Menu
Xəbər Lenti
“Qaynarinfo” 17 yaşında
25-04-2024, 11:41

“Qaynarinfo” 17 yaşında

BÖYÜK ƏQİDƏ UĞRUNDA
24-04-2024, 10:41

BÖYÜK ƏQİDƏ UĞRUNDA

Azərbaycanda zəlzələ olub
23-04-2024, 08:38

Azərbaycanda zəlzələ olub

15 Şub 16:19Mədəniyyət

“Baku” jurnalının yeni nömrəsi: Həyat gözəldir...

On beş il bundan əvvəl Moskvada “Baku” jurnalının ilk nömrəsinin təqdimatı keçirilib. Ötən illər ərzində bu nəşrin çoxsaylı pərəstişkarları və xeyirxah dostları yaranıb. Azərbaycanın və ölkə paytaxtının necə dəyişməsini birlikdə müşahidə etmişik, dəyişikliklər isə çox olub.

AZƏRTAC xəbər verir ki, “Baku” jurnalının yeni nömrəsi populyar nəşrin baş redaktoru Leyla Əliyevanın bu sözləri ilə başlanır.

Leyla Əliyeva yazır: “Bu 15 il ərzində biz Bakını əziz sayan hər kəs üçün ünsiyyət məkanı yaratdıq, heç vaxt bu şəhərdə olmayanları da Bakı ilə tanış etdik. Sonuncuların sayı azalmaqdadır: dəqiq bilirik ki, hər kəs heç olmasa ömründə bir dəfə Bakını ziyarət etməyə şad olacaq”.

Ənənəyə görə, jurnalın bu nömrəsində də həm son hadisələr barədə məlumat, həm də Azərbaycanın mədəniyyətinə və tarixinə həsr olunmuş məqalələr, ölkəmizi məşhurlaşdırmış şəxsiyyətlərlə müsahibələr dərc edilib.

Dirçəldilməkdə olan Qarabağa həsr edilmiş “Ərazi” («Территория») rubrikasında Ağdam (Qarabağ) Atçılıq zavodunun tarixindən bəhs edilir. Vurğulanır ki, ötən il oktyabrın 4-də həmin zavodun yerləşdiyi ərazidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Cins Atçılıq Mərkəzinin təməli qoyulub. Qeyd edilir ki, həmin zavodda 1949-cu ildən Qarabağ atları yetişdirilirdi. 35,5 hektar (50 futbol meydançası boyda) ərazidə dözümlü, sədaqətli, gözəl kürən atların ən yaxşı cinsi bərpa edilir. 2022-ci ildə Prezident İlham Əliyevin adından kraliça II Elizabetə hədiyyə edilmiş “Şöhrət” ləqəbli ayqır məhz burada doğulub və böyüyüb.

“Baku” jurnalının yeni nömrəsində baş redaktor tərəfindən Türkiyənin Konya (məşhur sufi şairi, mütəfəkkir Cəlaləddin Ruminin vətəni), Milas şəhərləri, habelə tarixi Pamukkala və Kappadokiya bölgələri barədə hazırlanmış reportaj “Müdriklə görüşə” («На встречу с мудрецом») başlığı altında dərc edilib.

Oxucular “Moda”, “Bakılılar”, “Bakılılıq”, “Yer. Daxildə”, “Səyahətlər. Dünya” («Мода», «Бакинцы», «Бакинство», «Место. Внутри», «Путешествия. Мир») rubrikalarında yerləşdirilmiş məqalələrdən çox maraqlı faktlar öyrənəcəklər. “Yemək. Sirlər” («Еда.Секреты») rubrikasında isə xurma, qaysı və qara gavalı dolmalarının reseptləri təqdim edilib.