QHT sədri İmişli rayonunda 70 aztəminatlı ailənin uşaqlarına məktəb geyimləri və ləvazimatlarə təqdim edib
ŞƏFA ÜNVANLI, SÖZ BOYALI ÖMÜR
11 sentyabr tanınmış uroloq-cərrah, Əməkdar həkim, tibb xidməti polkovniki, tibb və fəlsəfə üzrə fəlsəfə doktoru, yazıçı-dramaturq Ramiz Əkbərin 70 illik yubileyidir.
Ömrün hər ili özündə bir tarix yaşadır. Lakin elə insanlar var ki, onların ömür yolu yalnız şəxsi həyat salnaməsi deyil, həm də insanlara xidmətin, peşəyə sədaqətin, mənəvi zənginliyin və yaradıcı düşüncənin nümunəsinə çevrilir. Ramiz Əkbərin 70 illik həyat yolu da məhz belə mənalı bir zaman məsafəsidir.
Yardımlının dəyərli yetirməsi olan Ramiz Əkbər həkimlik sənətində qazandığı uğurlarla yanaşı, ziyalı mövqeyi, ədəbi yaradıcılığı ilə də seçilir. Onun şəxsiyyətində həkimlə yazıçı, alimlə dramaturq, peşəkar mütəxəssislə mənəviyyat adamı bir araya gəlir.
Həkimlik yalnız bilik və bacarıq deyil, həm də insan taleyinə məsuliyyətlə yanaşmaq sənətidir. Hippokrat andı bu məsuliyyətin mənəvi ifadəsidir. Ramiz Əkbərin ömür yolu da bu andın sözlə deyil, əməli fəaliyyətlə təsdiqlənməsinin nümunəsi kimi dəyərləndirilə bilər.
Şeirlərimin birində həkimliyin özəlliyi poetik ifadə ilə belədir:
Kəlməsiylə qatan da var
Acı həbə balın dadın.
Neçə xəstə şəfa tapar
Doğruldanda həkim andın.
Bir mayakdır ümidlərə,
İşığında nicat yeri.
Çarə qılır neçə dərdə,
And içdiyi vaxtdan bəri.
Üz tutulan ünvan, yoldu...
Naxışlanıb əməliylə.
Neçə ömrə həyan oldu
Nur timsallı əlləriylə.
Həkimin ən böyük mükafatı xəstəsinin sağlamlığına qovuşması, ən böyük uğuru isə insanların ona inamıdır.
Ramiz Əkbərin fəaliyyəti yalnız tibbi xidmətlə məhdudlaşmır. O, elmi düşüncəyə, fəlsəfi baxışa və ədəbiyyata marağı ilə də özünəməxsus yaradıcılıq yolu formalaşdırıb. Yazıçı-dramaturq kimi sözə müraciət etməsi onun dünyagörüşünün genişliyindən, insan və həyat haqqında düşüncələrinin çoxşaxəliliyindən xəbər verir.
Əsl ziyalı üçün müxtəlif sahələr arasında sərhədlər olmur. Elm insana həqiqəti axtarmağı, tibb insanı yaşatmağı, fəlsəfə düşünməyi, ədəbiyyat isə insanı duymağı öyrədir. Ramiz Əkbərin şəxsiyyətində bu istiqamətlərin vəhdəti onun həyat yoluna xüsusi məna verir.
Həkim üçün ümid bəzən müalicənin ilk mərhələsidir. Xəstənin həkimə inamı, həkimin isə öz peşəsinə və biliyinə güvəni müalicənin mənəvi dayağına çevrilir. Bu mənada insanlara şəfa bəxş edən həkim, sözün həqiqi mənasında, ümidsizliyə qarşı bir işıqdır.
Yetmiş il - insan ömründə əlamətdar bir mərhələdir. Bu yaşa çatanda insan geridə qoyduğu illərə nəzər salır, gördüyü işlərin, qazandığı dostların, yetişdirdiyi insanların və cəmiyyətə verdiyi töhfələrin mənasını daha aydın dərk edir. Ramiz Əkbərin 70 illik ömür yolu isə peşəkar həkimlikdən elmi fəaliyyətə, ədəbi yaradıcılığa qədər zəngin və çoxşaxəli bir həyat salnaməsidir.
Bəlkə də, həkim haqqında deyilə biləcək ən böyük söz elə budur: neçə ömrə həyan olmaq. Çünki insan həyatına toxunmaq, onun ağrısını azaltmaq, sağlamlığına ümid vermək və taleyinin çətin anında yanında olmaq böyük mənəvi missiyadır.
Ramiz Əkbərin 70 yaşı onun üçün yalnız yubiley tarixi deyil, həm də keçilmiş yolun, görülmüş işlərin və gələcək arzuların yeni başlanğıcıdır. Arzu edirik ki, ömrünün bundan sonrakı illəri də sağlamlıq, yaradıcılıq, elmi uğurlar, mənəvi rahatlıq və doğmalarının sevgisi ilə zəngin olsun.
Əməkdar həkim, alim, yazıçı-dramaturq, azman aydınımız Ramiz Əkbəri 70 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, tükənməz yaradıcılıq enerjisi və yeni uğurlar arzulayırıq.
Qoy onun ömür yolunun bundan sonrakı səhifələri də insanlara xidmətin, sözə və sənətə sədaqətin, işıqlı düşüncənin və xeyirxahlığın gözəl nümunələri ilə zəngin olsun.
Tapdıq ƏLİBƏYLİ






















































