Menu
Xəbər Lenti
Fədakar müəllim ömrü
18-05-2026, 17:50

Fədakar müəllim ömrü

Hərbdən sülhə
18-05-2026, 13:43

Hərbdən sülhə

MAFİA  tarixi
18-05-2026, 12:52

MAFİA tarixi

Kobaxidze Bakıdadır
18-05-2026, 11:41

Kobaxidze Bakıdadır

Vüqar Qurbanova ağır itki
18-05-2026, 11:21

Vüqar Qurbanova ağır itki

20 May 2026 17:19Manşet / Gündəm / Sosial

Televiziyanın sonunu gətirən yeni rəqib. Dəyişiklik olmasa… – YYSİB sədri, ictimai və mədəniyyət xadimi Aydın Xan Əbilov yeni media haqqında

 

“Artıq insanlar xəbəri televizordan yox, tiktokdan izləyir” fikri media mühitində ciddi dəyişiklikdən xəbər verir. Bir vaxtlar gündəmi televiziya müəyyən edirdisə, indi informasiyanın yayılma sürəti və auditoriyanın diqqəti sosial şəbəkələrin əlinə keçib. Xüsusilə gənc nəsil xəbəri uzun reportajlardan deyil, bir dəqiqəlik videolardan almağa üstünlük verir. Bu isə həm ənənəvi medianın təsir imkanlarını azaldır, həm də informasiyanın keyfiyyəti ilə bağlı yeni suallar yaradır.

Məsələ ilə bağlı tanınmış ictimai və mədəniyyət xadimi, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxananın yaradıcısı, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov YeniMedia.net portalı və Demokrat.az-a bildirib ki, Artıq dünyanı dəyişə biləcək informasiya inqilabı baş verib:

“Bu inqilab insanlara daha çox sürət, mobillik, innovativlik, kreativlik və vaxta qənaət baxımından böyük imkanlar yaradır. Dünyada gedən bu proseslər bizdə də yaşandı. Sadəcə olaraq Azərbaycanda həmin proses bir qədər gec başladı. Halbuki dünyanın bir çox ölkələrində artıq bu dəyişimin ikinci mərhələsi başlayıb. Əvvəllər insanlar daha çox “Facebook”, “Instagram” və “YouTube” kimi platformalarda 10-20 dəqiqəlik videolara baxır, uzunmüddətli informasiya resurslarından istifadə edirdilər. Amma zaman keçdikcə insanlar daha qısa, daha sürətli və vaxt aparmayan informasiya məhsullarına üstünlük verməyə başladılar. Bu məqamdan isə “TikTok” çox uğurla istifadə etdi. “TikTok” özündən əvvəlki sosial şəbəkələrin əsas xüsusiyyətlərini bir platformada birləşdirdi. Məsələn, “X” platformasının qısa formatını, Instagramın sürətini, “Facebook”un geniş auditoriya imkanlarını bir araya gətirdi. Video, şəkil və səs informasiyasını vahid formatda təqdim etməyə başladı. Bundan əlavə, canlı yayımlar, lokal auditoriyaları birləşdirən funksiyalar və digər əvvəlki startap modellərini də öz sisteminə inteqrasiya etdi. Xüsusilə 30 yaşdan aşağı olan yeni virtual nəsil üçün bu platforma çox cəlbedici oldu. İnsanlar harada daha az enerji sərf edib daha çox fayda əldə edirlərsə, təbii olaraq ora yönəlirlər. Uzun videolar və böyük həcmli kontentlər isə daha çox internet sərfiyyatı tələb edir. Bu da xüsusilə gənclər və tələbələr üçün əlverişli deyil. Nəticədə yeni nəsil qısa, operativ və məlumatlandırıcı informasiya formatlarına meyl etməyə başladı. Bu artıq uzun yazılar və saatlarla davam edən videolar deyil, qısa zamanda məlumat verən yeni media məhsullarıdır. Biz artıq bunu normal qəbul etməliyik”. 

O qeyd edib ki, üstəlik qarşıda süni intellektin gətirəcəyi daha böyük dəyişikliklər var:

“İnsanların yeni formatlara keçidi müəyyən dövrlərdə ağrılı görünsə də, bu proses tamamilə məntiqli və qaçılmazdır. Kütləvi informasiya vasitələri də fəaliyyətlərini buna uyğunlaşdırmalıdırlar. Həm qəzetçilik, həm radio və televiziya, həm də sayt və portallar mobilliyi, sürəti və informativliyi əsas prioritetə çevirməlidir. Əks halda onlar rəqabətdə uduzacaq və zamanla sıradan çıxacaqlar. Bir dövr sosial şəbəkələr ənənəvi media üzərində ciddi təsir yaratmağa başladı. Azərbaycanda və dünyada bir çox televiziya kanalları sosial, analitik və məlumatverici proqramlarda müəyyən yeniliklər tətbiq etdilər və bunun nəticəsini gördülər. Məsələn, televiziya verilişlərindən götürülən hissələr sosial mediada  “Facebook”, “Instagram”  və “TikTok” səhifələrində paylaşılmağa başladı. Hazır məhsullar müxtəlif platformalarda yenidən istifadə olunurdu. Bu, sosial media üçün faydalı olsa da, ənənəvi media üçün müəyyən boşluqlar yaratdı. Onlar öz məhsullarının effektivliyini əvvəlki kimi qoruya bilmədilər və meydanı tədricən sosial mediaya vermiş oldular. Artıq bununla razılaşmaq lazımdır. Ənənəvi media istər yazılı, istər televiziya və radio, istərsə də yeni media platformaları müasir dövrün tələblərinə uyğunlaşmalıdır. Kontent hazırlayarkən köhnə formatları yeniləri ilə əvəz etməlidirlər. Əgər istəyirlərsə ki, yeni nəsil onları izləsin, qəbul etsin və onlardan istifadə etsin, mütləq dəyişməlidirlər. Əks halda onların fəaliyyəti iqtisadi baxımdan səmərəsiz olacaq və media bizneslərini davam etdirə bilməyəcəklər. Nəticədə isə təbii şəkildə sıradan çıxacaqlar. Çünki artıq yalnız mövcud sosial şəbəkələr yox, süni intellektlə idarə olunan yeni media formatları gəlir və həmin formatlar gələcəkdə daha böyük dəyişikliklər yaradacaq”.

Elmar Kazımov

YeniMedia.net

Leyla Turan