Pedaqoq, şair Razim Hacıyevin (Göyçəli) "Türk Kültür-Türk Yatırım" kanalına doğma eli Göyçə haqqında müsahibəsi
“Auto Azərbaycan”dan müştərilərə yaxın yeni ünvan - “Hyundai” Servis Mərkəzi artıq Yasamalda!
“Böyük Qayıdış” Gənclər Təşkilatı 20 Yanvar faciəsinin 35-ci ildönümünü bir sıra tədbirlərlə qeyd edib
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının və üzv təşkilatların kollektivləri Şəhidlər xiyabanını ziyarət edib
20 Yanvar - Ümumxalq Hüzn Günündə Lənkəran-Astara Regional Təhsil İdarəsinin rəhbərliyi və əməkdaşları Şəhidlər xiyabanını ziyarət ediblər.
Aylarla pul yığıb getdiyimiz hotellərə necə inanaq? - O yanğın bizdə olsa...
Türkiyənin Bolu vilayətində dağ-xizək kurortundakı hoteldə baş vermiş, 78 nəfərin ölümünə səbəb olan yanğın dünya gündəmindədir. “Grand Kartal” kimi lüks bir obyektin belə hadisəyə hazırlıqlı olmaması, xilasetmə nərdivanlarının yoxluğu, yanğın siqnalı avadanlıqlarının işləməməsi müzakirə edilən əsas detallardandır. Sosial şəbəkələrin Türkiyə seqmenti yanğından son anda xilas edilən vətəndaşların gözüyaşlı açıqlamaları ilə dolub-daşır. Onların çoxu gecə 3-də başlayan yanğından siqnalların işləməməsi səbəbindən xəbər tuta bilmədiklərini, aşağı enmək istəyən zaman isə nərdivan tapmadıqlarını, mələfələri bir-birinə dolayaraq özlərini atdıqlarını deyirlər. Yanğın vaxtı çəkilmiş əksər videolarda tüstüdən nəfəs ala bilməyərək pəncərələrdə dəqiqələrlə gözləyən, yardım üçün yalvaran şəxsləri görə bilərsiniz.
Bəs bunun adını təbii fəlakət qoya bilərikmi? Hər tətildə minlərlə insanın üz tutduğu, bir gecəsi azı min manatdan başlayan hotellər belə ekstremal vəziyyətlərə niyə hazır olmamalıdır?
Türkiyədə yanğından sonra aparılmış təxmini hesablamalara görə, vətəndaşların bir gecə üçün ödədiyi pulun sadəcə 20 faizi ilə hoteldəki bütün təhlükəsizlik qaydalarına riayət etmək mümkün idi...
“Qafqazinfo” Azərbaycanda da hotellərə müraciətlərin kifayət qədər çox olduğunu, faciədən sonra cəmiyyətdə yaranan sualları nəzərə alaraq ölkəmizdəki hotellərlə əlaqə saxlayıb, hotellərdə təhlükəsizliyə nələrin, ən əsası kimin cavabdeh olduğuna dair müvafiq sualları yönləndirib. Maraqlıdır ki, kiçik araşdırmamız zamanı 10-a yaxın hotelin səlahiyyətli şəxsləri suallarımızdan boyun qaçırdı və ya ümumiyyətlə, məsələdən məlumatsız olduqlarını bildirdilər.
Şəkidə yerləşən “Marxal” hoteldən bildirdilər ki, bu kimi hallarda dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti müdaxilə edir: “Həmçinin “Marxal”ın daxilində SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizə) sırf olaraq bu işlə məşğul olur. Hər birinə vaxtında nəzarət reallaşdırılır. Daimi olaraq əməkdaşlarımıza bu tipdə təlimlər keçirilir. 2024-cü il proqramı üzrə artıq bu proses tamamlanıb. Yanğın siqnalı vurulduğu andan təxliyə prosesi üçün məlumatlandırmaq əməkdaşlarımız tərəfindən görüləcək proseslərdir. Çünki bunun üçün dəfələrlə təlimlər keçirik. Əgər yanğın siqnalı işə düşmürsə, bu, avadanlığın problemi ola bilər. Yoxlamanın az olması da buna daxildir”.
Ölkənin daha bir tanınmış hoteli, eyni zamanda dağ-xizək kurortu “Şahdağ Turizm Mərkəzi” ilə də əlaqə saxladıq. Mərkəzin Əməyin Mühafizəsi üzrə şöbə müdiri Elşən Həmidov bildirib ki, onlar bu prosesi həm Fövqəladə Hallar Nazirliyi, həm də lisenziyalı şirkətlərlə həyata keçirirlər: “Xüsusi, lisenziyası olan təcrübəli şirkətlərlə illik müqavilələr bağlanılır. Onlar bütün yanğından mühafizə sistemlərinə illik servislər və texniki xidmətlər göstərirlər. Bunlar olmadıqda və hotelin texniki əməkdaşları tərəfindən aylıq yoxlamalar aparılmadıqda sistem işlək vəziyyətdə olmur. Onun işlək olması tüstü detektoruna bağlı olan bir avadanlıqdır. Ərazidə adi tüstü olan kimi tüstü detektoru işə düşür və yanğın panelinə avtomatik məlumat gedir. Bu zaman tənzimləmə sisteminə siren qoşulur. Biz illik daxili yoxlamalar da edirik. Hər altı aydan bir isə ümumi sistemi qoşub yanğın və təxliyə üzrə şərti təlim məşğələsini keçiririk. Məsələn, hər hansı bir otaqda yanğın baş veribsə, lazımı işlər daxili prosedurla tənzimlənir.
Bu zaman hansı şöbənin necə reaksiya verməsi qeyd olunur. Hər bir əməkdaş bu proseslə tanış olur. FHN, DİN kimi qurumlar cəlb edilərək ərazidə təxliyə təlimləri keçirilir. Əlavə olaraq lisenziyalı şirkətlər tərəfindən illik xidmət göstərilir”.
“Quba Palace”ın Təhlükəsizlik və Hüquq şöbəsinin müdiri Murad Muradov da hotelin ünvanlı yanğın-alarm təhlükəsizliyi sisteminin şirkətlərlə əməkdaşlıq çərçivəsində aparıldığını vurğulayır: “Bu, şirkətlərin avadanlıqları ilə təchiz edilir və daim işlək vəziyyətdə olur. Bura yanğın-su, hava sovurma, alarm işə salma (SOS və insan səsi ilə xəbərdaretmə) xətləri daxildir. Hansı sahədən siqnal gəlirsə, mərkəzi yanğın panelində ünvanı dəqiq göstərilməklə qeyd olunur. Mərkəzi yanğın panelinin yanında sutka ərzində mühafizə xidmətinin əməkdaşı olur.
Bu sistemə FHN-in müvafiq lisenziyası olan şirkətlər tərəfindən servis xidmətləri göstərilir. Bununla yanaşı FHN DYNX-nin əməkdaşları tərəfindən təyin olunmuş qrafik üzrə sistemə baxış və texniki müayinələr keçirilir, yanğın-alarm sisteminin işlək vəziyyətdə olub-olmaması yoxlanılır. Eyni zamanda fövqəladə vəziyyətlərdə insanların təxliyə edilməsi, onlara ilkin tibbi yardımların göstərilməsi və sairə üzrə FHN əməkdaşları ilə birgə təlimlər olur.
Yanğın təhlükəsizliyi sisteminə cavabdeh şəxslər gündəlik görülən işlər barədə hotelin rəhbər şəxslərinin iştirakı ilə keçirilən mini brifiniqlərdə hesabatlarını verir, sistemdəki çatışmazlıqların dərhal aradan qaldırılması üçün müvafiq tədbirləri görürlər”.
Sözügedən proses zamanı Fövqəladə Hallar Nazirliyinin səlahiyyətinə daxil olan məsələni aydınlaşdırmaq üçün qurumun özünə də sorğu ünvanladıq. Müraciətimizə cavab olaraq bildirildi ki, qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən, obyektlərdə, o cümlədən mehmanxanalarda və mehmanxana tipli obyektlərdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğuları bu sahədə lisenziyası olan şirkətlər tərəfindən quraşdırılmalıdır:“Belə ki, həmin şirkətlər tərəfindən bu qurğulara texniki servis xidməti göstərilməlidir. Mülkiyyət formasından asılı olmayaraq, bütün obyektlərdə olduğu kimi mehmanxanalarda və mehmanxana tipli obyektlərdə də binaların, qurğu və otaqların yanğın təhlükəsizliyinin təmin olunması, o cümlədən avtomatik yanğınxəbərverici siqnalizasiya qurğularının təmin edilməsi üzrə məsuliyyət bu müəssisələrin rəhbərlərinin üzərinə düşür.
FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri çərçivəsində obyektlərdə yanğın təhlükəsizliyi qaydalarının tələblərinin yerinə yetirilməsi, o cümlədən avtomatik yanğınxəbərverici siqnalizasiya qurğularının, eləcə də digər yanğından müdafiə vasitələrinin mövcudluğu və sazlığına müvafiq dövrülüklə həyata keçirdiyi yoxlamalar zamanı nəzarəti təmin edir.
Yoxlamalar zamanı nöqsanlar aşkar edildikdə cavabdeh barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərinə uyğun dərhal inzibati xəta haqqında protokol tərtib edilir, tələbnamə yazılı şəkildə obyekt rəhbərinə təqdim olunur və çatışmazlıqların aradan qaldırılması onlardan tələb edilir. Əgər qeyd olunan nöqsanlar aradan qaldırılmazsa, qanunvericilikdə nəzərdə tutulmuş digər inzibati məsuliyyət tədbirləri tətbiq edilir”.
Sonda məlumat üçün bir daha qeyd edək ki, siqnalizasiya sistemləri binaları və onların sakinlərini yanğınla yanaşı, oğurluq, qaz sızması və digər təhlükələrdən qorumaq üçün istifadə edilən vacib alətlərdir. Potensial təhlükələri aşkar edən və onlara cavab verən bu sistemlər təhlükəsizliyin təmin edilməsində mühüm rol oynayır.
Fidan Etibar