Kəlbəcərin Abdullauşağı kəndinin 77 sakini – qazilər, şəhid ailələrinin üzvləri, ağsaqqallar və kənd ziyalıları Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə ünvanladıqları kollektiv müraciətlə doğma yurdlarının taleyi ilə bağlı narahatlıqlarını ictimaiyyətin diqqətinə çatdırıblar. Kənd sakinləri bildirirlər ki, onların ən böyük arzusu otuz ildən artıq həsrətində olduqları ata-baba yurduna qayıtmaqdır və bu müqəddəs arzunun qarşısında heç bir maneənin olmamasını istəyirlər.
Müraciətdə ilk növbədə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasına görə dərin minnətdarlıq ifadə edilir, Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsi ehtiramla yad olunur, qazilərimizə möhkəm cansağlığı arzulanır. Abdullauşağı sakinləri vurğulayırlar ki, onlar hər zaman dövlətə, dövlətçiliyə və Prezidentə sadiq olublar və bundan sonra da bu mövqelərindən dönməyəcəklər.
Müraciətin əsas məğzini isə doğma kəndin gələcəyi ilə bağlı narahatlıq təşkil edir. Sakinlər hesab edirlər ki, Abdullauşağının taleyi ilə bağlı qəbul edilən bəzi qərarlarda yerli əhalinin rəyi nəzərə alınmır. Onların fikrincə, bu yanaşma gələcəkdə kənd sakinlərinin öz doğma yurdlarında yaşamaq və məskunlaşmaq hüquqlarının məhdudlaşmasına səbəb ola bilər.
Kollektiv müraciətdə iddia olunur ki, kənd sakini olmayan bir şəxs Abdullauşağı kəndinin ərazisində əvvəllər ümumi istifadədə olmuş torpaq sahəsində 11 kotecdən ibarət istirahət düşərgəsi yaradıb.
Müraciət müəllifləri bunun qanunvericiliyin tələblərinə uyğun olmadığını iddia edir, həmin tikililərin təbiətə, zəngin bitki örtüyünə zərər vurduğunu, eyni zamanda kənd sakinlərinin mülkiyyət və sağlam ətraf mühitdə yaşamaq hüquqlarına mənfi təsir göstərdiyini bildirirlər.
Sakinlər qeyd edirlər ki, məsələ ilə bağlı etirazlarını ifadə etdikdən sonra müxtəlif təzyiqlərlə üzləşdiklərini düşünürlər. Onların sözlərinə görə, otuz ilə yaxın didərginlik həyatı yaşayan insanlar bu günü böyük ümidlə gözləyiblər. İndi isə doğma yurda dönüş ərəfəsində yeni çətinliklərin yaranması onlarda dərin narahatlıq doğurur.
Müraciətdə Abdullauşağı kəndinin təxminən 1500 illik tarixə malik qədim yaşayış məskəni olduğu xüsusi vurğulanır. Kənd sakinləri bildirirlər ki, onlar dövlət tərəfindən müəyyən ediləcək layihələr çərçivəsində evlərini hətta öz vəsaitləri hesabına tikməyə də hazırdırlar. Onların əsas istəyi kəndin tarixi ərazisində yenidən salınması və sakinlərin məhz öz doğma torpaqlarına qayıdışının təmin edilməsidir.
Abdullauşağı sakinləri aidiyyəti dövlət qurumlarından da mühüm bir xahiş edirlər. Onlar hesab edirlər ki, Kəlbəcərin gələcəyi ilə bağlı qərarlar qəbul edilərkən yerli əhalinin mövqeyi öyrənilməli, insanların qanuni hüquq və mənafeləri diqqətdə saxlanılmalıdır.
Müraciətdə qeyd olunur ki, doğma yurdun taleyi ilə bağlı məsələlər yalnız sənədlər üzərində deyil, həmin torpağın həqiqi sahiblərinin fikri nəzərə alınmaqla həll edilməlidir.
Prezident İlham Əliyevə ünvanlanan müraciətdə əsas xahiş məsələni obyektiv araşdırmaq, irəli sürülən iddiaların yerində araşdırılmasına göstəriş vermək və Abdullauşağı sakinlərinin konstitusion hüquqlarının qorunmasına dəstək göstərməkdən ibarətdir.
Müraciətin sonunda kənd sakinləri bir daha bəyan edirlər ki, onların məqsədi qarşıdurma yaratmaq deyil. Onlar dövlətə bağlı olduqlarını, Vətən uğrunda canından keçən şəhidlərin müqəddəs xatirəsinə sədaqətlə yanaşdıqlarını bildirərək vurğulayırlar ki, ən böyük arzuları illərlə həsrətini çəkdikləri ata-baba yurduna qayıdıb doğma kəndlərində yaşamaq, övladlarına həmin torpağın tarixini və ruhunu yaşatmaqdır.
Qeyd: Yazı ilə birlikdə Kəlbəcər rayonunun Abdullauşağı kəndinin 77 sakini tərəfindən imzalanaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ünvanlanmış kollektiv müraciətin tam mətni, həmçinin müraciətdə qeyd olunan məsələlərlə bağlı təqdim edilən fotoşəkillər də ictimaiyyətə təqdim olunur. Məqalədə yer alan məlumatlar həmin kollektiv müraciətdə əks olunan iddia, narahatlıq və tələblər əsasında hazırlanmışdır.
Günel Hacıyeva
Jurnalist-publisist
























































