Salam verəndə də siqnal, söyüş söyəndə də: Yolların həsrət qaldığı sürücü mədəniyyəti
Demək olar ki, gün ərzində hər birimiz ehtiyac oldu-olmadı siqnallardan istifadə edən sürücülərlə rastlaşırıq. Bu isə daha çox günün pik saatlarında baş verir. Nəzərə alsaq ki, insanlar həmin vaxtlarda ya işə, ya da dərsə, ya da mənzil başına tələsirlər, bu gərgin situasiyada siqnalların verilməsi onlarda haqlı narazılığa səbəb olur.
Ölkəmizdə sürücülük mədəniyyəti niyə aşağı səviyyədədir, ümumiyyətlə bununla bağlı hansı cərimələr tərtib olunur?
Oxu.Az hər kəsi narahat edən problemi araşdırıb.
Şəhər sakinləri ilə yanaşı, sürücülərin özləri də bu vəziyyətdən narazıdırlar. 5 nömrəli müntəzəm marşrut avtobusunun sürücüsü Namiq Əhmədov deyir ki, əksəriyyəti salam vermək, yaxud da nalayiq ifadə işlətmək istədikləri zaman siqnallardan istifadə edir.
“Siqnal vermək düz deyil. Sanki hamı harasa tələsir. Heç bir ölkədə belə bir şey yoxdur. Tıxacdırsa, dayanmalı və gözləməlisən. Maşınların üstündən adlamayacaqsan ki... Salam vermək istədiklərində də siqnaldan istifadə edirlər. Kiminsə qabağını kəsəndə söyüşü siqnalla əvəzləyirlər. Avtobusun qabağına çıxırlar, cərimə tətbiq olunur, yenə də edirlər”.
Şəhər sakini Cəmilə Əliyeva isə körpə övladının siqnal səsinə oyanmasından narahatdır:
“Həftəsonu evimdə övladımla dincəlmək istəyirəm. Lakin siqnal səsi uşağı yuxudan oyadır. Burada dayansanız, görəcəksiniz ki, avtobus dayananda arxadakı bütün maşınlar siqnal verəcəklər”.
Digər şəhər sakinləri isə siqnal səslərinin insanların sağlamlıqlarına mənfi təsir etdiyini deyirlər:
Siqnal səsləri bizi çox gərginləşdirir. İctimai nəqliyyatdan istifadə edərkən, sürücülərin öndə olan maşınlara siqnal verdiklərinin şahidi oluruq, başa düşmək lazımdır ki, bütün sürücülər işıqforun müvafiq işıqlarına uyğun hərəkət edirlər. Buna görə də hər hansı siqnal verməyə ehtiyac yoxdur, bu, mədəniyyətsizlikdir. Bir sıra fərqli dövlətlərdə olmuşam orada belə bir şey yoxdur. Yalnız ehtiyac olduğu zaman siqnaldan istifadə edirlər.
Yəqin ki, çoxunuz fərqli dövlətlərdə olmusunuz və onların şəhər mədəniyyəti ilə tanışsınız. Nəqliyyatın özünəməxsusluğu dərhal seçilir. Norveçli dostum, jurnalist Sverre Qraff deyir ki, yaşadığı ölkədə nəqliyyat “səssiz hərəkət” prinsipinə əsaslanır.
“Hər gün səhər insanlar işə gedirlər. Siz Norveçdə siqnal səsini eşidə bilməzsiniz. Çünki, burada insanlar “səssiz hərəkət” prinsipi ilə hərəkət edirlər. Xüsusi təhlükəli hallar yaranmasa, burada siqnaldan istifadə etmək olmaz. Fərz edək ki, siz siqnaldan istifadə etdiniz, polis sizə hər hansı bir cəza tətbiq etməyəcək. Çünki polisin bundan daha vacib işləri var. Norveçdə sürücülər daha mədəni və bir-birilərinə yol verərək hərəkət edirlər. Sürücülük mədəniyyəti də, məhz buradan başlayır”.
Əhali arasında sinir sistemi xəstəliklərindən əziyyət çəkən insanların sayı kifayət qədərdir. Siqnal səsləri onların səhhətinə birbaşa təsir edir. Həkim-nevropatoloq Qalib Əsədov bildirib ki, səslər müəyyən desibeldən yuxarı olduğu zaman insanlarda aqressiyanın artmasına səbəb olur:
“İstər siqnal səsi, və ya hansısa bir qışqırıq, musiqi səsinin normadan yuxarı olması beynimizdə həyəcan siqnalına səbəb olur. Bu da öz növbəsində insanlarda aqressiyanı artırır. Məsələn toylarda baş verən davalar səbəbsiz deyil. Musiqi o qədər yüksək olur ki, istər-istəməz insanlarda əsəbilik yaranır və nəhayətində dalaşırlar. Sinir xəstəsi olub-olmamasından asılı olmayaraq, bu kimi səslər aqressiyanı artırır”.
Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru, polis leytenantı Elvin Hacıyev bildirib ki, səs siqnallarının lüzumsuz yerə istifadə olunmasına görə, İnzibati Xətalar Məcəlləsinin (İXM) 329.3-cü maddəsinə əsasən, məsuliyyət yaranır. Onun sözlərinə görə, dəfələrlə bu barədə sürücülərə xəbərdarlıq edilib:
“Tərəfimizdən dəfələrlə səs siqnallarının lüzumsuz yerə istifadə olunmasına görə, media subyektləri, həmçinin sosial şəbəkə seqmentləri vasitəsi ilə müraciətlər edilib. Nəzərə almaq lazımdır ki, belə olduğu təqdirdə sürücülər arasında ciddi şəkildə narazılıqlar yaranır. Bəzən bu, mübahisələrə gətirib çıxarır. “Yol hərəkəti haqqında” Qanuna əsasən, səs siqnallarından yalnız yaşayış məntəqələrindən kənarda, ötmə niyyətli başqa sürücüləri xəbərdar etmək məqsədi ilə, zəruri olan hallarda, bundan başqa yol nəqliyyat hadisəsinin qarşısını almaq üçün istifadə oluna bilər. Bu hallardan başqa səs siqnallarından istifadə olunması İXM-nin 329.3-cü maddəsinə əsasən məsuliyyət yaradır və həmin sürücü 30 manat məbləğində cərimə olunur. Sürücüləri qanunla nəzərdə tutulan qaydalara ciddi şəkildə riayət etməyə çağırırıq”.
Almaz Qasımova