Menu
Xəbər Lenti
Rasim Balayev vəfat etdi
29-03-2026, 19:11

Rasim Balayev vəfat etdi

Yeni layihəsi bəlli oldu
29-03-2026, 11:53

Yeni layihəsi bəlli oldu

31 Mart 2026 16:02Manşet / Gündəm

Qax RİH-nin başçısı: “31 Mart – Tariximizin Qan Yaddaşı və Milli Birlik Günüdür”

 

Qax rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev tərəfindən vurğulandığı kimi, 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü xalqımızın tarixində ən ağrılı, eyni zamanda ən unudulmaz səhifələrdən biridir. Bu tarix təkcə faciə deyil, həm də milli yaddaşın, birliyin və ədalət uğrunda mübarizənin simvoludur. 1918-ci ilin mart-aprel aylarında erməni silahlı dəstələri tərəfindən azərbaycanlılara qarşı törədilən qırğınlar minlərlə günahsız insanın həyatına son qoymuş, bütöv kəndlər, şəhərlər yerlə-yeksan edilmişdir.


Tarix sübut edir ki, Azərbaycan xalqı müxtəlif dövrlərdə ağır sınaqlarla üz-üzə qalsa da, heç vaxt öz milli kimliyindən, vətən sevgisindən və azadlıq idealından dönməmişdir. 31 Mart hadisələri də məhz bu baxımdan xalqımızın yaddaşında silinməz iz buraxmışdır. Bu faciə nəticəsində Bakı, Şamaxı, Quba, Qarabağ və digər bölgələrdə minlərlə azərbaycanlı amansızcasına qətlə yetirilmiş, tarixi-mədəni abidələr dağıdılmışdır.


Bu qanlı hadisələrə hüquqi-siyasi qiymətin verilməsi isə uzun illər mümkün olmamışdır. Yalnız müstəqilliyimizi bərpa etdikdən sonra bu məsələyə obyektiv yanaşma ortaya qoyulmuşdur. Xüsusilə, Ulu Öndər Heydər Əliyev tərəfindən 1998-ci ildə imzalanmış fərman bu baxımdan tarixi əhəmiyyət daşıyır. Həmin fərmanla 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü kimi rəsmiləşdirilmiş və xalqımıza qarşı törədilmiş bu ağır cinayətlərə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilmişdir.


Ulu Öndər Heydər Əliyevin bu addımı milli tariximizin qorunması, gələcək nəsillərə çatdırılması və beynəlxalq ictimaiyyətin diqqətinə təqdim olunması baxımından mühüm rol oynamışdır. O, hər zaman vurğulayırdı ki, xalqın yaddaşı onun ən böyük sərvətidir və bu yaddaş qorunmalı, yaşadılmalıdır. Məhz bu siyasətin davamı olaraq, bu gün də Azərbaycan dövləti 31 Mart hadisələrinin dünyaya çatdırılması istiqamətində ardıcıl fəaliyyət göstərir.


Bu istiqamətdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən siyasət xüsusi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev dəfələrlə çıxışlarında qeyd etmişdir ki, tariximizi unutmaq gələcəyimizi təhlükə altına qoymaq deməkdir. Onun rəhbərliyi ilə həyata keçirilən tədbirlər nəticəsində 31 Mart soyqırımı ilə bağlı həqiqətlər beynəlxalq platformalarda səsləndirilir, müxtəlif ölkələrdə anım tədbirləri keçirilir, elmi araşdırmalar aparılır.


Prezident İlham Əliyevin təşəbbüsü ilə Quba şəhərində yaradılmış Soyqırımı Memorial Kompleksi bu faciənin dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Bu kompleks həm də gələcək nəsillər üçün bir tarix dərsidir. Burada nümayiş etdirilən faktlar, sənədlər və sübutlar erməni vandalizminin əyani göstəricisidir.


31 Mart hadisələri yalnız keçmişin faciəsi deyil, həm də bu günümüz üçün ciddi dərsdir. Bu hadisələr bizə göstərir ki, milli birliyimizi daim qorumaq, dövlətimizi gücləndirmək və tariximizi düzgün şəkildə gələcək nəsillərə çatdırmaq hər bir vətəndaşın borcudur. Xalqımızın başına gətirilən bu müsibətlər heç vaxt unudulmamalı, daim xatırlanmalıdır ki, belə faciələrin bir daha təkrarlanmasına yol verilməsin.


Bu gün Azərbaycan güclü dövlətdir və öz tarixi həqiqətlərini beynəlxalq aləmdə müdafiə etmək gücünə malikdir. Dövlətimizin apardığı məqsədyönlü siyasət nəticəsində 31 Mart soyqırımı haqqında həqiqətlər artıq dünya ictimaiyyətinə daha geniş şəkildə çatdırılır. Bu isə həm tarixi ədalətin bərpası, həm də gələcəkdə belə faciələrin qarşısının alınması baxımından mühüm əhəmiyyət kəsb edir.


Qax rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayevin də qeyd etdiyi kimi, 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü hər bir azərbaycanlı üçün həm hüzn, həm də qürur günüdür. Hüzn ona görə ki, biz minlərlə günahsız insanın faciəsini yad edirik. Qürur ona görə ki, xalqımız bütün bu çətinliklərə baxmayaraq, ayaqda qalmağı, mübarizə aparmağı və qalib gəlməyi bacarmışdır.


Bu gün şəhidlərimizin ruhu qarşısında baş əyərək, onların xatirəsini ehtiramla yad edirik. Eyni zamanda, dövlətimizin güclənməsi, xalqımızın rifahı və gələcək nəsillərin təhlükəsizliyi üçün birliyimizi daha da möhkəmləndirməliyik. Çünki tarixini unutmayan xalq heç vaxt məğlub olmaz.


31 Mart – Azərbaycanlıların Soyqırımı Günü yalnız bir anım günü deyil, həm də milli yaddaşın, dövlətçilik düşüncəsinin və vətənpərvərlik ruhunun təcəssümüdür. Bu gün biz bir daha sübut edirik ki, tariximizi unutmuruq, unutmayacağıq və gələcək nəsillərə də unutmamağı öyrədəcəyik.


 

Hazırladı: Fərid Faiqoğlu