Azərbaycan ədliyyəsi də yeni tarixi mərhələyə qədəm qoyur. Ədliyyə orqanlarının yaradılmasından 106 il ötür
“Böyük Qayıdış” Gənclər Təşkilatı Zəfər Günü və Dövlət Bayrağı Günü ilə bağlı bir sıra tədbirlər həyata keçirib
Gələn ilin qrant müsabiqələri NK-nın təsdiq etdiyi qaydalar əsasında bu yaxınlarda elan ediləcək - MÜSAHİBƏ
Nazirlər Kabineti Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən QHT-lərin qrant maliyyələşməsi ilə bağlı müsabiqələrin keçirilməsi qaydasını, qrant məbləğinin müəyyən edilməsi meyarlarını və hər bir mövzu üzrə qrant məbləğinin yuxarı həddini təsdiq edib.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Ülviyyə Qarayeva AZƏRTAC-ın bununla bağlı suallarını cavablandırıb.
- Nazirlər Kabineti Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən QHT-lərin qrant maliyyələşməsi ilə bağlı müsabiqələrin keçirilməsi qaydasını, qrant məbləğinin müəyyən edilməsi meyarlarını və hər bir mövzu üzrə qrant məbləğinin yuxarı həddini təsdiq etdi. Bu qaydalar hansı dəyişiklikləri nəzərdə tutur?
- Bu qaydalar üzərində uzun müddət iş aparıldı. 2021-ci ildə təsis edilən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin əsas fəaliyyət istiqamətlərindən biri məhz dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən məsələlərə dair QHT-lərin irəli sürdükləri təşəbbüslərin, layihələrin qiymətləndirilməsidir. Ötən 2 illik dövrdə agentlik tərəfindən QHT layihələri ilə bağlı müxtəlif mövzular üzrə 8 qrant müsabiqəsi keçirilib. Bu müsabiqələr agentliyin Müşahidə Şurasının tərtib etdiyi müvəqqəti qaydalar əsasında aparılıb. Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalardan sonra artıq müvəqqəti qaydalar qüvvədən düşür. Bu, gözlənilən idi. Qaydaların işlənilməsi zamanı ötən qrant müsabiqələrində əldə edilmiş təcrübə ətraflı təhlil edilərək nəzərə alınıb, şəffaflıq, obyektivlik, bərabər imkanlar prinsipləri rəhbər tutulub. Bu qaydalar QHT-lərin özlərini daha yaxşı realizə edə bilməsi üçün indiyədək olmamış şəkildə geniş imkanlar açır. Sağlam rəqabət prinsipləri əsasında davamlı inkişaf vətəndaş cəmiyyəti üçün də həyati əhəmiyyət daşıyır.
- İndiyədək mövcud olan müvəqqəti qaydalarla müqayisədə yeniliklər çoxdur?
- Bəli, çoxdur. Qaydalar müəyyən edir ki, indi olduğu kimi, 4 müsabiqə forması vardır: kiçik, orta, böyük qrant müsabiqələri və səfər qrantı müsabiqəsi. “Kiçik qrant müsabiqəsi” çərçivəsində qalib layihələrə maksimum 15 000 manat, “Orta qrant müsabiqəsi” çərçivəsində maksimum 30 000 manat, “Böyük qrant müsabiqəsi” çərçivəsində isə maksimum 50 000 manat qrant məbləği ayrılacaq. Səfər qrantı üzrə layihələrdə isə maksimum məbləğ 10 000 manatdır. Agentlik tərəfindən eyni QHT-nin həmin təqvim ili ərzində bu müsabiqələr üzrə yalnız bir layihəsi (səfər qrantları istisna olmaqla) maliyyələşdirilə bilər. Müsabiqə elanına uyğun olaraq, QHT müsabiqəyə tək və ya digər tərəfdaş QHT və ya QHT-lər ilə birlikdə layihə təqdim edə bilər. Bu zaman layihə təqdim edən QHT-lər saziş imzalamaqla əsas ərizəçi təşkilatı müəyyən edirlər. Birgə layihəni əsas ərizəçi təşkilat təqdim edir və qalib gələrsə, qrant müqaviləsi də həmin təşkilatla bağlanılır.
Yeniliklər əsasən meyarlarla bağlıdır. Layihənin QHT-nin nizamnaməsində nəzərdə tutulan fəaliyyət istiqamətlərinə uyğun olması əsas şərtlərdən biri olacaq. Bəzi hallarda QHT-lər elə layihələr təqdim edir ki, QHT-nin öz Nizamnaməsində həmin fəaliyyət istiqaməti yoxdur. Bundan başqa layihənin icrası ilə bağlı QHT-nin işçi heyəti layihə idarəetmə imkanlarına malik olmalıdır. Bunlar olmadıqda, təqdim olunan layihələr bütün müsabiqə formaları üzrə texniki ekspertiza mərhələsindən keçə bilməyəcək. Bu “filtr” layihə təqdim edən QHT-lərin məsuliyyətini artıracaq.
- Kiçik qrant müsabiqəsi ilə müqayisədə, orta və böyük qrant müsabiqələrinə müraciət edən QHT-lər üçün daha çox tələblər qoyulub. Bu nə ilə bağlıdır?
- Bu, təbiidir, çünki həmin müsabiqələr üzrə qrant məbləğləri kiçik qrantlarla müqayisədə 2-3 dəfə çoxdur. Layihə təqdim edən QHT-nin Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 oktyabr tarixli 654 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən, fəaliyyət sahələrinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə qrant verə bilən qurumların Siyahısı”nda nəzərdə tutulan qurumlar qarşısında (olduğu halda) müqavilə şərtlərindən irəli gələn maliyyə öhdəliyinə əməl etməməsi halı olarsa, həmin QHT-lər orta və böyük qrantlara iddia edə bilməzlər. Əgər hər hansı QHT dövlət büdcəsindən ayrılmış maliyyəni düzgün idarə edə bilməyibsə, maliyyə öhdəliklərini pozubsa, ona 30 və ya 50 min manatlıq qrant məbləği etibar olunmayacaq. Belə QHT-lər orta və böyük qrant müsabiqələrinə buraxılmayacaq. Bütün bunlar ciddi maliyyə intizamı yaradacaq.
Orta qrant müsabiqələrində iştirak üçün daha bir şərt layihə təqdim edən QHT-nin müvafiq olaraq son 3 ərzində fəaliyyəti, həyata keçirdiyi layihələr, habelə proqramlar barədə azı 10 informasiyanın media subyektlərində yayılmasıdır. Aydınlıq üçün deyim ki, qanunla “media subyekti” dedikdə, yalnız Media Reyestrindən keçmiş media qurumları nəzərdə tutulur. Əgər hər hansı QHT barəsində son 3 il ərzində ictimaiyyət ciddi mediada heç 10 informasiyaya rast gəlməyibsə, onun fəaliyyəti artıq şübhəlidir və ona 30 min manatlıq qrant məbləği etibar oluna bilməz. Böyük qrant məbləğlərində isə bu tələblər müvafiq olaraq, 5 il ərzindəki müddəti və azı 20 informasiyanın media subyektlərində yayılmasını nəzərdə tutur.
Müzakirələrin gedişində belə təkliflər də var idi ki, orta və böyük qrant müsabiqəsinə yalnız müvafiq olaraq 3 və 5 il təcrübəsi olan QHT-lər buraxılsın, lakin biz bunu doğru saymadıq. Biz istəyirik ki, cəmiyyətimizdə sağlam QHT-lərin sayı daha çox olsun, ona görə də yeni və ya köhnə fərqi qoyulmadan hamıya bərabər, sağlam rəqabət imkanları yaradılır. Əgər yeni yaranmış QHT illərlə fəaliyyət göstərmiş QHT-dən daha yaxşı layihə təqdim edə bilirsə, onun qarşısı niyə alınmalıdır ki?! Burada rəqabət layihənin daha keyfiyyətli hazırlanması və icrası uğrunda getməlidir.
- Yeni qrant müsabiqələri nə vaxt elan olunacaq?
- Burada da yenilik var. İlk dəfə olaraq, növbəti ilin (2024-cü ilin) qrant müsabiqələri xeyli öncə - bu ilin payızında elan olunacaq. Oktyabr ayında müsabiqə elanlarının olması gözlənilir, 2 ay müddətində layihələrin qəbulunun davam etdirilməsi, dekabrda isə layihələrin ekspertizasına başlanması nəzərdə tutulur. 2024-cü ilin ilk rübündə isə qrant müsabiqələrinin nəticələrinin elan edilməsi planlaşdırılır. Bu o deməkdir ki, QHT-lər müsabiqələrə hazırlaşmaq üçün çox vaxt qazanırlar, bunu təqdim edilən layihələrin keyfiyyətində görmək arzusundayıq.
- Layihələrin ekspertizası necə təşkil olunacaq?
- Müsabiqəyə təqdim olunmuş layihələrin ekspertizası 3 mərhələdə aparılacaq: layihələrin texniki ekspertizası, layihələrin cəlb olunmuş müstəqil ekspert qrupu tərəfindən ekspertizası, layihələrin qiymətləndirilməsi və aidiyyəti qərarların qəbul edilməsi. Bu ekspertiza prosesi bütün mərhələlər üzrə çox ciddi aparılacaq. Təcrübədə rast gəlmişik ki, əvvəllər keçirilən müsabiqələrin nəticələrinə görə dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilmiş bəzi layihələri QHT-lər təkrar agentliyə də təqdim edib qrant almaq iddiasına düşürlər. Əvvəl maliyyələşdirilmiş eyni məzmunlu layihələr olduğu aşkar olunsa, həmin layihələr dərhal müsabiqədən kənarlaşdırılacaq. Sonradan problem yaranmaması üçün bu niyyətə düşən QHT-ləri bu kimi üsullardan öncədən çəkinməyə dəvət edirik. Texniki ekspertizadan keçən layihələrə müstəqil ekspert qrupu baxacaq. Onların rəyini nəzərə almaqla, layihələrə agentliyin Müşahidə Şurası kollegial əsasda baxacaq və qalibləri müəyyənləşdirəcək. Bütün proses qaydalara uyğun olaraq tam şəffaf olacaq. QHT-lərin nəticələrdən narazılığı olarsa, buna Apellyasiya Komissiyası baxacaq. Əgər QHT təqdim etdiyi layihə barədə Apellyasiya Komissiyasının da qərarından narazı olarsa, məsələyə məhkəmə qaydasında baxılacaq. Bütün qərarlar ciddi əsasladırılacaq, bundan heç kim narahat olmasın. Əslində, ekspertizanın gücləndirilməsi QHT-lərin xeyrinədir. Qalibliyə layiq olanlar öz yerlərini daha rahat tuta biləcək.
- Layihələrin icrasına nəzarət, monitorinq və qiymətləndirmə haqqında nə deyə bilərsiniz?
- Agentlik maliyyələşdirdiyi bütün layihələrin icrasına və dövlət büdcəsi hesabına verdiyi qrantın təyinatı üzrə istifadə edilməsinə nəzarəti həyata keçirir. Qəbul olunan qaydalar bu nəzarəti də müəyyən edir. Agentlik maliyyələşdirdiyi layihələr üzrə hesabatları tələb etmək, monitorinq və qiymətləndirmə aparmaq hüququna malikdir. Lakin bu monitorinqlər qətiyyən QHT-nin fəaliyyətinə maneə yaratmaq məqsədi daşımır. QHT-lər qaydanın, eləcə də qanunvericiliyin tələblərinə uyğun olaraq təsviri və maliyyə hesabatlarını qrant müqavilələrində göstərilən müddətdə agentliyə təqdim etməlidirlər. Agentlik tərəfindən monitorinqlərin və qiymətləndirmənin aparılması zamanı şəffaflıq, obyektivlik və qərəzsizlik əsas prinsiplərdir.
- Qəbul olunmuş qaydalara əsasən QHT-lər üçün hər hansı sanksiyalar tətbiq oluna bilərmi?
- Agentlik fəaliyyəti çərçivəsində QHT-lərə hər hansı sanksiyaların, qadağaların qoyulmasının tərəfdarı deyil. Layihələrin icrasına nəzarət, monitorinqlərin aparılması və qiymətləndirilmənin təşkili agentliyin çoxşaxəli fəaliyyət istiqamətlərindən sadəcə biridir. Qrant müqaviləsinin şərtlərinin pozulması, layihənin icra olunmaması halları aşkar edildikdə, müvafiq addımlar atılması qanunvericiliyin tələbləri sırasındadır. İlkin mərhələdə qrant müqaviləsi üzrə öhdəliklərin pozulması hallarına görə QHT-nin 2 ilədək müddətə müsabiqədə iştirak hüququndan məhrum edilməsi, digər sui-istifadə hallarını aşkar etdikdə isə müvafiq tədbirlər görülməsi üçün aidiyyəti dövlət orqanlarına müraciət edilməsi nəzərdə tutulub. Ümid edirik ki, QHT-lərimizin şəffaf, hesabatlı fəaliyyətinin nəticəsi olaraq hər hansı qadağanın tətbiqinə zərurət qalmayacaq.
- QHT-lər üçün yenə şad xəbərlər olacaqmı?
- Şad xəbərlərimiz çox olacaq. Əvvəlcədən bu barədə danışmaq doğru olmazdı. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi artıq formalaşma dövrünü geridə qoyub. Bundan sonra islahatlar daha geniş miqyasda aparılacaq. Biz istəyirik ki, Azərbaycanın vətəndaş cəmiyyətinin sərbəst fəaliyyəti üçün hər cür imkanlar mövcud olsun. Agentliyin əsas məqsədi dövlət və cəmiyyət həyatında qeyri-hökumət təşkilatlarının rolunun artırılması, onlar üçün əlverişli imkanların yaradılması, öz fəaliyyətində müsbət mənada fərqlənən QHT-lərə daha güclü dəstək olmaqdır. Son illər QHT-lərin fəaliyyətində aktivlik, onların dövlət və cəmiyyət həyatında yaxından iştirak etməsi göz qabağındadır. Şuşada Xankəndi-Laçın yolundakı uzunmüddətli aksiya da göstərdi ki, Azərbaycan vətəndaş cəmiyyəti xeyli yetkinləşib, regional proseslərə istiqamət verə bilir. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev də Xankəndi-Laçın yolundakı aksiya iştirakçılarına güclü mənəvi dəstəyini ifadə etdi. Biz çalışırıq ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyini hər bir QHT öz dostu hesab etsin. Bizim hər bir QHT-yə münasibətimiz köməklik, dəstək mövqeyindəndir. Dəstək isə təkcə maddiyyatla ölçülmür. İslahatlar dərinləşdikcə, hər kəs buna daha yaxşı əmin olacaq.