Menu
Xəbər Lenti
Şanlı Zəfər salnaməsi
19-09-2026, 13:07

Şanlı Zəfər salnaməsi

Bizim Nizami müəllim...
18-09-2026, 14:32

Bizim Nizami müəllim...

DTX məlumat yaydı - Video
18-09-2026, 10:27

DTX məlumat yaydı - Video

22 Sentyabr 2026 21:54Manşet / Gündəm / Sosial

Günay Mövsümzadəyə elegiya: Kaş sənin haqqında sağlığında yazaydım...

 

Bəzən insanın ürəyində elə bir ağrı yaranır ki, onu sözlə ifadə etmək mümkün olmur. Bəzən ən ağır xəbərin qarşısında insan donub qalır, eşitdiklərinə inanmaq istəmir. Bu gün – 22 sentyabr 2026-cı il – mənim üçün məhz belə ağır və unudulmaz günlərdən biridir. Çünki bir məktəbdə, bir sinifdə, bir partada oturduğum, illər boyu bacı qədər doğma bildiyim, gözəl insan, ləyaqətli müəllim, qayğıkeş ana və mehriban həyat yoldaşı Günay Mövsümzadənin (Rəcəbova) vəfat xəbərini eşitdim.

İlk anda elə bildim ki, bu, yuxudur. İnsan belə xəbərə necə inansın? Bir zamanlar eyni sinifdə gülüşümüzü, arzularımızı, məktəb xatirələrimizi bölüşdüyümüz bir insan artıq aramızda yoxdur. Bu həqiqəti qəbul etmək olduqca ağırdır. Səni itirməyimiz bütün sinif yoldaşlarını, səni tanıyan və sevən hər kəsi dərindən sarsıtdı, Günay...

Sən müəllim idin. Amma yalnız dərs deyən müəllim deyildin. Şagirdlərinin qəlbinə yol tapan, onlara Vətən sevgisini, şəhidlərimizin müqəddəs xatirəsinə ehtiramı aşılayan bir pedaqoq idin. Dərs dediyin sinfin qapısına oxuyub təhsil aldığın M. Mirzəcanov adına Yuxarı Nüvədi kənd tam orta məktəbinin məzunu olmuş Vətən müharibəsi şəhidi, baş leytenant Vüsal Kazımovun barelyefini yerləşdirməyin sənin mənəvi dünyanı, Vətənə və şəhidlərə olan sonsuz ehtiramını göstərən əsl vətənpərvərlik nümunəsi idi.

Bu görüntü bu gün sosial şəbəkədə qarşıma çıxdı. Uzun müddət həmin şəkilə baxdım. İçimdən yalnız bir fikir keçdi: Kaş bunu daha əvvəl, sən sağlığında görərdim. Kaş sənin haqqında bir oçerk yazardım. Kaş bu sözləri indi yox, səninlə söhbət edərək, gülüşünü eşidərək yazardım...

Bu il mənim üçün də ağır başladı. Əziz anamı itirdim, haqq dünyasına yola saldım. Sonra həyat mənə bir sevinc bəxş etdi – oğlum universitetə qəbul oldu. Həmin sevincimi ilk bölüşən, məni təbrik edən insanlardan biri də sən oldun, Günay. İndi isə həmin xoş sözlərin xatirəsi ürəyimdə daha böyük bir nisgilə çevrilib.

Əziz bacım Günay, kaş sənin haqqında ölümündən sonra deyil, sağlığında yazaydım. Kaş bu yazının mövzusu ayrılıq deyil, sənin gözəl həyat yolun olaydı. Söz tapmaq çətindir. Bu itki mənim üçün çox ağırdır. “Kaş gərək kaş sözü işlətməzdim...”

Sənin xatirən məktəbdə, şagirdlərinin qəlbində, dostlarının yaddaşında və səni sevən insanların ürəyində yaşayacaq.

Allah sənə rəhmət eləsin, əziz bacım. Məkanın cənnət, ruhun şad olsun. Ailənə, övladlarına, yaxınlarına və bütün doğmalarına Allahdan səbr diləyirəm.

P.S. Günay Mövsümzadənin sinif yoldaşları olaraq bu ağır və kədərli gündə onun əzizlərinə, ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Günayın işıqlı xatirəsi, səmimiyyəti, mehribanlığı və insanlara olan sevgisi daim qəlbimizdə yaşayacaq. Allah rəhmət eləsin, məkanı cənnət olsun. Doğmalarına səbir və dözüm arzulayırıq.


Hörmət və ehtiramla,
Sinif yoldaşın Fərid Səfərov