Menu
Xəbər Lenti
Pampers dərdi və bərbər
14-04-2025, 09:50

Pampers dərdi və bərbər

ADY-də yeni təyinat
14-04-2025, 09:42

ADY-də yeni təyinat

Bayramov Lavrovla görüşdü
12-04-2025, 15:49

Bayramov Lavrovla görüşdü

15 Aprel 2025 07:53Manşet / Kriminal

“Martin ölkəmiz əleyhinə 50-yə yaxın tapşırıq icra edib” - Azad da danışdı

 

Dövlət təhlükəsizliyi əleyhinə cinayətlərdə ittiham olunan fransalı iş adamı Martin Ryan və azərbaycanlı hüquqşünas Azad Məmmədlinin məhkəmə araşdırması davam edir.

“Qafqazinfo”nun məlumatına görə, cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə baxılır.

Məhkəmə istintaqı açıq şəkildə aparılır, prosesdə yerli və xarici media nümayəndələri, eləcə də bir sıra səfirliklərin təmsilçiləri iştirak edirlər.

Hər iki təqsirləndirilən Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən toplanmış sübutlar əsasında cinayət məsuliyyətinə cəlb olunub. Martin Ryan casusluqda, Azad Məmmədli isə dövlətə xəyanətdə ittiham olunur.

Fransız müttəhim bundan əvvəlki iclasda sərbəst ifadə verib. Bu gün isə vəkillərinin suallarını cavablandıraraq əvvəlki etirafedici ifadəsinə uyğun mövqe sərgiləyib.

Prosesin davamında Azad Məmmədli də sərbəst ifadə verib. Hüquqşünas müttəhim  Fransa səfirliyinin əməkdaşları ilə münasibətlərini inkar etməsə də, Azərbaycan əleyhinə məlumat toplamadığını bildirib:

“Fransızlar mənə casusluq təklif ediblər, amma rədd etmişəm. Martinlə telefon danışığımız olub, bu da istintaqda var. Orada aydın görünür ki, əməkdaşlıq təklifini qəbul etməmişəm. İttiham olunuram ki, Azərbaycanın İran, Ermənistan və İsraillə münasibətləri barədə məlumat ötürmüşəm. Sadəcə dövlətlərarası münasibətlər barədə şəxsi fikirlərimi bildirmişəm. Fransa səfirliyi ilə 2023-cü ilə qədər əlaqəm olub, həmin ildən sonra əlaqəni kəsmişəm”.

Azad Məmmədli həmçinin Zəngəzur dəhlizi və Rusiyada yaşayan iş adamları barədə fransızlara məlumat verməkdə ittiham olunduğunu qeyd edib. O bildirib ki, Fransa səfirliyinə vətəndaşlıq üçün müraciət etməyib.

Təqsirləndirilən şəxs ifadəsinin davamında birlikdə mühakimə olunduğu Martin Ryanı əsas təqsirkar kimi göstərib:

“Martin istintaqda mənim əleyhimə ifadə verib, dediklərimi təhrif edib. Onu dost bilirdim, casus imiş. İndi başa düşürəm ki, Martin və Fransa səfirliyi Azərbaycan vətəndaşlarına qarşı məkrli plan qurublar. Mənimlə bağlı bütün məlumatları Fransa xüsusi xidmət orqanlarına ötürüb. O, dost adı ilə 9 azərbaycanlını tora salıb. İfadəsində deyir ki, məni ancaq Frederik Devosla tanış edib. Halbuki Loranla da məni o tanış etmişdi. Martin ölkəmiz əleyhinə 50-yə yaxın tapşırıq icra edib, onların çoxu da müharibə dövrünə təsadüf edir”.

Azad Məmmədli sonda peşmanlığını ifadə edərək deyib ki, fransızların təklifləri barədə vaxtında DTX-yə məlumat vermədiyi üçün ciddi səhv edib:

“Bunu edə bilərdim. Böyük səhv etmişəm, buna görə də çox peşmanam”.

Təqsirləndirilən şəxslərin ifadələri arasında ziddiyyətlər çarpaz dindirmə və əlavə sual-cavabları zəruri edib. Bütün bu məsələlərə mayın 19-da keçiriləcək növbəti iclasda aydınlıq gətiriləcək.

Qeyd edək ki, təqsirləndirilən şəxslər 17 ay əvvəl həbs ediliblər. Hazırda ikisi də DTX-nin istintaq təcridxanasında saxlanılır.

Sail Ağasəlim