İNSAN HÜQUQLARINA SƏDAQƏT, ƏDALƏTƏ XİDMƏT VƏ ETİMADIN TƏNTƏNƏSİ — İSMAYIL ZALOVUN RƏHBƏRLİYİ İLƏ QARİK SANDLERİN AİLƏSİNİN HÜQUQLARININ MÜDAFİƏSİ
18 Oktyabr – Müstəqilliyin Bərpası Günü: Azərbaycan xalqının azadlıq iradəsi, milli qüruru və dövlətçilik salnaməsi
“Qarabağ”-“Neftçi” oyunu ilə bağlı insidentə cəhd edən 19 azarkeş saxlanılıb - Yenilənib
Taleh Məmmədov: 18 Oktyabr – Azadlıqdan qüdrətə, müstəqillikdən böyük gələcəyə doğru
Vətən müharibəsi iştirakçısı Rəsul Həsənov: Müstəqillik Azərbaycanın Ən Böyük Sərvətidir: 18 Oktyabrın Tarixi və Mənəvi Əhəmiyyəti
İqrar Həsənov: 18 Oktyabr – Azərbaycan dövlətçiliyinin yenidən doğuluşu və azadlıq salnaməmizin şanlı səhifəsi
Xeyriyyəçi sahibkar xanım Zərniyar Kərimova: 18 Oktyabr – Müstəqil Azərbaycanın tarixi qələbələrinin və milli iradəsinin simvolu
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov: 18 Oktyabr – Azərbaycan xalqının azadlıq iradəsinin və dövlətçilik əzminin tarixi təntənəsi
Qax RİH-nin başçısı Elvin Paşayev: 18 Oktyabr – Müstəqilliyimizin bərpası, milli qürurumuzun və dövlətçilik iradəmizin təntənəsi
Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
Gülnara Həmidova unudulmaz dostu Şahin Babayevi doğum günündə məzarı başında yad etdi
34 il dövlətə sədaqət, xalqa xidmət! - Daxili Qoşunlar
Daxili İşlər Nazirliyinin Daxili Qoşunları artıq 34 ildir ki, xalqımıza və dövlətimizə sədaqətlə xidmət edir. Bu illər ərzində şəxsi heyət üzərinə düşən vəzifələri məsuliyyət, intizam və peşəkarlıqla yerinə yetirərək ictimai asayişin və sabitliyin qorunmasına mühüm töhfələr verib.
Yarandığı gündən etibarən Daxili Qoşunlar ölkəmizin sabitliyi və vətəndaşların rifahı naminə əzmkarlıq nümayiş etdirib. Qoşunlara göstərilən diqqət və qayğı nəticəsində onun inkişaf və yüksəliş yolunun möhkəm təməli qoyulub. Xüsusilə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi dövründə Daxili Qoşunlar müasir maddi-texniki baza və yüksək döyüş hazırlığına malik çevik hərbi quruma çevrilib.
Ulu Öndərin 1995-ci il 9 mart tarixli Fərmanına əsasən 12 mart – Daxili Qoşunlar Günü kimi təsis edilib. Bu tarix Daxili Qoşunların şərəfli xidmət yoluna verilən yüksək qiymətin və Qoşunlara olan etimadının ifadəsidir. Bu da təsadüfi deyildi. Məhz müstəqil Azərbaycanın Daxili Qoşunlarının şəxsi heyəti ölkəmizin ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı döyüşlərə ilk dəfə 1992-ci ilin mart ayının 12-də başlayıb. Birinci Qarabağ müharibəsi dövründə hərbi qulluqçularımızın od-alovlu səngərlərdə göstərdikləri şücaət və fədakarlıq nümunələri xalqımızın yaddaşında silinməz izlər buraxıb.
Birinci Qarabağ müharibəsində ərazi bütövlüyümüzün bərpası uğrunda döyüşlər zamanı Dахili Qоşunlаrın şəхsi hеyətindən 682 nəfər şəhid оlub, 4 nəfər itkin düşüb və 1179 nəfər isə yаrаlаnıb. Daxili Qoşunların 9 nəfər hərbi qulluqçusu “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.
Birinci Qarabağ müharibəsi başa çatdıqdan sonra isə uzunmüddətli atəşkəs dövründə qoşunların xidməti fəaliyyəti ictimai qaydanın və təhlükəsizliyin təmin olunmasına, silahlı cinayətkarların zərərsizləşdirilməsinə, kütləvi tədbirlər zamanı asayişin qorunmasına yönəlib. Qabaqcıl təcrübə öyrənilərək xarici ölkələrin müvafiq qurumları ilə hərbi əməkdaşlıq əlaqələri genişləndirilib, şəxsi heyətin peşə hazırlığının artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilib, müasir dövrün çağırış və təhdidlərinə uyğun islahatlar aparılıb. Daxili Qoşunların tərkibində Hərbi İnstitut, təlim mərkəzləri, helikopter eskadrilyası yaradılıb.
Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin ali diqqət və qayğısı nəticəsində Daxili Qoşunların fəaliyyəti daha da təkmilləşdirilib, döyüş qabiliyyəti möhkəmləndirilib, infrastruktur yenilənib. Müasir silah və texnika ilə təchizat gücləndirilib, şəxsi heyətin xidmət və məişət şəraiti, eləcə də sosial rifahı əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb.
Bu illər ərzində hərbi qulluqçuların təlim və məşğələlərdə yüksək döyüş hazırlığına yiyələnməsi, qazanılan hərtərəfli təcrübə torpaqlarımızın işğaldan azad olunması kimi müqəddəs missiyanın yerinə yetirilməsində mühüm rol oynayıb.
44 günlük Vətən müharibəsi zamanı Daxili Qoşunların hərbi qulluqçuları şərəfli döyüş ənənələrinə sadiq qalaraq erməni işğalçıları üzərində Böyük Qələbənin qazanılmasına layiqli töhfələr veriblər. Düşmənə qarşı igidliklə vuruşaraq torpaqlarımızın azad olunması üzrə döyüş tapşırıqlarını öz canı və qanı bahasına yerinə yetiriblər. Vətən müharibəsində Daxili Qoşunların şəxsi heyətindən 66 nəfər şəhid olub, 346 nəfər isə yaralanıb. Xüsusi xidmətlərinə və göstərdikləri qəhrəmanlıq nümunəsinə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümayiş etdirdiklərinə görə Daxili Qoşunların 4 nəfər hərbi qulluqçusuna “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib.
2023-cü il sentyabrın 19-20-də Azərbaycan Respublikasının Qarabağ iqtisadi zonasında Silahlı Qüvvələrimizin, o cümlədən Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı qarşıya qoyulan vəzifələr qısa müddətdə və dəqiqliklə icra olunub.
Daxili Qoşunların şəxsi heyəti tapşırıqları yüksək peşəkarlıq, dəqiq koordinasiya və qətiyyətlə icra edərək üzərinə düşən vəzifələri uğurla yerinə yetirib. Məhz illər boyu formalaşmış döyüş hazırlığı, intizam və əməliyyat təcrübəsi bu tədbirlərin qısa müddətdə və effektiv şəkildə başa çatdırılmasını təmin edib. Nəticədə bölgədə separatizmə son qoyulub.
Antiterror tədbirləri zamanı igidlik və şücaət göstərən Daxili Qoşunların 12 hərbi qulluqçusu şəhid olub, 24 nəfər isə yaralanaraq müxtəlif dərəcəli xəsarətlər alıb.
Bu gün də hərbi qulluqçularımız Qarabağ və Şərqi Zəngəzurda polis əməkdaşları ilə birgə xidməti tapşırıqların öhdəsindən bacarıqla gəlir, Böyük Qayıdış proqramının sürətlənməsi üçün əzmlə çalışaraq üzərlərinə düşən vəzifələri tam həcmdə yerinə yetirirlər.
34 il ərzində formalaşan zəngin xidmət təcrübəsi, möhkəm nizam-intizam, yüksək döyüş hazırlığı və vətənə sarsılmaz bağlılıq bu gün də Daxili Qoşunların fəaliyyətinin əsas dayağını təşkil edir. Bu illər ərzində qazanılmış əməliyyat təcrübəsi və institusional inkişaf şəxsi heyətin peşəkar potensialını gücləndirib, qarşıya çıxan çağırışlara çevik və adekvat reaksiya vermək imkanlarını artırıb.
Daim təkmilləşən hazırlıq sistemi, müasir yanaşmaların tətbiqi və peşəkar kadr potensialı Daxili Qoşunların dayanıqlı inkişafını təmin edən başlıca amillərdəndir. Çətin və məsuliyyətli şəraitdə xidmət aparan hərbi qulluqçular dövlətə sədaqət, xalqa xidmət prinsiplərinə sadiq qalaraq üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirirlər.
Daxili Qoşunların keçdiyi yol bir daha sübut edir ki, şəxsi heyət həmişə xalqın əmin-amanlığının, daxili sabitliyin sadiq keşikçisi olub və bundan sonra da dövlətə və xalqa sədaqət prinsiplərinə sadiq qalaraq, üzərinə düşən vəzifələri eyni məsuliyyət, peşəkarlıq və qətiyyətlə yerinə yetirəcək, ölkəmizin sabitliyinə və ictimai asayişin qorunmasına etibarlı töhfə verməyə davam edəcək.





















































