Menu
Xəbər Lenti
COP 29-da Qadın Həmrəyliyi
23-11-2024, 16:53

COP 29-da Qadın Həmrəyliyi

COP-29
20-11-2024, 16:08

COP-29

26 May 09:11Manşet / Gündəm

Zəhmətilə ucalan insan və ya mənim tanıdığım Hadi Rəcəbli

Bizi yaxşı-yaxşı yandırsın deyə,
ölüm də ən yaxşı dostları seçir.
Şəkər ASLAN
Ölümün seçdiyi yaxşı dostlarımızdan biri – siyasi elmlər doktoru, professor, 5 çağırış Milli Məclisin deputatı, Əmək və Sosial Siyasət Komitəsinin sədri olmuş, Ümumilli lider Heydər Əliyev və Qarabağ fatehi İlham Əliyevin rəhbərliyi altında işləmiş, “Şöhrət” və “Vətənə xidmətə görə” ordenli Hadi Rəcəbli oldu.
77 yaşı oktyabrın 25-də tamam olacaq Hadi Rəcəbli nə vaxt dünyasını dəyişsəydi, gedişi vaxtsız olacaqdı. 75 illik yubileyinə yazı hazırlayanda, kefini soruşdum. – İşə də gedirəm, dərsimi də deyirəm, idmanla da məşğul oluram, - söylədi. İçi həyat eşqilə, qurub-yaratmaq əzmilə dolu insanı vaxtsız əcəl nə vaxt haqladı, hələ də inana bilmirəm. Həmin səhərim ağrılı xəbərlə açıldı. Saytlarda paylaşdığım acı xəbərə çoxları sarsıldı:“Can, Hadi müəllim. Çox dəyər verdiyiniz “Cənub bölgəsinin ziyalıları”nın rəhbəri Ceyran Həsənovanın gözlənilməz xəbəri məni məndən alıb apardı. Allaha yalvardım ki, kaş bu xəbər yalan olaydı... Təəssüf ki, gerçək oldu”. Bu xəbərə rəğmən həmin günlərdə xaricdə olan Xalq yazıçısı, Milli Məclisdə 15 il Hadi Rəcəbli ilə eyni komitədə çalışmış Elmira Axundova dərhal ağrılı bir esse qələmə aldı. Esse müxtəlif saytlarda yayımlandı, “Lənkəran” qəzetində dərc olundu.
Zəhmətilə ucalan insan və ya mənim tanıdığım Hadi Rəcəbli
Dünyasını dəyişməsinin 40-cı günüdür, amma özümü hələ də ələ alıb bir şey yaza bilmirəm. Nə etməli? Qaçılmaz əcəldən kim qurtula bilib ki?!
Xatirələrimi qələmə alanda ömrümün yarım əsrlik tarixi gəlir gözlərim önünə. Bu yarım əsrdə biz neçə onillər yaxın olmamışıq. Hadi müəllim heç məni tanımayıb. Amma mən Lənkəranın ziyalılıq simvollarından olan komsomol katibilə fəxarət duymuşam. Zahirən yaşından cavan görünən, fəqət biz məktəblilərin gözündə müdrik ağsaqqal olan Hadi müəllim gənclərin dəyərli, sevimli rəhbəri idi. Lənkəranın komsomolçuları təhsildə, idman yarışlarında, mədəni-kütləvi tədbirlərdə öndə gedib fərqlənirdilər. Keçmiş SSRİ dövründə mayın 19-u Ümumittifaq Pioner təşkilatı günü kimi bayram edilirdi. Həmin gün rayon-şəhər pionerləri adından mən çıxış edəcəkdim. İndiki Heydər Əliyev meydanında hündür tribuna var idi. Həmin tribunaya ilk dəfə idi ki, qalxırdım. Meydanda toplaşan minlərlə tamaşaçıya məni Hadi müəllim təqdim edib söz verdi. Həmin günün sevincini indi də yaşayıram. Ertəsi gün yerli qəzetdə bu barədə xəbər yazıldı, adım yerli radio verilişlərində səsləndi. Bir il sonra komsomol yaşımız çatdı. Bizi komsomol sıralarına Hadi müəllim qəbul etdi. İndi o illərin uzaqlıq dövrünə varanda görürəm ki, müdrik ağsaqqal saydığımız Hadi Rəcəbli o zaman 25 yaşında imiş.
Zəhmətilə ucalan insan və ya mənim tanıdığım Hadi Rəcəbli
Orta məktəbdən sonra tələbəlik və ailə həyatımla bağlı Bakıda yaşayası oldum. Hadi müəllim də başqa vəzifələrə yüksəldi. Şəkidə 1-ci katib, Mərkəzi Komitədə, Nazirlər Kabineində müxtəlif vəzifələrdə çalışmasilə əlaqədar heç bir salam-əleykimiz olmadı. Amma yüksəlişini hər zaman izləyirdim. Son 30 ildə “Söz” jurnalının nəşrilə bağlı Hadi müəllim də hər uğurumu izləyirdi. 50 yaşının tamamında Milli Məclisdə görüşmüşdük. Yubiley yazısı hazırlayacaqdım. “Gəlib çatıb 50 yaşım” başlıqlı avtobioqrafik bir şeir verdi mənə. Onun şeir yazdığının ilk dəfə şahidi olurdum. Dediyi kimi, “Anam şeir nəfəslidir, mənsə onun avazıyam”. Sevimli anası Firuzə müəllimənin şeir yazdığını hamı bilirdi. Hadi balasının anasının avazına uyğun şeirlər yazması heç kəsi təəccübləndirmədi. Sonralar bu barədə Xalq şairi Nəriman Həsənzadə belə yazırdı: “Mənim tanış olduğum şeir parçaları Hadi Rəcəblinin 50 yaşından sonrakı ömrünün məhsuludur. Yetkin, dərin, ailəyə, övlada bağlılıq hissləri ilə dolu bir poeziyadır. Bu şeirlərdə bir nostalji hiss elədim, ötən günlərə həsəd duydum, yaşamaq arzuları oxudum, məhəbbətlə ömür sürmək istəyi olan qeydlərlə tanış oldum. Məni xüsusilə avtobioqrafik şeirlər daha çox duyğulandırdı”.
Nəriman müəllimin sözünə qüvvət, məni də avtobioqrafik şeirdə Hadi müəllimin keçdiyi əzablı yollar duyğulandırdı.
Zəhmətilə ucalan insan və ya mənim tanıdığım Hadi Rəcəbli
Zəhmət məni tez tanıdı, ağuşuna erkən çəkdi,
Arzu zəmim bir toxumla səpilmişdi onu da ki tale əkdi.
Fikrim-zikrim çörək id, ehtiyacım onda təkdi.
Otuz beş il addım-addım zəfər çaldım, təhsil aldım,

Gəlib çatıb əlli yaşım.
Çörək dərdi, çörək ətri həyatımın mənasına çevrilmişdi,
Bərəkətin qədri ulu, xalqım onu imdad yeri, and bilmişdi.
Mən çörəklə ucalmışam, uşaqlığım sünbül kimi biçilmişdi,
Həyat adlı bir təknədə yoğrularaq, əzilərək, sıxılaraq
Gəlib çatıb əlli yaşım.

Deyirlər işin hazırına gələndən yaxşı rəhbər olmaz. Gərək fəhləlikdən başlayasan. Təsadüfi deyil ki, Hadi Rəcəbli orta təhsilini başa vurmamış böyük ailələrinə yardımçı olmaq üçün Lənkərandakı 14 saylı çörək zavodunda fəhləliyə başlayıb. Nəzmə çəkdikləri ömrün həmin dövrünün yaşantılarıdır.
Uşaqlığı sünbül kimi biçilən gənc oğlan çörək zavodunda işləyə-işləyə Moskva Yeyinti Sənaye İnstitutunda təhsil alıb. Zavodda mühasib, texnoloq, iqtisadçı vəzifələrində çalışıb. Elə ordan komsomol xəttilə yüksəlib. 1976-cı ildə dövlət qulluğunda yeni vəzifə perspektivləri üçün Ali Partiya Məktəbinə (indiki Prezident yanında İdarəçilik Akademiyası) göndərilib. 1978-ci ildə “Bakinski raboçi” qəzetinin Cənub bölgəsi üzrə müxbiri kimi fəaliyyətə başlayıb. Qəzetçilik fəaliyyətilə də yadda qalıb. Mərkəzi Komitənin rus dilində çıxan bu qəzetində problem məsələlər qaldırıb, həllinə də nail olub. 1980-ci ildə Lənkəran şəhər sovetinin sədri, yəni şəhərin meri seçilib. Zəhmətilə ucalan insan və ya mənim tanıdığım Hadi Rəcəbli
O dövr yaşlı adamların yaxşı yadındadır. Şəhərdə bir canlanma yaranməşdı. Hər şənbə-bazar günləri şəhər camaatı iməciliyə çıxırdı. İnsanlar abadlıq, quruculuq, yaşıllaşdırma, səliqə-səhman işlərilə məşğul olurdular. Bu işə məktəblilərdən tutmuş, müəssisə rəhbərləri də cəlb olunurdu. “Lənkəran” qəzetində “Evimiz, küçəmiz, şəhərimiz” rubrikası məhz şəhər merinin təşəbbüsilə yaradılmışdı. Hər rübün axırında “Ən yaxşı həyət”, “Ən təmiz küçə” və s. müsabiqələrin qalibləri elan olunur, haqlarında qəzetdə yazılar dərc edilirdi. Eyni zamanda, səliqəsiz məhəllələr, bərbad küçələr tənqid edilirdi. Tənqidi yazılar əlaqədar təşkilatlara göndərilir, görülən tədbirlər barədə cavablar gəlirdi.
Hadi Rəcəblinin sonrakı fəaliyyəti respublika səviyyəsini əhatə edib. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin partiya təşkilat işi şöbəsinin inspektoru işləyib. Oradan Şəki şəhər Partiya komitəsinin 1-ci katibi təyin olunub. Yumorlu, şən, zarafatcıl xarakteri şəkililərlə uyğun gəlib. Şəki həmin illərdə əsl ziyalı mərkəzinə çevrilib. Hadi müəllim sosial-abadlıq işlərilə yanaşı, Şəkidə ilk dəfə gülüş və idman bayramları, yubiley və digər tədbirlərin keçirilməsinə nail olub.
Ömrünün sonunadək nə o şəkililəri unutdu, nə şəkililər onu. Şəkililər Milli Məclisdə öz seçdikləri deputatlardan çox Hadi müəllimə müraciət edirdilər.
* * *
Zəhmətilə ucalan insan və ya mənim tanıdığım Hadi Rəcəbli
Məlumdur ki, Hadi müəllim fəhləlikdən ən yüksək vəzifə pillələrinədək ucalmışdı. Deyərdim ki, “Bakinski raboçi”dəki müxbirliyini, jurnalistlik dövrünü heç vaxt unutmurdu. Peşəyə məhəbbət onu “Söz” jurnalına bu qədər doğmalaşdırırdı. Jurnalın hər sayı işıq üzü görəndə görüşür, tövsiyə və təkliflərini bildirirdi. Tədbirlərimizdə də hər zaman deyirdi ki, bir arzum var, “Söz” jurnalı aylıq olsun. Mən də deyirdim ki, Hadi müəllim, bizə qarğış eləməyin, rüblüyün öhdəsindən gələ bilmirik, aylığı necə ödəyəcəyik? Söhbət maliyyə xərclərindən gedirdi.
“Söz”lə bağlı o qədər maraqlı məqamlar var ki, bir yazıya sığan deyil. Jurnalın AYB-nin Natəvan klubunda keçirilən 30 illik tədbirində Hadi müəllim söylədi ki, aprel ayında Lənkəranda da “Söz”ün yubileyini keçirəcəyik. 25-30 arasını, təbiətin ən gözəl vaxtını nəzərdə tutmuşdu. Bütün ömrünü jurnalistikaya həsr etmiş ağsaqqal həmkarımız Hacı Etibar Əhədovun yubileyini də “Söz”lə birləşdirəcəkdi. Hardan biləydi ki, kəmfürsət əcəl onu aprelin 17-də haqlayacaq, ayın axırına çıxmağa macal verməyəcək.
Zəhmətilə ucalan insan və ya mənim tanıdığım Hadi Rəcəbli
30 illik yubileyimizdə jurnala ünvanladığı “Söz”ə qayğı göstərək” təbrik məktubunda yazırdı: Həmyerlimiz, sevilən müğənni, Əməkdar artist Nazim Ağayev haqqında “Mən xalqımın artistiyəm” başlıqlı yazı oxudum. Müğənnini şəxsən tanısam da, sənətçi olaraq uğurları və ağrılı yaşantılarını “Söz”dən öyrəndim. Və neçə belələri də eləcə. Bu mənada Sevda xanıma “Cənub diyarı ziyalılarının “tarix dəftərçəsi” adını vermişəm".
Bu ilin ilk sayı yanvar ayında çap olunacaqdı. Ürək loğmanımız, tibb elmləri doktoru, Əməkdar həkim, millət vəkili Rəşad Mahmudovun 50 illik yubileyinə çatdırmalıydım. Bu barədə Hadi müəllimlə danışdım. Yaxşı tanıyıb dəyər verdiyi Rəşad Mahmudov haqqında jurnal məqaləsi yox, kitab yazmağı məsləhət gördü. Hətta özü haqqında istedadlı qələm sahibi, indi haqq dünyasında olan Kamal Turalın “Düşüncələr işığında” kitabını da bağışladı. O kitabın tərtibatına uyğunlaşdırmağı tapşırdı. Zamanın azlığından kitab yaza bilmədim, loğmanımızı jurnalda təbrik etdik.
Zəhmətilə ucalan insan və ya mənim tanıdığım Hadi Rəcəbli
“Söz”ün həmin sayında ömür-gün dostu, Əməkdar müəllim Mehriban Rəcəbli haqqında müəllimi, Əməkdar müəllim Füzuli Qasımovun “Hər zaman sevimli tələbəm” başlıqlı yazısını dərc eləmişdik. Dərhal oxudu. Razılığını bildirdi.
Lənkəranı çox sevən bir ziyalı idi Hadi müəllim. Diyarın məşhurlarını təbliğ etməyi, onların da “Söz”ə yardımçı olmalarını tövsiyə edirdi. Facebook sosial şəbəkəsində “Cənub bölgəsinin ziyalıları”, “Şəkər Aslan poeziyası” səhifələrinin daimi izləyicisi idi. Lənkəranı təbliğ edən Ceyran Həsənovaya, Vüqar Fəttayevə yüksək dəyər verirdi. İllər öncəsi “Ən çox sevdiyin şair?” sualına “Şəkər Aslan” cavabını vermişdi.
Anam vəfat edəndə COVİD virusu təzə yayılmışdı. Qəzetlərdə gedən başsağlıqlarını oxuyub zəng vurdu. 40-ın vaxtını soruşdu. COVİD virusu tüğyan elədiyindən, heç özüm də Lənkərana gedə bilmədim.
Xalq artisti Canəli Əkbərov dünyasını dəyişəndə isə xaricdə imiş. Gələn kimi mənə zəng vurdu. Hüzr məclisinin yerini soruşdu. Yerini dedim, gedib xatirələrini də videolentin yaddaşına yazdırdı.
Ceyran Həsənovanın anası Zərifə xanım rəhmətə gedəndə də beləcə cümə axşamına gedib başsağlığı verdi.
Ümumiyyətlə, belə xəbərlər olanda demədiyimə görə məndən inciyirdi. Xeyir-şər məclislərində görünməyə çalışırdı.
Hadi müəllim ailəcanlı, qohumcanlı bir insan idi. Hər dəfə söhbətlərimiz zamanı övladlarından söz açar, Ülviyyənin, Vüsalın, Günay və Turalın uğurlarından fəxarətlə danışardı. Övladlarıyla tanış olmadığımı mənə irad tutardı və dəfələrlə Ülviyyə xanımla məni danışdırmaq istəyəndə, ya ona zəng olmuş, ya da nəsə bir təsadüfi hal baş vermişdi, danışığımız baş tutmamışdı. “Böyük qızım – qızıl tacım, ilk övladım, ülvi rəmzli, məhəbbətim, şəkər dadım...” məhəbbətlə vəsf etdiyi Ülviyyə qızıyla təəssüf ki, Hadı Rəcəblinin hüzn məclisində tanış oldum.
Zəhmətilə ucalan insan və ya mənim tanıdığım Hadi Rəcəbli
2016-cı ilin yayı idi. Şüvəlanda “Yaşıl bağ” deyilən 3 saylı Reabilitasiya xəstəxanasının baş həkimi, alim xanım Tamilla Hacıyeva ilə “Palıdlı sahil”də dincələcəkdik. Lənkərana gəlib bizə ayrılan nömrəyə daxil olanda stolun üstündə “Söz”ün müxtəlif saylarını gördük. Bir baş redaktor olaraq mənə bundan böyük sevinc nə ola bilərdi?! Ağac kölgəsində dincələn pasientlərin əlində jurnalımızı görəndə fərəhdən ürəyim dağa dönürdü. Hadi müəllim nəşriyyatdan pulla aldığı jurnalları orda pulsuz təbliğ edirdi.
Söyləyirdi ki, sən təşkilatçı ol, gedək Lənkərana, orada Şəkər Aslanın, Mirhaşım Talışlının, Vaqif Hüseynovun, İltifat Salehin... yubiley yaşlarını, xatirə günlərini, yaradıcılıq gecələrini keçirək. Hər şeyi rayon rəhbərliyindən gözləmək düzgün deyil, özümüz addım atmalıyıq. Lap elə müasirlərimiz olan Yaşar Rzayev, Hüseynağa Qəniyev, Hüseynbala Mirələmov və başqa tanınmışlarla görüş keçirmək lazımdır. Qoy gənclər ziyalılarımızı şəxsən tanısınlar.
Sonuncu telefon söhbətimiz martın 28-də olmuşdu. Ayın 30-da Lənkəran Mərkəzi Xəstəxanasında ilk travmatologiya şöbəsini yaratmış, indi haqq dünyasında olan doktor İlham Qubadovun 90 illik yubileyi keçiriləcəkdi. Doktorun qızı Nuranə Qubadova məni aparıcı kimi Lənkərana dəvət eləmişdi. Mən də öz növbəmdə tanıdıqlarımı, o cümlədən Hadi müəllimi dəvət elədim. Tədbirimizi alqışladı. Bir gün əvvəl Lənkərandan gəldiyinə görə gedə bilməyəcəyini bildirdi. İştirakçılara salamını çatdırmağı tapşırdı.
Yazdıqlarım Hadi Rəcəbli haqqında bildiklərimin yüzdə biridir. Gələcəkdə bu mövzuya yəqin ki, yenə qayıdacağam. Bir məsələyə xüsusilə toxunmaq istəyirəm. Məlumdur ki, Hadi Rəcəbliyə son illər ikili münasibət yaranmışdı. Hadi Rəcəbli Milli Məclisdə Əmək və sosial siyasət komitəsinin sədri idi. İnsanların ən ağrılı, problemli məsələləri bu komitənin qanunlarında həllini tapırdı. Deputatın “müəllim gedib yorğan sırısın” mesajına narazılıqlar olmuşdu. Deputata biz jurnalistlər də etiraz bildirəndə, - fikrimi əsaslandırıb demişəm. Telejurnalistlər əsas fikrimi montaj edib, xalqa istədikləri kimi çatdırıblar, - dedi. Və elə söhbətləri zamanı söylərdi ki, belə qərəzli jurnalistləri görəndə adam “Söz” jurnalını başının üstünə qaldırmaq istəyir.
Zəhmətilə ucalan insan və ya mənim tanıdığım Hadi Rəcəbli
Videolentlərə baxıram. Müəllim təəssübkeşliyi barədə bu sözləri deyən də Hadi Rəcəblidir axı... “Mən özüm də müəllim ailəsində böyümüşəm. Özüm də bu gün ali məktəbdə dərs deyirəm, müəlliməm. Müəllim çörəyinin nə qədər ağır olduğunu mən bilirəm. Burada səslənən fikirlər mənə tanışdır. 47-48-ci maddələr müəllimlərin əmək haqqına və sosial müdafiəsinə yönəldilib. Birmənalı şəkildə deyirəm ki, müəllim yaxşı dolanmır, əmək haqqı dolanışığına çatmır. Bütün çətinliklərdən nə qədər danışsaq da, yenə də azdır. Gələcək nəslin inkişafını istəyiriksə, büdcənin bütün imkanlarından istifadə edib, müəllimin əmək haqqını qaldırmalıyıq, iş şəraitini, ev şəraitini yaxşılaşdırmalıyıq. Dərs saatını artırmaqla iş bitmir, əksinə, müəllimin enerjisi azalır. Təkrar edirəm ki, müəllimin mütləq maaşı artırılmalıdır. Bu qanun layihəsini hansı formadasa həyata keçirməliyik ki, müəllimin istehlak zənbili əmək haqqıyla uyğun gəlsin. İkinci toxunulmayan məsələ nədir? Nədənsə kənd müəllimi haqqında az söhbət getdi. Düşünməliyik ki, müəllim sabah kənd məktəbinə gedəcəkmi? Bu layihədə kənd müəllimi haqqında bir cümlə də yoxdur. İşçi qrupu bunu nəzərə almalıdır. Kənd müəllimi üçün xüsusi imtiyazlar olmalıdır. Kənd müəlliminin sosial rifahı barədə düşünməliyik. Və tələbkarlıqla deyirəm: kənd müəllimi şəhərdəkindən fərqli olaraq daha yüksək əmək haqqı almalıdır, ev şəraiti ilə təmin olunmalıdır”.
* * *
Hadi Rəcəbli normal ömür yaşasa da, nəvə-nəticə sahibi olsa da, qoca dünya onu qocalda bilmədi. 60 yaşının tamamında “Söz”də dərc elətdirdiyi şeirində deyirdi:
Qınamayın yaşıdlarım, gəlin məni,
Bilməm nədən sevə-sevə qocalıram?!
Məhəbbətin əziyyəti saçlarıma salıb dəni,
Bəlkə elə mən həyatdan bu minvalla bac alıram.

Hadi Rəcəbli həyatı bütün ağrı-acılarıyla, sevinclərilə sevə-sevə yaşadı. Və o dünyaya da heç kimi incitmədən, az ağrı, rahat ölümlə getdi. Ruhu şad, məkanı cənnət olsun.


Sevda ƏLİBƏYLİ,
“Söz” jurnalının baş redaktoru