Naxçıvanda muzeyin fəaliyyəti ilə bağlı ciddi iddialar səsləndirilir – 300 illik eksponat məsələsi araşdırılmalıdır
Tahir Budaqovla yeni inkişaf modelinə qədəm qoyan Nəsimi rayonu- görülən işlər, atılan addımlar...
Elxan Rza: “Dövrün Kefli İsgəndərini tapmaq, ona yeni nəfəs vermək mənim üçün çox maraqlı çağırış olardı”
Səlim Müslümovun bu evi yarı qiymətə satışa çıxarıldı selim-muslumovun-bu-evi-yari-qiymete-satisa-cixarildi
Xətai rayonunda Xalq artisti Niyaməddin Musayevin 85 illik yubileyinə həsr olunmuş görüş keçirilib
31 AVQUST 2026 — İSMAYIL ZALOVDAN BAŞ PROKURORLUĞUN FƏALİYYƏTİNƏ YÜKSƏK QİYMƏT: ƏDALƏT, ŞƏFFAFLIQ VƏ VƏTƏNDAŞA DİQQƏT
İlham Əliyevdən Trampa məktub
Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa məktub ünvanlayıb.
“Qafqazinfo” xəbər verir ki, təbrik mətnində deyilir:
“Əlamətdar tarix – Amerika Birləşmiş Ştatlarının müstəqilliyinin 250-ci ildönümü münasibətilə Sizi və Sizin simanızda dost Amerika xalqını öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik etməkdən və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Azadlıq uğrunda mübarizənin, yenilməz iradənin və demokratiyanın rəmzinə çevrilmiş İstiqlaliyyət Bəyannaməsinin iki yüz əlli il əvvəl 4 iyul tarixində imzalanması ilə müstəqilliyini elan etmiş Amerika Birləşmiş Ştatları təkcə yerləşdiyi qitədə deyil, bütövlükdə dünyada yeni nizamın qurulmasına təkan verdi. Ötən dövr ərzində şanlı inkişaf yolu keçmiş Birləşmiş Ştatlar bu gün qlobal arenada hər bir cəhətdən güclü və qüdrətli dövlətdir. Hazırda Sizin əzmlə və qətiyyətlə həyata keçirdiyiniz siyasət sayəsində ölkənizin əldə etdiyi möhtəşəm nailiyyətlərin sayı artır, beynəlxalq aləmdə liderliyi, etibarı və yüksək nüfuzu daha da möhkəmlənir.
Son dövrdə Azərbaycan-Birləşmiş Ştatları münasibətlərinin yüksələn xətlə və uğurla inkişaf etməsi məmnunluq doğurur. Biz iki ölkə arasında təşəkkül tapmış strateji tərəfdaşlıq münasibətlərini yüksək qiymətləndirir, dövlətlərarası əlaqələrimizin güclənməsinə daim verdiyiniz böyük önəmə və dəstəyə görə Sizə minnətdarlığımızı bildiririk. Fevral ayında imzalanan və münasibətlərimizi keyfiyyətcə yeni mərhələyə qaldıran Strateji Tərəfdaşlıq Xartiyasının iqtisadiyyat, enerji, bağlantılar, təhlükəsizlik kimi ənənəvi sahələrlə yanaşı, rəqəmsal transformasiya, süni intellekt və digər mühüm istiqamətlər üzrə tərəfdaşlığın inkişaf etdirilməsinə təkan verəcəyinə əminliyimi ifadə edirəm.
Biz Sizin Cənubi Qafqazda sülh gündəliyinin təşviqi və dayanıqlı inkişafın təmin edilməsi istiqamətində qətiyyətli səylərinizi də son dərəcə yüksək qiymətləndiririk. Keçən ilin avqustun 8-də Ağ Evdə Sizin təşəbbüsünüzlə baş tutmuş tarixi üçtərəfli görüşün nəticələri regionumuzda tamamilə yeni müsbət ab-hava və vəziyyət yaratdı. Artıq Azərbaycan ilə Ermənistan sülh şəraitində yaşayır və ticarət münasibətləri qururlar. Eyni zamanda regionda sabitliyə və rifaha xidmət edən infrastruktur layihələrinin, xüsusilə də Asiya ilə Avropa arasında alternativ, etibarlı və təhlükəsiz bağlantını təmin edəcək “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu”nun reallaşmasına ölkənizin göstərdiyi davamlı dəstəyini xüsusi qeyd etmək istərdim.
Hörmətli cənab Prezident,
Biz Azərbaycan ilə Birləşmiş Ştatlar arasında böyük potensiala malik qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsinə xüsusi əhəmiyyət veririk. Əminəm ki, bu potensialdan və mövcud imkanlardan tam bəhrələnərək birgə səylərimizlə dövlətlərarası münasibətlərimizin möhkəmlənməsinə, strateji tərəfdaşlığımızın daha da dərinləşməsinə nail olacağıq.
Bu şanlı yubiley günündə bir daha Sizə ən səmimi təbriklərimi çatdırır, möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər və yeni-yeni nailiyyətlər, Amerika Birləşmiş Ştatlarının dost xalqına daim əmin-amanlıq, firavanlıq və rifah arzulayıram”.























































