Menu
Xəbər Lenti
Bu il neçə üçəm doğulub?
12-09-2025, 10:29

Bu il neçə üçəm doğulub?

14 Sentyabr 2025 12:45Manşet / Gündəm / Sosial

"ARAZ" marketdə qiymət fırıldağı? – vətəndaşların haqlı etirazı. FOTO FAKT

 

Azərbaycanın müxtəlif bölgələrində fəaliyyət göstərən iri marketlər şəbəkəsi alıcılara rahat xidmət, keyfiyyətli məhsul və münasib qiymət vəd edir. Lakin təəssüf ki, bəzi hallarda bu vədlər real vəziyyətlə üst-üstə düşmür. Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yerləşən "ARAZ" marketdə baş verən qiymət fırıldağı isə ictimaiyyətdə ciddi narazılığa səbəb olub. "Xezertv.info"ya daxil olan məlumata görə, alıcılar vitrində göstərilən qiymətlərlə kassada tətbiq edilən qiymətlər arasında uyğunsuzluqla üzləşiblər.

Məlumata əsasən, vətəndaş vitrində müəyyən məhsulun üzərində yazılan qiyməti nəzərə alaraq alış-veriş edib. Lakin kassada həmin məhsulun daha baha qiymətə hesablandığını görüb. Bu zaman vətəndaş etirazını bildirib və məsələni marketin məsul şəxsinə çatdırıb. Lakin təəssüf ki, alıcının narazılığına qarşı market nümayəndəsinin laqeyd münasibəti müşahidə olunub. Onun "belə olmalıdır" tipli cavabı alıcını daha da narazı salıb. Bu isə bir daha göstərir ki, məsələ təkcə texniki səhv deyil, artıq müştəriyə qarşı etinasızlıq və məsuliyyətsizlik nümunəsidir.

Vətəndaşların sözlərinə görə, bu cür hallar həmin ünvandakı "ARAZ" marketdə birinci dəfə baş vermir. Əksinə, əvvəllər də oxşar vəziyyətlərlə üzləşən alıcılar olub. Bir neçə qəpik və ya bir neçə manat fərqi kiçik görünsə də, bu, əslində istehlakçı hüquqlarının kobud şəkildə pozulmasıdır. Əgər gündəlik onlarla, yüzlərlə müştəri ilə belə fərqlər hesablanırsa, bu, həm maliyyə baxımından, həm də ictimai etimad baxımından böyük problem yaradır.


 

Azərbaycan qanunvericiliyində dəqiq göstərilir ki, istehlakçı malı üzərində qeyd olunan qiymət əsasında almalıdır. Əgər vitrində 2 manat göstərilibsə, kassada həmin məhsul mütləq 2 manata satılmalıdır. Bu, qanunun tələbidir. Əks halda, market rəhbərliyi istehlakçı hüquqlarını pozmuş sayılır. Belə hallara yol vermək həm hüquqi məsuliyyət, həm də reputasiya itkisi deməkdir. Təəssüf ki, bəzi marketlər bu qaydaları bilərəkdən və ya bilməyərəkdən pozurlar.

Marketlərin əsas məqsədi alıcılara xidmət göstərmək və onların etimadını qazanmaq olmalıdır. Lakin qiymət fırıldaqları insanların marketlərə qarşı münasibətini kökündən dəyişir. Vətəndaş bir dəfə aldadıldığını hiss etdikdə, həmin şəbəkəyə ikinci dəfə üz tutmur. Bu isə nəinki sözügedən filialın, ümumilikdə "ARAZ" brendinin imicinə zərbə vurur. Çünki bir filialda yaşanan mənfi təcrübə bütün şəbəkəyə şamil olunur.

Hadisə ilə bağlı bir sıra suallar ortaya çıxır:

Niyə vitrindəki qiymətlə kassadakı qiymət üst-üstə düşmür?

Bu, sadəcə texniki səhvdir, yoxsa alıcıların hesabına qəsdən yaradılan gəlir mənbəyi?

Market rəhbərliyi bu barədə nə düşünür və hansı tədbirləri görməyi planlaşdırır?

Bu suallar hələ də cavabsız qalır. Ən əsası isə, vətəndaşların hüquqları tapdanır.

Belə halların qarşısını almaq üçün Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, eləcə də İqtisadiyyat Nazirliyi məsələyə diqqət yetirməlidir. Çünki bu cür halların çoxalması təkcə bir vətəndaşın deyil, bütövlükdə cəmiyyətin narazılığına səbəb olur. Dövlət qurumları monitorinqlər aparmalı, ictimaiyyətin etimadını sarsıdan bu cür fırıldaqlara qarşı cərimə və digər inzibati tədbirlər tətbiq etməlidir.

Alıcıların da bu hallara laqeyd yanaşmaması vacibdir. Hər kəs hüququnu tələb etməli, lazımi dövlət qurumlarına şikayət etməli, faktları foto və video ilə qeydə almalıdır. Çünki ictimai nəzarət güclü olduqda, bu kimi neqativ hallara yol verənlər məsuliyyət daşımağa məcbur olurlar.

Binəqədi rayonu, Rəsulzadə qəsəbəsindəki "ARAZ" marketdə baş verən qiymət fırıldağı bir daha göstərir ki, istehlakçı hüquqlarına hörmətlə yanaşmaq bütün ticarət müəssisələrinin əsas vəzifəsidir. Bir neçə qəpik və ya manat fərqi bəzilərinə əhəmiyyətsiz görünsə də, bu, əslində insanların etimadını itirmək deməkdir. Market rəhbərliyi məsuliyyət daşımalı, belə hallara son qoymalıdır. Əks halda, həm ictimaiyyətin etirazı, həm də dövlət qurumlarının sanksiyaları ilə üzləşəcək.

Məsuliyyətli sahibkarlıq şəffaflıq və dürüstlük üzərində qurulur. Əgər "ARAZ" market şəbəkəsi öz müştərilərini qorumaq istəyirsə, bu cür hallara dərhal son verməli, istehlakçı hüquqlarına hörmətlə yanaşmalıdır. Əks halda, vətəndaşların etimadını itirmək labüddür.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.


Xezertv.info.