Menu
Xəbər Lenti
FƏDAKAR ALİM ÖMRÜ
Dünən, 14:50

FƏDAKAR ALİM ÖMRÜ

16 Yanvar 2026 12:45Manşet / Gündəm

SEVGİ SÜSLÜ POETİK PALİTRA

 

Çağdaş Azərbaycan poeziyasının məhsuldar və çoxşaxəli simalarından olan şair-publisist Raqif  Nazimoğlu yaradıcılığında sevgi mövzusu yalnız lirik hisslərin ifadəsi deyil, həm də həyat təcrübəsinin, taleyin sınaqlarından süzülüb gələn mənəvi-estetik mövqeyin poetik təcəssümüdür. Şairin 2026-cı ildə “Füyuzat” nəşriyyatında işıq üzü görən, 404 səhifəlik “Möcüzədir bu gözəl” kitabı bu baxımdan onun yaradıcılığında ayrıca mərhələ kimi dəyərləndirilə bilər. Sayca  68-ci kitab olan bu toplu  Raqif  Nazimoğlunun son illərdə qələmə aldığı sevgi şeirlərini bir araya gətirməklə, həm müəllifin poetik təkamülünü, həm də sevgi anlayışına fəlsəfi yanaşmasını nümayiş etdirir.


Raqif Nazimoğlunun zəngin bioqrafiyası: filoloq, jurnalist, hüquqşünas, pedaqoq, alim, ictimai xadim kimi keçdiyi çoxqatlı həyat yolu onun poeziyasına da sirayət etmişdir. Ağsu torpağında doğulan, gənclik illərindən mətbuat və ədəbiyyatla nəfəs alan, sürgün və həbsxana həyatı kimi ağır sınaqlardan keçən şairin sevgi lirikasında məhz bu həyat təcrübəsinin dərin izləri duyulur. “Möcüzədir bu gözəl” kitabındakı şeirlər sentimental özəlliklə  kifayətlənmir; burada sevgi insan taleyinin mühüm kateqoriyası kimi təqdim olunur.


Kitabdakı şeirlərin ideya-estetik əsasını sevginin əbədiliyi təşkil edir. Şair üçün sevgi ani hiss, ötəri  ovqat deyil, var olma mənasıdır. Bu mövqe  “Sevgi o deyil ki...” şeirində bariz  şəkildə ümumiləşdirilir:


Sevgi sevənlərin vuran qəlbidi,


Sevgi fəsil deyil, gəlsin və getsin.


Sevgi o demək ki, sevənlər üçün


Ürəkdə başlayıb məzarda bitsin.


 

Bu misralar Raqif Nazimoğlunun sevgi fəlsəfəsinin açar ifadəsidir. Sevgi burada zaman və məkan çərçivələrini aşan, insan ömrünü bütövləşdirən mənəvi dəyər kimi təqdim olunur.


Şair sevginin insan ruhunda başlanan və ölümə qədər davam edən bir yolculuq olduğunu vurğulayır. Sevgi, təkcə dünyada yaşanan bir hiss deyil, həm də ölümdən sonrakı dünyaya qədər davam edən bir yaşamdır. Bu yanaşma Nazimoğlunun poeziyasının ən mühüm xüsusiyyətlərindən biridir: o, sevgini təkcə bədii  simvolla deyil, həyatın özünün  bir forması olaraq təqdim edir.


Şairin sevgi lirikasında müraciət forması diqqət çəkir. “Ay gözəlim”, “Necəsən?”, “Tanı məni” kimi xitablar klassik aşıq poeziyasının intonasiyasını xatırlatsa da, mətnlərin daxili semantikası deyimin tər nəfəsini özündə əks etdirir. “Necəsən” şeirində sevgili obrazı təkcə aşiqin məhəbbət obyekti deyil, onun varlığının ayrılmaz hissəsi, zaman ölçüsüdür:


Gündüzlər günəşim, gecələr ayım,


Qürurum,varlığım, harayım-hayım,


Kükrəyən dənizim, çağlayan çayım,


Sübh çağı ağaran danım, necəsən?


Burada sevgi xronoloji anlayışları ləğv edir, insan həyatını vahid mənəvi bütövlük kimi təqdim edir.


“Möcüzədir bu gözəl” kitabında hicran motivi də aparıcı xətlərdəndir. “Sən məni tərk edib gedəndən bəri” şeirində ayrılıq romantik pafosla deyil, daxili sarsıntının sakit, lakin təsirli poetik dili ilə ifadə olunur. Qəlbin “mizrabı”, “teli” kimi metaforalar şairin lirikasında musiqi ilə duyğunun vəhdətini yaradır. Bu, Raqif Nazimoğlunun poetik üslubuna xas olan emosional səmimiyyətin göstəricisidir.


 

Sızlayır qəlbimin mizrabı, teli,


İntizar çəkməkdən olmuşam dəli,


Gözlərim hər yerdə axtarır səni,


Sən məni tərk edib gedəndən bəri.


 

Kitabdakı şeirlər dil və üslub baxımından sadə, məna siqlətində  yüklüdür. Şair mürəkkəb sintaktik konstruksiyalardan qaçaraq, fikri birbaşa, oxucu ilə canlı dialoq formasında təqdim edir. Bu sadəlik poeziyanın gücünü azaldan yox, əksinə, onun təsir dairəsini genişləndirən amildir. “İncidər” şeirində olduğu kimi, bir neçə misra ilə bütöv bir sevgi psixologiyası açılır:


Nazimoğlu, sinəndədir ox hələ,  


Bu eşq səni incidəcək çox hələ.


Belə mələk yaranışdan yox hələ,


Qoru onu,nəzər dəyib incidər.


Burada sevgi həm ilahi nemət, həm də qorunmalı dəyər kimi təqdim olunur.


Elmi-publisistik baxımdan yanaşdıqda demək olar ki, “Möcüzədir bu gözəl” kitabı Raqif Nazimoğlunun yaradıcılığında sevgi konseptinin sistemli ifadəsidir. Bu toplu, müəllifin əvvəlki poeziya nümunələrində mövcud olan lirizmin daha da dərinləşdiyini, həyat və sevgi arasında fəlsəfi körpü qurduğunu göstərir. Şairin uzun illər ərzində qazandığı həyat, elm və yaradıcılıq təcrübəsi bu şeirlərdə təbii şəkildə cəmlənmişdir.


Nəticə etibarilə, “Möcüzədir bu gözəl” təkcə sevgi şeirləri toplusu deyil, həm də sevginin insan taleyindəki yerinə dair poetik-fəlsəfi manifestdir. Raqif Nazimoğlu bu kitabla oxucunu bir daha inandırır ki, əsl poeziya kimi əsl sevgi də zamanın fövqündədir, sınaqlardan keçir və yaddaşlarda yaşayır.


 Təbii ki,  qeyd etdiyim poetik nümunələr və mənim düşüncələrim dəryadan damla timsalındadır. Bu baxımdan, inanıram ki, kitabla həmsöhbət olacaq hər kəs məftunluğun, sözün  daha dərinliklərinə könül xoşluğu ilə varacaq...


R. Nazimoğlunun “Möcüzədir bu gözəl”i  misra-misra, bənd-bənd sevgi  süslü  poetik  palitradır ki,  baş-başa olduqca ahənrüba cazibəsinə düşür, heyrətin feyz şəbnəmlərinə bələnirsən... Elə bu ovqatdaca bir müjdə də vermək istərdim: Raqif Nazimoğlunun redaktoru olduğum “Seçilmiş əsərləri” də  artıq  çapa hazırdır.


Çağdaş poeziyamızın rəngarəngliyində poetik incilərinin özünəməxsus çaları olan, şeiriyyət şöləsi ilə mənəvi dünyamıza içıq saçan şair dostumu  gözünə - könlünə köçən gözəlliklər, uğurlu özəlliklər diləyilə təbrik edirəm!                                                                            


Tapdıq ƏLİBƏYLİ