

Professor Elçin Əhmədov tədbirə onlayn şəkildə qoşularaq çıxış edib. O, bir şuşalı kimi şəhərlə bağlı xatirələrindən, arzularının həyata keçməsindən, o cümlədən Şuşaya böyük Zəfərlə qayıdışımızdan söz açıb və kitabın əhəmiyyəti ilə bağlı fikirlərini bölüşüb. Şuşanın Azərbaycan tarixində və mədəniyyətində mühüm rolu olduğunu qeyd edib.

Kitabın digər həmmüəllifi Nigar Sultanova çıxışında nəşrin hazırlanmasından, Şuşaya səfərindən söz açıb. O, “Şuşa İli” çərçivəsində Latviya Milli Kitabxanasında təşkil edilən konsert, Latviya Universitetinin Akademik Kitabxanasında görkəmli şairəmiz Xurşidbanu Natəvanın 190 illik yubileyinə həsr olunan seminar, eləcə də qeyri-maddi mədəni irsimizi əks etdirən tədbirlərdən danışaraq bu və digər maraqlı məlumatların da kitaba daxil edildiyini diqqətə çatdırıb.

Latviya İncəsənət Akademiyasının prorektoru Andris Vitolinş isə çıxışında Şuşa səfəri ilə bağlı təəssüratlarını bölüşərək işğal dövründə mədəni irsin məhv edilməsindən çox sarsıldığını vurğulayıb. Bildirib ki, Azərbaycan mədəniyyəti və irsi latviyalı tədqiqatçılar, o cümlədən Yuli Straume, Yuli Madernieks və digər alimlər üçün hər zaman maraqlı olub. Şuşanın tezlikcə tam bərpa olması şəhərin dolğun mədəni həyatına yenidən qovuşmasına imkan verəcək.

Sonra Elnur Sultanov “Şuşa – Azərbaycanın incisi” adlı kitabı səfirlik adından Latviya Milli Kitabxanasının icraçı direktoru Dzintira Mukaneyə təqdim edib.

Tədbir çərçivəsində, həmçinin Şuşa şəhəri və onun tarixi-mədəni abidələrini əks etdirən fotoşəkillərdən ibarət sərgi təşkil olunub. Sərgidə nümayiş etdirilən fotoşəkillər Ermənistanın Azərbaycan torpaqlarını 30 ilə yaxın işğalı dövründə Şuşa şəhərində dağıdılmış, məhv edilmiş abidələrimizi və onların bugünkü vəziyyətini əks etdirir.