Menu
Xəbər Lenti
COP-29
20-11-2024, 16:08

COP-29

Annalena Berbok Bakıya gəlir
20-11-2024, 08:59

Annalena Berbok Bakıya gəlir

COP-29
19-11-2024, 08:04

COP-29

05 Ekm 20:30Manşet / Hadisə

Azərbaycan Milli Şəhərsalma Forumunda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan bərpa və quruculuq işləri təqdir olunub

Azərbaycan Milli Şəhərsalma Forumunda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan bərpa və quruculuq işləri təqdir olunub

Azərbaycan Milli Şəhərsalma Forumunda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan bərpa və quruculuq işləri təqdir olunub
Azərbaycan Milli Şəhərsalma Forumunda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan bərpa və quruculuq işləri təqdir olunub
Azərbaycan Milli Şəhərsalma Forumunda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan bərpa və quruculuq işləri təqdir olunub
Azərbaycan Milli Şəhərsalma Forumunda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan bərpa və quruculuq işləri təqdir olunub
Azərbaycan Milli Şəhərsalma Forumunda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan bərpa və quruculuq işləri təqdir olunub
Azərbaycan Milli Şəhərsalma Forumunda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan bərpa və quruculuq işləri təqdir olunub
Azərbaycan Milli Şəhərsalma Forumunda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan bərpa və quruculuq işləri təqdir olunub

Şəhərsalma sahəsində nadir platforma olan Foruma 44 ölkədən 130-dan çox nümayəndə, ümumilikdə isə 400-dən çox iştirakçı qatılıb.

Oktyabrın 5-də BMT-nin Məskunlaşma Proqramı (UN-HABITAT) və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı, ADA Universitetinin təşkilati dəstəyi ilə Ağdamda “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumu keçirilib.

AZƏRTAC xəbər verir ki, Forumun rəsmi açılışından sonra "Şəhər böhranına cavab və bərpa" adlı xüsusi sessiya təşkil olunub. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev işğaldan azad olunmuş ərazilərin münaqişədən sonra bərpası istiqamətində görülən işlərə toxunaraq bildirib ki, Ağdam Forumunun ərsəyə gəlməsində UN-HABITAT-ın xüsusi rolu var.

“Ağdam Forumunun UN-HABITAT-ın təşəbbüsü ilə qeyd olunan qlobal “Urban October” – Şəhərsalma Ayı çərçivəsində keçirilməsi də çox əlamətdardır. İnanırıq ki, bu tədbir iştirakçılarının yüksək peşəkarlığı sayəsində “Urban October” çərçivəsində bütün dünyada keçirilən tədbirlər silsiləsinə öz layiqli töhfəsini verəcək, inkişafında birlikdə iştirak etdiyimiz dünya şəhərləri isə hər kəs üçün daha rahat, daha təhlükəsiz olacaq, sakinlərin daha yüksək həyat keyfiyyəti üçün onlara müasir şəhərsalma mühiti təqdim etməyə kömək edəcək. Bu gün və sabah biz birlikdə şəhərsalmanın və məskunlaşmanın bir çox aspektlərini müzakirə edəcəyik”, - deyə komitə sədri vurğulayıb.

Anar Quliyev qeyd edib ki, Azərbaycan ərazisinin 20 faizi 30 ilə yaxın bir dövrdə işğala məruz qalması nəticəsində 900-dək yaşayış məntəqəmiz tamamilə dağıdılıb, 1 milyon hektardan çox torpaq kənd təsərrüfatı dövriyyəsindən çıxarılıb, yüzlərlə mədəni irs obyekti məhv edilib. Ölkəmizin ərazi bütövlüyünü yalnız 2020-ci ildə hərbi yolla bərpa etmək mümkün oldu. İndi qarşıda duran əsas məsələ işğaldan azad olunmuş ərazilərin tezliklə bərpası və ölkə həyatına tam inteqrasiyası, doğma torpaqlarından didərgin düşmüş azərbaycanlıların qayıdışı və ərazilərdə dayanıqlı icmaların yaradılmasıdır.

Komitə sədri bildirib ki, Azərbaycan dünya təcrübəsi də nəzərə alınmaqla, işğaldan azad olunmuş ərazilərin bərpası prosesində qarşıya çıxan məsələləri müəyyən ardıcıllıqla, sistemli şəkildə həll edir. Birinci mərhələdə idarəetmə və təhlükəsizlik məsələləri - ərazilərin minalardan və partlamamış sursatlardan təmizlənməsi, dövlət sərhədi üzrə nəzarətin təşkili, dövlət qurumlarının fəaliyyətinin bərpası təmin edilir. İkinci mərhələdə baza infrastrukturunun yaradılması məsələləri - magistral nəqliyyat və mühəndis kommunikasiyalarının, meliorasiya sistemlərinin baş qurğularının tikintisi təmin olunur. Üçüncü mərhələyə sosial məsələlər - yaşayış evləri, təhsil və səhiyyə müəssisələri, mədəni-məişət xidməti obyektlərinin tikilməsi daxildir. Dördüncü mərhələ isə genişmiqyaslı iqtisadi məsələlər - məcburi köçkünlərin repatriasiyası prosesi ilə paralel iş yerlərinin yaradılmasını və iqtisadi fəaliyyət obyektlərinin istifadəyə verilməsini nəzərdə tutur.

"Hazırda birinci və ikinci mərhələlərə müvafiq məsələlərin həlli üzrə böyük işlər görülüb və bu işlər intensiv davam edir. Hədəfimiz işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinin qısa zamanda tamamlanması və soydaşlarımızın öz torpaqlarına geri dönüşünün təmin edilməsidir", - deyə A.Quliyev vurğulayıb.

Komitə sədri qeyd edib ki, işğaldan azad olunmuş bütün ərazilərin ümumi planının qısa müddət ərzində hazırlanması Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təmin olunub. Ağdam və bir çox digər şəhər və kəndlərin Baş planlarının hazırlanması artıq başa çatdırılıb, yüzlərlə yaşayış məntəqələrinin layihələndirilməsi isə davam etdirilir. Baş planların hazırlanması zamanı müasir “ağıllı şəhər” yanaşmaları, “yaşıl enerji” və təmiz ətraf mühit, sənaye və kənd təsərrüfatının kompleks inkişafı, turizm potensialının geniş reallaşdırılması və digər bu kimi məsələlər prioritet götürülüb. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bu sahədə beynəlxalq təcrübənin öyrənilməsinə, qabaqcıl təcrübəsi olan xarici dövlətlərlə, regional və beynəlxalq təşkilatlarla əməkdaşlığa xüsusi önəm verir. Bu təşkilatlardan biri də BMT-nin Məskunlaşma Proqramı – UN-HABITAT-dır. Komitə bu təsisatla daha sıx əməkdaşlıq edir.

BMT-nin Yaşayış Məskənləri Proqramı üzrə məsul şəxsi Anna Soave çıxış edərək, münaqişədən sonra bərpa məsələləri ilə bağlı problemlərdən danışıb.

Ağdamın Baş planı barədə məlumat verən Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib ki, Azərbaycan dövləti hazırda böyük bir layihə həyata keçirir. Bu ilin sonuna qədər baza infrastrukturu ilə bağlı əsas layihələr yekunlaşacaq. Gələn ildən sosial təsisatlar, yəni həm şəhərin mərkəzi, həm də ətraf kəndlərin bərpa və yenidənqurma işlərinin başlanması üçün tələb olunan əsas layihələrə start veriləcək, intensiv tikinti işləri həyata keçiriləcək.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini İlqar İsbatov işğaldan azad olunmuş torpaqların ərazi planlaşlaşdırılmasından söz açıb. Onun sözlərinə görə, gələcəkdə Ağdamdan Ağcabədiyə dəmir yolu xəttinin çəkilişi və bunun Horadiz-Ağbənd dəmir yolu xəttinə inteqrasiyası planlaşdırılır. İşğaldan azad edilmiş ərazilərin texniki-iqtisadi göstəriciləri aidiyyəti qurumlarla birgə hazırlanıb.

Daha sonra çıxış edən iqtisadiyyat nazirinin müavini Elnur Əliyev bildirib ki, hazırda dünya əhalisinin 55 faizi şəhərlərdə yaşayır. 2050-ci ilə qədər bu rəqəm 70 faizə çatacaq. Dünyada urbanizasiya prosesi davam etdikcə dayanıqlı inkişafa nail olmaq şəhərlərin uğurlu idarə edilməsindən asılı olacaq. Bu baxımdan həm şəhər, həm də kənd əhalisinin həyatını yaxşılaşdırmaq üçün inteqrasiya olunmuş siyasət yürüdülməsinə ehtiyac var.

Nazir müavini diqqətə çatdırıb ki, Azərbaycanın uzunmüddətli inklüziv inkişaf modelinə uyğun olaraq işğaldan azad edilmiş ərazilərdə müasir istehsal infrastrukturunun yaradılması, müasir texnologiyaların tətbiqinə yönəlmiş investisiyaların cəlb edilməsi, bölgənin potensialının effektiv reallaşdırılması əsas hədəfdir. İşğaldan azad edilmiş ərazilərdə yaradılan sənaye parklarında bu məsələlərə xüsusi diqqət yetirilir.

Böyük Britaniyanın “Champan Taylor” şirkətinin direktoru Marselina Zielinska Şuşanın Baş planının hazırlanmasında iştiraklarından söz açıb, görülən sürətli bərpa və yenidənqurma işlərinə heyran qaldıqlarını söyləyib.

BMT-nin Azərbaycanda rezident-əlaqələndiricisi Vladanka Andreyeva deyib ki, təşkilatın Azərbaycandakı nümayəndəliyi iqtisadiyyat, ətraf mühit və Böyük Qayıdış proqramına dəstək verməyə hazırdır. Bildirib ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa və yenidənqurma ehtiyaclarının Bərpa və Sülh Quruculuğunun Qiymətləndirilməsi metodologiyası əsasında qiymətləndirilməsi üzrə BMT, Avropa İttifaqı, Dünya Bankının ekspertlərindən ibarət missiyası bu ilin martında Azərbaycana səfər edib, Ağdam rayonunda da müvafiq işlər aparıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) sədr müavini Samir Poladov diqqətə çatdırıb ki, hazırda azad olunmuş ərazilərdə 390 min 709 mina və partlamamış hərbi sursat barədə məlumatlar var. Lakin bu da tam dəqiq deyil.

"Ermənistan beynəlxalq təzyiq nəticəsində minaların yeri ilə bağlı bəzi məlumatlar verib. Lakin bunlara xəritə demək olmaz. Bu məlumatların yalnız 25 faizi dəqiqdir. İşğaldan azad edilmiş torpaqlarda 148 min hektar ərazi xüsusilə təhlükəli hesab olunur. Çünki həmin ərazilərdə daha çox mina və digər partlayıcı sursatlar mövcuddur. Bu günədək cəmi 55 min hektar sahə minalardan təmizlənib", - deyə sədr müavini bildirib.

Qeyd edək ki, İlk Milli Şəhərsalma Forumu 44 günlük Vətən müharibəsi zamanı işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan şəhərsalma, bərpa və quruculuq işlərinin, burada tətbiq olunan texnologiyaların, unikal təcrübənin və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında xüsusi əhəmiyyət kəsb edir. Forumun gedişində Azərbaycan dövlətinin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirdiyi sürətli bərpa-quruculuq işləri iştirakçılar tərəfindən təqdir olunub.

Qırx dörd ölkədən 130-dan çox nümayəndənin, ümumilikdə isə 400 nəfərdən çox iştirakçının qatıldığı Azərbaycan Milli Şəhərsalma Forumu şəhərsalma sahəsində dünyanın müxtəlif ölkələrindən olan sahə mütəxəssislərinin təcrübələrinin bölüşülməsi və dayanıqlı inkişafın təmin edilməsi üçün əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından da nadir və uğurlu platformadır.

Forum oktyabrın 6-da Bakıda ADA Universitetində öz işini davam etdirəcək.