“Ləziz Dönər”in reklam naminə ağac qırğını: Hökməlidə susan vicdan, susan qurumlar - VİDEO
Təhsilin keyfiyyətinə həsr olunmuş ömür: Ülkər Mirzəyevanın pedaqoji və idarəçilik fəaliyyəti
Taleh Məmmədov: 2 Fevral - Azərbaycanda Gənclər günü kimi qeyd olunur. Əziz gənclər, bayramınız mübarək!
Sahibə Qafarova: "Parlamentin səlahiyyətləri ilə bağlı məsələlər yaz sessiyasında diqqət mərkəzində saxlanılacaq"
Hamiləliyə, üç yaşına qədər uşağa qulluğa görə və digər ödənişlər yeni qaydada hesablanacaq
“Ləziz Dönər”in reklam naminə ağac qırğını: Hökməlidə susan vicdan, susan qurumlar - VİDEO
“Heqiqixeber.az” xəbər portalına daxil olan məlumat bir daha göstərir ki, ekologiya məsələlərinə münasibətdə bəzi sahibkarların məsuliyyətsizliyi, müvafiq qurumların isə susqunluğu cəmiyyət üçün ciddi təhlükə mənbəyinə çevrilib. Abşeron rayonu, Hökməli dairəsi ərazisində, “Ləziz Dönər” obyektinin qarşısında iki ədəd iri gövdəli ağacın kötük halına salınması təkcə ağaclara yox, qanunlara, mənəvi dəyərlərə və gələcək nəsillərə qarşı açıq hörmətsizlikdir.
Açıq-aydın görünür ki, sözügedən obyektin sahibi reklam lövhəsinin daha yaxşı görünməsi naminə bu ağacları gövdəsinə qədər budayıb. Sual yaranır: doğrudanmı bir reklam lövhəsi bir ağacdan, bir ağac isə insan həyatından, sağlam ekoloji mühitdən daha qiymətlidir? Görəsən, bu addımı atan şəxs düşünməyibmi ki, ağac sadəcə kölgə və ya dekorasiya deyil, canlı orqanizmdir, nəfəsdir, həyatdır?
Ulu Öndər Heydər Əliyevin bu mövzuda dediyi məşhur fikri xatırlatmaq yerinə düşür: “Kim ki, bir ağacın budağını kəsirsə, deməli mənim balalarımın başını kəsir.” Bu sözlər sadəcə emosional ifadə deyil, dərin fəlsəfi və mənəvi məna daşıyır. Ağaca qəsd – gələcəyə qəsddir. Təəssüf ki, Hökməlidə baş verən bu hadisə göstərir ki, bəzi insanlar üçün bu dəyərlər hələ də kağız üzərində qalıb.
Daha acınacaqlısı isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bu cür hallara münasibətidir. Nazirliyin Aparat rəhbəri Rəşad Allahverdiyevin Abşeron ərazisində baş verən bu “yaşıl soyqırımı”ndan xəbəri varmı? Xəbəri varsa, niyə bu günə qədər hər hansı ciddi tədbir görülməyib? Yox, əgər xəbəri yoxdursa, bu, daha böyük problemdir – deməli, nəzarət mexanizmi işləmir, monitorinq kağız üzərində aparılır.
Qanunvericilik açıq-aydındır: ağacların qanunsuz budanması və məhv edilməsi inzibati, hətta cinayət məsuliyyəti yaradır. Lakin görünən odur ki, bəzi obyekt sahibləri cərimələrdən qorxmur, çünki ya cərimə tətbiq edilmir, ya da “yoluna qoyulur”. Bu isə cəmiyyətdə haqlı suallar doğurur: qanun hamı üçünmü eynidir, yoxsa kiminsə reklam lövhəsi qanundan üstündür?
Adı çəkilən şəxslərin və qurumların mövqeyini cəmiyyət artıq yaxşı tanıyır: hadisə baş verənə qədər sükut, ictimai təzyiq artdıqdan sonra isə formal açıqlamalar. Lakin bu dəfə məsələ tək bir obyektlə bitmir. Bu, presedentdir. Bu gün “Ləziz Dönər” ağacı budayırsa, sabah başqası tam kəsəcək. Əgər indi susulursa, sabah Abşeronun yaşıllıqları tamamilə yox ola bilər.
Cəmiyyət olaraq tələbimiz aydındır: fakt dərhal araşdırılmalı, günahkarlar cəzalandırılmalı, ağacların bərpası təmin olunmalıdır. Ekologiya kağız üzərində deyil, real həyatda qorunmalıdır. Əks halda, susan qurumlar bu ağacların yoxluğunda boğulan havanın, artan xəstəliklərin və məhv edilən gələcəyin mənəvi məsuliyyətini daşımalı olacaqlar.






















































