Menu
Xəbər Lenti
Avqustun 28-də Ay tutulacaq
17-08-2026, 11:25

Avqustun 28-də Ay tutulacaq

19 Avqust 2026 18:35Manşet / Gündəm / Sosial

“Səyyar Gənclər Xidməti” layihəsinin növbəti dayanacağı Lənkəran olub

 

      Bu il “Gənclərlə, gənclər üçün” devizi altında keçirilən “Səyyar Gənclər Xidməti” layihəsi 17-21 avqust tarixlərində Lənkəran gəncləri üçün xidmət göstərəcək. Əsas əhatə dairəsi region gəncləri olan layihənin məqsədi ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətinin prioritet istiqamətlərinə uyğun olaraq gənclərin cəmiyyətin müxtəlif sahələrində iştirakçılığının artırılması, yaradıcı potensialının üzə çıxarılması və gənclər üçün mövcud dövlət dəstəyi mexanizmlərinin regionlarda yaşayan gənclərə daha əlçatan olmasını təmin etməkdir.


      Layihənin Lənkəranda baş tutan açılış mərasimi Dövlət Himnimizin səsləndirilməsi və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Rəsmi hissədə Lənkəran Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Sehran Alışov və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Baş direktoru Azər Əliyev çıxış edərək layihənin region gəncləri üçün əhəmiyyətini vurğulayıb, bu təşəbbüsün onların intellektual və sosial potensiallarının üzə çıxarılmasında oynadığı rolu xüsusi qeyd ediblər.


      Beş günlük zəngin proqram müddətində Lənkəran gəncləri "Vətənpərvərlik", "Təhsil və karyera", "Rəqəmsal düşüncə", "Fiziki aktivlik və sağlamlıq", "Yaradıcı gənclik" və "Əyləncə" zonalarında onlar üçün təşkil olunmuş vörkşoplarda, ustad dərslərində, viktorinalarda və intellektual yarışlarda fəal iştirak edərək həm yeni biliklər əldə edəcək, həm də praktiki bacarıqlarını inkişaf etdirmək imkanı qazanacaqlar.


      Eyni zamanda iştirakçılar üçün Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası, 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndələri tərəfindən maarifləndirici görüşlər və Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən sərgi təşkil edilib. Bununla yanaşı, gənclərin şəxsi və peşəkar inkişafına dəstək məqsədilə müxtəlif istiqamətləri əhatə edən təlimlər təşkil olunub. Peşəkar mütəxəssislərin iştirakı ilə keçirilən təlimlərdə gənclərə ixtisas və peşə seçimi, karyera hədəflərinin müəyyənləşdirilməsi, müasir əmək bazarının tələbləri, süni intellekt texnologiyalarının yaratdığı yeni imkanlar və bu imkanlardan səmərəli istifadə yolları ilə bağlı faydalı məlumatlar təqdim edilib. Gənclər mövzular üzrə interaktiv sessiyalarda fəal iştirak edərək mütəxəssislərlə fikir mübadiləsi aparıb, onları maraqlandıran suallara cavablar alıblar. Günün sonunda proqram çərçivəsində keçirilən fəaliyyətlərdə yüksək fəallıq nümayiş etdirən gənclər mükafatlandırılıblar.


       Xatırladaq ki, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Gənclərin İnkişaf və Karyera Mərkəzi və “Gənc Könüllülər” İctimai Birliyinin təşkilatçılığı həyata keçirilən “Səyyar Gənclər Xidməti” layihəsi noyabr ayınadək ümumilikdə 20 şəhər və rayonu əhatə edəcək.