Menu
Xəbər Lenti
NADİR MƏMMƏDLİ - 65
Bugün, 09:19

NADİR MƏMMƏDLİ - 65

Milli maraqlar uğrunda
17-09-2024, 17:28

Milli maraqlar uğrunda

24 Ağu 14:23Manşet / Gündəm

Mehriban xanımın diqqəti və qayğısı ilə...

 

7 il öncə Mehriban xanım Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olundu

"...Əminliklə bildirmək istəyirəm ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün Qarabağ bölgəsini Azərbaycanın ən gözəl bölgələrindən birinə çevirəcəyik. Burada yenidən həyat canlanacaq, bütün rayonlarımız bərpa olunacaq, vətəndaşlarımız öz doğma yurd-yuvalarında yaşayıb-yaradacaqlar".

2020-ci il dekabrın 8-də, Zəfərlə bitən Vətən müharibəsinin üzərindən cəmi bir ay keçdikdən sonra Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva rəsmi instaqram səhifəsindəki paylaşımında bu fikirləri bildirmiş, eyni zamanda qürur hissi ilə xalqımıza Heydər Əliyev Fondunun qədim Qarabağ torpağında Azərbaycan xalqının milli sərvəti olan dini abidələrimizin, məscidlərimizin bərpası üzrə layihəyə başladığı müjdəsini vermişdi: "Bir zamanlar ermənilərin vəhşicəsinə dağıtdığı, tövləyə çevirdiyi müqəddəs dini məkanlarımız yenidən dirçələcək və bütün Qarabağ ərazisindəki məscidlərimizdə azan səsləri eşidiləcək, dualar oxunacaqdır..."

Budur, artıq sürətlə yeni həyata qayıdan Qarabağ və Şərqi Zəngəzurun məscidlərindən də müqəddəs azan sədası yüksələrək bütün Azərbaycana yayılır, xalqımızın ruhuna mənəvi dinclik bəxş edir. 

Mühüm dəstək

Azərbaycan xalqı ilk dəfə işğaldan azad olan yurdlarımızın düşmən tərəfindən necə viranə qoyulmasını o yerlərə Qalib Lider İlham Əliyevlə birgə səfər edən Mehriban xanımın ürək ağrısı ilə çəkib paylaşdığı videogörüntülərdən izləmişdi. Erməni təcavüzkarlarının işğal müddətində yaşayış məntəqələrimizi necə çapıb-talamasını, dini, tarixi, mədəni abidələrimizi dağıtmasını, ekologiyamıza qənim kəsilməsini dəhşətlə seyr etmişdi. 

Eyni zamanda Prezident İlham Əliyevin 2020-ci il noyabrın 24-də birinci xanımla birgə Ağdam Cümə məscidinə ziyarətə getməsi, Məkkədən gətirdiyi "Qurani-Kərim"i dini ocağımıza hədiyyə etməsi xalqımızın ürəyinə sərin su çiləmiş, keçmiş məcburi köçkünlərə tezliklə tarixi yurdlarımızın dirçəldiləcəyinin, ruhunun özünə qaytarılacağının rəmzi mesajını çatdırmışdı. 

Prezident İlham Əliyevin şəxsi diqqəti və nəzarəti ilə cəmi üç il ərzində Qarabağ və Şərqi Zəngəzurda dünyada bərabərinə rast gəlinməyən bərpa və quruculuq işləri aparılır, "ağıllı şəhər və kəndlər" tikilir. Qayıdış proqramının uğurlu icrasının nəticəsidir ki, artıq  Zəngilanın Ağalı, Tərtərin Talış, Laçının Zabux kəndlərinin, eləcə də Laçın və Füzuli şəhərlərinin timsalında tarixi yurdlarımıza Böyük qayıdış da həyata keçirilib.

Azərbaycan dövlətinin işğaldan azad edilən torpaqlarda apardığı nəhəng quruculuq və bərpa işlərinə Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu mühüm dəstək verir. 

Fəaliyyətə başladığı ilk gündən ölkəmizdə müxtəlif sahələri əhatə edən layihə və proqramlar həyata keçirən fond Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsi, keçmiş məcburi köçkünlərin dədə-baba torpaqlarına tez zamanda qayıdışı üçün görülən işlərə dəstək verir, tarixi, dini və mədəni irsimizin bərpası istiqamətində mühüm fəaliyyət göstərir. 

Vətən borcu

Heydər Əliyev Fondunun işğaldan azad edilən ərazilərdəki layihələri Ağdam Cümə məscidi, Zəngilan şəhər məscidi, Şuşada Aşağı Gövhər ağa məscidi, Yuxarı Gövhər ağa məscidi, Saatlı məscidi, Mamayı məscidi və bulağı, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi, Mehmandarovların malikanə kompleksi, Şuşada Yaradıcılıq Mərkəzi, Üzeyir Hacıbəylinin ev-muzeyi və digər tarixi-mədəni abidələrin bərpa və yenidənqurulmasını, Şuşada yeni məscidin inşasını əhatə edir.

Artıq 2023-cü ilin may ayında bərpası başa çatmış Yuxarı Gövhər ağa, Saatlı məscidləri istifadəyə verilib. Hazırda Heydər Əliyev Fondu tərəfindən Şuşada Mamayı və Çöl Qala məscidlərində bərpa işləri, o cümlədən Yeni Şuşa məscidinin tikintisi davam edir. Həmçinin Şuşada Heydər Əliyev Fondu tərəfindən ən geniş bərpa işlərindən biri dağıntıların miqyasına uyğun olaraq Aşağı Gövhər ağa məscidində aparılır.

Ermənistanın torpaqlarımızı işğal altında saxladığı illərdə Zəngilan şəhərindəki məsciddən tövlə kimi istifadə olunub. İşğal altındakı ərazilərimiz azad edildikdən sonra Heydər Əliyev Fondu Zəngilan məscidində də bərpa-tikinti işlərinə başlayıb. Fond tərəfindən təşkil olunan yerli və xarici ekspertlərdən ibarət işçi qrup məscidin mövcud binasını qiymətləndirib, onun konservasiyası və bərpasına, o cümlədən bu ərazidə yeni məscidin tikilməsinə qərar verilib. 2021-ci ildə Prezident İlham Əliyev tərəfindən təməli qoyulan yeni məscidin inşası "Paşa Holding" MMC-nin dəstəyi ilə Heydər Əliyev Fondu tərəfindən həyata keçirilir.

Ermənilərin daşı daş üstündə qoymadığı Ağdamın mənəvi rəmzi Ağdam Cümə məscidi də fond tərəfindən bərpa olunur. 

2022-ci il fevralın 13-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondu tərəfindən Ağdam Cümə məscidində görülən bərpa-restavrasiya işlərinin gedişi ilə tanış olduğu zaman etdiyi çıxışında dövlət başçısı İlham Əliyev fondun işğaldan azad edilən torpaqlarımızda gerçəkləşdirdiyi mühüm işlərlə bağlı bu fikirləri dilə gətirmişdi: "Bütün bu işləri Heydər Əliyev Fondu öz imkanları hesabına görür. Bu, Heydər Əliyev Fondunun Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunmasına növbəti töhfəsidir. Bu, bizim borcumuzdur. Bunu biz edirik. Vətən qarşısında bu borcu şərəflə yerinə yetiririk".

Heydər Əliyev Fondunun Qarabağdakı bərpa layihələrinin bir hissəsi Azərbaycanın mədəniyyət paytaxtı, Zəfər qalamız Şuşa şəhərində həyata keçirilir. Bunların sırasına dahi Azərbaycan şairi və ictimai xadim Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin, Vaqifin büstünün yenidən qurulması, görkəmli bəstəkar Üzeyir bəy Hacıbəylinin heykəlinin Şuşada yenidən ucaldılması, bərpa işlərindən sonra Şuşada Yaradıcılıq Mərkəzinin, Mehmandarovların malikanə kompleksinin  açılışının edilməsi və sair daxildir.  Şuşada bərpa edilərək təqdim edilən möhtəşəm layihələrdən biri də "Yasəmən" hotelidir.

Mədəniyyət paytaxtında fond tərəfindən bərpası həyata keçirilən binalardan biri də milli memarlıq ənənələrini özündə əks etdirən Şirin su hamamıdır. Məşhur tarzən, bəstəkar və Azərbaycan tarını təkmilləşdirən sənətkar Sadıqcanın vaxtilə Şuşada yaşadığı ev də yenidən qurulur.

Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığına əsasən, Heydər Əliyev Fondu Qarabağın mədəni ənənələrinə də yenidən həyat verir. İllər sonra, 2021-ci il mayın 12-13-də Şuşada, Cıdır düzündə fond tərəfindən təşkil olunan "Xarıbülbül" Musiqi Festivalı, həmin il avqustun 30-da illərdən sonra yenidən Şuşada təşkil olunan Vaqif Poeziya Günlərinin keçirilməsi və sair mühüm tədbirlər bunun təcəssümüdür. 

Eyni zamanda fondun təşəbbüsü ilə Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrinin əsərlərinin notlarından ibarət "Əbədi imzalar" toplusunun, "Qarabağın mədəni irsi" adlı nəşrlər toplusunun hazırlanması Azərbaycan xalqının mənəvi, mədəni irsinin dünyada tanıdılmasına, həmçinin qorunaraq gələcək nəsillərə ötürülməsinə ərmağandır.

Nümunə gətirdiyimiz bu faktlardan da göründüyü kimi, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu 2020-ci il dekabrın 8-dən etibarən Qarabağ və Şərqi Zəngəzurda mədəni-dini abidələrin, məscidlərin bərpası layihələrinin icrasını müvəffəqiyyətlə həyata keçirir. Xalqımıza məxsus maddi-mədəni irsin bərpası fonunda tarixi  bərpa etmək kimi nəcib missiyanı yerinə yetirir. Prezident İlham Əliyevin təbirincə desək, Heydər Əliyev Fonduna xas olan zövqlə, Mehriban xanımın rəhbərliyi ilə...

Hörmətli Mehriban xanım Əliyeva,
Sizi 60 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm! 
Siz, Azərbaycanın birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, mədəniyyətin, incəsənətin, elm və təhsilin inkişafında mühüm rol oynayan bir şəxsiyyət olaraq, yalnız öz ölkənizdə deyil, beynəlxalq miqyasda da tanınan bir lider oldunuz. Sizin rəhbərliyiniz altında həyata keçirilən bir çox sosial layihələr, mədəniyyətin və incəsənətin inkişafı, gənc nəsil üçün yeni imkanların yaradılması, insan hüquqlarının qorunması sahəsindəki fəaliyyətiniz əslində bir çox insanın həyatında müsbət dəyişikliklərə səbəb olub.
Sizin rəhbərliyiniz altında Heydər Əliyev Fondu bir çox sosial layihələr həyata keçirmiş, müharibə, aclıq, xəstəlik kimi çətinliklərlə üzləşən insanlara yardım etmişdir. Sizin bu işlərə göstərdiyiniz qayğı və diqqət, yalnız Azərbaycanın deyil, dünya miqyasında da bir çox insanların həyatını daha yaxşı hala gətirmişdir.
Mədəniyyət sahəsindəki fəaliyyətiniz də nəzərdən qaçmır. Sizin təşəbbüsünüzlə keçirilən beynəlxalq festivallar, sərgilər, mədəniyyət mübadiləsi layihələri Azərbaycanın mədəni irsini dünya səhnəsində tanıtmışdır. Siz, həmçinin, gənc istedadların, yaradıcı insanların dəstəklənməsi üçün əvəzsiz bir rol oynayırsınız.
Bundan əlavə, sizin insanlara, xüsusilə şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, veteranlara, uşaqlara və qadınlara olan xüsusi diqqətiniz, onların hüquqlarının qorunması və inkişafı üçün göstərdiyiniz səylər hər kəsin qəlbində dərin iz buraxıb. Siz, güclü liderlik xüsusiyyətləriniz, müdrikliyiniz və xeyirxahlığınızla insanların sayəsində sevilən bir şəxsiyyət olmusunuz.
Bu xüsusi gününüzdə sizə uzun ömür, sağlamlıq, sevgi və xoşbəxtlik arzulayıram. Uğurlarınızın davamını diləyir, sizinlə fəxr etdiyimizi bildirirəm. Yubileyiniz mübarək olsun!
Hörmətlə,

 

Vəfa Cavadova

“Mərkəzi Univermaq”ın rəhbəri