Menu
Xəbər Lenti
Bizim Nizami müəllim...
Dünən, 14:32

Bizim Nizami müəllim...

17 yolda tıxac var - Siyahı
17-09-2026, 10:05

17 yolda tıxac var - Siyahı

19 Sentyabr 2026 13:57Manşet / Gündəm / Siyasət

20 sentyabr – Dövlət Suverenliyi Günüdür

 

Elvin Paşayev
Qax Rayon İcra Hakimiyyətinin başçısı

Azərbaycan xalqının milli yaddaşında elə tarixi günlər var ki, həmin tarixlər dövlətçilik salnaməmizin ən şərəfli səhifələrini təşkil edir. 20 sentyabr da belə əlamətdar günlərdən biridir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə hər il sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi təsis edilib. Bu tarixin təsis olunması dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpasının tarixi əhəmiyyətini bir daha nümayiş etdirir.


20 sentyabr Azərbaycan xalqının müstəqil dövlətçilik iradəsinin, milli həmrəyliyinin, ordumuzun qüdrətinin və Vətən uğrunda mübarizə aparan qəhrəmanlarımızın şücaətinin rəmzi olan mühüm bir tarixdir. Bu günün mahiyyətini dərindən anlamaq üçün xalqımızın keçdiyi mürəkkəb və şərəfli tarixi yolu xatırlamaq vacibdir.


Azərbaycan uzun illər Ermənistanın işğalçılıq siyasətinin nəticəsində ağır sınaqlarla üz-üzə qalıb. Torpaqlarımızın işğal altında olduğu dövrdə yüz minlərlə soydaşımız doğma yurdlarından didərgin düşüb, şəhər və kəndlərimiz dağıdılıb, tarixi və mədəni irsimizə ciddi ziyan vurulub. Lakin bütün bu çətinliklər xalqımızın Vətən sevgisini, dövlətçilik iradəsini və tarixi torpaqlarımıza qayıtmaq əzmini sarsıda bilmədi.


2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı tarixi Zəfər nəticəsində torpaqlarımızın böyük hissəsi işğaldan azad edildi və ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində mühüm mərhələ başa çatdı. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət, ordumuzun gücü və xalqımızın sarsılmaz həmrəyliyi bu qələbənin əsas amillərindən oldu.  


2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda baş vermiş genişmiqyaslı təxribatların qarşısının alınması məqsədilə başlanan antiterror tədbirləri isə sentyabrın 20-də Azərbaycanın dövlət suverenliyinin bütün ölkə ərazisində tam bərpası ilə nəticələndi. 23 saat davam edən antiterror əməliyyatı nəticəsində qarşıya qoyulan vəzifələr yerinə yetirildi və Azərbaycan Respublikasının Konstitusiya quruluşu həmin ərazilərdə bərpa olundu.


Bu tarixi hadisə Azərbaycan dövlətçiliyi baxımından müstəsna əhəmiyyət daşıyır. Dövlət suverenliyi yalnız müəyyən bir ərazi üzərində hakimiyyətin həyata keçirilməsi anlayışı deyil. Suverenlik dövlətin öz ərazisində qanunun aliliyini təmin etməsi, milli maraqlarını qoruması, müstəqil siyasət yürütməsi və gələcəyini özü müəyyənləşdirməsi deməkdir.


Bu gün Azərbaycan bütün ərazisində dövlət bayrağının dalğalandığı, Konstitusiyanın və qanunların qüvvədə olduğu suveren dövlətdir. Dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması xalqımızın çoxəsrlik dövlətçilik tarixində mühüm hadisədir.


Bu Zəfərin arxasında böyük bir xalq iradəsi dayanır. Vətən müharibəsində və antiterror tədbirlərində canından keçən şəhidlərimizin qəhrəmanlığı, yaralanaraq sağlamlığını itirən qazilərimizin fədakarlığı, hərbçilərimizin peşəkarlığı və xalqımızın birliyi dövlət suverenliyimizin bərpasında əvəzsiz rol oynayıb. Bu gün biz əldə olunan tarixi nailiyyətlərdən danışarkən ilk növbədə şəhidlərimizin müqəddəs xatirəsini ehtiramla yad etməli, qazilərimizin qarşısında dərin minnətdarlığımızı ifadə etməliyik.


Qax rayonunda da dövlətçilik ənənələrinə, milli-mənəvi dəyərlərə, Vətən sevgisinə və Azərbaycançılıq ideologiyasına hər zaman xüsusi önəm verilir. Rayonumuzun sakinləri ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edir, dövlətimizin həyata keçirdiyi quruculuq və inkişaf proseslərinə öz töhfələrini verirlər. Dövlət Suverenliyi Günü də Qaxda böyük qürur və vətəndaş həmrəyliyi hissləri ilə qarşılanır.


Bu əlamətdar tarix bizə həm də gələcək qarşısında məsuliyyətimizi xatırladır. Suverenliyi qorumaq onu əldə etmək qədər mühüm vəzifədir. Güclü dövlətin əsas dayaqları arasında qanunun aliliyi, sabitlik, milli birlik, vətəndaş həmrəyliyi və dövlətə sədaqət mühüm yer tutur. Hər bir Azərbaycan vətəndaşının üzərinə düşən vəzifə dövlətimizin müstəqilliyinin və suverenliyinin möhkəmləndirilməsinə öz əməli ilə töhfə verməkdir.


Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyub. Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı təmin olunur. Bu proses dövlət suverenliyinin yalnız siyasi-hüquqi deyil, həm də sosial və iqtisadi müstəvidə möhkəmləndirilməsinin mühüm göstəricilərindəndir.


Dövlət Suverenliyi Günü gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından da xüsusi əhəmiyyət daşıyır. Gənclərimiz bilməlidirlər ki, bu gün sahib olduğumuz müstəqil və suveren Azərbaycan böyük mübarizənin, fədakarlığın və milli iradənin nəticəsidir. Şəhidlərimizin həyat yolu, qazilərimizin mübarizəsi və Azərbaycan Ordusunun qəhrəmanlığı gələcək nəsillər üçün əsl vətənpərvərlik məktəbidir.


20 sentyabr həm də milli qürur günüdür. Bu tarix Azərbaycan xalqının öz dövlətinə, ordusuna və gələcəyinə olan inamının ifadəsidir. Dövlətimizin suverenliyinin tam bərpası xalqımızın uzun illər ərzində arzuladığı tarixi nəticənin gerçəkləşməsidir.


Dövlət Suverenliyi Günü münasibətilə bütün Azərbaycan xalqını, o cümlədən Qax rayonunun sakinlərini səmimi-qəlbdən təbrik edir, ölkəmizə davamlı sülh, əmin-amanlıq və firavanlıq arzulayıram.


Bu əlamətdar gündə Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə möhkəm cansağlığı arzulayıram.


Qoy üçrəngli Dövlət Bayrağımız daim uca zirvələrdə dalğalansın, müstəqil və suveren Azərbaycanımız əbədi yaşasın!


****


 

Azərbaycanın enerji qüdrətinin arxasında neftçilərin əməyi dayanır

Azərbaycanın iqtisadi inkişafında, dövlətçilik tarixində və ölkəmizin beynəlxalq enerji məkanında layiqli mövqeyinin formalaşmasında neftçilərimizin əvəzsiz xidmətləri vardır. 20 sentyabr – Neftçilər Günü münasibətilə Azərbaycan neft sənayesində çalışan bütün zəhmətkeş insanları səmimi-qəlbdən təbrik edir, onlara möhkəm cansağlığı, ailə səadəti və fəaliyyətlərində yeni uğurlar arzulayırıq.


Azərbaycan neft sənayesinin inkişafı xalqımızın zəngin tarixi ilə sıx bağlıdır. Bu sahədə formalaşmış böyük ənənələrin qorunub saxlanılmasında və müasir dövrdə daha da inkişaf etdirilməsində Ulu Öndər Heydər Əliyevin xidmətləri xüsusi əhəmiyyət daşıyır. Ulu Öndərin uzaqgörən neft strategiyası Azərbaycanın gələcək iqtisadi inkişafının möhkəm təməllərindən birinə çevrilmişdir.


1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin müqaviləsi” Azərbaycanın neft strategiyasının tarixində mühüm hadisə olmaqla yanaşı, ölkəmizin dünya enerji bazarında mövqeyinin güclənməsinə böyük imkanlar yaratdı. Bu strategiyanın uğurla davam etdirilməsində Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin məqsədyönlü siyasəti mühüm rol oynayır. Ölkəmizin enerji potensialının səmərəli istifadəsi, yeni layihələrin həyata keçirilməsi və Azərbaycanın etibarlı enerji tərəfdaşı kimi tanınması bu siyasətin mühüm nəticələrindəndir.


Neftçi peşəsi böyük məsuliyyət, fədakarlıq, peşəkarlıq və zəhmət tələb edir. Azərbaycanın quru və dəniz yataqlarında çalışan neftçilərimiz ölkəmizin iqtisadi qüdrətinin möhkəmləndirilməsinə öz layiqli töhfələrini verirlər.


Bu əlamətdar gündə bütün neftçilərimizi bir daha təbrik edir, şərəfli və məsuliyyətli fəaliyyətlərində uğurlar arzulayırıq. Qoy Azərbaycan neftçilərinin zəhməti daim yüksək qiymətləndirilsin, ölkəmizin enerji sənayesi bundan sonra da yeni nailiyyətlərlə zənginləşsin!


20 sentyabr – Neftçilər Günü mübarək olsun!


 

 

 

Hazırladı 

Fərid Səfərov

Xezertv.info-nun rəhbəri

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

E.o.Baş leytenant