Xeyirxahlığı və vətənpərvərliyi ilə seçilən nümunəvi iş adamı – “Sultan” marketlər şəbəkəsinin rəhbəri Mehman müəllim
Ömrünü elmə və səhiyyəyə həsr edən ziyalı xanım – Səlimova Ofeliya Miryusif qızının 80 illik yubileyi
Biləcəri qəsəbəsi 297 nömrəli orta məktəbin 10B sinif məzunlarının 50 illik yubileyi böyük sevinc və nostalji hisslərlə qeyd olundu
“Kinolardakı driftləri təkrarlamaq istəyirlər” - 16 yaşlılara hansı halda icazə var?
Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının təşəbbüsü ilə Tibb İşçilərinin Peşə Bayramına həsr olunmuş tədbir keçirilib
İlham Əliyev Bakıda İslam İnkişaf Bankı Qrupunun illik toplantılarının açılış mərasimində iştirak edib
İlham Əliyev Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərini qəbul edib
VƏFALI DOSTUN QƏM NAMƏSİ: ƏBƏDİYYƏTDƏ YAŞAYAN AĞADDIN BABAYEV
İnsanı bu fani və etibarsız dünyada həqiqi mənada yaşadan, o köçəndən sonra arxasınca boylanan xatirələri və geridə qoyduğu pak, nəcib əməlləridir. Elə bəndələr var ki, bu həyatda olarkən də, ruhu uca dərgaha qovuşandan sonra da qəlblərdə silinməz, dərin izlər qoyur. Zamanın amansız rüzgarı əsdikcə o izlər itmir, əksinə, qəlbimizin ən kövrək guşəsində daha da büllurlaşır. Bu gün qəlbimdə bir ilin gətirdiyi ağır, göynədici bir sızıltı, qələmimdə isə vəfalı bir dostun, can sirdaşının ayrılıq acısı var...
Düz bir il öncə — 2025-ci ilin iyunun 21-də fələk bizi amansız bir itki ilə üz-üzə qoydu. Azərbaycan ədəbi-bədii, mədəni və mətbuat dünyası, həmçinin mənim hicranla dolu qəlbim özünün ən parlaq, ən doğma ziyalısını — tanınmış jurnalist, yazıçı, dramaturq və tərcüməçi Ağaddin Babayevi itirdi. Bir il... Dilə asan gələn, amma içimizdəki o böyük boşluğun yanında hər günü bir əsrə bərabər olan kədərli bir zaman kəsiyi... Amma nə bir anlıq, nə bir nəfəslik belə unudulmadı Ağaddin. Onun yoxluğu qəlbimizi göynətsə də, ruhumuza bəxş etdiyi o nur hər saniyə bizimlədir.
Ağaddin Babayev ədəbiyyata, sözə və mədəniyyətə hər zaman böyük dəyər verilən, özünəməxsus mənəvi iqlimi olan Lənkəranın Şağlaser kəndində dünyaya göz açmışdı. 15 mart 1956-cı ildə başlayan bu ömür yolu ilk gündən sona qədər sənətin müqəddəsliyinə xidmət etdi. Yaşasaydı, bu il o, sevimli dostlarının, doğmalarının əhatəsində 70 illik yubileyini qeyd edəcəkdi...
O, doğulduğu torpağın rəngini, insanlarının taleyini, dövrün nəbzini eyni həssaslıqla duyan və yazan nadir qələm sahiblərindən idi. 1972-ci ildə Şağlaser kənd orta məktəbini bitirdikdən sonra, əmək fəaliyyətinə fəhləlikdən başlayan Ağaddin müəllim həyatın hər pilləsini alın təri ilə keçmişdi. 1979–1985-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatrşünaslıq fakültəsində aldığı ali təhsil onun yaradıcılıq üfüqlərini daha da genişləndirdi.
Onun əlli ilə yaxın bir dövrü əhatə edən bədii xəzinəsində hekayələr, pyeslər və zərif hisslərlə yoğrulmuş şeirlər xüsusi yer tutur. Təkcə yazmırdı Ağaddin müəllim, o həm də rus və dünya ədəbiyyatının incilərini Azərbaycan dilinə böyük ustalıqla tərcümə edərək milli mədəniyyətimizi zənginləşdirirdi.
Onun qələmindən çıxan pyeslər sadəcə quru mətnlər deyil, canlı həyat nəfəsi daşıyan sənət nümunələri idi. Təsadüfi deyil ki, Ağaddin Babayevin yazdığı və tərcümə etdiyi əsərlər ölkəmizin müxtəlif teatr səhnələrində — Lənkəran və Mingəçevir Dövlət Dram Teatrlarında, ağrılı-acılı Şuşa Dövlət Musiqili Dram Teatrında, uşaqların dünyasını işıqlandıran Salyan Dövlət Kukla Teatrında dönə-dönə tamaşaya qoyuldu. Pərdələr hər dəfə açılanda, aktyorlar onun sözlərini səsləndirəndə Ağaddin bəyin ruhu tamaşaçı alqışlarında yenidən doğulurdu. O, səhnə duyğusunu iliklərinə qədər hiss edən əsl dramaturq idi.
Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü olan bu böyük insan, təmsil olunduğu hər bir qurumun yaradıcılıq vicdanı idi. "Qızıl qələm" media mükafatı laureatı olan publisist, həmçinin Medianın İnkişafı Agentliyinin (MEDİA) keçirdiyi məqalə müsabiqələrinin dəfələrlə qalibi olmuşdu.
Ağaddin müəllimin çoxşaxəli fəaliyyətinin mühüm bir hissəsi mətbuat və pedaqogika ilə bağlı idi. O, Lənkəran Dövlət Dram Teatrında ədəbi-dram hissə rəhbəri, "Lənkəran" qəzetində müxbir və şöbə müdiri, "Bakinski raboçi" qəzetinin xüsusi müxbiri, həmçinin APA İnformasiya Agentliyinin və APA TV-nin cənub bürosunun rəhbəri kimi məsuliyyətli vəzifələrdə çalışaraq prinsipial jurnalist sözünü hər zaman uca tutmuşdu. Ömrünün sonuna qədər də doğma "Lənkəran" qəzetində şöbə müdiri olaraq gənc nəslə yol göstərirdi.
Eyni zamanda, o, uzun müddət Lənkəranın Şağlaser və Xarxatan kənd tam orta məktəblərində Azərbaycan dili və ədəbiyyatı fənlərini tədris edərək yüzlərlə gəncin qəlbinə vətənpərvərlik, dilə hörmət hissləri pevənd etmişdi.
Bu gün Ağaddin müəllimin vəfatından bir il keçir. Böyük, xeyirxah bir ürək susdu, amma arxasında heç vaxt susmayacaq iki dəyərli kitab və zəngin bir irs qoyub getdi. İndi onun səsi pərdəsi bağlanmayan səhnələrdə, saralmayan qəzet vərəqlərində və onu canından çox sevən dostlarının xatirələrində yaşayır.
Mənim dəyərli dostum, ruhumu bəslədiyim sirdaşım! Cismin torpağa əmanət olsa da, nəcib ruhun, təmiz adın və geridə qoyduğun işıqlı irsin bizə əbədi təsəllidir. Dost itkisi çətindir, ürək sızladır, saçlara vaxtsız dən salır. Amma sənin kimi bir insanı tanımaq, səninlə çiyin-çiyinə addımlamaq bu həyatın mənə ən gözəl töhfəsi idi.
Ruhun şad, məkanın cənnət, ulu dərgahda yerin uca olsun, sözün və səhnənin əbədi fədaisi! Ailəsinə, övladlarına və səni sevən hər kəsə uca Tanrıdan səbr diləyirəm. Sən daima dərin hörmət, ehtiram və daxili bir sızıltı ilə xatırlanacaqsan... Unudulmursan və unudulmayacaqsan!
Dərin hörmət və kədərlə:
Zahid Həbiboğlu




















































