Menu
Xəbər Lenti
Neftimiz bahalaşdı
8-10-2026, 10:30

Neftimiz bahalaşdı

11 Oktyabr 2026 12:25Manşet / Gündəm

Deputat: Müasir Azərbaycan müstəqil siyasət həyata keçirir, nəqliyyat, enerji və siyasi layihələri inkişaf etdirir

 

Avropa Parlamentinin Azərbaycanla bağlı növbəti qətnaməsi bir daha göstərdi ki, problem artıq ayrı-ayrı ifadələrin, şəxslərin adlarının və ya insan hüquqları ilə bağlı qiymətləndirmələrin çərçivəsindən çoxdan çıxıb. Söhbət Avropa Parlamentinin Azərbaycana münasibətdə yanaşmasının sistemli böhranından gedir. Elə bir yanaşmadan ki, burada siyasi qərəzlilik getdikcə obyektiv təhlili əvəz edir, təzyiq dili isə bərabərhüquqlu dialoq dilini sıxışdırır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.

Onun sözlərinə görə, formal olaraq bu cür sənədlər insan hüquqları, ayrı-ayrı məhkəmə işləri, müxalif qüvvələrin və ya vətəndaş cəmiyyəti nümayəndələrinin fəaliyyəti ətrafında qurulur. Lakin onları ayrılıqda deyil, son illərin ümumi kontekstində nəzərdən keçirdikdə bir məqam aydın görünür: Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra Avropa Parlamentinin ölkəmizə münasibəti kəskin şəkildə sərtləşib. Statistikanın özü də kifayət qədər səciyyəvidir. Təkcə 2021-ci ilin mayından 2026-cı il aprelin 30-dək Avropa Parlamenti Azərbaycan əleyhinə 14 qətnamə qəbul edib. Hazırkı sənəd isə sadəcə bu silsilənin davamıdır.

Deputat bildirib ki, Azərbaycan təxminən otuz il ərzində torpaqlarının işğalı, əhalinin kütləvi şəkildə öz yurdlarından didərgin salınması, şəhər və kəndlərin dağıdılması, mədəni irsin məhv edilməsi ilə üzləşib. Bir milyondan artıq azərbaycanlı öz doğma yurdundan uzaqda yaşamağa məcbur olub. Lakin həmin illərdə Avropa Parlamenti onların hüquqlarının müdafiəsi məsələsində müqayisəolunan siyasi israr nümayiş etdirmirdi. Doğrudur, 2010-cu ilin mayında Aİ-nin Cənubi Qafqaz üzrə strategiyasına dair qətnamədə Ermənistan qüvvələrinin Azərbaycanın bütün işğal olunmuş ərazilərindən çıxarılması tələb edilmişdi. Lakin bu tələb tək-tək səslənmiş deklarativ bəyanatdan o yana keçmədi. Onun ardınca nə eyni intensivlikdə qətnamələr, nə sanksiya ritorikası, nə də təcili tədbirlərin görülməsinə dair davamlı çağırışlar gəldi. Bu gün isə vəziyyət tamamilə fərqlidir. Azərbaycan öz ərazi bütövlüyünü özü bərpa edib, Cənubi Qafqazda yeni reallıq formalaşdırıb və azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işlərinə başlayıb. Məhz bundan sonra Avropa Parlamentinin ritorikasında yeni siyasi reallığın qəbul edilməməsi getdikcə daha açıq şəkildə özünü göstərməyə başlayıb. Belə olan halda məntiqi sual yaranır: bu yanaşma həqiqətən insan hüquqlarının müdafiəsinə xidmət edir, yoxsa insan hüquqları ritorikası arxasında getdikcə daha çox Bakının müstəqil xarici siyasət kursundan narazılıq gizlənir? Milli Məclisin deputatı əlavə edib ki, müasir Azərbaycan müstəqil siyasət həyata keçirir, müxtəlif güc mərkəzləri ilə münasibətlər qurur, nəqliyyat, enerji və siyasi layihələri inkişaf etdirir, beynəlxalq arenadakı mövqelərini gücləndirir. Görünür, məhz bu müstəqillik Avropanın siyasi dairələrinin müəyyən hissəsi üçün getdikcə daha az məqbul görünür.

“Avropanın insan hüquqları gündəliyindəki selektivlik də ciddi suallar doğurur. Azərbaycanın işğaldan azad edilmiş əraziləri bu gün dünyada mina ilə ən çox çirklənmiş bölgələrdən biri olaraq qalır. Azərbaycan vətəndaşları mina partlayışları nəticəsində hələ də həyatını itirir və yaralanırlar. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb. İnfrastrukturun bərpasına və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qaytarılmasına milyardlarla dollar vəsait yönəldilir. Lakin bu məsələlər nadir hallarda Avropa Parlamentinin eyni dərəcədə ardıcıl və israrlı siyasi fəaliyyətinin predmetinə çevrilir. Belə asimmetriya istər-istəməz universal prinsiplərdən deyil, həmin prinsiplərin seçmə şəkildə tətbiqindən söhbət getdiyi təəssüratını yaradır. Avropa seçim etməlidir: Bakı ilə məsafəni daha da artıran siyasiləşmiş sənədlərin qəbuluna davam etmək, yoxsa Azərbaycanla müstəqil, suveren və region üçün mühüm əhəmiyyət daşıyan tərəfdaş kimi yetkin və bərabərhüquqlu dialoqa keçmək. Müasir dünyada hörmət təzyiqdən qat-qat səmərəli işləyir. Avropa Parlamentində bu həqiqət nə qədər tez dərk edilərsə, Azərbaycanla Avropa arasında dolğun və konstruktiv münasibətlər formatını qoruyub saxlamaq şansı da bir o qədər yüksək olar”, – deyə Milli Məclisin deputatı vurğulayıb.