Xəbər Lenti
Dün, 16:59
Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları "Azərenerji" və "Azərişığ"a ötürüləcək
20-11-2024, 10:48
DÖVLƏTİMİZ ƏDLİYYƏYƏ XÜSUSİ DİQQƏT VƏ QAYĞI GÖSTƏRİR - 22 NOYABR ƏDLİYYƏ İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMIDIR.
20-11-2024, 10:27
“AzerGold” QSC “Daşkəsən rayonunda bitən nadir bitkilərin reintroduksiyası” layihəsini uğurla icra edib
20-11-2024, 09:17
COP29 çərçivəsində 300-500 milyard dollar yeni maliyyə hədəfi ətrafında danışıqlar gedir
20-11-2024, 08:58
Consonun 500 milyardlıq təklifi: Ukraynaya fantastik məbləğdə kredit verilə bilərmi?
Tahir Budaqov Vyetnam Kommunist Partiyasının nümayəndə heyəti ilə görüşüb
Yeni Azərbaycan Partiyasının (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov noyabrın 24-də YAP Mərkəzi Aparatında Azərbaycanda səfərdə olan Vyetnam Kommunist Partiyası (VKP) Xarici əlaqələr komissiyası sədrinin müavini xanım Nguyen Thi Hoang Vanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Qonaqları salamlayan YAP Sədrinin müavini qeyd edib ki, gələn il Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında əməkdaşlıq memorandumunun imzalanmasının 10 ili tamam olacaq: “Sizin bu səfərinizin həm ölkələrimiz, həm də partiyalarımız arasında əlaqələrin inkişafı baxımından uğurlu olacağına inanıram”.
Xanım Nguyen Thi Hoang Van görüşə vaxt ayırdığı üçün YAP Mərkəzi Aparatının rəhbəri Tahir Budaqova təşəkkürünü bildirib, Azərbaycana daxil olduğu andan qonaqpərvərlik, isti münasibət hiss etdiklərini deyib: “Fürsətdən istifadə edərək Yeni Azərbaycan Partiyasının 30 illik yubileyi və İCAPP-ın “Təhlükəsizlik və əməkdaşlıq: Siyasi partiyaların rolu” mövzusunda xüsusi konfransının YAP-ın ev sahibliyi ilə Bakıda uğurla təşkil olunması münasibətilə Vyetnam Kommunist Partiyası Xarici əlaqələr komissiyası adından bütün YAP üzvlərini təbrik edirəm. Səfərimiz ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 30 illik yubileyini qeyd etdiyimiz bir vaxta təsadüf edir. Vyetnamla Azərbaycan arasındakı dostluq münasibətlərinin tarixi isə bundan da çoxdur. Vyetnam Prezidenti Ho Şi Min 1959-cu ildə SSRİ-yə səfər edərkən Azərbaycanda da olub. Biz Vyetnamın müstəqillik uğrunda mübarizə apardığı dövrdə Azərbaycan xalqının verdiyi dəstəyi xatırlayırıq. Bu gün ölkələrimiz arasında iqtisadi-ticarət, mədəni əlaqələr inkişaf edir, beynəlxalq forumlar çərçivəsində uğurla əməkdaşlıq edirik. Həmçinin Azərbaycandakı vəziyyəti maraqla izləyirik. Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə və Yeni Azərbaycan Partiyasının fəaliyyəti nəticəsində bütün sahələrdə inkişaf edir, ölkədə siyasi sabitlik, iqtisadi tərəqqi var, Azərbaycanın beynəlxalq arenada nüfuzu artır. Eyni zamanda, Vyetnamda da siyasi sabitlik təmin olunub, iqtisadiyyat inkişaf edir, sosial rifah artır, ölkənin müdafiə sahəsi gücləndirilir. İllik 6-7 faiz iqtisadi artımla Vyetnam dünyada ən sürətlə inkişaf edən ölkələrdəndir. Biz Minilliyin Dayanıqlı İnkişaf Məqsədlərini həyata keçiririk. Xarici siyasətdə çoxtərəfli, intensiv əlaqələrimiz var, bütün ölkələrlə münasibətlərdə etibarlı tərəfdaşıq. Vyetnam həm də beynəlxalq təşkilatların məsuliyyətli üzvüdür, qarşılıqlı maraqlara, beynəlxalq hüquqa əsaslanan münasibətlər qurur. Bütün dünya üzrə siyasi partiyalarla əlaqələrin inkişafına böyük önəm veririk. Hazırda VKP 247 partiya ilə əməkdaşlıq edir. Biz YAP-la əlaqələrin inkişafına böyük əhəmiyyət veririk. Hesab edirik ki, partiyalararası əlaqələrin inkişafı üçün böyük potensial var. Partiyalarımız arasında ənənəvi dostluq münasibətləri var, əməkdaşlıq memorandumu imzalanıb. Yaxın zamanlarda partiyalar arasında əlaqələrin inkişafına dair yeni işlər görmək niyyətindəyik. Pandemiyadan əvvəl nümayəndə heyətlərimiz arasında bir sıra qarşılıqlı səfərlər baş tutub. Bundan sonra səfərləri daha da intensivləşdirmək olar. Bu məqsədlə gələn il YAP nümayəndə heyətini ikitərəfli əlaqələr çərçivəsində və ya İCAPP-ın tədbirində iştirak məqsədilə Vyetnama səfərə dəvət edirəm. Partiyalarımız arasında münasibətlərin inkişafı ölkələrarası əlaqələrə də müsbət təsir göstərəcək. Çünki iqtisadi sahədə əməkdaşlığımız real imkanları əks etdirmir, humanitar, təhsil sahələrində də əlaqələri inkişaf etdirmək lazımdır. Xalqlarımız arasında təmasların genişlənəcəyinə ümid edirik. Vyetnamda bir çox ictimai təşkilatlar var. 2015-ci ildə təsis olunan Azərbaycan-Vyetnam Dostluq Assosiasiyası xalqlarımız arasında təmasların genişləndirilməsinə töhfə verir”.
YAP Sədrinin müavini Tahir Budaqov Azərbaycan və Vyetnam xalqları arasında dostluq münasibətlərinin vaxtilə SSRİ ilə Vyetnam arasındakı əlaqələrə söykəndiyini və ümummilli lider Heydər Əliyevin SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini kimi 1983-cü ildə Vyetnama səfərinin əhəmiyyətini vurğulayaraq Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra bu münasibətlərin yeni səviyyəyə yüksəldiyini söyləyib. “Bu baxımdan, Prezident İlham Əliyevin 2014-cü ildə Vyetnama səfər etməsi, səfər çərçivəsində yüksək səviyyəli görüşlərin keçirilməsi və iki ölkə arasında əməkdaşlığın müxtəlif sahələrinə dair sənədlərin imzalanması ilə yanaşı, dövlət başçımızın Azərbaycanın ali təhsil müəssisələrinin vyetnamlı məzunları ilə görüşü də yaddaqalan olmuşdur. Sonradan həmin məzunların bir qrupunun Azərbaycana səfəri təşkil olundu. Həmçinin 2015-ci ildə Vyetnam prezidentinin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfərini də xatırlayıram. Bu səfər də ölkələrimiz arasındakı münasibətlərin inkişafına təkan verdi. Azərbaycan xalqı hər zaman Vyetnam xalqına böyük hörmət bəsləyib. Vyetnam uzun illər öz müstəqilliyi uğrunda mübarizə aparıb, nəticə etibarilə suverenliyini, ərazi bütövlüyünü qoruyub saxlayıb. Azərbaycan da müstəqilliyini bərpa etdiyi dövrdən böyük çətinliklərlə üzləşib. Bildiyiniz kimi, Azərbaycan qonşusu Ermənistanın hərbi təcavüzünə məruz qalıb, ölkəmizin beynəlxalq ictimaiyyət tərəfindən tanınan ərazilərinin 20 faizi 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında qalıb. Müstəqilliyin ilk illərində işğala məruz qalmaqla yanaşı, Azərbaycanda siyasi, iqtisadi böhran hökm sürüb. Lakin xalqın tələbi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan bu çətin vəziyyətdən çıxa bildi, ölkədə siyasi sabitlik təmin olundu, Azərbaycan beynəlxalq arenada təcrid vəziyyətindən qurtuldu. Ölkənin iqtisadi inkişafı, bütün sahələrdə təkamül hərbi potensialı da gücləndirməyə imkan verdi. Heydər Əliyevin əsasını qoyduğu siyasi xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində Azərbaycan bütün parametrlər üzrə Ermənistanı üstələyib. Bununla belə, ölkəmiz münaqişəni sülh yolu ilə beynəlxalq hüquq müstəvisində həll etməyə çalışıb. Lakin uzun illər aparılan danışıqlar nəticəsiz qalıb, Ermənistan nəinki işğal etdiyi ərazilərdən çıxmayıb, əksinə Azərbaycana qarşı yeni ərazilər iddiası ilə çıxış edib, Azərbaycanın təhlükəsizliyinə əlavə təhdidlər yaradıb. Danışıqlar müddətində ölkəmiz beynəlxalq münasibətlərdə ikili standartlar ilə üzləşib, BMT Təhlükəsizlik Şurasının işğalçı qoşunların Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsi yerinə yetirilməyib və beynəlxalq ictimaiyyət Ermənistana bu yöndə heç bir təzyiq göstərməyib. Nəticədə 2020-ci ildə Ermənistanın növbəti hərbi təxribatından sonra Azərbaycan əks-hücum əməliyyatına başladı və 44 gün ərzində ərazilərini işğaldan azad etdi. 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri arasında imzalanan üçtərəfli Bəyanatla Ermənistan faktiki olaraq kapitulyasiyasını etiraf edərək öz üzərinə sülh müqaviləsinin imzalanması yönündə fəaliyyət göstərmək öhdəliyini götürüb. Sülhün əldə olunması təkcə iki ölkə deyil, bütün regionumuz üçün önəmlidir. Təəssüf ki, Ermənistan hələ də öz öhdəliklərini yerinə yetirmir. Azərbaycan tərəfi beynəlxalq hüquqa əsaslanaraq, sülh müqaviləsinin təməl şərtləri kimi 5 prinsip irəli sürüb. Üçtərəfli Bəyanatın şərtlərindən biri də Zəngəzur dəhlizinin açılması, nəqliyyat-kommunikasiya əlaqələrinin bərpasıdır. Zəngəzur dəhlizi Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirir. Bildiyiniz kimi, bu dəhliz tarixi “İpək yolu”nun bir hissəsi olduğu üçün təkcə Azərbaycan deyil, marşrutun üzərindəki bütün ölkələr üçün əhəmiyyət daşıyır. Ermənistan tərəfi bu dəhlizin açılmasını uzatdığı halda Azərbaycan hələ də ermənilərə Laçın dəhlizindən istifadə etməyə imkan verir. Ermənistan xalqının məğlubiyyətdən sonra Nikol Paşinyanı yenidən baş nazir seçməsi ermənilərin müharibədən yorulması, sülhə razı olması deməkdir. Lakin münaqişə törətməkdə marağı olan qüvvələr sülhün əldə olunmasına maneə yaratmağa çalışırlar. Bu işdə Qərbdəki erməni diasporunun böyük rolu var. Onlar bəzi ölkələrdə dövlət siyasətinə təsir edə bilirlər və məsələnin obyektiv həllinə maneə törədirlər. Bu, 44 günlük müharibədən əvvəl də belə idi. Müharibə zamanı da Azərbaycana dost ölkələr, o cümlədən Vyetnam düzgün mövqe sərgilədi. 2020-ci il 19 oktyabr tarixində BMT TŞ-nin münaqişə ilə bağlı keçirilmiş növbəti qapalı məsləhətləşmələri zamanı ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri tərəfindən hazırlanmış bəyanat layihəsinin mətninə Qoşulmama Hərəkatının Vyetnam da daxil olmaqla TŞ-dəki yeddi üzvü tərəfindən TŞ-nin 1993-cü ildə qəbul etdiyi qətnamələrin daxil edilməsi təklif olunmuşdur. İndi azad olunmuş ərazilərdə böyük tikinti-quruculuq işləri, nəhəng layihələr həyata keçirilir. Bütün yol infrastrukturu yenidən qurulur. Son iki il ərzində bölgədə iki beynəlxalq hava limanı tikilərək istifadəyə verilib. İstərdim ki, hər kəs azad olunmuş ərazilərdə baş verənləri öz gözləri ilə görə bilsin” ,- deyən Tahir Budaqov əlavə edib ki, Ermənistanın işğalı dövründə hər şey dağıdılıb, məhv edilib. Hazırda bölgədə quruculuq işləri aparılır ki, keçmiş məcburi köçkünlər öz doğma torpaqlarına qayıda bilsinlər: “Bu işlər həm də bu yaxınlarda hazırlanmış Böyük Qayıdış proqramı əsasında həyata keçirilir. Azad olunmuş ərazilərdə salınan bütün şəhərlər və kəndlər müasir qaydalar əsasında, ağıllı kənd, ağıllı şəhər prinsipləri ilə qurulur, bölgənin enerji təminatı yaşıl enerjiyə əsaslanır. Azərbaycana dost ölkələrin bu ərazilərdə bərpa işlərində iştirakına imkanlar var. Biz Vyetnam şirkətlərini də bu işlərdə iştiraka dəvət edirik”.
Tahir Budaqov Azərbaycanla Vyetnamın dünyada ən sürətlə inkişaf edən ölkələr sırasında yer aldıqlarını da vurğulayıb: “Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından və YAP-ın iqtidar partiyasına çevrilməsindən sonra sosial-iqtisadi inkişaf sayəsində ölkədə yoxsulluq 49 faizdən 5 faizə enib. Prezident İlham Əliyev qeyri-neft sahəsini iqtisadi inkişafın əsas prioritet istiqaməti kimi müəyyən edib, “qara qızıl”ı insan kapitalına çevirmək şüarını irəli sürüb. Hazırda Azərbaycan gənclərinin dünyanın aparıcı ali məktəblərində təhsil almaları dövlət tərəfindən təmin edilir. Ölkələrimiz arasında humanitar və təhsil sahələrində əlaqələri inkişaf etdirməyə ehtiyac var. Bu, xalqlarımız arasındakı münasibətləri də gücləndirə bilər. Partiyalararası əlaqələrə gəlincə, bu ələqələri inkişaf etdirmək üçün geniş potensial mövcuddur. Vyetnama dəvətinizə görə təşəkkürümü bildirir və dəvəti məmnuniyyətlə qəbul edirəm. Fürsətdən istifadə edərək, VKP nümayəndələrinin İCAPP-ın Bakıda keçirilən xüsusi konfransında onlayn iştirakına, heyət rəhbərinin tədbirdəki çıxışına görə təşəkkürümü bildirirəm”.
Xanım Nguyen Thi Hoang Van qeyd edib ki, yaxın keçmişdə müharibə ilə üzləşmiş Vyetnam xalqı bunun nə qədər ağır olduğunu yaxşı bilir: “Ona görə də biz bütün mübahisələrin beynəlxalq hüquq çərçivəsində sülh yolu ilə həllinə tərəfdarıq. Partiyalarası əməkdaşlığa gəlincə, biz yeni reallıqları nəzərə alaraq 10 il əvvəl imzalanmış memorandumu yeniləmək arzusundayıq”.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər də müzakirə olunub.
Sonda qarşılıqlı olaraq xatirə hədiyyələri təqdim edilib.
Qeyd edək ki, görüşdə Vyetnam Kommunist Partiyası Xarici əlaqələr komissiyasının İnsanlardan insanlara şöbəsinin direktoru Bui Quoc Hung, Vyetnam Kommunist Partiyası Xarici əlaqələr komissiyasının Avropa şöbəsinin direktor müavini Pham The Vinh və Vyetnam Kommunist Partiyası Xarici əlaqələr komissiyasının Avropa şöbəsinin əməkdaşı Doan Thi Yen də iştirak edib.