Menu
Xəbər Lenti
COP-29
20-11-2024, 16:08

COP-29

Annalena Berbok Bakıya gəlir
20-11-2024, 08:59

Annalena Berbok Bakıya gəlir

COP-29
19-11-2024, 08:04

COP-29

10 Ock 20:40Mədəniyyət

Əbədiyaşar və həmişəcavan musiqilər

Mahnıları ilə yaddaşlarda dərin iz qoymuş Elza İbrahimovanın anadan olmasından 85 il ötür

sl nəğmələr heç vaxt unudulmur. Dinləyicidə elə təəssürat oyadır ki, bu mahnılar bir müəllifin, bir bəstəkarın, bir sənətkarın ürəyindən qopub gəlməyib. Səsləndikcə hamının hissinə toxunur, hamının qəlbini ovsunlayır. Onun yaradıcılıq məhsulu olan mahnıların hamısı belədir: qəlb ovsunlayır, ruhu sakitləşdirir, duyğulara hakim kəsilir. Bu nəğmələrin mənəviyyatın zənginləşməsi, duyğularının kamilləşməsində əvəzsiz rolu var. Əbədiyaşar mahnılarda yaşamaq, ürəklərə yol tapmaq, könüllərə, ruhlara mənəvi qida vermək hər bəstəkara nəsib olan xoşbəxtlik deyil.

Azərbaycanın Xalq artisti Elza İbrahimova belə xoşbəxtlik qazanmış sənətkarlardandır.
yanvarın 10-da bəstəkarın anadan olmasının 85-ci ildönümü tamam olur.
Böyük bəstəkarın tələbəsi

Musiqiyə həvəsi lap erkən yaşlarından hiss olunmağa başlayıb. Onda olan həvəs və bəlkə də istedadı hiss edən valideynləri Elzanı Bakıda 8 nömrəli musiqi məktəbinə qoyublar. Sonra Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbində təhsil alıb və Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq şöbəsini bitirib. Konservatoriyada Qara Qarayevin sinfində bəstəkarlıq dərsi alıb. Onun sinfinə daxil olmaq üçün hazırladığı kompozisiyanı dinləyən Qara Qarayev deyib: “Bu qız yaxşı bəstəkar olacaq”.

İlk mahnısını 1969-cu ildə bəstələyib. Məmməd Rahimin sözlərinə yazdığı "Yalan ha deyil" mahnısının ilk ifaçısı Şövkət Ələkbərova olub. Azərbaycanda tanqo ritmini estradaya gətirən ilk bəstəkarlardan biri olan Elza İbrahimovanın Rəfiq Zəkanın sözlərinə bəstələdiyi "Qurban verərdim" əsəri sovet dövründə bədii şura tərəfindən o qədər də yaxşı qarşılanmayıb. O vaxt tanqonun burjua ahənginin sovet ruhuna uyğun gəlmədiyi bildirilib. Amma sonradan "Qurban verərdim"lə bərabər "Sən mənə lazımsan" (söz. Əliağa Kürçaylı), "Bağçadan keçmisən" (söz. Ə.Əlibəyli) və sair tanqo ritmində yazılmış musiqilər bəstəkarın sevilən mahnıları sırasına daxil olur.

O, bir müddət “Dan ulduzu” vokal-instrumental ansamblında işləyib. Bəstələdiyi mahnıları Rəşid Behbudov, Oqtay Ağayev, Flora Kərimova, Akif İslamzadə, Elmira Rəhimova, Gülağa Məmmədov, İslam Rzayev, İlhamə Quliyeva və başqa tanınmış ifaçılar səsləndirib.
Mahnılar, prelüdiyalar, kamera əsərləri...

Onun müəllifi olduğu və illərdən bəri səslənən “Bilməzdim”, “Gecələr bulaq başı”, “Ey Vətən”, “Qurban verərdim”, “Gəl barışaq”, “Mehribanım”, “Yoxluğunu bilə-bilə”, “Mən sənin yanına qışda gəlirdim”, “Sən yadıma düşəndə” və digər mahnıları kim dinləməyib? Bu mahnıları kim zümzümə etməyib? Yəqin ki, səsi olan və olmayan hər kəs!

Onu unudulmağa qoymayan, ürəklərdə əbədiyyət heykəlini ucaldan da elə bu bənzərsiz və həmişəcavan bəstələrdir.

Elza İbrahimova fitri istedadı və böyük zəhməti sayəsində Azərbaycan bəstəkarlıq məktəbində yeni yol açıb, ifaçıların rəğbətini, kiçikdən-böyüyədək müxtəlif zövqlü dinləyicilərin məhəbbətini qazanıb. Musiqini qəlbinin, ruhunun ayrılmaz hissəsinə çevirən bəstəkar məşğul olduğu sənət sahəsində silinməz izlər qoyub.

Görkəmli bəstəkar, Azərbaycanın və Dağıstanın Xalq artisti, Əməkdar incəsənət xadimi Elza İbrahimovanın yaradıcılığı mahnıdan tutmuş operayadək musiqinin müxtəlif janrlarını əhatə edir. Onların arasında fortepiano üçün prelüdiya və variasiya silsilələri, “Fortepiano üçün sonatina”, “Skripka və fortepiano üçün skertso”, “İki skripka üçün birhissəli kvartet”, dörd hissədən ibarət “Fortepiano üçün trio”, simfonik poema, oratoriya, vokal-instrumental kamera əsərləri, bir sıra tamaşalara musiqiləri xüsusi yer tutur. Onun qələmindən çıxan bu əsərlər məzmun dərinliyi və yüksək bədiiliyi ilə səciyyələnir.

“Afət” (Hüseyn Cavidin eyniadlı əsəri əsasında), Qarabağ faciəsini əks etdirən muğam üzərində yazılmış “Yanan laylalar” (librettonun müəllifi Ramiz Heydər) operaları, Azərbaycan neft sənayesinin 130 illiyinə həsr olunmuş “Neftçilər himni” bəstəkarın zəngin təxəyyülünü bir daha təsdiqləyir. Bəstəkarın Milli Qəhrəmanlar Təbriz Xəlilbəyliyə və Salatın Əsgərovaya həsr etdiyi rekviyemləri, “20 Yanvar”, “Qarabağ”, “Şəhid qardaş”, “Səngərlər” əsərləri da parlaq istedad və böyük zəhmətin məhsuludur.

Elza İbrahimovanın istedadı və orijinal yaradıcılıq üslubu haqqında Tixon Xrennikov, Georgi Sviridov, Otar Taktakişvili, Cövdət Hacıyev, Arif Məlikov, Murad Kajlayev, Qara Qarayev, Niyazi kimi dünyaşöhrətli sənətkarlar çox yüksək fikirlər söyləyiblər.

Mahnı janrında lövhə ustası

Musiqi mədəniyyətimizdə geniş yayılmış mahnı janrı Elza İbrahimova yaradıcılığında yeni keyfiyyətlər qazanıb. Müəllifin yaradıcılığına xas olan sərbəstlik, novatorluq kimi cəhətlər onun bəstələrində də öz əksini tapıb. Elza İbrahimovanın mahnıları ən ülvi hisslərin - vətənpərvərlik, insanlara məhəbbət, sevgi duyğularının özünəməxsus ifadə tərzi ilə seçilir. Həmin əsərlərdə milli muğamların, Azərbaycan və Qərb musiqisinin böyük sintezi var. Bəstəkarın milli intonasiyanın və ritmlərin estrada janrında ifadə etdiyi mahnıları emosionallığı və melodikliyi ilə dinləyicini düşünməyə, sözün geniş mənasında sevməyə sövq edir. Onun hər bir əsəri dinləyicini fərqli duyğular aləminə - bəstəkarın musiqi dünyasına aparır. Bütün bu keyfiyyətlər onun əsərlərinə ölməzlik qazandırıb. Təsadüfi deyildir ki, Xalq şairi Bəxtiyar Vahabzadə vaxtilə Elza İbrahimovanın yaradıcılığı haqqında deyib: “Elza İbrahimova mahnı janrında lövhə ustasıdır. O, gözlə görünən dünyanın deyil, görünə bilməyən, içəridən bizi dalğalandıran hisslərin, həyəcanların, bir sözlə iç dünyamızın rəssamıdır”.

Çox səlist, dəqiq və düzgün qiymətdir.
Əbədiyaşar bəstələr

Elza İbrahimovanın yazdığı məşhur “Ey Vətən” mahnısı ölməz sənətkar Rəşid Behbudovun ifasında Azərbaycanı dünyada tərənnüm edən mahnılardan biri olub.

Azərbaycan şairlərinin əsərlərinə 100-dən çox, həmçinin rus və ləzgi dillərində yazılmış şeirlərə onlarla mahnı bəstələyib. Onun təkcə bu janrda yazdıqları bəlkə də on bəstəkarın yaradıcılığından daha çoxdur. Məsələ həm də təkcə sayda deyil, musiqi bəstələdiyi şeirlərin gözəl məzmun və dil vəhdəti isə onun yüksək bədii zövqünü təsdiqləyir.

Elza İbrahimovanın əbədiyaşar sənət naminə çəkdiyi zəhmət layiqincə qiymətləndirilib, dövlətin ən yüksək fəxri adlarına layiq görülüb. Vəfatından sonra isə sənətkar “Dədə Qorqud” Milli Fondunun və “Azərbaycan dünyası” beynəlxalq jurnalının ağsaqqallar şurasının qərarı ilə “Mehriban ana” ordeninə layiq görülüb.

Bu gün qlobal dünyaya sürətlə inteqrasiya edən ölkəmizin yerli və xarici televiziya və radio kanallarında növbənöv musiqilər səsləndirilir, hətta bəzən məzmun və janr “bolluğu” qulaq deşir. Lakin Elza İbrahimovanın musiqisi səslənəndə əsl sənətin heç zaman ölməyəcəyi qənaətinə gəlirik. Tam əminliklə deyə bilərik ki, müasir musiqi mədəniyyətində bundan sonra hansı istiqamətlər yaransa belə, Elza İbrahimovanın əsərləri əbədi yaşayacaq, onun sehrli musiqisi hələ neçə-neçə nəsilləri heyran edəcək.

Elza xanım bu dünyanın 74 ilinə qonaq oldu, ömrünün yarım əsrdən çoxunu musiqiyə həsr etdi. Bu gün 85 yaşı tamam olan sənətkarın yaşı artdıqca bəstələri daha da cavanlaşır.