Menu
Xəbər Lenti
"Korrupsiya haqqında"
Bugün, 10:33

"Korrupsiya haqqında"

Cənubunsəsi təqdim edir
6-05-2026, 14:24

Cənubunsəsi təqdim edir

08 May 2026 15:58Manşet / Sosial

Azərbaycan sülh gündəliyinə sadiqdir

 

Məşhur Məmmədov
Milli Məclisin deputatı
Prezident İlham Əliyevin 2026-cı il 4 may tarixində “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxışı bir daha dövlət başçısının qətiyyətini ortaya qoydu.
“Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxış edən dövlət başçısı çıxışında regionda formalaşmaqda olan yeni siyasi reallıqlar, Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyinin irəliləyişi, eləcə də Avropa institutları ilə qarşılıqlı münasibətlərin mövcud vəziyyəti barədə ətraflı məlumat verdi.
Prezident İlham Əliyev qeyd etdi ki, Ermənistan tərəfi “Avropa Siyasi Birliyi”nin Zirvə görüşünün 2028-ci ildə Azərbaycanda keçirilməsini dəstəkləyib. Dövlət başçısı bildirib ki, António Costa-nın Azərbaycana səfəri zamanı Zirvə görüşündə iştirak məsələsi müzakirə olunub və onun videobağlantı formatında iştirakı razılaşdırılıb.
Bununla yanaşı, Prezident xatırlatdı ki, bir il əvvəl Tirana şəhərinə səfəri zamanı António Costa və Ursula von der Leyen tərəfindən 2026-cı ilin mayında Zirvə görüşünün Ermənistanda keçirilməsi təşəbbüsü ilə bağlı onun mövqeyi öyrənilib və Azərbaycan bu təşəbbüsü dəstəkləyib.
Tarazlı yanaşmanın təmin olunması məqsədilə növbəti Zirvə görüşlərindən birinin Azərbaycanda keçirilməsi təklifi irəli sürülüb və qəbul edilib.
Dövlət başçısı vurğuladı ki, Ermənistanın da Azərbaycanın namizədliyini dəstəkləməsi iki ölkə arasında sülhün real və dayanıqlı xarakter daşıdığını göstərir. Prezident qeyd etdi ki, tərəflər cəmi doqquz aydır sülh şəraitində yaşayır və qarşılıqlı etimadın möhkəmləndirilməsi istiqamətində addımlar atılır.
Prezident İlham Əliyev çıxışında sülhün praktiki nəticələrinə də toxunaraq bildirdi ki, əldə olunmuş razılaşmalar əsasında Azərbaycan ərazisi vasitəsilə Ermənistana artıq 28 min ton yük daşınıb.
O, qeyd etdi ki, ötən ilin avqust ayında Ağ Ev-də Azərbaycan və Ermənistan liderləri tərəfindən Birgə Bəyannamə imzalanıb, həmin sənədə Donald Trump şahid qismində imza atıb. Eyni zamanda, hər iki ölkənin xarici işlər nazirləri sülh sazişinin mətnini paraflayıblar.
Dövlət başçısı bildirdi ki, Azərbaycan sülhün möhkəmləndirilməsi məqsədilə 1990-cı illərin əvvəllərindən etibarən Ermənistana tətbiq etdiyi bütün tranzit məhdudiyyətlərini birtərəfli qaydada aradan qaldırıb. Bunun nəticəsində yalnız humanitar və kommersiya yüklərinin daşınması deyil, həm də iqtisadi əməkdaşlığın ilkin elementləri formalaşıb.
Qeyd olundu ki, Azərbaycan ilk dəfə olaraq öz neft məhsullarını, benzin və dizeli Ermənistana ixrac etməyə başlayıb və bu günədək 12 min ton neft məhsulu tədarük edilib.
Prezident İlham Əliyev çıxışında bəzi Avropa təsisatlarının Azərbaycan-Ermənistan sülh prosesinə münasibətdə qeyri-konstruktiv mövqe nümayiş etdirdiyini də diqqətə çatdırdı. Bu xüsusda Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyasının fəaliyyətinə toxunan dövlət başçısı qeyd etdi ki, bu qurumlar tərəfindən ikili standartların tətbiqi qəbuledilməzdir.
Prezident bildirdi ki, Azərbaycan 2001-ci ildən Avropa Şurası-nın üzvüdür və uzun illər ərzində bu təşkilat çərçivəsində fəal fəaliyyət göstərib. Lakin 2023-cü ilin sentyabrında Azərbaycanın Qarabağda separatçılığa son qoymasından sonra, 2024-cü ilin yanvarında AŞPA tərəfindən Azərbaycan nümayəndə heyətinə qarşı sanksiyalar tətbiq edilməsi obyektivlikdən uzaq yanaşmanın göstəricisidir.
Dövlət başçısı qətiyyətlə vurğuladı ki, Azərbaycan bu addımları ilə BMT Təhlükəsizlik Şurası-nın 1993-cü ildə qəbul etdiyi və uzun illər icra olunmayan qətnamələri öz gücü ilə həyata keçirib.
Avropa Parlamentinin fəaliyyətinə də toxunan Prezident İlham Əliyev bildirdi ki, bu qurum sülh prosesinə dəstək vermək əvəzinə, Azərbaycan əleyhinə qərəzli və əsassız qətnamələr qəbul edir.
Qeyd olundu ki, 2021-ci ilin mayından 2026-cı ilin aprel ayına qədər Avropa Parlamenti tərəfindən Azərbaycanla bağlı 14 belə sənəd qəbul edilib.
Dövlət başçısı vurğuladı ki, qurum ksenofobiya, islamofobiya, antisemitizm və digər fundamental problemlərin həlli ilə məşğul olmaq əvəzinə, Azərbaycana qarşı böhtan kampaniyası aparır.
Bu kontekstdə Azərbaycan Respublikasının Milli Məclisinin 2026-cı il mayın 1-də qəbul etdiyi qərar da diqqətə çatdırıldı. Qərara əsasən, Avropa Parlamenti ilə əməkdaşlıq dayandırılıb, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsində iştirakına son qoyulub və Avronest Parlament Assambleyası çərçivəsində üzvlüyün dayandırılması ilə bağlı prosedurlara başlanılıb.
Çıxışının sonunda Prezident İlham Əliyev vurğuladı ki, sülh prosesinə mane olmağa çalışan qüvvələrin bütün cəhdlərinə baxmayaraq, Azərbaycan sülh gündəliyinə sadiq qalır.
Dövlət başçısı Ermənistanın Baş naziri Nikol Paşinyanı “Avropa Siyasi Birliyi”nin Zirvə görüşünün Ermənistanda keçirilməsi münasibətilə təbrik etdi və qarşılıqlı bəyanatların regionda davamlı sülhün mümkünlüyünü bir daha təsdiqlədiyini bildirdi və qeyd etdi ki, Azərbaycan sülh gündəliyinə sadiqdir və regionda davamlı sabitlik mümkündür.


www.AzadMedia.az