Menu
Xəbər Lenti
COP-29
Dün, 16:08

COP-29

COP-29
19-11-2024, 08:04

COP-29

30 Ara 16:41Mədəniyyət

İlin kino salnaməsinə qısa nəzər

Yola salmağa hazırlaşdığımız 2022-ci il Azərbaycan kinosu üçün də bir çox əlamətdar hadisələrlə yadda qaldı.

AZƏRTAC ilin kino mənzərəsinə qısa nəzər salır.

2022-ci ilin ölkəmizdə “Şuşa İli” elan edilməsi haqqında dövlət başçısının müvafiq Sərəncamına əsasən, Azərbaycan Dövlət Film Fondunda saxlanılan Şuşa ilə bağlı filmlər bərpa edilərək ictimaiyyətə təqdim olundu.

İlin ilk kino xəbərlərindən biri isə “Salnaməfilm” studiyasında Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Qarabağ” futbol klubu haqqında 4 seriyalı sənədli filmin istehsalına başlanılması oldu. Arxiv materiallarına istinadla çəkilən filmdə Ağdamda “Qarabağ” futbol klubunun yaranması, Ağdamın işğalından sonra Bakıda fəaliyyəti, ölkə və Avropa miqyaslı yarışlarda iştirakı, qazandığı nailiyyətlər və s. əksini tapacaq.

Mədəniyyət Nazirliyinin 2020-ci ildə təşkil etdiyi “Böyük Qayıdış” qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsində qalib olan İkinci Qarabağ müharibəsi gedişində Ermənistanın terror hücumları nəticəsində fiziki və psixoloji travmalara məruz qalmış uşaqların həyatından bəhs edən “Böyük qırmızı ev” bədii-sənədli filminin çəkilişləri başa çatdı. Gənc rejissor Azər Quliyevin “İkinci planetin qırmızı rəngi” (“Mozalan” studiyası) adlı qısametrajlı bədii film layihəsi də müsabiqənin qaliblərindən idi və bu il onun da çəkilişləri yekunlaşdı. Kinorejissor Amil Amalın “Vulkan üzərində ev” qısametrajlı sənədli filmi də bu il tamaşaçıların ixtiyarına verildi.

C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası Mehmandarovlar nəslindən bəhs edən bədii-sənədli (rejissor Əməkdar incəsənət xadimi Yavər Rzayev, tədqiqatçı-jurnalist Vasif Quliyev), həmçinin ANAMA-nın fəaliyyətini diqqət mərkəzinə gətirən sənədli filmlərin çəkilişlərini başa çatdırdı.

Bu il də bir sıra filmlərimiz beynəlxalq festivallarda uğur qazandı. Hilal Baydarovun “Xurmalar yetişəndə” filmi Londonda nümayiş olundu. Yenə onun “Balıqlara xütbə” (“Sermon to the Fish”) tammetrajlı bədii filmi Almaniyada – 32-ci Cottbus Film Festivalında (FFC) münsiflər heyətinin fəxri mükafatına layiq görüldü.

Rejissor Asif Rüstəmovun “Mərmər soyuğu” tammetrajlı bədii filmi Estoniyada “PÖFF Tallinn Black Nights” (“Qara gecələr”) festivalında mükafat qazandı. Filmdə çəkilən Xalq artisti Qurban İsmayılov isə “Ən yaxşı aktyor” nominasiyasında qalib elan edildi. Film həmçinin Qazaxıstanın Almatı şəhərində 16-cı Avrasiya Beynəlxalq Film Festivalında “Ən yaxşı rejissor” nominasiyasının qalibi oldu.

İlin əvvəlində Moskvada, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin (XTNS) “Azərbaycan” pavilyonunda “Azərbaycan kinosu həftələri” keçirildi. Tatarıstan (RF) paytaxtında XVIII Kazan Beynəlxalq Müsəlman Filmləri Festivalında Azərbaycan filmləri də nümayiş olundu. Rusiyanın Sankt-Peterburq şəhərində “Lendok” kinostudiyasının 90 illik yubileyinə həsr olunmuş tədbirlər təşkil edildi. Bu tədbirlərdə “Azərbaycanfilm” kinostudiyasının direktoru Nazim Hüseynov da iştirak etdi.

Bu il qardaş Özbəkistanda Azərbaycan kinosunun geniş təqdimatı ilə yadda qaldı. Daşkənd Beynəlxalq Animasiya Forumunda ölkəmiz də təmsil olundu, filmlərimiz nümayiş etdirildi. “İpək Yolunun dürdanəsi” XIV Daşkənd Beynəlxalq Film Festivalında ölkəmizin nümayəndə heyəti iştirak etdi. Eyni zamanda Daşkənd və Buxara şəhərlərində “Azərbaycan kinosu günləri” təşkil edildi.

Türkiyənin Bursa şəhərində keçirilən II Dədə Qorqud Türk Dünyası Film Festivalında Azərbaycan kinosu da geniş şəkildə təmsil olundu. Azərbaycan filmləri festivalın həm müsabiqə, həm də müsabiqədənkənar proqramlarında yer aldı.

“Şuşa İli”ndə Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakıda V ANİMAFİLM Beynəlxalq Animasiya, VI “DokuBaku” Beynəlxalq Sənədli Film festivalları keçirildi. Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi və Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə gerçəkləşən XIII Bakı Beynəlxalq Qısa Filmlər Festivalı da ilin kino mənzərəsinə öz naxışını vurdu.

Nizami Kino Mərkəzində Özbəkistan, Qazaxıstan və Türkiyə filmlərinin nümayişi kinosevərlər üçün unudulmaz hədiyyə oldu.

Dünya şöhrətli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti Fikrət Əmirovun 100 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyinin sifarişi əsasında “Azərbaycanfilm” kinostudiyasında bədii-sənədli film (rejissor: Xalq artisti Vaqif Mustafayev) çəkildi və Heydər Əliyev Sarayında təntənəli təqdimat mərasimi keçirildi.

Bundan əlavə, Milli Kino Günündə (2 avqust) Heydər Əliyevin Mərkəzinin qarşısında açıq havada kinomuzun tarixini əks etdirən sərgi açıldı. Azərbaycan kinosunun yaranmasının 124 illiyi və Azərbaycan Kinosu Günü münasibətilə Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Böyük Qayıdış” qısametrajlı film layihələri müsabiqəsinin qalibləri olan filmlər nümayiş etdirildi.

2023-cü il də Azərbaycanın kino salnaməsi üçün yaddaqalan il olacaq. Mədəniyyət Nazirliyinin AzTV ilə tərəfdaşlığı əsasında ölkəmizdə ilk dəfə çoxseriyalı “Atabəylər: Şəmsəddin Eldəniz” tarixi bədii televiziya filmi çəkiləcək.