Menu
Xəbər Lenti
Həyatın 32 anı...
13-01-2026, 14:32

Həyatın 32 anı...

“Azeri Light” bahalaşdı
13-01-2026, 07:36

“Azeri Light” bahalaşdı

Şamaxıda zəlzələ oldu
11-01-2026, 07:43

Şamaxıda zəlzələ oldu

23 Dekabr 2025 08:53Manşet / Gündəm

Amil Bağıyev: Prezident İlham Əliyev – Müstəqil Azərbaycanın gücü, zəfəri və milli həmrəyliyinin təminatçısı

 

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev müasir Azərbaycan tarixində qətiyyətli liderliyi, uzaqgörən siyasəti və milli maraqlara sarsılmaz sədaqəti ilə seçilən görkəmli dövlət xadimidir. Onun rəhbərliyi ilə Azərbaycan müstəqilliyini daha da möhkəmləndirmiş, daxili sabitliyə nail olmuş, beynəlxalq aləmdə söz və nüfuz sahibi olan güclü dövlətə çevrilmişdir. Prezident İlham Əliyevin fəaliyyəti güclü dövlət–güclü xalq konsepsiyasının real təcəssümüdür.


Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu müasir Azərbaycan dövlətçilik məktəbi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və zənginləşdirilir. Bu siyasi kursun mərkəzində dövlət müstəqilliyinin qorunması, iqtisadi gücün artırılması və xalqın rifahının yüksəldilməsi dayanır. Enerji siyasəti sahəsində həyata keçirilən qlobal layihələr, beynəlxalq nəqliyyat və logistika dəhlizləri Azərbaycanın strateji mövqeyini daha da gücləndirmiş, ölkəmizi regionun əsas iqtisadi və siyasi mərkəzlərindən birinə çevirmişdir.


Prezident İlham Əliyevin daxili siyasətində sosial məsuliyyət və vətəndaş rifahı prioritetdir. Regionların sosial-iqtisadi inkişaf proqramları çərçivəsində ölkənin bütün bölgələrində genişmiqyaslı quruculuq işləri aparılmış, yollar, məktəblər, xəstəxanalar, sosial və mədəni obyektlər istifadəyə verilmişdir. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi, yeni iş yerlərinin yaradılması, xüsusilə şəhid ailələri və qazilərə göstərilən diqqət və qayğı Prezidentin humanist və ədalətli idarəetmə prinsiplərinin bariz nümunəsidir. Bu siyasət xalqın dövlətə və Prezidentə olan inamını daha da artırmışdır.


Azərbaycan tarixinin ən parlaq və qürurverici səhifəsi Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə bağlıdır. 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Qələbə xalqımızın 30 illik həsrətinə son qoydu, ərazi bütövlüyümüz tam bərpa olundu. Bu Zəfər güclü ordunun, qətiyyətli siyasi iradənin, düzgün strateji planlamanın və xalq–lider birliyinin nəticəsi idi. Prezident İlham Əliyev bu tarixi prosesdə təkcə Ali Baş Komandan deyil, həm də milli iradənin simvolu kimi çıxış etdi.


Müharibədən sonra azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işləri Prezident İlham Əliyevin gələcəyə hesablanmış strateji baxışını bir daha nümayiş etdirir. Qarabağ və Şərqi Zəngəzurda salınan yeni şəhər və kəndlər, müasir yollar, hava limanları, sosial və mədəni obyektlər bu torpaqlara həyatın qayıdışını təmin edir. “Ağıllı şəhər” və “ağıllı kənd” layihələri Azərbaycanın innovativ inkişaf yolunu və azad edilmiş ərazilərin müasir standartlara uyğun qurulduğunu göstərir.


Prezident İlham Əliyevin siyasətində milli birlik və həmrəylik xüsusi yer tutur. Bu baxımdan 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü mühüm ictimai-siyasi əhəmiyyətə malikdir. Bu əlamətdar tarix dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla azərbaycanlını vahid amal – müstəqil və güclü Azərbaycan ideyası ətrafında birləşdirir. Prezident İlham Əliyevin məqsədyönlü diaspor siyasəti nəticəsində xaricdə yaşayan soydaşlarımız daha mütəşəkkil fəaliyyət göstərir, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında fəal rol oynayırlar.


Dünya Azərbaycanlılarının Həmrəylik Günü xüsusilə Vətən müharibəsi dövründə öz real gücünü göstərdi. Dünyanın hər yerində yaşayan azərbaycanlıların bir yumruq kimi birləşməsi, ölkəmizin haqq işini qətiyyətlə müdafiə etməsi milli həmrəyliyin və Prezident İlham Əliyevin apardığı dövlətçilik siyasətinin məntiqi nəticəsi oldu. Bu birlik bu gün də Azərbaycanın güc mənbələrindən biri olaraq qalır.


Prezident İlham Əliyevin balanslı və prinsipial xarici siyasəti Azərbaycanın beynəlxalq mövqelərini daha da möhkəmləndirmişdir. Azərbaycan bu gün regionda sülhün, təhlükəsizliyin və əməkdaşlığın təşəbbüskarı kimi çıxış edir, milli maraqlarını qətiyyətlə qoruyur.


Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevi doğum günü və 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirik. Cənab Prezidentə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və Azərbaycan dövlətinin inkişafı naminə apardığı şərəfli fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq. Qoy Sizin rəhbərliyiniz altında müstəqil Azərbaycan daha da qüdrətlənsin, dünya azərbaycanlılarının birliyi daim möhkəm və sarsılmaz olsun!


 

 


Amil Bağıyev



“Orbita MTK” yaşayış kompleksinin icraçı direktoru