Menu
Xəbər Lenti
ZƏFƏRƏ GEDƏN YOL
Bugün, 12:53

ZƏFƏRƏ GEDƏN YOL

08 Noyabr 2026 13:00Manşet / Gündəm

Gəncə Körpü Tikinti-2” ASC-nin sədri Aqibət Məmmədov: “8 noyabr – Zəfər Günü Azərbaycanin milli qürurunun, milli birliyinin və qəhrəmanliq salnaməsinin təntənəsidir!”

 

8 Noyabr Azərbaycan tarixinin ən şanlı, ən möhtəşəm və ən qürurverici səhifələrindən biridir. Bu tarix xalqımızın əsrlər boyu qəlbində yaşatdığı Vətən sevgisinin, torpaq həsrətinin, milli iradəsinin və azadlıq əzminin möhtəşəm təntənəsidir. Zəfər Günü yalnız hərbi qələbənin qeyd olunduğu bir gün deyil, həm də Azərbaycan xalqının öz tarixinə, milli kimliyinə, dövlətçiliyinə və gələcək nəsillərinə bəxş etdiyi əbədi qürur günüdür.


2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan xalqının həyatında yeni bir tarixi mərhələnin əsasını qoydu. 44 gün davam edən müharibə ərzində Azərbaycan Ordusu özünün yüksək döyüş qabiliyyətini, peşəkarlığını, qəhrəmanlığını və sarsılmaz iradəsini bütün dünyaya nümayiş etdirdi. Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızın azadlığı uğrunda misilsiz mübarizə apardı.


Bu müharibə xalqımızın bir yumruq kimi birləşdiyini, dövlətimizin gücünü, ordumuzun qüdrətini və əsgərimizin Vətənə bağlılığını nümayiş etdirdi. Hər bir Azərbaycan vətəndaşının ürəyində bir arzu vardı: üçrəngli bayrağımızın Qarabağın hər bir guşəsində dalğalanması, doğma torpaqlarımızın işğaldan azad edilməsi və ərazi bütövlüyümüzün bərpası!


Həmin günlərdə Azərbaycan xalqı öz qəhrəman övladlarının simasında əsl vətənpərvərlik nümunəsini gördü. Torpaq uğrunda canından keçən şəhidlərimiz, qanı ilə tarix yazan qazilərimiz, səngərdə düşmənə qarşı mərdliklə döyüşən əsgər və zabitlərimiz xalqımızın yaddaşında əbədi yaşayacaq. Onların hər biri Azərbaycanın şərəf tarixinin canlı qəhrəmanlarıdır.


Şəhidlik zirvəsinə ucalan oğullarımızın həyat yolu gələcək nəsillər üçün əsl qəhrəmanlıq məktəbidir. Onlar Vətəni sevməyin yalnız sözlə deyil, əməl, fədakarlıq və sədaqətlə sübut olunduğunu göstərdilər. Şəhidlərimizin əziz xatirəsi qarşısında baş əyir, qazilərimizə dərin ehtiramımızı bildiririk. Çünki bugünkü Zəfərimizin təməlində onların qanı, canı, alın təri və müqəddəs mübarizəsi dayanır.


Qələbəyə aparan yolda yalnız hərbçilərimiz deyil, hüquq-mühafizə orqanlarının əməkdaşları da böyük fədakarlıq göstərdilər. Vətən müharibəsi zamanı şəhid olan polis əməkdaşlarımızın xidmətləri də xüsusi ehtiramla yad edilməlidir. Onlar dövlətimizin təhlükəsizliyinin, xalqımızın əmin-amanlığının və Vətənimizin müdafiəsinin təmin olunması naminə öz həyatlarını təhlükəyə atdılar. Polis əməkdaşlarının döyüş bölgələrində göstərdikləri qəhrəmanlıq, xidməti vəzifələrini yerinə yetirərkən nümayiş etdirdikləri cəsarət Zəfər salnaməmizin ayrılmaz hissəsidir. Onların xatirəsi daim ehtiramla anılmalıdır.


Zəfər Gününün ən mühüm hadisələrindən biri 2020-ci il noyabrın 8-də Şuşa şəhərinin azad edilməsidir. Qarabağın tacı, Azərbaycanın mədəniyyət beşiyi olan Şuşanın azadlığı hərbi-strateji və mənəvi baxımdan tarixi əhəmiyyət daşıyırdı. Azərbaycan əsgərinin sıldırım qayalardan keçərək, ağır döyüş şəraitində şəhəri düşməndən azad etməsi dünya hərb tarixində xüsusi yer tutan qəhrəmanlıq nümunəsidir.


Şuşanın azad edilməsi Azərbaycanın qələbəsini daha da möhkəmləndirdi. Bu xəbər xalqımızın sevincini, qürurunu və illərlə ürəyində daşıdığı Qarabağ həsrətinin sona çatacağına olan inamını zirvəyə yüksəltdi. Noyabrın 8-i Azərbaycan tarixində əbədi Zəfər Gününə çevrildi.


Bu möhtəşəm qələbənin siyasi və diplomatik əsaslarının möhkəmləndirilməsində Prezident İlham Əliyevin qətiyyətli mövqeyi, uzaqgörən siyasəti, prinsipiallığı və siyasi iradəsi mühüm rol oynadı. Dövlət başçısının müharibə dövründə beynəlxalq mediaya verdiyi müsahibələr, diplomatik müstəvidə apardığı mübarizə və xalqımıza ünvanladığı müraciətlər Azərbaycanın haqlı mövqeyini dünyaya çatdırdı.


Azərbaycan xalqı öz Liderinin ətrafında sıx birləşərək dövlətinə və ordusuna güclü dəstək verdi. Ön cəbhədə əsgərimiz döyüşdüyü halda, arxa cəbhədə hər bir vətəndaş qələbəyə öz töhfəsini verməyə çalışırdı. Bu birlik Azərbaycan xalqının milli həmrəyliyinin, dövlətçilik ənənələrinə sədaqətinin və Vətən sevgisinin parlaq təzahürü idi.


Zəfər Günü həm də milli yaddaşımızın qorunması və gələcək nəsillərə ötürülməsi baxımından böyük əhəmiyyət daşıyır. Bu gün məktəblərdə, universitetlərdə, hərbi hissələrdə, dövlət və ictimai təşkilatlarda keçirilən tədbirlərdə gənclərimizə qəhrəmanlıq tariximiz aşılanır. Onlara izah edilir ki, müstəqil dövlətə sahib olmaq, torpaqlarımızı qorumaq və milli dəyərlərimizi yaşatmaq hər bir vətəndaşın müqəddəs borcudur.


Qarabağda aparılan genişmiqyaslı quruculuq və bərpa işləri də Zəfərimizin davamıdır. Uzun illər doğma yurdlarından ayrı düşmüş soydaşlarımızın öz evlərinə qayıtması, şəhər və kəndlərimizin yenidən qurulması, infrastruktur layihələrinin həyata keçirilməsi Azərbaycanın gücünü və inkişaf əzmini nümayiş etdirir. Bu torpaqlarda yenidən həyat canlanır, məktəblər, yollar, yaşayış evləri tikilir, mədəniyyət abidələri bərpa olunur. Qarabağ və Şərqi Zəngəzur dirçəlişin, quruculuğun və gələcəyə inamın rəmzinə çevrilir.


Bu gün üçrəngli Azərbaycan bayrağı azad Qarabağımızda qürurla dalğalanır. Həmin bayrağa baxarkən şəhidlərimizin müqəddəs qanı, qazilərimizin fədakarlığı, əsgərlərimizin qəhrəmanlığı və xalqımızın sarsılmaz iradəsi göz önündə canlanır. Hər bir vətəndaş bilməlidir ki, Zəfər bizə böyük məsuliyyət də yükləyir. Bu məsuliyyət dövlətimizi qorumaq, milli birliyimizi möhkəmləndirmək, ölkəmizin inkişafına töhfə vermək və şəhidlərimizin əmanətinə sahib çıxmaqdır.


8 Noyabrın mahiyyəti yalnız keçmişdə qazanılmış qələbəni xatırlamaqdan ibarət deyil. Bu gün həm də gələcək uğurlarımıza inam, milli həmrəyliyimizə sədaqət və Azərbaycanın müstəqilliyinin əbədiliyinə əminlik deməkdir.


Zəfər tariximiz göstərdi ki, xalq öz dövlətinin ətrafında birləşəndə, ordusu güclü, rəhbərliyi qətiyyətli olanda qarşıya qoyduğu ən böyük məqsədlərə nail ola bilər. Azərbaycan xalqı öz qəhrəmanlıq salnaməsini yazdı və bu salnamənin hər səhifəsində şəhidlərimizin adı, əsgərlərimizin igidliyi, qazilərimizin fədakarlığı və xalqımızın birliyi yaşayır.


Zəfər Günümüz mübarək olsun!


8 Noyabr – Zəfər Günü münasibətilə Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevi, Birinci vitse-prezident Mehriban xanım Əliyevanı, rəşadətli Azərbaycan Ordusunun bütün şəxsi heyətini, şəhid ailələrini, qazilərimizi, müharibə veteranlarını, hüquq-mühafizə orqanlarının əməkdaşlarını və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirik!


Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə möhkəm cansağlığı arzulayırıq. Uca Tanrı xalqımızı, dövlətimizi və müstəqilliyimizi qorusun!


Yaşasın müstəqil Azərbaycan! Yaşasın rəşadətli Azərbaycan Ordusu! Yaşasın Zəfər qazanan Azərbaycan xalqı!


Qarabağ Azərbaycandır! Zəfərimiz əbədidir!