Menu
Xəbər Lenti
Romada matəm elan edildi
Dünən, 05:43

Romada matəm elan edildi

15 istiqamətdə tıxac var
3-11-2025, 05:25

15 istiqamətdə tıxac var

06 Noyabr 2025 12:46Manşet / Gündəm

Millət Vəkili Tahir Mirkişili: “8 Noyabr Zəfər Günü qürur tariximizdir”

 

Azərbaycan xalqının taleyində elə günlər var ki, onlar təkcə bir hadisə deyil, bütöv bir xalqın milli ruhunun, vətən sevgisinin və dövlətçilik ideyalarının təntənəsinə çevrilir. 8 Noyabr – Zəfər Günü məhz belə tarixi günlərdəndir. Bu gün Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı böyük qələbənin, 30 illik həsrətin bitməsinin, xalqımızın milli birliyinin və əzminin simvoludur.


Milli Məclisin deputatı, iqtisad elmləri doktoru Tahir Mirkişili qeyd edir ki, 8 Noyabr təkcə hərbi zəfərin deyil, həm də mənəvi yüksəlişin, milli kimliyimizin və dövlət müstəqilliyimizin qürurla təcəssüm olunduğu tarixdir. “8 Noyabr Zəfər Günü xalqımızın şanlı iradəsini, Prezident-Xalq-Ordu birliyinin sarsılmazlığını nümayiş etdirdi. Bu, əsrlər boyu unudulmayacaq bir qürur tarixidir,” – deyə millət vəkili vurğulayıb.


Tahir Mirkişilinin fikrincə, 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı bir amal, bir bayraq ətrafında birləşərək dünya ictimaiyyətinə əsl milli həmrəylik nümunəsi göstərdi. “Azərbaycan xalqı 30 il ərzində öz haqq səsinin, ədalət mübarizəsinin arxasında dayandı. Biz heç vaxt işğalla barışmadıq. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz düşmənə elə bir zərbə vurdu ki, bu, əsrlər boyu unudulmayacaq qəhrəmanlıq dastanına çevrildi. Xalqın iradəsi, dövlətin gücü və Ordunun mərdliyi birləşəndə qələbə qaçılmaz idi,” – deyə deputat bildirib.


O qeyd edir ki, bu Zəfər sadəcə hərbi üstünlüyün nəticəsi deyildi, həm də diplomatik müdrikliyin, siyasi iradənin və strateji düşüncənin təntənəsi idi. Prezident İlham Əliyevin 44 gün ərzində həm cəbhədə, həm də diplomatik meydanda göstərdiyi liderlik bacarığı Azərbaycanın tarixinə qızıl hərflərlə yazıldı.


Tahir Mirkişili xüsusilə vurğulayır ki, bu qələbənin təməli Ulu Öndər Heydər Əliyevin formalaşdırdığı dövlətçilik konsepsiyası və milli ordu quruculuğu siyasəti ilə qoyulub. “Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın güclü təməllər üzərində formalaşması üçün möhkəm ideoloji və siyasi baza yaratdı. O, güclü dövlətin və müasir ordunun qurulmasının vacibliyini daim önə çəkirdi. Prezident İlham Əliyev isə bu kursu uğurla davam etdirərək Azərbaycanı bölgənin lider dövlətinə çevirdi. Zəfər Günü məhz bu uzaqgörən siyasətin təntənəsidir,” – deyə millət vəkili bildirib.


Deputat hesab edir ki, Zəfərimizin arxasında dayanan əsas amillərdən biri də ölkəmizin iqtisadi müstəqilliyidir. “Azərbaycan iqtisadiyyatı son 20 ildə Prezident İlham Əliyevin rəhbərliyi altında o qədər inkişaf edib ki, bu, dövlətimizin bütün sahələrdə, o cümlədən hərbi sahədə müstəqil qərarlar verməsinə imkan yaradıb. Qələbəmiz həm də iqtisadi sabitliyin, enerji siyasətimizin və güclü idarəetmə sistemimizin nəticəsidir. Güclü dövlət, sabit iqtisadiyyat və xalqın birliyi – Zəfərimizin üç sütunudur,” – deyə Tahir Mirkişili qeyd edib.


Millət vəkili bildirib ki, 8 Noyabr Zəfər Gününü qeyd edərkən, hər bir azərbaycanlı şəhidlərimizi ehtiramla yad etməlidir. “Bu torpaqlar, bu bayraq, bu qürur bizə şəhidlərimizin canı, qazilərimizin qanı bahasına başa gəlib. Biz onların qarşısında borcluyuq. Onların xatirəsini yaşatmaq, ailələrinə qayğı göstərmək hər birimizin mənəvi borcudur. Dövlətin bu istiqamətdə həyata keçirdiyi sosial layihələr, şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğı hər bir azərbaycanlının qəlbini fərəh hissi ilə doldurur,” – deyə Tahir Mirkişili vurğulayıb.


Tahir Mirkişilinin sözlərinə görə, bu gün Azərbaycan dövləti işğaldan azad olunmuş torpaqlarda möhtəşəm bərpa və quruculuq işləri aparır. “Cənab Prezidentin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yenidənqurma layihələri Zəfərimizin davamıdır. Bu torpaqlarda həyat bərpa olunur, şəhərlər və kəndlər yenidən salınır. Artıq bu bölgələrdə yeni yollar, hava limanları, məktəblər və xəstəxanalar inşa edilir. Bütün bunlar Azərbaycanın gücünü, dövlətçilik iradəsini və gələcəyə inamını göstərir,” – deyə millət vəkili əlavə edib.


Deputat Tahir Mirkişili qeyd edir ki, 8 Noyabr Zəfər Günü Azərbaycan gəncliyi üçün vətənpərvərlik, fədakarlıq və dövlətə sədaqət dərsidir. “Biz bu qələbəni nəsildən-nəslə ötürməliyik. Gənclər bilməlidir ki, bu azadlıq, bu torpaqlar asanlıqla əldə edilməyib. Bu, igid oğullarımızın qanı, şəhidlərimizin ruhu, xalqımızın birliyi ilə qazanılıb. Dövlətçiliyə sədaqət, milli ruh və vətən sevgisi daim hər bir azərbaycanlının həyat prinsipi olmalıdır,” – deyə o bildirib.


Millət vəkili Tahir Mirkişili sonda vurğulayıb ki, 8 Noyabr – Zəfər Günü təkcə keçmişin qürur səhifəsi deyil, həm də gələcəyə inamın rəmzidir. “Bu tarix bizə göstərdi ki, xalq bir olarsa, dövlətinə güvənərsə, heç bir qüvvə onu məğlub edə bilməz. Biz Zəfər Günü ilə bir millətin gücünü, bir dövlətin əzmini dünyaya nümayiş etdirdik. Qoy bu gün Azərbaycan xalqının yaddaşında əbədi yaşasın, gələcək nəsillər üçün örnək olsun. 8 Noyabr bizim milli qürur tariximiz, dövlətçiliyimizin əbədi təntənəsidir.”


Qarabağ Azərbaycandır!
Zəfər əbədidir, qürurumuz sonsuzdur!


 

Hazırladı: FəridFaiqoğlu

Xezertv.info”-nunrəhbəri,

AJB-nin üzvü