Menu
Xəbər Lenti
Bu gün Aşuradır
5-07-2025, 08:59

Bu gün Aşuradır

Neftimiz bahalaşdı
3-07-2025, 08:59

Neftimiz bahalaşdı

Azərbaycan polisi and içir
2-07-2025, 13:00

Azərbaycan polisi and içir

06 İyul 2025 21:24Manşet / Gündəm / Sosial

Şəhid Milli Qəhrəmanın ailəsinə qarşı ədalətsizlik iddiası: Füzuli RİH və “Azərşəkər” MMC nümayəndəsi torpaq sahəsini necə mənimsəyib?

 

Heqiqixeber.az-a daxil olan şikayət əsasında hazırlanmış araşdırma materialı

Füzuli rayonunda cərəyan edən və geniş rezonansa səbəb olan bir məsələ ictimaiyyətin diqqətinə çatdırılır. Şəhid Milli Qəhrəman Pəhlivan Fərzəliyevin oğlu Xaliq Fərzəliyev iddia edir ki, atasının xatirəsinə və şəhid ailəsinə məxsus olan 10 hektar torpaq sahəsi qanunsuz yollarla əllərindən alınıb.

İddialara görə, Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev və “Azərşəkər” MMC-nin nümayəndəsi Zaur Məmmədov birgə hərəkət edərək, Xaliq Fərzəliyevi aldatmaq yolu ilə Füzuli rayonunun “Haramı düzü” deyilən ərazisində yerləşən və 1996-cı ildə Ulu Öndər Heydər Əliyevin göstərişi ilə şəhid ailəsinə verilmiş torpaq sahəsini “Azərşəkər” MMC-nin balansına keçiriblər.

Xaliq Fərzəliyev bildirir ki, həmin torpaq sahəsində illər ərzində “Pəhlivan” MMC təsis olunub, 500-ə yaxın meyvə ağacı və yonca sahələri salınıb. Burada həm ailəsinin, həm də bölgədə yaşayan 50-yə yaxın ailənin dolanışığı təmin olunub. 2018-ci ildə isə Prezident cənab İlham Əliyevin dəstəyi ilə əraziyə artezian quyusu qazılıb və bu da kənd təsərrüfatı fəaliyyətlərini gücləndirib.

Lakin 2023-cü ildə, Xaliq Fərzəliyevin sözlərinə görə, “Azərşəkər” MMC-nin nümayəndəsi Zaur Məmmədov onu çağıraraq bildirib ki, torpaq sahəsi pilot layihəyə düşüb və guya bu layihə Mehriban xanım Əliyeva və Arif Paşayevə məxsusdur. Bu açıqlamaya inanan şəhid övladı, dövlətə və dövlətçiliyə sədaqət andını rəhbər tutaraq, heç bir hüquqi məsləhət almadan, sənədlərə imza atıb.

Sən demə, bu sənədlər 2 hektarlıq ziyana görə kompensasiya ödənilməsi deyil, ümumilikdə 10 hektar torpaq sahəsinin “Azərşəkər” MMC-yə verilməsi ilə bağlı olub. Bu proses Beyləqan rayon 1 saylı notariat ofisində həyata keçirilib. İddialara görə, notariat kontoru da bu məsələdə lazımi aydınlıq yaratmadan sənədləri rəsmiləşdirib.

Xaliq Fərzəliyev bu hadisəni belə izah edir:

“Məni inandırdılar ki, dövlət layihəsidir və ailəmin maraqları qorunacaq. Mən də dövlətimizə olan etibarım və atamın vətənə verdiyi canı örnək götürərək sənədlərə imza atdım. Lakin indi öyrəndim ki, torpaq tam şəkildə əlimizdən çıxıb və ‘Pəhlivan’ MMC artıq “Azərşəkər” MMC-nin mülkiyyəti kimi təqdim olunur.”

Ən acınacaqlısı isə odur ki, şəhid ailəsinə məxsus bu torpaq sahəsi uzun illərdir ki, əmək və zəhmətlə abadlaşdırılmış, burada bir neçə ailənin təsərrüfatı və sosial rifahı qurulmuşdur.

Şəhid övladı Prezident İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya açıq müraciət edərək torpağın geri qaytarılması və məsələ ilə bağlı aidiyyəti orqanların hərəkətlərinə hüquqi qiymət verilməsini xahiş edir. O bildirir ki, bu torpaq yalnız onun deyil, şəhid adına ehtiramın simvolu və 50 ailənin çörək yeridir.

Məsələ artıq ciddi ictimai narahatlıq doğurub. Redaksiyamıza daxil olan şikayəti diqqətlə araşdırırıq. Eyni zamanda, adıçəkilən şəxslərin — Füzuli RİH başçısı Alı Alıyev, “Azərşəkər” MMC nümayəndəsi Zaur Məmmədov və Beyləqan rayon 1 saylı notariat kontorunun da mövqeyini öyrənmək üçün müraciət olunmuşdur.

Mövzu diqqətimizdədir.

Qeyd: İddialar birbaşa şikayətçi tərəfindən səsləndirilib. Qarşı tərəflərin münasibəti öyrənildikdən sonra əlavə məlumat veriləcək.

 

 




Heqiqixeber.az