Menu
Xəbər Lenti
Qələbənin 44 anı...
Bugün, 20:50

Qələbənin 44 anı...

Neftimiz bahalaşdı
Bugün, 11:49

Neftimiz bahalaşdı

DYP-dən xəbərdarlıq
Bugün, 11:43

DYP-dən xəbərdarlıq

Avropaya köçür
Bugün, 11:18

Avropaya köçür

"Korrupsiya haqqında"
Dünən, 10:33

"Korrupsiya haqqında"

09 May 2026 20:50Manşet / Gündəm / Sosial

Qələbənin 44 anı...

 

“Yazılsın tarixə bir qızıl xəttlə 45-ci ilin 9 may günü...” Bu misralar uzun illər insanlığın faşizm üzərində qazandığı böyük zəfərin rəmzi kimi dillər əzbəri oldu. 1945-ci ilin 9 mayı milyonlarla insanın yaddaşına azadlığın, qürurun və xilaskar qələbənin günü kimi həkk olundu. Həmin gün dünya xalqları illərlə davam edən müharibənin sona çatdığını böyük sevinc hissi ilə qarşıladı. Azərbaycan xalqı da o qələbədə böyük qəhrəmanlıq göstərdi, minlərlə oğul və qızımız cəbhələrdə şücaət nümunəsi göstərərək tarix yazdı.


Aradan illər keçdi. Dünya dəyişdi, nəsillər dəyişdi, amma xalqımızın qələbə ruhu dəyişmədi. Azərbaycan xalqı öz tarixinin yeni və daha möhtəşəm zəfər səhifəsini yazmaq üçün uzun illər səbir, iradə və inam nümayiş etdirdi. Və bir gün tarix yenidən yazıldı. Yazıldı bir qızıl xəttlə – 2020-ci ilin 8 noyabrı...


Bu tarix artıq Azərbaycan xalqının milli qürur günüdür. Çünki həmin gün 30 ilə yaxın işğal altında qalan müqəddəs Şuşa şəhəri azad edildi. Şuşanın azadlığı isə təkcə bir şəhərin geri qaytarılması deyildi. Bu, Azərbaycan xalqının sınmayan ruhunun, əyilməyən iradəsinin və milli birliyinin təntənəsi idi.


2020-ci ilin payızı Azərbaycan tarixinə qəhrəmanlıq salnaməsi kimi daxil oldu. 44 gün davam edən Vətən müharibəsi xalqımızın yaddaşında əbədi yaşayacaq şanlı bir epopeyadır. Bu müharibə göstərdi ki, xalq və dövlət bir olanda qarşısında heç bir qüvvə dayana bilməz. Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyev rəhbərliyi altında misilsiz qəhrəmanlıq göstərərək düşmənə sarsıdıcı zərbələr endirdi.


44 gün... Hər günü tarix olan, hər anı qəhrəmanlıqla dolu olan 44 gün...


Bu günlərdə Azərbaycan əsgəri öz qanı ilə tarix yazdı. Dağları aşdı, qayaları fəth etdi, ən mürəkkəb döyüş mövqelərində düşmənə qalib gəldi. Dünyanın “keçilməz istehkam” adlandırdığı yüksəkliklər Azərbaycan oğullarının iradəsi qarşısında diz çökdü. Çünki bu savaş torpaq savaşı idi. Bu savaş Vətən savaşı idi.


Azərbaycan əsgəri döyüşə yalnız silahla yox, həm də böyük bir inamla gedirdi. Onun qəlbində Qarabağ həsrəti, gözlərində Zəfər arzusu vardı. Şəhidlərimizin müqəddəs qanı, qazilərimizin qəhrəmanlığı və xalqımızın duaları bir amal uğrunda birləşmişdi – Qarabağı azad görmək!


Şuşanın azad edilməsi isə bu müharibənin zirvəsi oldu. Çünki Şuşa Azərbaycan mədəniyyətinin beşiyi, milli ruhumuzun simvoludur. Şuşanın işğaldan azad olunması xəbəri yayılanda bütün Azərbaycan ayağa qalxdı. İnsanlar sevinc göz yaşları içində küçələrə axışdı. Həmin gün xalqımız yalnız bir şəhərin deyil, öz qürurunun geri döndüyünü hiss etdi.


2020-ci ilin 8 noyabrı Azərbaycan tarixində yeni bir eranın başlanğıcı oldu. Bu tarix göstərdi ki, ədalət gec də olsa qalib gəlir. Azərbaycan xalqı 30 illik həsrətə son qoyaraq bütün dünyaya öz gücünü, birliyini və yenilməzliyini nümayiş etdirdi.


Bu Qələbənin arxasında böyük siyasi iradə dayanırdı. Prezident İlham Əliyevin illərlə apardığı məqsədyönlü siyasət nəticəsində Azərbaycan həm siyasi, həm iqtisadi, həm də hərbi cəhətdən güclü dövlətə çevrilmişdi. Güclü ordu quruculuğu, milli birlik və xalqın öz liderinə olan sonsuz inamı Zəfərin əsas amillərindən biri oldu.


Lakin bu Qələbə asan qazanılmadı. Bu yol şəhid qanından keçdi. Azərbaycanın igid oğulları Vətən uğrunda canlarından keçərək adlarını tarixə əbədi həkk etdilər. Onlar öz həyatlarını xalqın gələcəyi, torpaqlarımızın azadlığı naminə fəda etdilər. Bu gün şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizin qəhrəmanlığını böyük ehtiramla anırıq.


44 günlük Vətən müharibəsi həm də xalqımızın mənəvi birliyinin təntənəsi idi. Bu savaşda siyasi baxışından, yaşından və peşəsindən asılı olmayaraq hər kəs bir amal uğrunda birləşmişdi. Azərbaycan xalqı bütün dünyaya göstərdi ki, Qarabağ məsələsi bizim milli qürur məsələmizdir və bu xalq öz torpağından heç vaxt vaz keçməyəcək.


Bu gün işğaldan azad olunan torpaqlarda həyat yenidən canlanır. Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı quruculuq işləri aparılır. Dağıdılmış şəhərlər və kəndlər yenidən qurulur, yollar çəkilir, məktəblər, xəstəxanalar və yaşayış kompleksləri tikilir. Bu torpaqlara həyat qayıdır. Bu isə Zəfərin ən böyük nəticələrindən biridir.


Tarix bəzi günləri əsrlərlə yaşadır. 1945-ci ilin 9 mayı necə dünya tarixində faşizm üzərində qələbənin simvoluna çevrildisə, 2020-ci ilin 8 noyabrı da Azərbaycan xalqının milli Zəfər günü kimi əbədi yaşayacaq.


Bir zamanlar “Yazılsın tarixə bir qızıl xəttlə 45-ci ilin 9 may günü...” deyə səslənən misralar artıq başqa bir tarixi də öz qoynuna aldı. Və yazıldı tarixə bir qızıl xəttlə 2020-ci ilin 8 noyabrı...


Bu tarix Azərbaycan xalqının qəhrəmanlıq tarixidir.
Bu tarix şəhidlərin qanı ilə yazılan müqəddəs salnamədir.
Bu tarix milli qürurumuzun və əbədi Zəfərimizin tarixidir.


 

Hürü Hacızadə

Yazıçı-publisist

“Qızıl qələm” mükafatçısı

 

Fərid Faiqoğlu

AJB-nin üzvü

“Qızıl qələm” mükafatçısı