Səfirliyin tədbirində Rəşad Nəbiyevin iştirakı - Diplomatiyada qarşılıqlıq prinsipinin təzahürüdür
VƏTƏNDAŞ MƏMNUNLUĞU, HÜQUQA HÖRMƏT VƏ ƏDALƏTƏ ETİMAD — İSMAYIL ZALOVDAN MƏHKƏMƏ-HÜQUQ ŞURASININ FƏALİYYƏTİNƏ MÜSBƏT DƏYƏRLƏNDİRMƏ
Oqtay Mustafayev – sahibkarlıq fəaliyyəti, dövlətçilik mövqeyi və xeyirxahlıq nümunəsi
Respublika Elmi Konfransının açılışı keçirilib
Oktyabrın 30-da Naxçıvan Dövlət Universitetinin ev sahibliyi, Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş Doktorantların və gənc tədqiqatçıların Respublika Elmi Konfransının (NASCO29) açılış mərasimi keçirilib.
“Qafqazinfo” xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzi meydanında ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, ulu öndərin əziz xatirəsinə ehtiramlarını ifadə ediblər. Sonra qonaqlar Heydər Əliyev Muzeyini ziyarət ediblər.
Ardınca NDU İncəsənət fakültəsinin dekanı Cavid İsmayılovun konfransda iştirak edən universitet rektorlarının portretlərindən ibarət sərgisinə baxış keçirilib.
Heydər Əliyev Sarayında baş tutan açılış mərasimində öncə ulu öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Dövlət Himni səsləndirilib.
Giriş nitqi ilə çıxış edən elm və təhsil nazirinin müavini İdris İsayev çıxışında konfransın gənc tədqiqatçılar üçün elmi yeniliklərin müzakirəsi, yeni elmi əlaqələrin qurulması baxımından əhəmiyyətini vurğulayıb. İdris İsayev Prezident İlham Əliyev tərəfindən elm, təhsil və innovasiyanın ölkəmizdə inkişafın əsas istiqamətlərindən biri kimi müəyyənləşdirildiyini bildirib.
Çıxışda rəqabətqabiliyyətli insan kapitalının formalaşdırılmasının, elmin iqtisadiyyat və sənaye ilə əlaqələndirilməsinin vacibliyi qeyd edilib. Elmi forumun Azərbaycanın qədim və zəngin elmi-mədəni ənənələrə malik Naxçıvan diyarında keçirilməsinin xüsusi əhəmiyyət daşıdığını vurğulayan nazir müavini muxtar respublikanın ölkəmizin intellektual və elmi potensialının formalaşmasında mühüm rol oynadığını diqqətə çatdırıb. Nazir müavini doktorantura təhsilinin müasir tələblərə uyğun yenilənməsinə də toxunub. Tədqiqat mövzularının aktuallığı, yeni elmi metodların tətbiqi, akademik yazı üslubu və digər müasir elmi bacarıqların inkişaf etdirilməsinin əhəmiyyəti qeyd edilib.
İdris İsayev çıxışının sonunda konfransda təqdim olunan elmi yeniliklərin Azərbaycan elminin inkişafına müsbət təsir göstərəcəyinə əminliyini ifadə edib.
Daha sonra “Dövlət Proqramı” xətti ilə dünyanın nüfuzlu universitetlərində doktorantura təhsili alan azərbaycanlı gənc tədqiqatçıların çıxışlarından ibarət videoçarx nümayiş olunub.
Tədbirdə konfransın tərəfdaş qurumlarına təşəkkür plaketləri təqdim olunub və xatirə fotosu çəkdirilib.
Tədbir Naxçıvan Dövlət Universitetinin Simfonik Orkestrinin konsert proqramı ilə davam edib.
Qeyd edək ki, hibrid (onlayn və əyani) formatda təşkil olunan konfrans 2 gün ərzində 21 zalda, 104 bölmə üzrə öz işini davam etdirəcək.
































































