Menu
Xəbər Lenti
08 Noyabr 2025 09:06Manşet / Gündəm

S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının direktoru İlqar Talıbov: “Zəfərimizin və Bayrağımızın Əzəməti – Qürurla Qeyd Etdiyimiz Tarixi Günlər”

 

Azərbaycan xalqının dövlətçilik tarixində qızıl hərflərlə yazılan iki mühüm tarix – 8 Noyabr Zəfər Günü və 9 Noyabr Dövlət Bayrağı Günü – hər bir vətəndaş üçün qürur və fəxarət mənbəyidir. Bu günlər xalqımızın azadlıq, suverenlik və milli birliyə sarsılmaz inamının simvoludur.


S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının direktoru İlqar Talıbov qeyd edir ki, bu iki müqəddəs bayram Azərbaycan xalqının tarixində əzəmətli bir mərhələnin rəmzidir. “Zəfər Günü bizim milli qürurumuzun, Bayraq Günü isə dövlətçiliyimizin əbədiliyinin göstəricisidir. Bu iki gün bir-birini tamamlayaraq xalqımızın şanlı tarixinin və müstəqil dövlətimizin böyüklüyünü təcəssüm etdirir,” – deyə İlqar Talıbov vurğulayır.


8 Noyabr – Zəfər Günü Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında qazandığı tarixi qələbənin, 30 illik həsrətə son qoyulmasının simvoludur. 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu qəhrəmanlıq, əzm və yüksək vətənpərvərlik nümunəsi göstərərək torpaqlarımızı düşmən işğalından azad etdi. Bu, təkcə hərbi deyil, həm də mənəvi qələbə idi – ədalətin, haqqın və milli ruhun təntənəsi idi.


İlqar Talıbovun sözlərinə görə, bu qələbə Azərbaycanın gücünü, xalq–ordu birliyinin sarsılmazlığını və Prezidentimizin siyasi iradəsini dünyaya nümayiş etdirdi. “44 günlük müharibə zamanı hər bir azərbaycanlı döyüşçü əsgər kimi, hər bir vətəndaş isə arxa cəbhədə vətən üçün bir səngər kimi davranırdı. Bu birliyə görə biz qalib gəldik,” – deyə o bildirir.


9 Noyabr – Dövlət Bayrağı Günü isə bu qələbənin mənəvi davamıdır. Mavi, qırmızı və yaşıl rənglərdən ibarət olan üçrəngli bayrağımız Azərbaycan xalqının kimliyini, mənəvi dəyərlərini və gələcəyə inamını özündə birləşdirir. 1918-ci ildə ilk dəfə dalğalanan bu bayraq bu gün azad Qarabağ səmasında qürurla dalğalanır.


İlqar Talıbov qeyd edir ki, bayrağımızın ucalığı xalqımızın birliyindən, dövlətimizin möhkəmliyindən qaynaqlanır. “Hər dəfə üçrəngli bayrağımıza baxanda biz müstəqilliyimizin, şəhidlərimizin qanı ilə yazılmış tarixin əzəmətini görürük. Bu bayraq təkcə simvol deyil, o, həm də bir amalın, bir dövlətin, bir millətin ruhudur,” – deyə o vurğulayır.


Zəfər və Bayraq günlərinin ardıcıl qeyd olunması Azərbaycan xalqının milli birliyinin təntənəsini daha da möhkəmləndirir. Hər iki gün bizə dövlətimizin gələcək nəsillər üçün necə möhkəm və qürurlu təməllər üzərində qurulduğunu xatırladır.


İlqar Talıbov bildirir ki, S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasında bu günlər böyük ruh yüksəkliyi ilə qeyd olunur. Şagirdlərə vətənpərvərlik ruhu aşılanır, şəhidlərin qəhrəmanlığı, Azərbaycanın qazandığı Zəfər tarixi ətraflı şəkildə tədris olunur. “Biz gəncləri elə yetişdirməliyik ki, onlar da bu Vətənə, bu Bayrağa, bu Zəfərə layiq olsunlar,” – deyə direktor əlavə edir.


Bu münasibətlə İlqar Talıbov bütün Azərbaycan xalqını səmimi qəlbdən təbrik edir, şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edir və qazilərimizə şəfa diləyir. “Bizim borcumuz bu qələbəni qorumaq, bayrağımızı daha da ucalara qaldırmaqdır. Çünki bu Zəfər və bu Bayraq Azərbaycanın əbədi müstəqilliyinin, əzəmətinin və gələcəyinin simvoludur.”


Yaşasın Zəfərimiz!
Yaşasın üçrəngli, ay-ulduzlu bayrağımız!
Yaşasın müstəqil Azərbaycan!


 

Fərid Faiqoğlu

AJB-nin üzvü