Azərbaycan ədliyyəsi də yeni tarixi mərhələyə qədəm qoyur. Ədliyyə orqanlarının yaradılmasından 106 il ötür
“Böyük Qayıdış” Gənclər Təşkilatı Zəfər Günü və Dövlət Bayrağı Günü ilə bağlı bir sıra tədbirlər həyata keçirib
Qarşılıqlı hörmət və dostluğa söykənən Azərbaycan-Çin strateji tərəfdaşlığı - ŞƏRH
Azərbaycan Prezidenti İlham Əliyevin doğum günü ilə bağlı dünyanın nüfuzlu dövlət başçılarından, beynəlxalq təşkilatların rəhbərlərindən təbrik məktubları gəlməkdədir. Bu təbirklərdə Prezident İlham Əliyevin nüfuzlu dövlət xadimi olmaqla yanaşı, irimiqyaslı iqtisadi, siyasi layihələri uğurla həyata keçirdiyi, Azərbaycanı tək regionda deyil, Avropada, Asiyada güclü ölkəyə çevirdiyi xüsusi vurğulanır.
Bu gün İlham Əliyevi təbrik edən dünyanın fövqəldövləti - Çin Xalq Respublikasının sədri Si Cinpinin təbrik məktubu da bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Ən mühüm olan odur ki, məktubda Azərbaycan və Çinin dost və tərəfdaş ölkələr olması xüsusi vurğulanır.
Çin lideri iki ölkə arasında münasibətlərin qarşılıqlı etimada əsaslandığını qeyd edib. Azərbaycan Prezidentinin bu münasibətləri möhkəmləndirmək üçün səylərini gücləndirdiyi vurğulanıb. Sədr Si Cinpin iki ölkə arasında münasibətlərin inkişafına xüsusi əhəmiyyət verdiyini bildirib. Onun Azərbaycan Prezidenti ilə birgə səyləri davam etdirmək istəyi də mühüm əhəmiyyət daşıyır.
Azərbaycan qlobal alternativ güc olan Çinlə münasibətlərə hər zaman önəm verib. Prezident İlham Əliyev dəfələrlə bunu öz müsahibələrində, əksər beynəlxalq tədbirlərdə qeyd edib. “Bir daha təsdiq edə bilərəm ki, Çin-Azərbaycan münasibətləri əla səviyyədədir və bu təhlil, bu ifadə ikitərəfli əlaqələrin geniş gündəliyini, əməkdaşlığın çox aydın perspektivlərini əhatə edir”, - deyən dövlət başçısı ikitərəfli əlaqələrdə qazanılan nailiyyətləri çox uzun bir yolun başlanğıcı hesab etdiyini söyləyib. Bu yolu strateji əməkdaşlıq yolunun başlanğıcı adlandırıb. Çünki bu gün regionun siyasi, habelə nəqliyyat marşrutları xəritəsinə nəzər saldıqda görürük ki, ölkələrimiz bir-biri ilə nə dərəcədə eyni mövqedən çıxış edirlər.
Yeri gəlmişkən, Azərbaycan rəhbərliyinin özünə strateji müttəfiq seçəndə yanılmadığı hər sahədə özünü göstərir. Bu, xüsusən də İkinci Qarabağ müharibəsində özünü göstərdi. Qeyd edilməlidir ki, ərazi bütövlüyü və separatçılıq problemləri barəsində Azərbaycan ilə eyni həssaslığı paylaşan Çin Azərbaycanın BMT-də irəli sürdüyü təkliflərdə ya bitərəf qalıb, ya da qərarların lehinə səs verib. 2008-ci il martın 14-də Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətinə dair BMT Baş Məclis tərəfindən qəbul olunan qətnamədə Çin Azərbaycanın lehinə səs verib, Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirib və münaqişənin sülh yolu ilə həllinə tərəfdar olduğunu bildirib.
Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləyən Çin 2020-ci il sentyabrın 27-də - Vətən müharibəsi başlayanda da ölkəmizin yanında dayandı. BMT Təhlükəszlik Şurasında keçirilən müzakirələrdə Azərbaycanın haqq mübarizəsini müdafiə etdi. Ən mühüm məqamlardan biri də odur ki, Çin artıq keçmişdə qalan münaqişəni Avrasya və hətta qlobal konteksdə görüb.
Azərbaycan uzun illərdir ki, xarici siyasət hədəflərindən biri Çinlə qarşılıqlı-faydalı əməkdaşlıqdan mühüm siyasi-iqtisadi dividendlərin əldə edilməsinə çalışıb. Nəticə də göz önündədir. İqtisadi əlaqələrdən bəhs edərkən, ilk növbədə, vurğulamaq gərəkdir ki, iqtisadiyyatın bütün sahələrində uğurlu inkişaf edən əməkdaşlıq münasibətləri ticari əlaqələrin perspektivi üçün mühüm strateji baza formalaşdırır. Ümumilikdə, mövcud olan mühüm siyasi-iqtisadi əməkdaşlıq əlaqələri regionlararası əməkdaşlıq və inteqrasiyanın sürətləndirilməsində önəmli rol oynayır.
Çin Qafqaz, Xəzər hövzəsi və Orta Asiyadakı bir sıra qlobal layihələrə xüsusi maraq göstərir. Bu ölkənin diqqətini cəlb edən əsas layihələrdən biri TRACECA çərçivəsində reallaşdırılan Şərq-Qərb nəqliyyat dəhlizidir. Artıq rəsmi Pekin Axalkalaki (Gürcüstan) - Qars (Türkiyə) dəmir yolunun çəkilməsi layihəsinə də maraq göstərir və onun maliyyələşdirilməsində iştirak etməyə razılıq verib. Çünki bu dəhliz Çin və Orta Asiya məhsullarının ən qısa marşrutla Avropaya daşınmasına imkan yaradacaq.
Çin Xalq Respublikasının sədri Si Cinpin isə deyib ki, uzun illərdir Çin ilə Azərbaycan hüquq bərabərliyi, qarşılıqlı fayda və qarşılıqlı hörmət ruhunda ikitərəfli əlaqələri inkişaf etdirir, həyati əhəmiyyətli və ciddi narahatlıq doğuran məsələlərdə bir-birini qətiyyətlə dəstəkləyirlər: “Siyasi sahədə qarşılıqlı etimad daim möhkəmlənir, çoxplanlı əməkdaşlıq fasiləsiz olaraq dərinləşir. Ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətləri üçün möhkəm təməl və geniş perspektivlər var”.
Beləliklə, Azərbaycan-Çin əməkdaşlığı parlaq geostrateji perspektiv vəd edir və hər iki ölkənin siyasi, iqtisadi potensialı yeni əməkdaşlıq platformalarının formalaşmasına zəmin yaradır. Azərbaycan dost ölkə ilə nəqliyyat–logistikaya dair qlobal təşəbbüslər müstəvisində də sıx əməkdaşlıq qurub. Hər iki dövlət tərəfindən irəli sürülən “Bir kəmər, bir yol” layihəsinin mühüm hissəsi olan Orta Dəhlizin infrastrukturunun inkişafına əhəmiyyətli investisiyalar yatırılıb.
Qeyd etdiyimiz kimi, artıq Azərbaycanla Çin arasında əməkdaşlıq strateji önəm kəsb etməyə başlayır. Bütün bunlar da düzgün xarici siyasətin nəticəsidir. Əminliklə deyə bilərik ki, iki ölkə arasında münasibətlər Çin Sədrinin də vurğuladığı kimi, ölkələrimizin və xalqlarımızın rifahı naminə ikitərəfli dostluq və əməkdaşlıq münasibətlərini yeni səviyyəyə yüksəldəcək.
“Report” İnformasiya Agentliyi