Menu
Xəbər Lenti
Autizmin əlamətləri
Bugün, 09:00

Autizmin əlamətləri

QANINA QƏLTAN XOCALI
Dünən, 07:38

QANINA QƏLTAN XOCALI

Xalqın qan yaddaşı
25-02-2025, 10:28

Xalqın qan yaddaşı

Rafiq Sadıqov vəfat etdi
24-02-2025, 07:52

Rafiq Sadıqov vəfat etdi

27 Fevral 2025 10:34Manşet / Cəmiyyət

“Böyük Qayıdış” Gənclər Təşkilatı Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar bir sıra tədbirlər keçirib

 

“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən həyata keçirilən silsilə tədbirlər çərçivəsində “Ana harayı” abidəsinə ziyarət, “Xocalı: Qanlı Yaddaşın Səsi” adlı ədəbi-bədii tədbir və “Xocalı: Unudulmayan Tarix” adlı anım tədbiri təşkil olunub.


 

Dəhşətli soyqırımın 33-cü ildönümü ilə əlaqədar təşkilatın idarə heyətinin üzvləri, Vətən müharibəsi qaziləri, üzv və könüllü gənclər anım yürüşündə iştirak ediblər. Gənclər Xocalı faciəsində amansızcasına qətlə yetirilmiş soydaşlarımızın xatirəsinə ucaldılmış “Ana harayı” abidəsinə ziyarət edərək faciə qurbanlarının xatirəsini ehtiramla yad edib, abidənin önünə gül dəstələri qoyublar.


 

Tədbirlər proqramına uyğun olaraq Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüskarı olduğu “Xocalıya Ədalət!” Kampaniyası çərçivəsində Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Milli Konservatoriyasının, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının və “Böyük Qayıdış” Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə Azərbaycan Milli Konservatoriyasında Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş “Xocalı: Qanlı Yaddaşın Səsi” adlı ədəbi-bədii tədbir keçirilib. Tədbirdə dünyaca məşhur fotojurnalist Reza Deqati iştirak edərək Xocalı faciəsinin şahidi olduğu anlarla bağlı təəssüratlarını bölüşüb. O, Xocalı soyqırımına dair çəkdiyi nadir və tarixi fotoları təqdim edərək, bu görüntülərin beynəlxalq səviyyədə tanıdılmasının vacibliyini vurğulayıb. Tədbirin ikinci hissəsində tələbə gənclərin iştirakı ilə bədii kompozisiya nümayiş olunub.


 

Silsilə tədbirlər çərçivəsində Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Respublikasının Gənclər Təşkilatlarının Milli Şurasının (NAYORA) və “Böyük Qayıdış” Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə Milli Azərbaycan Tarixi Muzeyində Xocalı faciəsinin 33-cü ildönümünə həsr olunan “Xocalı: Unudulmayan Tarix” adlı anım tədbiri keçirilib.


 

Dövlət Himninin səsləndirilməsi, Xocalı qurbanlarının və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə çıxış edən Milli Məclis sədrinin müavini Musa Qasımlı, millət vəkili Naqif Həmzəyev, Azərbaycan Respublikasının Gənclər Fondunun şöbə müdiri Pərviz Mirələmli, Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi Fondunun müdiri Şəfa Mövsümov, “Böyük Qayıdış” Gənclər Təşkilatının sədri Nail Şükürov, Azərbaycan Respublikasının Gənclər Təşkilatlarının Milli Şurasının baş katibi Nərminə Hüseynzadə və Vətən müharibəsi qazisi Müseyib Qəhrəmanov çıxış edərək 1992-ci ilin qanlı gecəsində erməni qəsbkarları tərəfindən törədilən amansız faciədən, bu soyqırımının bəşər tarixində insanlığa və bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri, misli görülməmiş qırğın olduğu haqqında geniş məlumat verib, xalqımızın sarsılmayan mübarizə ruhundan, Zəfərə inamından söz açıblar.


 

Natiqlər çıxışlarında bildiriblər ki, qanlı faciə Azərbaycan tarixinə qara hərflərlə yazılaraq, əbədi olaraq yaddaşlara həkk olunub. Xocalıda baş verən bu insanlığa qarşı cinayətə beynəlxalq ictimaiyyət tərəfindən hələ də tam obyektiv qiymət verilməməsi təəssüf hissi ilə qeyd edilib. Qürurla vurğulanıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Ordumuz Vətən müharibəsində və lokal antiterror əməliyyatları nəticəsində tarixi ədaləti bərpa edib, müharibə dövründə Xocalı soyqırımını törətmiş hərbi cinayətkarların bir qismi məhv edilib, bir qismi həbs olunub. Beləliklə, hərb meydanında Xocalı soyqırımının qisası alınıb.Bu gün üçrəngli bayrağımız azad Xocalıda dalğalanır və Xocalı sakinlərinin bir qismi uzun həsrətdən sonra öz doğma yurdlarına qayıdıblar. Artıq xalqımız XX əsrin ən dəhşətli qətliamı olan Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini alnıaçıq, qalib ölkə, zəfər qazanmış xalq kimi ziyarət edir.Uzun illərdən sonra Xocalı qurbanlarının və şəhidlərimizin əziz xatirəsi, ruhu şaddır.


 

Sonda tədbirdə iştirak edən qonaqlar və gənclər muzeydə sərgilənən “Xocalı Yaddaşımız” sərgisinə baxış keçirərək Xocalı soyqırımına dair tarixi fotoşəkillərlə tanış olublar.