Menu
Xəbər Lenti
24 Ekm 11:02Manşet / Gündəm / Mədəniyyət

Hüseyn Cavidin doğum günüdür

 

Bu gün şair, yazıçı, dramaturq Hüseyn Cavidin doğum günüdür. 

Oxu.Az xatırladır ki, Hüseyn Cavid 1882-ci il oktyabrın 24-də Naxçıvanda ruhani ailəsində dünyaya göz açıb. İbtidai təhsilini molla məktəbində, orta təhsilini M.T.Sidqinin “Məktəbi-tərbiyə” adlı yeni üsullu məktəbdə alıb. 1899-1903-cü illərdə Cənubi Azərbaycanda olub, Təbrizin “Talibiyyə” mədrəsəsində təhsilini davam etdirib. İstanbul Universitetinin ədəbiyyat şöbəsini bitirib, Naxçıvanda, sonra isə Gəncə və Tiflisdə, 1915-ci ildən isə Bakıda müəllimlik edib.

Hüseyn Cavid klassik Azərbaycan ədəbiyyatının ən yaxşı ənənələrini inkişaf etdirən sənətkarlardandır. O, XX əsr Azərbaycan mütərəqqi romantizminin banilərindən biri olub.

H.Cavid sənəti janr və forma cəhətdən zəngindir. O, lirik şeirlərin, lirik-epik, epik poemaların, Azərbaycan ədəbiyyatında ilk mənzum faciə və dramların müəllifidir. “Keçmiş günlər” adlı ilk şeir kitabı 1913-cü ildə çap olunub.

Hüseyn Cavid daha çox dramaturq kimi tanınıb. Onun fəlsəfi və tarixi faciələri, ailə-məişət dramları üslub, yazı ədası forma yeniliyi baxımından Azərbaycan dramaturgiyasında yeni bir mərhələ yaratdığı kimi, milli teatr mədəniyyətinin inkişafına da qüvvətli təsir göstərib, “Cavid teatrı” kimi səciyyələndirilib. Dramaturgiyasında dövrün ümumbəşəri, böyük ictimai-siyasi və mədəni əhəmiyyətə malik problemləri əksini tapıb.

Azərbaycan ədəbiyyatında ilk mənzum faciə olan “Şeyx Sənan” (1914) əsərində xalqları bir-birinə qovuşdurmaq üçün ümumbəşəri din ideyasını ortaya atıb. Hüseyn Cavid bu dövrdə tədriclə “haqq verilmir, alınır” ideyasına gəlib çıxıb.

Yaradıcılığında mühüm yer tutan “İblis” (1918) mənzum faciəsində dövrün bütün mürtəce qüvvələri - “İnsan insana qurddur” fəlsəfəsinin tərəfdarları, “iyirminci əsrin mədəni vəhşiləri” olan dairələri İblis surətində ümumiləşdirilib, işğalçı müharibələrə lənət yağdırılıb.

Hüseyn Cavidin poeziyası onun romantik şeirlərindən və poemalarından ibarətdir.

Hüseyn Cavidi ədəbiyyat tarixində ən çox məşhurlaşdıran və ona böyük şöhrət qazandıran dram əsərləridir. O, Azərbaycan romantik mənzum dramaturgiyasının görkəmli yaradıcısı və banisidir.

1926-cı ildə müalicə üçün Almaniyaya gedən və yeddi ay Berlində yaşayan Hüseyn Cavid oradan ziyalıların mənəvi iztirablarını əks etdirən bir sıra siyasi-lirik və lirik-epik şeirlərlə qayıdıb.
20-30-cu illərdə Hüseyn Cavid bir sıra tarixi dramlar yazıb. “Peyğəmbər” (1922) və “Topal Teymur” (1925) əsərlərindən sonra yazdığı “Səyavuş” (1933), “Xəyyam” (1935) tarixi dramları Hüseyn Cavidin tarixə, tarixi şəxsiyyətlərə baxışında ciddi dönüş olub.

Nəzərinizə çatdıraq ki, Sovetlər Birliyində totalitarizmin dəhşətli dövründə Hüseyn Cavid sosializmin “nailiyyətlər”indən yazmağı özünə rəva bilməyib, Stalini, Azərbaycan ağalarını mədh etməkdən qətiyyətlə boyun qaçırıb. Ona görə də bu mətin şəxsiyyət Sibir buzlaqlarına, Maqadana sürgün edilib və 5 dekabr 1941-ci ildə İrkutsk vilayətinin Tayşet rayonunun Şevçenko kəndində həlak olub.

Qeyd edək ki, Hüseyn Cavidin anadan olmasının 100 illik yubileyi geniş qeyd olunub. 1981-ci ildə isə Naxçıvanda ev-muzeyi yaradılıb.

Yubiley ərəfəsində cənazəsinin qalıqları ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə İrkutsk vilayətindən Naxçıvana gətirilib, ev-muzeyinin yaxınlığında dəfn edilib. Naxçıvanda onun qəbri üstündə möhtəşəm məqbərə ucaldılıb. Bakı şəhərinin Yasamal rayonundakı prospektlərdən biri onun adını daşıyır.