Vətənpərvərliyi və xeyirxahlığı ilə seçilən iş adamı, cənub elinin fəxri – Vüqar Məmmədov
İsmayıl Zalovun Ankara Ədalət Sarayına rəsmi işgüzar səfəri – vətəndaş hüquqlarının müdafiəsi istiqamətində mühüm fəaliyyət
Azərbaycan–Almaniya arsında strateji dialoq və münasibətlərin yeni siyasi platforması
Prezident həmkarının ad gününü təbrik etdi Prezident həmkarının ad gününü təbrik etdi
Azərbaycan Respublikasında kənd təsərrüfatının, o cümlədən arıçılığın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir
31 ilin həsrəti sona çatdı – Şəhid Mais Mirzəcanov adına Yuxarı Nüvədi məktəbinin 1995-ci il məzunlarının unudulmaz görüşü
İnsan həyatının ən saf, qayğısız və unudulmaz dövrü məktəb illəridir. Hər kəs üçün məktəb təkcə elm və bilik ocağı deyil, həm də dostluğun, səmimiyyətin, xatirələrin və ömür boyu yadda qalan anların başlanğıcıdır. İllər keçsə də, məktəb partası arxasında yaşanan o günlər insanın yaddaşında silinməz iz buraxır. Məhz buna görə də uzun illərdən sonra sinif yoldaşlarının yenidən bir araya gəlməsi hər zaman xüsusi duyğular yaşadır.
2026-cı il iyulun 26-da Lənkəran rayonunun Şəhid Mais Mirzəcanov adına Yuxarı Nüvədi kənd tam orta məktəbinin 1995-ci il məzunları – 11 "B" sinfinin yetirmələri düz 31 ildən sonra yenidən görüşdülər. Bu görüş təkcə keçmiş məktəb xatirələrinin yenilənməsi deyil, həm də dostluğun, müəllimə hörmətin və şəhidlərə ehtiramın təntənəsinə çevrildi.
Tədbir Vətən uğrunda canlarını fəda etmiş qəhrəmanların müqəddəs xatirəsinin yad edilməsi ilə başladı. Məzunlar əvvəlcə məktəbin adını daşıyan şəhid Mais Mirzəcanovun və şəhid baş leytenant Vüsal Kazımovun məzarlarını ziyarət etdilər. Onların məzarları üzərinə təzə-tər güllər düzüldü, dualar oxundu və əziz xatirələri böyük ehtiramla yad edildi.
Məzunlar çıxışlarında qeyd etdilər ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəmanların xatirəsi daim yaşayacaq və gələcək nəsillər üçün əsl vətənpərvərlik nümunəsi olacaq. Onlar vurğuladılar ki, belə insanların göstərdikləri şücaət heç vaxt unudulmamalıdır.
Ziyarət zamanı şəhid ailələrinə də dərin ehtiram göstərildi. Şəhid baş leytenant Vüsal Kazımovun atası, Astara Pedaqoji Kollecinin direktoru, professor Kamran Kazımov tədbirdə iştirak edərək məzunların bu nəcib addımına görə minnətdarlığını bildirdi. Professor Kamran Kazımov çıxışında qeyd etdi ki, şəhidlərin xatirəsinin daim yad olunması onların ailələri üçün ən böyük mənəvi dəstəkdir. O, məzunlara göstərdikləri diqqətə görə təşəkkür etdi və belə görüşlərin milli birlik və vətənpərvərlik hisslərinin daha da möhkəmlənməsinə xidmət etdiyini vurğuladı.
Şəhidlərin məzarlarını ziyarət etdikdən sonra məzunlar onları elm və həyata hazırlayan ilk müəllimləri Tinatin müəllimlə görüşdülər. Bu görüş tədbirin ən duyğulu anlarından biri oldu. Aradan keçən 31 ilə baxmayaraq, müəllim və şagirdlər arasında olan səmimiyyət olduğu kimi qalmışdı. Bir vaxtlar sinif otağında müəllimlərinin qarşısında əyləşən məktəblilər artıq müxtəlif sahələrdə çalışan, ailə sahibi olan insanlar kimi yenidən müəllimlərinin ətrafında toplaşmışdılar.
Tinatin müəllim keçmiş şagirdlərini böyük sevinc hissi ilə qarşıladı. O, onların hər biri ilə fəxr etdiyini bildirdi, həyat yollarında qazandıqları uğurlardan məmnunluğunu ifadə etdi. Məzunlar isə müəllimlərinə göstərdiyi zəhmətə, qayğıya və verdiyi biliklərə görə dərin minnətdarlıqlarını çatdırdılar. Məktəb illərinə aid xatirələr yada salındı, illər öncə baş vermiş maraqlı hadisələr xatırlandı, kövrək və sevinc dolu anlar yaşandı.
Daha sonra tədbir "Astalanya City" istirahət mərkəzində davam etdirildi. Burada təşkil olunan proqram məzunların uzun illərdən sonra yenidən bir ailə kimi bir araya gəlməsinə gözəl şərait yaratdı. Tədbir boyunca məzunlar bir-bir çıxış edərək məktəb illəri, keçdikləri həyat yolu, qazandıqları uğurlar və bu görüşün onlar üçün nə qədər böyük əhəmiyyət daşıdığından danışdılar.
Çıxışlarda müəllimlərə təşəkkür, sinif yoldaşlarına sevgi və hörmət, məktəb illərinə bağlılıq hissləri xüsusi yer tuturdu. Hər kəs bu görüşün təşkilatçılarına minnətdarlığını bildirir, belə tədbirlərin gələcəkdə də davam etdirilməsinin vacibliyini qeyd edirdi.
Tədbirin ən yaddaqalan məqamlarından biri də Azərbaycanın Əməkdar artisti Yusif Mustafayevin çıxışı oldu. Onun ifa etdiyi sevilən mahnılar tədbirə xüsusi rəng qatdı. Musiqi sədaları altında məzunlar birlikdə rəqs etdilər, xoş ovqatlı söhbətlər etdilər, uzun illərin həsrətini bir neçə saata sığışdırmağa çalışdılar.
Görüş boyu müxtəlif sürprizlər də iştirakçılar üçün xoş anlar yaşatdı. Məktəb illərinə aid şəkillər nümayiş etdirildi, xatirələr bölüşüldü, illər öncə yaşanan maraqlı hadisələr yada salındı. Hər kəs sanki yenidən məktəbli illərinə qayıtmışdı. İllər onların simasını dəyişsə də, dostluq münasibətlərini dəyişə bilməmişdi.
Bu görüş bir daha göstərdi ki, əsl dostluq zaman anlayışına tabe olmur. Aradan 31 il keçməsinə baxmayaraq, sinif yoldaşları arasında olan səmimiyyət, mehribanlıq və qarşılıqlı hörmət olduğu kimi qorunub saxlanılıb. Hər bir iştirakçı bu görüşün həyatının ən unudulmaz günlərindən biri olduğunu vurğuladı.
Tədbirin sonunda məzunlar xatirə şəkilləri çəkdirdilər, bir-birilərinə xoş arzularını çatdırdılar və bundan sonra daha tez-tez görüşəcəklərinə söz verdilər. Onlar qeyd etdilər ki, belə görüşlər dostluq bağlarını daha da möhkəmləndirir, keçmişə olan bağlılığı gücləndirir və insanlara mənəvi zənginlik bəxş edir.
Lənkəran rayonunun Şəhid Mais Mirzəcanov adına Yuxarı Nüvədi kənd tam orta məktəbinin 1995-ci il 11 "B" sinif məzunlarının 31 ildən sonra baş tutan bu görüşü sadəcə məzun toplantısı deyil, dostluğun, müəllimə ehtiramın, şəhidlərə sonsuz hörmətin və milli-mənəvi dəyərlərimizin yaşadılmasının bariz nümunəsi oldu.
Bu görüş bir daha sübut etdi ki, illər keçə bilər, insanlar müxtəlif yollar seçə bilər, lakin məktəb illərində qurulan dostluq körpüsü heç vaxt dağılmır. O körpü insanları yenidən bir araya gətirir, keçmişin ən gözəl xatirələrini yaşadır və gələcəyə daha böyük ümidlə baxmağa ruhlandırır. Belə görüşlər cəmiyyətimizdə birlik, vəfa və mənəvi dəyərlərin yaşadılması baxımından böyük əhəmiyyət daşıyır və gələcək nəsillər üçün gözəl nümunədir.
Fərid Faiqoğlu Səfərov
Xezertv.info-nun rəhbəri,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
“Qızıl qələm” mükfatçısı,
Azərbaycan Müharibə Veteranları İB-nin üzvü
























































