Menu
Xəbər Lenti
COP-29
20-11-2024, 16:08

COP-29

Annalena Berbok Bakıya gəlir
20-11-2024, 08:59

Annalena Berbok Bakıya gəlir

COP-29
19-11-2024, 08:04

COP-29

11 Ock 20:46Mədəniyyət

Animasiya filmləri: maraq, diqqət, qayğı və çətinliklər

Asan başa düşülən ssenarilər və rəngli personajlar animasiya filmlərini azyaşlılara sevdirən başlıca amillərdəndir. Cizgi filmləri uşaqları əyləndirir, öyrədir və xəyal dünyalarına aparır. Lakin həmin filmlərin yalnız uşaqlar üçün olduğunu düşünənlər yanılırlar. Elə animasiya filmləri var ki, nəinki uşaqları, böyükləri də özünə cəlb edir. Animasiya filmləri çox olsa da, hamı tərəfindən sevilənlər çox azdır. Ümumiyyətlə, hazırda ölkəmizdə film sənayesi inkişaf edir, yerli serialların sayı artır, cizgi filmi istehsalı isə, sanki, kölgədə qalıb.

Elə buna görə bu sahədə görülən işlər, mövcud problemlər, qarşıda duran hədəflər və digər məsələlərlə əlaqədar AZƏRTAC-ın müxbiri Azərbaycan Animasiya Assosiasiyasının sədri, “Animafilm” Beynəlxalq Animasiya Festivalının təsisçisi və direktoru Rəşid Ağamalıyevdən müsahibə alıb.

-Azərbaycan Animasiya Assosiasiyası ölkəmizdə animafilmin inkişafına hansı töhfələr verib?

-Azərbaycan Animasiya Assosiasiyası rəsmi olaraq 2022-ci il aprelin 19-da qeydiyyata alınsa da, 2016-cı ildən fəaliyyət göstərir. Əvvəlcə Azərbaycanda animasiyanın gələcəyi mövzusunda dəyirmi masalar, konfrans və görüşlər təşkil etdik. Ötən müddət ərzində “Azərbaycan animasiyası” kitabı çap olunub, “Animafilm” Beynəlxalq Animasiya Festivalının 5 buraxılışı keçirilib, 2020-ci ildə “Animafilm School” adlı peşəkar animasiya məktəbi təsis edilib. 2018-ci ildən bəri Azərbaycan animasiyası Fransa, Gürcüstan, Özbəkistan, Polşa, Çexiya, Yunanıstan və Almaniyanın beynəlxalq animasiya festivallarında, müxtəlif tədbirlərdə təmsil olunur, yerli animasiya sənətçiləri və beynəlxalq mütəxəssislərlə peşəkar əlaqələr yaradılır.

Regionlarda animasiya sənətini inkişaf etdirmək əsas prioritet sahələrdəndir. 2021-ci ilin noyabrında Mədəniyyət Nazirliyi və Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Şəki “ASAN xidmət” mərkəzində “IV Animafilm festivalının Şəkidə əks-sədası” tədbiri keçirildi. “Animafilm Şəkidə” tədbirində üç gün ərzində uşaq və böyüklər üçün çəkilmiş ən maraqlı yerli və xarici animasiya filmləri nümayiş etdirildi, vörkşoplar təşkil olundu. Tədbirdə Şəkidən və ətraf rayonlardan gələn yüzlərlə tamaşaçı iştirak etdi.

2019-cu ildən bəri “Animafilm” Beynəlxalq Animasiya Festivalının təşəbbüsü və Azərbaycandakı Fransız İnstitutu, Fransanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə “Animafilm” festivalının “Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi” mükafatının qalibi dünyanın ən böyük animasiya festivalı – Fransanın Annecy Festivalına peşəkar MİFA akkreditasiyası ilə qoşulur. Bu, onlar üçün xarici animasiya peşəkarları ilə hərtərəfli əlaqələr yaratmaq baxımından çox böyük fürsətdir.

-Ötən ilin axırlarında 30-a yaxın ölkədə uşaq və böyüklər üçün istehsal edilmiş 120-dən çox animasiya filminin iştirakı ilə V “Animafilm” Beynəlxalq Animasiya Festivalı keçirildi. Həmin festival ötən illərdə bu sahənin inkişafına maraq oyada bildimi?

-Şübhəsiz! 2019-cu ildə 3-cü “Animafilm” festivalında ilk dəfə festivalın yerli müsabiqəsini elan etdiyimizi və o vaxt cəmi 1 müraciət aldığımızı xatırlayıram. Sonradan 2021-ci ildə 4-cü “Animafilm” festivalında və ələlxüsus ötən il 5-ci “Animafilm” festivalına müraciət edən yerli filmlərin sayı əhəmiyyətli dərəcədə artdı. Müsabiqə iştirakçıları ilə şəxsən tanış oldum, izləyicilərin onları dinləmək, onlarla sual-cavab etmək imkanı oldu. Gənclər arasında bu sahəyə olan marağı ilk dəfə onda gördüm.

Son festivalımızı 5 gün ərzində 1500-ə yaxın tamaşaçının izləməsi öz növbəsində bu sahəyə olan maraq və diqqətin göstəricisidir. Artıq 2022-ci ildən Azərbaycanda yerli animasiyaya həm dövlətin, həm də medianın maraqla yanaşdığını görürəm. Şübhəsiz ki, bu, ilk növbədə festivalın uğurudur.

-Rəşid müəllim, niyə Azərbaycanda yerli cizgi filminin istehsalına maraq azdır?

-Düzünü desəm, bəzən özüm də bu barədə düşünsəm də, tutarlı cavab tapa bilmirəm, çünki animasiya – ümumən, kino dünyada çox gəlir gətirən və daim inkişaf edən nəhəng bir sənayedir. Azərbaycanda isə təəssüf ki, bu sahənin potensialı kifayət qədər dəyərləndirilmir.

Sovet dövründə vəziyyət tamam başqa idi. Azərbaycan animasiya tarixinə nəzər salsaq, o dövrdə milli animasiyanın istehsal cəhətdən nə dərəcədə məhsuldar bir dövr yaşadığına əmin ola bilərik. İmperiyanın süqutundan sonra ölkəmizdə sosial-siyası vəziyyət dəyişdi, animasiya və kino arxa plana keçdi.

Hazırkı vəziyyət haqqında onu deyə bilərəm ki, yerli animasiya filmləri istehsal olunur, lakin maliyyə vəsaiti kifayət qədər olmadığı üçün filmlərin ya keyfiyyəti, ya da reklamı müəyyən qədər zəif olur. Bu və bu kimi amillərin nəticəsində filmlər istər yerli tamaşaçılar, istərsə də beynəlxalq səviyyədə məşhurlaşa bilmir. Onların çoxundan yerli tamaşaçıların xəbəri yoxdur, çünki yerli mediada həmin animasiya filmləri işıqlandırılmır, televiziyada yayımlanmır. İzləyici marağının azlığı da birbaşa olaraq, istehsala mənfi təsir göstərir.

Sevindirici haldır ki, Prezident İlham Əliyev bu yaxınlarda Kino Agentliyinin nizamnaməsini təsdiqlədi. Agentliyin təsis edilməsi çox böyük işdir. Ümid edirik ki, onun fəaliyyətə başlaması ilə Azərbaycan kinosunda müsbət dəyişikliklər baş verəcək, böyük islahatlar aparılacaq.

-Ölkəmizdə bu sahəni inkişaf etdirməyə qadir olan mütəxəssislər varmı?

-Potensiallı gənclərimiz var, lakin ölkəmizdə bu sahədə iş imkanları çox az olduğundan peşəkar animatorların çoxu xarici studiyalara üz tutur. Azərbaycanda animasiya təhsili imkanları da çox azdır, buna baxmayaraq, ölkəmizdə bu sahədə perspektiv vəd edən animasiya studiyaları və müstəqil animatorlar var. Əlbəttə, Azərbaycan animasiyasının ustadları Elçin Hami Axundov, Məsud Pənahi və Firəngiz Qurbanovanın gördüyü işləri xüsusi qeyd etmək lazımdır. Lakin böyük bir sənayenin inkişafını bir neçə peşəkarın çiyinlərinə yükləmək olmaz.

-Əvvəllər animasiya filmlərinin istehsalı çox vaxt alırdı. Dünyada gedən rəqəmsallaşma sizin işinizə necə təsir göstərir?

-Animasiya sahəsi dünyadakı rəqəmsallaşmanın imtiyazlarından faydalanır. Texnologiyanın inkişafı animasiyada yeni üslub və texnikaların yaranmasına gətirib çıxarır. Artıq animasiya filmlərini qoruyub saxlamaq daha asandır. Rəqəmsallaşma sayəsində zədələnmiş köhnə animasiya filmlərini də bərpa edərək daha keyfiyyətli formatda izləmək mümkündür.

Məsələn, keçən il biz Azərbaycan Animasiya Assosiasiyası olaraq Böyük Britaniyada fəaliyyət göstərən Kino Klassika Fondu, Azərbaycan Mədəniyyət Nazirliyi və Polşada fəaliyyət göstərən “Fixafilm” ilə birlikdə “Azərbaycanfilm” kinostudiyasında 1969-cu ildə çəkilmiş ilk uşaq animasiya filmi “Cırtdan”a yeni nəfəs verdik.

-Azərbaycanda sonuncu animasiya filmi nə vaxt çəkilib və necə rezonans doğurub?

-Ən son çəkilən animasiya filmləri ötən ilin sentyabrında 5-ci “Animafilm” Beynəlxalq Animasiya Festivalında nümayiş olundu. Bunlar ümumilikdə 16 qısametrajlı animasiya filmi idi. Bu filmlərin ölkəmizdə keçirilən yeganə animasiya festivalında nümayişi böyük uğurdur. Burada nümayiş olunan filmləri böyük salonda 1500-ə yaxın tamaşaçı, xaricdən gələn peşəkar münsiflər heyəti və dövlət nümayəndələri izləyirdi. Sözsüz ki, bu da öz növbəsində yeni animafilmlərin həm say, həm də keyfiyyət baxımından çoxalmasına təkan verəcək...

-Bu ilki planlar nədən ibarətdir?

-2023-cü il ən böyük və ən əsas planımız sentyabrda keçiriləcək VI “Animafilm” Beynəlxalq Animasiya Festivalına hazırlıq və onun təşkili ilə əlaqədar işlərdir. Artıq 6-cı festivala film müraciətləri qəbul olunmağa başlanılıb. Ümid etməyə dəyər ki, növbəti festival bu sahədə irəliyə doğru daha uğurlu bir addım olacaqdır.