Menu
Xəbər Lenti
Neftimiz bahalaşdı
30-11-2024, 10:21

Neftimiz bahalaşdı

Xalq rəssamı vəfat etdi
29-11-2024, 05:53

Xalq rəssamı vəfat etdi

02 Ock 06:04İdman

Azərbaycan güləşçiləri ötən ili 282 medalla başa vurublar

2022-ci il Azərbaycan güləşi üçün kifayət qədər məhsuldar olub. Ötən 1 ildə müxtəlif nüfuzlu yarışlarda tarixi qələbələr, çoxsaylı rekordlar və ilklər qeydə alınıb.

AZƏRTAC Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, milli komandalarımız ötən il bütün yaş qrupları üzrə Avropa çempionatlarında 39 qızıl, 22 gümüş, 33 bürünc medal qazanıblar. Ümumilikdə güləşçilərimiz 94 dəfə qitə birinciliklərində fəxri kürsüyə qalxıblar. Dünya çempionatlarında 16 qızıl, 13 gümüş və 18 bürünc medal əldə olunub. 2022-ci ildə keçirilən mundiallarda ölkəmiz adına 47 medal yazdırıb. Bundan başqa, yunan-Roma güləşi üzrə millimiz dünya kuboku yarışında gümüş medala yiyələnib.

Digər yarışlara gəlincə, sözsüz, bunlardan ən önəmlisi Konyada keçirilən V İslam Həmrəyliyi Oyunları idi. 23 (8 qızıl, 8 gümüş, 7 bürünc) medal əldə edən güləşçilərimiz növbəti dəfə Azərbaycan idmanının flaqmanı olduğunu isbatladılar. İl ərzində baş tutan başqa beynəlxalq yarışlarda qazanc 36 qızıl, 31 gümüş və 50 bürünc medal olub.

Beləliklə, güləşçilərimiz 2022-ci ili ümumilikdə 282 medalla başa vurublar. 99 idmançımız baş mükafata yiyələnib. Bundan başqa, 75 gümüş və 108 bürünc medal qazanılıb.

2022-ci il Azərbaycan güləş tarixinə rekordlar ili kimi yazıldı. Təsadüfi deyil ki, geridə qoyduğumuz ildə 30-a yaxın rekord yeniləndi. Yunan-Roma güləşində böyüklər arasında, U-17 və U-15 yaş qrupunda, sərbəst güləşdə isə böyüklərlə yanaşı, U-23 və U-17 yaş qrupunda komanda hesabında Avropa çempionu olduq. Çimərlik güləşi üzrə U-17 millimiz həm Avropa, həm də dünya çempionatında 4 qızıl medal qazanaraq maksimum nəticəyə imza atdı. Yunan-Roma güləşi üzrə yığmamızın rekord xalla komanda hesabında dünya ikinci olması da, böyük uğurlar sırasındadır. Ümumilikdə Avropa və dünya çempionatlarında komanda hesabında 16 dəfə ilk “3-lük”də yer aldıq.

Ötən il Azərbaycan Güləş Federasiyası üçün də məhsuldar alındı. İlk dəfə U-15 yaş qrupunda və çimərlik güləşi üzrə Azərbaycan çempionatı keçirildi. Dünya Güləş Birliyinin (UWW) təqvim planında yer alan sonuncu beynəlxalq yarış olan “Təhsil” turniri də ilklər sırasına yazıldı. Ölkəmizdə keçirilən ilin ən önəmli yarışı yunan-Roma güləşi üzrə dünya kuboku oldu. UWW rəsmiləri yarışın yüksək səviyyədə təşkil edilməsini böyük məmnunluqla qeyd etdilər.

Sentyabrda ikiqat Olimpiya və dördqat dünya çempionu Con Smitin ABŞ-dan ölkəmizə təşrif buyuraraq Bakı, Astara və Gəncədə ustad dərsləri keçməsi, həmçinin bir neçə gün əvvəl güləşimizin canlı əfsanələrinin eyni məqsədlə Astara Olimpiya İdman Kompleksində yeniyetmə və gənclərlə görüşü böyük maraq və rəğbətlə qarşılandı. Sözsüz, atılan bu addımlar güləşin ölkəmizdə daha da populyarlaşmasına və kütləviləşməsinə hesablanıb. Bu tip tədbirlərin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulub.

Azərbaycan güləş hakimləri də yeni inkişaf mərhələsinə qədəm qoyublar. Bu il beynəlxalq dərəcəli referilərin sırasına daha 2 ədalət təmsilçimiz qoşuldu. 4 hakimimiz isə kateqoriyalarını yüksəltdi.