Ədalət Hacıyev: “Xocalı – bəşəriyyətin vicdanına yazılan qanlı tarix”
Tarix bəzən elə səhifələr açır ki, onları oxumaq belə insanın qəlbini sarsıdır. 1992-ci ilin 26 fevral gecəsi baş verən Xocalı faciəsi məhz belə bir qanlı səhifədir. Bu hadisə yalnız Azərbaycan xalqına qarşı deyil, bütün insanlığa qarşı törədilmiş ağır cinayət idi. Dinc əhaliyə qarşı həyata keçirilən amansız hücum nəticəsində yüzlərlə insan yalnız azərbaycanlı olduqlarına görə xüsusi qəddarlıqla qətlə yetirildi. Xocalı həmin gecə insanlığın sınağa çəkildiyi bir məkan oldu.
Şəhər tam mühasirəyə alınmış, çıxış yolları bağlanmışdı. Qadınlar, uşaqlar, qocalar şaxtalı fevral gecəsində meşələrə və çöllərə üz tutaraq canlarını qurtarmağa çalışırdılar. Lakin onların çoxu yolda güllələndi, əsir götürüldü, işgəncələrə məruz qaldı. 613 nəfərin qətlə yetirilməsi, ailələrin məhv edilməsi, uşaqların valideynsiz qalması təkcə statistik rəqəm deyil – bu, yüzlərlə yarımçıq qalan ömür, sönən ocaq deməkdir.
Xocalı faciəsinin miqyası və qəddarlığı onu əsrin ən ağır cinayətlərindən birinə çevirdi. Beynəlxalq humanitar hüquq normaları kobud şəkildə pozuldu, müharibə qaydaları tapdalandı. Dinc əhaliyə qarşı məqsədli şəkildə həyata keçirilən bu hücum soyqırımı siyasətinin tərkib hissəsi idi. Bu, təsadüfi hərbi əməliyyat deyil, planlaşdırılmış və sistemli bir vəhşilik idi.
Faciədən sonrakı dövrdə ölkə daxilində siyasi qeyri-sabitlik və idarəetmədəki boşluqlar həqiqətlərin dünyaya çatdırılmasını çətinləşdirirdi. Lakin xalqın tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Xocalı hadisəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilməsinə nail oldu. Onun təşəbbüsü ilə Milli Məclis Xocalı faciəsini soyqırımı kimi tanıdı. Heydər Əliyev hər zaman vurğulayırdı ki, Xocalı həqiqətləri beynəlxalq aləmdə tanınmalı, günahkarlar ədalət qarşısında cavab verməlidir. Bu yanaşma milli yaddaşın qorunması və tarixi həqiqətlərin unudulmaması baxımından mühüm əhəmiyyət daşıyırdı.
Ulu Öndərin müəyyən etdiyi siyasi kurs bu gün də uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xocalı həqiqətlərinin dünya miqyasında tanıdılması istiqamətində ardıcıl və prinsipial siyasət həyata keçirir. Onun rəhbərliyi ilə müxtəlif ölkələrdə anım tədbirləri, beynəlxalq konfranslar təşkil olunur, bir sıra dövlətlərin qanunverici orqanları Xocalı faciəsini soyqırımı və ya kütləvi qırğın kimi tanıyır. Bu, diplomatik müstəvidə aparılan sistemli fəaliyyətin nəticəsidir.
Prezident İlham Əliyev dəfələrlə bəyan etmişdir ki, Xocalı qurbanlarının qanı yerdə qalmayacaq. 2020-ci ildə Azərbaycan Ordusunun əldə etdiyi tarixi Qələbə bu sözlərin real təcəssümü oldu. Vətən müharibəsi nəticəsində işğal altında olan torpaqlar azad edildi və illərlə həsrətində olduğumuz ərazilərə dövlət bayrağımız sancıldı. Bu Qələbə həm də Xocalı şəhidlərinin ruhuna ehtiramın ifadəsi idi. Ədalət gec də olsa bərpa olundu və Azərbaycan öz ərazi bütövlüyünü təmin etdi.
Bu gün azad olunmuş ərazilərdə, o cümlədən Xocalı rayonunda genişmiqyaslı quruculuq işləri aparılır. Dağıdılmış yaşayış məntəqələri yenidən qurulur, yollar çəkilir, sosial infrastruktur yaradılır. Məqsəd yalnız fiziki bərpa deyil, həm də həyatın yenidən dirçəldilməsidir. Xocalı torpağında ucaldılan hər bir tikili, salınan hər bir park həm də şəhidlərin xatirəsinə ehtiramın rəmzidir.
Xocalı faciəsi Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq. Bu hadisə milli kimliyimizin, birliyimizin və mübarizə əzmimizin simvoluna çevrilmişdir. Xocalı bizə göstərdi ki, dövlətçiliyin möhkəmləndirilməsi, güclü ordu quruculuğu və milli həmrəylik həyati əhəmiyyət daşıyır. Eyni zamanda, bu faciə gələcək nəsillərə ibrət dərsidir – tarix unudulmamalı, həqiqətlər daim xatırlanmalıdır.
Hər il fevral ayında minlərlə insan Xocalı şəhidlərinin xatirəsini yad edir, anım mərasimləri keçirilir, dünyaya mesaj verilir: biz unutmadıq və unutmayacağıq. Çünki unutmaq yeni faciələrə yol açmaq deməkdir. Xocalı təkcə ağrı deyil, həm də ədalət uğrunda mübarizə rəmzidir.
Xocalı faciəsi bəşəriyyətin vicdanına yazılmış qanlı tarixdir. Bu faciə Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq, Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan ardıcıl siyasət nəticəsində həqiqətlər dünya ictimaiyyətinə çatdırılmağa davam edəcəkdir. Tarixi ədalətin tam bərpası və cinayətkarların layiqli cəzasını alması isə xalqımızın dəyişməz mövqeyi olaraq qalır.
ƏdalətHacıyev
Gəncə DövlətMilliDramTeatrınındirektoru,
Əməkdar mədəniyyət işçisi






















































