Menu
Xəbər Lenti
T Ə B R İ K
Dünən, 11:27

T Ə B R İ K

17 Mart 2026 14:20Manşet / Gündəm / Siyasət

Avropa İttifaqı və Azərbaycan: münasibətlər üçün yeni mərhələ başlayır

 

Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətlər artıq yeni mərhələyə daxil olub. Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın bu günlərdə Bakıya son səfəri artıq münasibətlərin yeni mərhələsi üçün kifayət qədər tutarlı və aydın faktdır. Martın 11-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta arasında keçirilən görüş bu strateji əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu göstərir. Görüş zamanı tərəflər iqtisadi, enerji və regional təhlükəsizlik sahələrində qarşılıqlı maraqlara əsaslanan layihələrə dair geniş fikir mübadiləsi aparılıb, birgə mətbuat bəyanatı ilə əməkdaşlığın fəal mərhələdə olduğu təsdiqlənmişdir.


Siyasi dialoq daha sistemli və davamlı xarakter alıb


Son illərdə Avropa institutları ilə əlaqələrin intensivləşməsi siyasi dialoqun daha sistemli və davamlı xarakter aldığını göstərir. Müxtəlif səviyyələrdə keçirilən görüşlər, qarşılıqlı səfərlər və aparılan müzakirələr tərəflər arasında qarşılıqlı etimadın daha da möhkəmləndiyini nümayiş etdirir. Xüsusilə Avropa Komissiyası nümayəndələrinin son dövrlərdə regiona ardıcıl səfərləri əməkdaşlığın genişlənən gündəliyini aydın şəkildə göstərir. Bu münasibətlər yalnız diplomatik dialoqla məhdudlaşmır. 2026-cı ilin yanvar ayı üzrə statistik göstəricilər sübut edir ki, ticarət dövriyyəsinin təxminən 50 faizi Avropa İttifaqı ilə bağlıdır. Bu amil Avropa İttifaqının region üçün əsas ticarət tərəfdaşı olduğunu açıq şəkildə təsdiqləyir.


“Əminəm ki, Ermənistanla sülh daimi olacaq”


Azərbaycan Prezidenti cənab İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta ilə birgə mətbuata bəyanatında mühüm məqama toxunub. SİTAT: “Bu gün gəldiyiniz zaman hər ikimiz Bakıda çox günəşli havanı qeyd etdik. Bahar gəlir. Əslində, düşünürəm ki, bizim burada 300-dən çox günəşli günümüz olur və ola bilsin, küləkli günlər daha çoxdur. Təsəvvür edə bilərsiniz ki, külək və Günəş enerjisinin burada böyük potensialı var. Əlbəttə, biz daha sıx işləməyə çalışırıq, çünki Avropa qitəsinə daxil olmazdan əvvəl, siz bütün tranzit razılaşmaların icrası məqsədilə bir çox ölkələrlə işləməlisiniz. Təbii ki, xüsusi olaraq, Ermənistanla paraflanmış sülh sazişinə nail olduqdan sonra daşımalar ikitərəfli gündəliyimizin mühüm hissəsidir. Orta Dəhlizin genişlənməsi üçün yeni imkanların açılması, təbii ki, nikbinliyimizi artırır. Cənab Prezidentə söylədiyim kimi, biz cəmi yeddi aydır ki, sülh şəraitində yaşayırıq. Müstəqilliyimiz hələ 1991-ci ildə bərpa olunub. Bununla belə, cəmi yeddi aydır ki, sülhdə yaşayırıq. Lakin biz bunun faydasını artıq hiss edirik və əminəm ki, Ermənistanla sülh daimi olacaq. Biz, həmçinin ticarətə başlamışıq. Ermənistana mühüm neft məhsullarının təchizatına başlamışıq. Digər ölkələrdən Azərbaycan ərazisi vasitəsilə Ermənistana gedən yüklərin tranzitinə bütün məhdudiyyətləri aradan qaldırmışıq. Bu isə bir daha güclü siyasi iradəmizi göstərir, çünki biz sülhə təkcə iki ölkənin parafladığı sənəd üzərində deyil, həmçinin əyani şəkildə nail oluruq.”


Bəli, iqtisadi göstəricilər də yaxın münasibətlərin real məzmununu təsdiq edir. Cari ilin yanvar ayına olan məlumatlara əsasən, Azərbaycanın ticarət dövriyyəsinin təxminən yarısı Avropa İttifaqı ilə bağlıdır. Bu faktor Aİ-ni ölkəmizin əsas ticarət tərəfdaşı kimi ön plana çıxarır. Qarşılıqlı investisiya proseslərinin genişlənməsi isə iqtisadi əməkdaşlığın gələcəkdə daha da dərinləşəcəyini göstərir. Eyni zamanda, tərəflər yeni və əhatəli hüquqi çərçivə yaradacaq ikitərəfli sazişin tezliklə yekunlaşdırılması istiqamətində siyasi iradə nümayiş etdirirlər. Bu sənəd Azərbaycan–Aİ münasibətlərinin institusional əsaslarını daha da möhkəmləndirəcəkdir.


Eyni zamanda, Azərbaycan qaz hasilatının artırılması istiqamətində yeni layihələr həyata keçirir və yaxın illərdə əlavə qaz həcmlərinin Avropa bazarına çıxarılması planlaşdırılır. Bu prosesdə Cənub Qaz Dəhlizi layihəsi mühüm rol oynayır və həmin boru xətti Avropanın enerji mənbələrinin şaxələndirilməsi strategiyasına ciddi töhfə verir. Enerji məsələləri üzrə əməkdaşlığın digər mühüm istiqaməti isə bərpaolunan enerji sahəsidir. Azərbaycan geniş Günəş və külək potensialına malik ölkə kimi Avropa bazarı üçün yaxın perspektivdə yaşıl enerji mənbələrindən birinə çevrilmək niyyətindədir. Ölkəmizdə həyata keçirilən enerji strategiyasına görə, yaxın 5–6 il ərzində 6-8 giqavat həcmində bərpaolunan enerji istehsalının ixrac potensialı formalaşdırılması planlaşdırılır. Bu çərçivədə Avropa tərəfdaşları əməkdaşlıq çərçivəsində elektrik ötürmə xətləri, enerji infrastrukturu və Qara dənizin dibi ilə çəkilməsi planlaşdırılan enerji kabelləri üzrə iş aparılır. Təsadüfi deyil ki, Azərbaycan Aİ tərəfindən təkcə qaz ixracatçısı deyil, həm də gələcəkdə Avropanın yaşıl enerji təminatında mühüm tərəfdaş kimi qəbul olunur.


İkitərəfli əməkdaşlıq üçün geniş perspektivlər mövcuddur


Bəyanatda həmçinin regional sülh gündəliyi də geniş şəkildə müzakirə olunub. Azərbaycan rəhbərliyi Cənubi Qafqazda davamlı sülhün bərqərar olması üçün konstruktiv mövqeyini bir daha nümayiş etdirib. Prezident İlham Əliyev ölkəmizin sülh təşəbbüslərinə sadiq olduğunu və regionda uzunmüddətli sabitliyin təmin olunması istiqamətində səylərini davam etdirəcəyini bildirib. Səfər çərçivəsində aparılan müzakirələr göstərib ki, Azərbaycan ilə Avropa İttifaqı arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üçün geniş perspektivlər mövcuddur. Tərəflər həmçinin qarşılıqlı maraqlara əsaslanan münasibətlərin inkişaf etdirilməsi, yeni layihələrin həyata keçirilməsi və tərəfdaşlığın daha da dərinləşdirilməsi istiqamətində birgə fəaliyyətin vacibliyini də vurğulayıblar. Bu baxımdan Antonio Koştanın Azərbaycana səfəri və aparılan müzakirələr iki tərəf arasında strateji tərəfdaşlığın gələcək inkişafı üçün mühüm mərhələ kimi qiymətləndirilə bilər.


Azərbaycanın Avropa üçün əhəmiyyəti hər gün artır


Antonio Koştanın Bakıya səfəri bir daha sübut etdi ki, Azərbaycan–Avropa İttifaqı münasibətləri artıq təkcə diplomatik əlaqələr səviyyəsində deyil. Bu tərəfdaşlıq enerji təhlükəsizliyi, ticarət, nəqliyyat dəhlizləri və regional sabitlik kimi bir neçə strateji istiqaməti əhatə edən geniş əməkdaşlıq platformasına çevrilib. Mövcud geosiyasi şəraitdə isə Azərbaycanın Avropa üçün əhəmiyyəti daha da artır.


 

Muxtar Nağıyev,

YAP Səbail rayon təşkilatının sədri