Menu
Xəbər Lenti
Azərbaycana payız gəlir
18-09-2024, 07:55

Azərbaycana payız gəlir

Ronaldoya yeni baş məşqçi
18-09-2024, 07:02

Ronaldoya yeni baş məşqçi

Milli maraqlar uğrunda
17-09-2024, 17:28

Milli maraqlar uğrunda

09 Ağu 16:27Manşet / Gündəm

QARDAŞIM MƏNİM, SİRDAŞIM MƏNİM

 

Yusif Bəhramoğlu mənim qardaşımdır. Yaşca məndən kiçik olduğundan elə bilirdim məni son mənzilə Yusif yola salacaq, haqqımda xatirələri Yusif yazacaq...


7 günlük mərasim başa catdı. Gedib-gələnlərin sayı azaldı. Ümid qaldı xatirələrə… Darıxdırıcı gecələrin birində ciyərparası (sözün həqiqi mənasında) Aytənindən şeirlərinin qalıb-qalmadığını soruşdum. "Necə qalmayıb? Özü də bir sandıq" deyəndə elə pərt oldum ki... Elə bilirdim, yalnız dəvət olunduğu məclislər üçün yazır. Hər bir istedadlı gəncin üzünə açıq olan "Söz" jurnalında cəmi dörd dəfə, hər dəfə bir şeir olmaqla şəkilsiz-filansız dərc olunmuşdu. Şeirləri Aytən vermişdi. Sergey Yesenindən "Mənim bir sonuncu əyləncəm qalıb" başlıqlı tərcüməsini isə özü. Elə-belə oxumağım üçün. Bitkin tərcümə olduğu üçün "Söz"də dərc elədim.


Oxunası güclə mümkün olan saralmış vərəqlər. Bəziləri səliqəli, bəziləri səliqəsiz. Bitmiş şeirlər də var, bitməmişlər də. Həyatda ömrü bitib. Bu vərəqlərdə, dəftərçələrdə isə diridir, üzüntülü gecələri davam edir. Lap səsini də eşidirəm:


 

Gəlib gördüm yamanlığın,


Yamanlığın şeytanlığın,


Gəlişimin peşmanlığın


Bildim ağlaya-ağlaya.


 

Ürəyimdə var hövsələ,


Mən gəlmişəm gülə-gülə.


Bu dünyaya gəldim belə


Gəldim ağlaya-ağlaya.


 

Ürəyimi açdım yelə,


İstəyir dünya sökülə.


Məni basdır gülə-gülə,


Öldür ağlaya-ağlaya


 

Yəqin ki bu şeirləri oxuyanlar istedadlı bir insanın ömrünün qısalığına, itkisinə təəssüflənəcək, onu qocalda bilməyəcək qoca dünyada həmişə cavan-43 yaşında qalacağına heyfslənəcəklər.


Şeirlərində sevincdən çox, məruz qaldıqları sıralanıb. Ona məhz bu sarsıntılar, bu göynərtilər, bu yaşantılar doğma olub. Ürəyinin vadar etdiyi ağrı-acılı duyğular onu belə yazmağa məcbur edib:


 

Ümid elədim sabaha,


Şeytan çəkir hey günaha.


Əlimi açdım Allaha


O da əlimdən gizlənir.


 

Öz içində məni olan, lakin mənəm-mənəmliyi olmayan bir şəxsin qələmindən çıxan şeirlərdir yazdıqları. Fələk yazdıqlarının sevincini yaşamağı çox görüb ona. Şeirləri dəfə-dəfə oxuyuram. Bir qismi Füzuliyanə, bir qismi Sabiranə. Bir az böyük çıxsa da, deyərdim ki, bütövlükdə Yusifanə.


 

 

Qəmxarım qəm, qılma qəm kəm, qəm kifayətdir mənə,


Qəm mənim qəmsizliyimdən qəmli qiymətdir mənə.


 

Açığı, bu beyti oxuyanda bi az şübhəli qaldım. Düşündüm, bəlkə Füzulidən götürüb təxmis yazacaq.


İstedadına və savadına inandığım şair Ağamir Cavada zəng vurdum. Dedi, arxayın ol, Yusifin öz fikirləridir.


 

Aparası deyiləm mən özümlə,


Acı-acı axar şirin sözümdən.


Damcı-damcı düşüb gedər gözümdən


Həyat belə, dövran belə, gün belə.


 

Şeirlərində ölüm haqqında düşüncələr özünə yer alsa da, dilində zarafatları əskik olmazdı. Zarafatları qəzəllərində özünə daha çox yer alıb.


 

Bizləri işlədərək pul yerinə vəd verilir,


Yığmışıq vəd yerinə xeyli qənimət, ay Hacı.


 

Yaxşı ki, verdiyiniz maaş badımcana çatır,


Görürük şükür ola hərdən yuxuda ət, ay Hacı.


 

                           ***


Çoxlar qocalanda demə ağsaqqal olurlar,


Yusif kimi bir kimsə cavankən pir olmadı.


 

Yusif hər zaman elə mövzulardan yazıb ki, onların " sandıq ədəbiyyatı" olmaq qorxusu yoxdur. Bütün şeirlərində sabaha inam var, işıqlı bir ümid var. Bu fikirləri şeirlərə baxandan sonra Xalq şairi Fikrət Qoca da söylədi, "Ulduz" jurnalında poeziya şöbəsinin müdiri Fərqanə Mehdiyeva da. Hər ikisinin ruhu şad olsun. Fikrət Qoca yazırdı ki, Yusif Bəhramoğlunun əlyazmaları qarşımdadır: qoşmalar, qəzəllər, sərbəst şeirlər.Bəzisi tam şeirlərdir, bəzisi də öz ömrü kimi yarımçıq qalıb. Ömür-gün yoldaşı Aytən xanıma deyirmiş ki, qocalanda yenidən bu şeirlərə qayıdacağam, işləyjib cap etdirəcəyəm. Amma sən saydığını say, gör fələk nə sayır. 43 yaşında eləcə cavan qaldı. Onun zamanı dayandı.


 

Fərqanə xanım yazır: "Yusif Bəhramoğlu gənc yaşlarından yaradıcılıqla məşğul olub. Amma şeirlərini heç yerə təqdim etməyib. Bunu özü istəməyib. "Özüm üçün yazıram. Qismət olsa, qocalanda dərc elətdirərəm",- deyib. Şeirlərini oxudum. Hər misrasında yarımçıq qalmış bir taleyin izlərini gördüm:


 

Başım üstə bir azğın əjdahadı,


Bu torpaq da nə azğın iştahada.


Həyat mənə ölümdən də bahadı,


Ölüm kimi heç nə ucuz görünməz.


 

Və yaxud:


 

İncimə, bəlkə mən gedəsi oldum,


Mən gedim, sonra sən ağla dalımca.


Üzünə, gözünə təbəssüm çilə,


Nə qədər burdayam saxla doyunca.


 

Neyləyək ki, Yusif Bəhramoğlu qocala bilmədi. Cavan getsə də, həyatda iz qoydu”.


Ruhun şad, məzarın nurlu olsun, qardaşım mənim, sirdaşım mənim!


 

Sevda ƏLİBƏYLİ